Məhkəmə qərarları › İş №2-1(105)-587/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-587/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-587/2025 23.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X8 və Zülfiqarova Lamiyə Araz qızının iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1932/2022 nömrəli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) xx.xx.2022-ci il tarixli 2- 1(118)-1932/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər X4, X3, X10 və Zülfiqarova Lamiyə Araz qızının İddiaçı məxsus Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunmuşdur. Üçüncü şəxs X8 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X8, X7, X15 və Zülfiqarova Lamiyə Araz qızının ona məxsus Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzili onun mərhum anası X16 məxsus olmuşdur. xx.xx.2015-ci ildə anası Raya Əbdulova vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun adına rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxslər X8, X7 onun bacıları, X15 və Zülfiqarova Lamiyə Araz qızı isə X1nın uşaqlarıdır. Miras əmlak iddiaçının adına rəsmiləşdirilən zaman bacıları özlərinə çatası miras paydan onun xeyrinə imtina etmişlər. Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzili xx.xx.2016-cı il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. X7 1999-cu ildə, Fəridə Mirzəbəyova isə 2004-cü ildə ailə quraraq yaşadıqları Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən ərlərinin evinə gəlin köçmüşlər. Həmin vaxtdan öz evlərində yaşayırlar. Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilində isə o, anası ilə birlikdə yaşamış və anasının vəfatından sonra isə övladı ilə birlikdə yaşayır. Üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatda qalması ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneə törədir və əlavə xərc çəkməyinə səbəb olur. O, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh üçüncü şəxsləri qeydiyyatdan çıxartmaqdan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bacısı İddiaçı onu aldadaraq qanunları bilmədiyi üçün bildirmişdir ki, guya onlar razılıq verilməsə mənzil dövlətə keçəcəkdir. Mənzil ailə üzvlərindən birinin adına olmalıdır və onu qeydiyyatdan çıxarmayacaqdır. O, və bacısı Ruhiyyə iddiaçının sözlərinə inanaraq miras paylarından İzzətin xeyrinə imtina etmişlər və mənzilin bacılarının adına keçirilməsinə razılıq vermişlər. Lakin bir müddət sonra onların xəbəri olmadan İzzət onları qeydiyyatdan çıxartmışdır. Mənzil qeydiyyatından çıxarılmasını “ASAN xidmət” mərkəzindən öyrənmişdir. Bundan sonra qohumlardan xahiş edərək onların evinə qeydiyyata düşmüşdür. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzili mərhum anaları X16 məxsus olmuşdur. X21 xx.xx.2015-ci ildə vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında bacıları İddiaçı adına rəsmiləşdirilmişdir. O, və X1 miras qalmış əmlakdakı paylarından bacıları İddiaçı xeyrinə imtina etmişlər. X1 1999-cu ildə, o, isə 2004-cü ildə ailə quraraq yaşadıqları Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən ərlərinin evinə gəlin köçmüşlər. Həmin vaxtdan öz evlərində yaşayırlar. O, faktiki olaraq əri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Məhkəmənin qərarına əsasən qeydiyyatdan çıxarıldıqdan sonra işə düzəlmək üçün məcbur olub qohumlarına məxsus olan ünvan 2 ünvana xx.xx.2024-cü ildə qeydiyyata düşmüş və şəxsiyyət vəsiqəsi almışdır. X1 onun bacıları, X15 və Zülfiqarova Lamiyə Araz qızı isə Ucar rayonu Ənvər Məmmədxanlı Ərazi X22 kəndinə qeydiyyata alınmışlar. X1 xx.xx.2024-cü ildə vəfat etmişdir. Hesab edir ki, o, 2004-cü ildən sonra Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilində yaşamasa da, bacısı İzzat Abdulovanın onu atalarının evindən qeydiyyatdan çıxartması düzgün deyil. Odur ki, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Zülfiqarova Lamiyə Araz qızı izahatında bildirdi ki, o, X2 və X15 ilə birlikdə nənələrinə məxsus olmuş Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilində qeydiyyatda olsalar da, heç vaxt həmin mənzildə yaşamamışlar. Xalası İddiaçı məhkəmə qərarı əsasında onları qeydiyyatdan çıxrtdıqdan sonra onlar ata babasına məxsus olan Ucar rayonu Ənvər Məmmədxanlı Ərazi X22 kəndində qeydiyyatda düşmüşlar, lakin hazırda tələbə olduğuna görə faktiki olaraq Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yaşayır. X2 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdi və izahatında bildirdi ki, o, uzun müddət anası Raya Əbdulovaya baxmış, sağlığında onun adına vəsiyyətnamə qoymasa da, anası sağlığında mənzili ona verdiyini bildirmişdir. Həmin müddət ərzində onun oğlu vəfat etdiyinə görə bağışlamanı həyata keçirtməmişlər. Anası bildirirdi ki, mənzil kürəkənlər tərəfindən satılacağı üçün yalnız o, mənzilə sahib çıxa bilər. Ona görə də, bacıları mənzilə olan pay hüququndan onun xeyrinə imtina etmişlər. Bundan sonra bankdan kredit alaraq X1na vermişdir, sonradan ona maddi yardım göstərilməsi ilə bağlı bacılarına müraciət etmiş, lakin heç bir nəticəsi olmadığından onları mənzildən çıxaracağını bildirmiş və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Hazırda xəstə oğlu ilə sözügedən mənzildə yaşayır. Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzili onun mərhum anası X16 məxsus olmuşdur. xx.xx.2015-ci ildə anası Raya Əbdulova vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun adına rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxslər X8, X7 onun bacıları, X15 və Zülfiqarova Lamiyə Araz qızı isə X1nın uşaqlarıdır. Miras əmlak rəsmiləşdirilən zaman bacıları özlərinə çatası miras paydan onun xeyrinə imtina etmişlər. Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzili xx.xx.2016-cı il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. X7 1999-cu ildə, X8 isə 2004-cü ildə ailə quraraq yaşadıqları Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən ərlərinin evinə gəlin köçmüşlər. Həmin vaxtdan öz evlərində yaşayırlar. Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilində isə o, anası ilə birlikdə yaşamış və anasının vəfatından sonra isə övladı ilə birlikdə yaşayır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatda qalması ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş üçüncü şəxs X15 məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxs X10 iştirakı olmadan baxılması mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Zülfiqarova Lamiyə Araz qızı X2nın xx.xx.2024-cü il tarixdə vəfat etdiyini bildirmişdir. “AZEMİS” sistemdə X3 ölüm qeydi barədə məlumat aşkar olunmamış, tərəflər onun ölüm haqqında şəhadətnaməsini məhkəməyə təqdim edə bilməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası X3 işdə üçüncü şəxs kimi iştirakına xitam verilməsi məsələsini müzakirə etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Qərardan üçüncü şəxs X8 apellyasiya şikayəti vermiş, cavabdeh və üçüncü şəxslər qərarı mübahisələndirməmişlər. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs X4 apellyasiya şikayətinə münasibətdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı - üçüncü şəxs X6 münasibətdə təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs X4 apellyasiya şikayətinə münasibədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ seriyalı 752485 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 “Ağ ciyər ödemi” səbəbindən xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. X8 və X7 xx.xx.2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş ərizələrindən görünür ki, X8 və X7 xx.xx.2015-ci il tarixdə ölmüş anaları X13 vəfatından sonra harada yerləşməsindən asılı olmayaraq miras qalmış bütün əmlakın onlara çatası hissəsindən bacıları İddiaçı xeyrinə imtina etmişlər. Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X12 miras qalmış Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindan qanun üzrə birinci növbə vərəsəsi (qızı) İddiaçı 1/1 hissədə pay almışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzili tam mülkiyyət hüququ əsasında xx.xx.2016-cı il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş forma 2 saylı arayışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilində özü, bacıları X8 və X7, bacısı qızları X15 və Zülfiqarova Lamiyə Araz qızı, oğlu X18 daimi pasport qeydiyyatında olmuşlar. Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilinin mülkiyyətçisi olan İddiaçı ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, üçüncü şəxslər X4, X3, X10 və Zülfiqarova Lamiyə Araz qızının onun mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 123-15830A-3222 nömrəli, 05 may 2022-ci il tarixli imtina məktubu ilə X4, X3, X10 və Zülfiqarova Lamiyə Araz qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 55S nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. nuvoralağA.R“ şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyasının iclasında işdə iştirak edən şəxslərin izahatlarından, işdə olan sənədlərdən və “AZEMİS” sistemindən real vaxt rejimində hazırda əldə edilmiş məlumatlardan müəyyən edildi ki, X8 xx.xx.2024-cü il tarixdən ünvan 4 ünvana, X7 xx.xx.2023-cü ildə, X15 xx.xx.2023-cü ildə və Zülfiqarova Lamiyə Araz qızı xx.xx.2020-ci ildə Ucar rayonu Ənvər Məmmədxanlı Ərazi X22 kəndinə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. X8 2004-cü ildə Ədalət Mirzəbəyovla evlənmiş və yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən daimi yaşamaq üçün ünvan 1 ünvanda köçmüşdür. X8 həmin vaxtdan ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Üçüncü şəxs X7 isə 1999-cu ildə Araz Zülfiqarovla ailə quraraq yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən daimi olaraq ərinin evinə gəlin köçmüşdür. X3 uşaqları X15 və Zülfiqarova Lamiyə Araz qızı isə ümumiyyətlə Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilində yaşamışlar və istifadə hüququ əldə etməmişlər, formal olaraq qeydiyyatda olmuşlar. Sonradan isə X21dan miras qalmış Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilindən X7 və X8 özlərinə çatası paydan xx.xx.2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş ərizə ilə bacılar İddiaçı xeyrinə imtina etməklə, həmin mənzil üzərində olan bütün hüquqlarından imtina etmişlər. Mənzil xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alındıqdan sonra da, X8, X7 və onun uşaqları X15 və Zülfiqarova Lamiyə Araz qızı Sumqayıt şəhəri 17-ci mikrorayon 57 nömrəli evin 9 nömrəli mənzilində yaşamamış və mənzilə hər hansı bir hüquq əldə etməmişlər. İddiaçı dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ üçüncü şəxslərin müdaxiləsindən müdafiə edilməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsi üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qənaətinə gələrkən haqlı olmuş, qanuni və əsaslı qərar qəbul etmişdir. Belə olan halda, üçüncü şəxslərin iddiaçının mülkiyyətindəki mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan, iddiaçı onun qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqan isə iddiaçının ərizəsini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X4 apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1932/2022 nömrəli qərarı üçüncü şəxs X4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar