Məhkəmə qərarları › İş №2-1(105)-589/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-589/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-589/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 26 may 1995-ci il tarixli, 95/110 saylı ayrıc aktına əsasən istifadələrinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakla bağlı mübahisənin ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 26 may 1995-ci il tarixli, 95/110 saylı ayrıc aktına əsasən istifadələrinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-840/2021 saylı qərarından iddiaçı tərəfindən verilən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 26 may 1995-ci il tarixli, 95/110 saylı ayrıc aktına əsasən istifadələrinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair qərarın çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 3.0 hektara yaxın torpaq sahəsi və onun üzərindəki tikili babası X1 məxsus olmuş və sovet hakimiyyəti qurulan zaman həmin torpaq sahəsi ondan geri alınmış, lakin torpaq sahəsi babasının faktiki istifadəsində qalmışdır. 1962-ci ildə babası vəfat etmiş və yenə də torpaq sahəsi babasının övladları və nəvələrinin istifadəsində qalmışdır. 1995-ci ildə anası Sona Mahüseyn qızı Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin geri qaytarılmasını xahiş etmiş və anasının müraciətindən sonra həmin əraziyə baxış keçirilmiş və həqiqətən babası Mahüseyn Hüseynova məxsus köhnə xarabalığın olduğu müəyyən edilmişdir. Beləliklə də, göstərilən ərazinin anasına və onun övladlarına ayrılmasına etiraz edilməmiş və bununla bağlı 26 may 1995-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 95/110 nömrəli ayrıc aktı tərtib edilmişdir. Eyni zamanda bağ sahəsinin yerləşmə sxemi də tərtib edilmişdir. Həmin torpaq sahəsinin ayrılmasına dair göstərişlər aşağıdakı formada müəyyən edilmişdir: AB xətti asfalt yola 20,0 metr məsafədə paralel ayrılmalı, AB=90,0m. “B” nöqtəsi mövcud mərtəbəli binanın şərq hissəsindən 4B metr məsafədə yerləşir. BV xətti AB xəttinə 90 dərəcə bucaq altında ayırmalı, BV=100,0 metr. BQ xətti AB xəttinə paralel ayırmalı, QA xətti BV xəttinə paralel ayırmalıdır. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsi onların, yəni övladlarının istifadəsində qalmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 01.05.1995-ci il tarixli məktubla Bağlar Təsərrüfatı İdarəsinin rəisi R.Zeynalzadəyə müraciət olunaraq qeyd edilən 0,90 ha torpaq sahəsinin anası və övladlarına ayrılması barədə müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur. Bundan sonra həmin 0,90 ha torpaq sahəsinə dair adlarına müvafiq nömrəli orderlər verilmişdir. Lakin 15 iyun 2018-ci il tarixdə evdə baş vermiş yanğın zamanı həmin sənədlər yanaraq məhv olmuş və bu səbəbdən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək orderlərin arxiv nüsxələrinin verilməsini xahiş etmişdir. İdarədə isə qeyd olunan əraziyə aid yalnız anasıının adına 0.12 ha torpaq sahəsi üzrə 169v/5 nömrəli orderin mövcud olduğu bildirilmişdir. Bundan sonra Bakı şəhəri 35 saylı Notariat Kontoruna müraciət edərək anasından qalmış miras əmlakı üzrə vərəsəlik dairəsinin müəyyən edilməsi xahiş etmiş və vərəsələik dairəsi müəyyən edilərək həmin (0,90 ha) miras əmlaka dövlət reyestrindən çıxarışın verilməsi Notariat Kontoru tərəfindən AR ƏMDKY DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən xahiş olunmuşdur. Lakin müraciət müsbət həllini tapmamış və buna səbəb olan hər hansı bir əsasla bağlı rəsmi cavab verilməmişdir. Təkrar müraciətdən sonra 21.06.2019-cu il tarixdə cavab verilmiş və həmin məktubda müraciətinin icrasından imtina olunduğu bildirilmişdir. Buna səbəb kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin ərizəyə əlavə edilmədiyi, torpaq sahəsində fərqli ölçülərdə bir neçə istixana və tikili mövcud olduğu, həmin istixana və tikilinin bir hissəsinin mərhum babası X1 ayrılmış 0,90 ha torpaq sahəsinin üzərinə düşdüyü, torpaq sahəsinin X7 sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış kənd təsərrüfatı-icarə torpaqlarının üzərinə düşdüyü, torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən Torpaqdan müvəqqəti istifadə hüququna dair JN7181 nömrəli şəhadətnamə ilə X2 istifadəsinə verilmiş 9,43 ha torpaq sahəsinin daxilində yerləşdiyi və mərhum babası Mahüseyn Hüseynova ayrılmış 0,90 ha torpaq sahəsi JN-7181 A (4.306 ha) hissəsinə düşdüyü göstərilmişdir. Halbuki, 0,90 ha torpaq sahəsi ayrıc aktı ilə onun ailəsinə 1995-ci ildə verilmiş, imtinaya əsas kimi göstərilən JN-7181 A (4.306 ha) şəhadətnamə isə Güloğlan Məmmədova 2005-ci ildə verilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 083 saylı sərəncamı olmuşdur. Məhz bu baxımdan o, Abşeron Rayon Məhkəməsində həmin sərəncamın etibarsız hesab olunması barədə iddia qaldırmış və məhkəmə 21 oktyabr 2019-cu il tarixdə tikinti-texniki ekspertizası təyin etmiş və mülki iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Keçirilmiş tikinti-texniki ekspertizasının nəticəsinə dair məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş birinci və ikinci suallar üzrə “1995-ci il 26 may tarixli 95/110 saylı ayrıc aktında qeyd olunan istinad nöqtələrinin faktiki vəziyyətdə dəyişilməsini nəzərə alaraq, kameral şəraitdə aerofoto materiallarından istifadə edərək ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyin mümkün olduğu”, habelə “kameral şəraitdə aerofoto materiallarından istifadə edilərək coğrafi yerləşmə mövqeyi müəyyən edilmiş 1995-ci il 26 may tarixli 96/110 saylı ayrıc aktında göstərilən 0,90 ha torpaq sahəsi ilə ilkin torpaqayıram sənədlərinə və faktiki istifadə vəziyyətinə əsasən JN-7181 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüquqna dair şəhadətnamə” əsasında üçüncü şəxsin icarəsində olan 9.43 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi” müəyyən edilmişdir. Baxmayaraq ki, Sumqayıt İnzibati Məhkəməsi iddianı icraata qəbul edərək xeyli araşdırma aparmış və ekspertiza təyin etmiş, lakin ekspertizanın rəyindən sonra işin Bakı İnzibati Məhkəməsinə aidiyyəti olduğunu əsas gətirərək işi 21.07.2020-ci il tarixli qərardadla həmin məhkəməyə göndərmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə göndərildikdən sonra 15.10.2020-ci il tarixli qərardadla iddiası mümkün sayılmamışdır. İddianın mümkün sayılmamasını isə AR ƏMDKY DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə müraciət etməməkləri ilə əlaqələndirilmişdir. Daha sonra 30.11.2020-ci il tarixdə AR ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 0,90 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 16.12.2020-ci il tarixli məktubla müraciətinin icrasından imtina edərək torpaq sahəsinin Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyini əsas tutaraq 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyini məqsədəmüvafıq hesab etmişdir. Bundan sonra 18.12.2020-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək 0,90 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin 08.01.2021-ci il tarixli məktubla müraciətinin icrasından imtina edilmişdir. Buna səbəb kimi torpaqayırma qərarının, eləcə də bağ sahəsinin icarə müqaviləsi və ya orderinin təqdim edilməməsi, eyni zamanda 0.90 ha toıpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 01.04.2005-ci il tarixli, 083 saylı sərəncamı ilə X3 həmin tarixdə 99 il müddətinə icarəyə verilmiş JN-7181 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də qeyd olunan 9.43 ha torpaq sahəsinin JN-7181A konturundakı 4.306 ha hissəsinə düşdüyü, həmin hissədə X3 məxsus istixana mövcud olduğu, qeyd olunan torpaq sahəsinin keçmiş Zirə Südçülüktərəvəzçilik Sovxozunun Abşeron rayonunun istifadəsində saxlandığı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisində yerləşdiyi və qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisənin olduğu göstərilmişdir. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, imtina məktubunda qeyd olunan halların heç bir hüquqi əsası yoxdur. Mübahisə edilən 0.90 ha torpaq sahəsi bağ sahəsidir və həmin torpaq sahəsinin bağ təyinatlı olmasına dair ayrıc aktı mövcuddur. Həmin torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olan bütün zəruri sənədlər cavabdeh orqana təqdim edilmiş və imtina üçün hər hansı bir əsas mövcud olmamışdır. Bundan başqa 2- 1(118)-93/2020 saylı inzibati iş üzrə keçirilmiş tikinti-texniki ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə X3 icarəyə verilmiş torpaq sahəsi ilə 0.90 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.

Cavabdehin etirazları:

3. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonunun istifadəsində saxlanılmış, keçmiş Zirə Südçülük-tərəvəzçilik sovxozunun ərazisində yerləşən 0,90 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 18 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuş, iddiaçının sözügedən 0.90 ha torpaq sahəsinə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış Bakı səhəri 35 savlı notariat ofisinin 21.09.2020-ci il tarixli X-329 nömrəli vərəsəlik məktubu, Baqlar təsərrüfatı İdarəsinin rəisi R.Zeynalzadə cənablarına ünvanlanmış 18/03-8/393 savlı 01.06.1995-ci il tarixli müraciət məktubu, torpaq sahəsinin təhkim aktı və plan-sxeminin sürətinin təqdim edildiyi müəyyən edilmişdir. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, Sona Mahüseyn qızı və ailə üzvlərinə baq sahəsi ayrılması üçün müraciət olunan 0.90 ha torpaq sahəsinə dair təqdim etdiyi Bakı Səhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Bas İdarəsinin ayrıc aktına Bakı Səhər İcra Hakimiyyətinin torpaqayırma qərarı, eləcə də ləğv edilmiş X4 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin istifadəyə verilməsi barədə icarə müqaqviləsi və va order əlavə edilməmişdir. Daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyqun olub-olmamasını müəyyənləşdirmək üçün müavinə baxışı keçirilmiş və aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: X6 tərəfindən göstərilən Sona Mahüseyn qızı və ailə üzvlərinin adına bağ sahəsi kimi qeydiyyata alınması iddia olunan 0.90 ha torpaq sahəsi, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının 01.04.2005-ci il tarixli, 083 saylı sərəncamı ilə X3 həmin tarixdən 99 il müddətinə icarəyə verilmiş JN-7181 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də olan 9.43 ha torpaq sahəsinin JN-7181A konturundakı 4,306 ha hissəsinə düşür. Həmin hissədə X3 məxsus istixana mövcuddur. Qeyd olunan torpaq sahəsi keçmiş Zirə Südçülük-tərəvəzcilik Sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisə vardır.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-840/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 26 may 1995-ci il tarixli, 95/110 saylı ayrıc aktına əsasən istifadələrinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması”na dair iddiası təmin edilməmişdir.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-840/2021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiası rədd edilərkən Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilən hallara istinad edilməmiş, tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan təkzibolunmaz sübutlara müvafiq qiymət verilməmiş və sonda inzibati prosessual hüquq normalarının tələbləri pozulmaqla ədalətsiz və əsassız qərar qəbul olunmuşdur.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 verilmiş apelyasiya şikayətini müdafiə etməklə onun məzmuünunda göetərilən hallara dair izahat verərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. İddiaçının digər nümayəndəsi Nümayəndə2 da apelyasiya şikayətini müdafiə etməklə Nümayəndə1 izahatında göstərilənləri təsdiq edərək apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

10. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.

14. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

15. Həmin Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.

16. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

17. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

20. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

21. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

22. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hazırkı qərarın 16-18-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iş materiallarını nəzərdən keçirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-840/2021 saylı qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

24. Belə ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Lakin birinci instansiya məhkəməsi işə müstəsna aidiyyət qaydalarını pozaraq mahiyyəti üzrə baxmışdır.

25. İş materiallarından müəyyən olunduğu kimi mübahisələndirilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 26 may 1995-ci il tarixli 95/110 nömrəli ayrıc aktına əsasən Sona Mahüseyn qızı və onun övladlarına naturada ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsidir. İddiaçı da məhz həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla inzibati məhkəmələrdə baxılmalı olan mübahisə olsa da, birinci instansiya məhkəməsi işə müstəsna aidiyyət qaydalarını pozaraq mahiyyəti üzrə baxmışdır. Halbuki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir.

27. Belə ki, mübahisələndirilən torpaq sahəsinin idarəçiliyinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə verilməsi, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin Bakı şəhəri, Xəzər rayonunda olmasını istisna etmir. Birinci instansiya məhkəməsi isə hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə İPM-nin 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalı olmasına, mübahisənin predmet və ya ərazi aidiyyətini müəyyənləşdirmək xidməti vəzifəsi olduğu halda diqqət yetirməmiş, beləliklə də İPM-in 8.1.1-ci və 8.2-ci maddələrinin tələblərini pozmuşdur.

28. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

29. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarına uyğun olaraq hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli idi. Lakin iddiaçı aidiyyət qaydalarını pozmaqla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə isə buna əhəmiyyət vermədən işə mahiyyəti üzrə baxmışdır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərardadın 13-15-ci bəndlərində istinad edilən prosessual hüquq normalarının tələblərinə uyğun olmayaraq iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilərək mahiyyəti üzrə baxıldığından, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-840/2021 saylı qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ

31. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8, 80, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-840/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 26 may 1995-ci il tarixli, 95/110 saylı ayrıc aktına əsasən istifadələrinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ərazisində yerləşən 0.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar