Məhkəmə qərarları › İş №2-1(105)-589/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-589/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-589/2022 07.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-403/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 207 saylı, xx.xx.2007-ci il tarixli rəyinə əsasən İddiaçı Sumqayıt şəhərinin cənubunda "Samur- Abşeron" kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsinin 4-cü məhəlləsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/2117 saylı, 11 oktyabr 2007-ci il tarixli rəyinə əsasən "Samur-Abşeron" kanalının şimalında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə etiraz edilməmişdir. 13 noyabr 2007-ci il tarixli, 410 saylı hesab fakturaya əsasən iddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına 300 manat pul ödənilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 34 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda "Samur-Abşeron" kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyatyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. xx.xx.2007-ci il tarixli akta əsasən, Sumqayıt şəhər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 34 saylı qərarına əsasən ayrılmış həyətyanı torpaq sahəsinin sərhədləri Sumqayıt şəhər bələdiyyəsinin memarlıq və tikinti şöbəsinin nümayəndəsi tərəfindən ərazinin baş planında müəyyən edildi və torpaq sahəsi vətəndaş İddiaçı tərəfindən yerində qəbul edilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin baş memarı tərəfindən iddiaçıya fərdi yaşayış evi üçün həyətyanı torpaq sahəsi ayrılmasına dair 22 noyabr 2007-ci il tarixli 353 nömrəli “İnşaat pasportu” tərtib edilmişdir. İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək "Samur-Abşeron" kanalının şimalı, 4-cü məhəllədə yerləşən 37 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 17 sentyabr 2021-ci il tarixli, **********0 saylı məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsi ilə Sumqayıt bələdiyyəsinə və üçüncü şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən mülkiyyətinə verilmiş "Samur- Abşeron" kanalının şimalında yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyatyanı torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması qət edilmişdir. Sözügedən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Buna görə də sözügedən daşınmaz əmlakla bağlı məhkəmə prosesi yekunlaşmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən Samur Abşeron kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin alqı-satqısı ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinə 300 manat dövlət rüsumu ödəmiş və mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədlərini dəmir dirəklərlə hasara almışdır. Lakin bələdiyyə tərəfindən ona alqı-satqı müqaviləsi təqdim edilməmiş və bu barədə heç bir məlumat verilməmişdir. Daha sonra 2016-cı ildə DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə müraciət edərək torpağın onun adına qeydiyyata alınmasını xahiş etsə də, torpaq sahəsinin dövlət reyestrinə alınması üçün alqı-satqı müqaviləsinin lazım olduğu ona bildirilmişdir. Bələdiyyə isə müqavilənin verilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsi ilə təqdim olunan sübutlar əsasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilsə də 2 ildən çox müddət keçməsinə baxmayaraq hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdeh tərəfindən heç bir iş görülməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2701/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsi ləğv edilmişdir. Hesab edir ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarına əsasən mülkiyyətinə verilmiş "Samur-Abşeron" kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyətyanı torpaq sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə yenidən müraciət etsə də, cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, müraciətin icrasından imtina olunmuşdur. Həmin cavab məktubunu rəsmi qaydada xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisəsi üzrə üçüncü şəxs qismində cəlb edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2701/2021 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsi ləğv edilmişdir. Bundan başqa “Torpaqların alqı-satqı qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997- ci il fərmanına əsasən torpağa dair alqı-satqı aktı ərizəyə əlavə edilməmişdir. Yekun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)- 403/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış Samur Abşeron kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində 4-cü məhəllə ərazisində 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, AR Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2(102)-2701/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2701/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və AR Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarının” müddəalarına zidd olaraq bələdiyyə qərarının xx.xx.2007-ci il tarixli olmasına baxmayaraq alqı-satqı aktı tərtib edilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi, habelə memarlıq və şəhərsalma idarəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəylər əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 300 (üç yüz) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhərinin cənubu, "Samur- Abşeron" kanalının şimalı, 4-cü məhəllədə yerləşən 37 saylı sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlili alqı-satqı aktının ərizəyə əlavə olunmamasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Hazırkı işin hallarından görünür ki, iddiaçı Sumqayıt bələdiyyəsinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldıraraq bələdiyyə qərarı ilə onun mülkiyyətinə verilmiş Samur-Abşeron" kanalının şimalında yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisində 600 kv.m həyətyanı torpaq sahəsinə dair iddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(105)- 2701/2021 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir. AR Ali Məhkəməsinin 07 fevral 2002-ci il tarixli 2(102)- 526/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(105)-2701/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Cavadehin hazırkı apellyasiya şikayətinin, habelə imtinasının və etirazının yuxarıda qeyd edilən dəlillərinə uyğun araşdırma aparan birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 207 saylı, xx.xx.2007-ci il tarixli və DTXK-nin Sumqayıt şəhər şöbəsinin 02/2117 saylı, 11 oktyabr 2007-ci il tarixli rəyləri ilə iddiaçıya Sumqayıt şəhərinin cənubu, "Samur- Abşeron" kanalının şimalı, 4-cü məhəllə ərazisində yerləşən fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmasına etiraz edilməmiş, Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 34 saylı qərarı ilə iddiaçıya “Samur-Abşeron" kanalının şimalı, 4-cü məhəllə ərazisindən fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılaraq təhvil verilmiş, iddiaçı həmin torpaq sahəsinə görə bələdiyyəyə 300 AZN pul ödəmiş, Sumqayıt şəhər bələdiyyəsinin baş memarı tərəfindən iddiaçıya həyətyanı torpaq sahəsi ayrılmasına dair “İnşaat pasportu” tərtib edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinə sorğu əsasında daxil olmuş Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin texniki V.Tanrıverdiyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyi ilə iddiaçının faktiki istifadəsində olan 600 kv.m torpaq sahəsinin elektron məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edildiyi müəyyən edilmişdir. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına 300 manat məbləğində torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekunda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının tərtib edilməməməsi yuxarıda istinad edilən normativ-hüquqi aktlar, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Sumqayıt şəhər bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı ona məhz 600 kv.m torpaq sahəsi ayrılması barədə 15 ildən artıqdır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Sumqayıt şəhər bələdiyyəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 16 noyabr 2007-ci il tarixli, 34 saylı qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından Quba bələdiyyəsinin bələdiyyəyə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-403/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar