Məhkəmə qərarları › İş №2-1(105)-589/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-589/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-589/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Afurca kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(118)- 53/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları X16 filialı tərəfindən verilmiş 510 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Quba rayon X7 İcraiyyə Komitəsinin 1960-1962-ci illərdə aid Afurca kəndi üzrə 1 saylı təsərrüfatbaşına kitabında X12 2 saylı təsərrüfatın başçısı olmuş, şəxsi mülkiyyətində 1948-ci ildə tikilmiş yaşayış evi olduğu qeyd edilmişdir. Torpaq sahəsi haqqında heç bir qeyd aparılmamışdır. Təsərrüfatın tərkibindən tamamilə çıxan ailə üzvləri haqqında qeyd qrafasında “vəfat” sözü qeyd edilmişdir. Quba rayonu Güləzi kənd sovetinin 1966-1968-ci illərdə aid Afurca kəndi üzrə 9 №-li təsərrüfatbaşına kitabda vətəndaş X3 276 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1948-ci ildə tikilmiş yaşayış evi və xüsusi mülkiyyətində 0.02 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin 1550 nömrəli, xx.xx.2022ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli V-362 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1968-ci il tarixdə vəfat etmiş X1 vərəsələri sırasına daxlildir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********69 nömrəli imtina məktubundan görünür ki, Güləzi kənd sovetinin 1966-1968-ci illərə aid Afurca kəndi üzrə 9 nömrəli təsərrüfatbaşına kitabda qeyd olunan 1948-ci ildə tikilmiş fərdi yaşayış evi, ərizəyə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu sxemində göstərilən 0.02 ha torpaq sahəsindən kənarda, digər şəxs tərəfindən istifadə olunan torpaq sahəsində yerləşir və mübahisə vardır. Bundan əlavə bildirilir ki, qeyd olunan torpaq sahəsinin yerquruluşu sxemində göstərilən və faktiki müayinə olunan 0.02 ha torpaq sahəsi yaşayış məntəqsindən kənarda yerləşməklə, Ərazi idarəsinin elektron kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatı (örüş) torpaq sahəsinə aid ərazidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 13278/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə məhkəmə iş materiallarına əlavə edilmiş Quba rayon Güləzi bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemlər arasında uyğunsuzluq olduğundan mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Mütəxəssis tərəfindən hazırlanmış müayinə aktından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüləri ilə iş materiallarına əlavə edilmiş Quba rayonu Güləzi bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən ölçülər və naturada yerləşmə yeri fərqlidir. İddiaçının iddia etdiyi torpaq sahəsi X4 Uçotu İnformasiya sistemində JN- 002A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə üst-üstə düşür. JN-002A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə X8 ayrılmış 0.15 ha torpaq sahəsinə dair tərtib edilmişdir . Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu Afurca kəndində yerləşən qeyd olunan 0.02 ha torpaq sahəsi və üzərindəki evə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və sənədlərin hazırlanaraq verilməsindən cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 0.02 ha torpaq sahəsi və üzərindəki evə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və sənədlərin hazırlanaraq verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba rayonu Afurca kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu keçmiş Telman adına savxozun Afurca kəndi üzrə Quba dövlət arxivinin veriyi xx.xx.2022-ci il tarixli 510 nömrəli məktubu və təsdiqlənmiş çıxarışından görünür ki, iddiaçının mərhum anası X3 276-cı nömrə üzrə təsərrüfat başçısı olmaqla təsərrüfatında 0,02 ha torpaq sahəsi, o cümlədən 0,01 ha tikintialtı torpaq sahəsi qeyd edilmişdir. Quba rayonu Güləzi bələdiyyəsinin Afurca kəndi ərazisinin cizgi planından çıxarışlardan görünür ki, qeyd olunan torpaq sahəsi kəndin içərisində olmaqla ətrafda digər şəxslərə həyətyanı torpaq sahələri yerləşir. Anasından miras qalmış həmin mülkə sənədlərin hazırlanmasına hər hansı qonşunun mübahisə etməsi cavabdehə əsas vermir ki, həmin əmlakın dövlət reyestində qeydiyyata almaqla mülkiyyət sənədi verməsin. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Quba rayonu, Afurca kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mərhum X1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə müraciət etmişdir. Mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar Güləzi kənd sovetinin 1966- 1968-ci illərə aid Afurca kəndi üzrə 9 nömrəli təsərrüfatbaşına kitabda qeyd olunan 1948-ci ildə tikilmiş fərdi yaşayış evi, ərizənizə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu sxenində göstərilən 0.02 ha torpaq sahəsindən kənarda, digər şəxs tərəfindən istifadə olunan torpaq sahəsində yerləşir və mübahisə vardır. Qeyd olunan torpaq sahəsinin yerquruluşu sxemində göstərilən və faktiki müayinə olunan 0.02 ha torpaq sahəsi yaşayış məntəqəsindən kənarda yerləşməklə, Ərazi İdarəsinin elektron kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinə aid ərazidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(118)-53/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(105)-138/2024 saylı qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-13278/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Quba rayonu Afurca kəndində iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüləri ilə məhkəmə iş materiallarına əlavə edilmiş Quba rayonu Güləzi bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemlərdə gösərilən ölçülər və naturada yerləşmə yeri fərqlidir. İddiaçının iddia etdiyi torpaq sahəsi X4 uçotu informasiya sistemində JN-002A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə üst-üstə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-002A nömrəli, Kod 30312078 seriyalı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə X6 adına rəsmiləşdirilmişdir. İndiki halda sözügedən şəhadətnamə ləğv edilmədən iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin dəillərinə istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin yanaşması tam əsassızdır. Belə ki, mübahisələndirilən torpaq sahəsi bu gün də faktiki istifadəsindədir. Torpaq sahəsinin ayrılmasına dair sənədlər qüvvədədir, ləğv edilməmişdir, həmin torpaq sahəsinə sonradan başqa şəxsə sənəd verilməsi üzündən onun hüquqları məhdudlaşdırıla bilməz. Lakin məhkəmə cavabdeh orqanın öz mütəxəssisinin verdiyi məlumatları daha mötəbər hesab etməklə qanunsuz qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (...) Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Quba rayonu, Afurca kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı mübahisəli torpaq sahəsinin və üzərində yerləşən evin Quba rayon Güləzi kənd sovetinin 1966-1968-ci illərə aid təsərrüfatbaşına kitabda mərhum anası X1 adına qeyd olunmuş 0.02 torpaq sahəsi ilə eyni olduğunu bildirir və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə arayış veirlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh imtina cavabında həmin evin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsində deyil, başqa şəxs tərəfindən istifadə edilən digər torpaq sahəsində yerləşdiyini və yerquruluşu sxemində göstərilən və faktiki müayinə olunan 0.02 ha torpaq sahəsinin yaşayış məntəqəsindən kənarda yerləşməkl ərazi idarəsinin elektron kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatı (örüş) torpaq sahəsinə aid ərazi olması halına istinad etmişdir. Bununla bağlı birinci instansiya məkəməsi tərəfindən mütəxəssis rəyi tələb edilmişdir. Mütəxəssis faktiki istifadədə olan torpaq sahəsi ilə bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi arasında uyğunsuzluq olduğunu bildirərək qoyulan suallara cavab verilməsinin mümkün olmadığını bildirmişdir. Eyni zamanda mütəxəssis tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, Quba rayonu Afurca kəndində iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüləri ilə məhkəmə iş materiallarına əlavə edilmiş Quba rayonu Güləzi kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən ölçülər və naturada yerləşmə yeri fərqlidir. İddiaçının iddia etdiyi torpaq sahəsi X4 Uçotu İnformasiya sistemində JN-002A nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə üst-üstə düşür. Həmin JN-002A kod 30312078 nömrəli şəhadətnamə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə X8 ayrılmış 0.15 ha torpaq sahəsinə dair tərtib edilmişdir. İddiaçı apellyasiya şikayətində torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu qeyd etsə də, məhkəmə kollegiyasının iclasında izah etdi ki, onun anası X10 1968-ci ildə vəfat etmişdir, o özü isə 1979-cu ildə ailə qurandan sonra Qonaqkənd kəndinə, 2001-ci ildə isə Xaçmaz rayonuna köçmüşdür, bir müddət torpaq sahəsi faktiki olaraq sahibsiz qalmışdır, o arada gəlib torpaq sahəsinə baş çəkmişdir. 2021-ci ilə gedib torpağa baş çəkəndə hətələrindı olan təndirxananın üstündə ayaqyol tikilidiyini görmüş, qapıbir qonşuları Fəzilə torpaq sahəsini zəbt edib ələ keçirmişdir. Evin qalan divarlarını da söküb yeni bünövrə tökmüşdür. Hazırda torpaq sahəsi Camalova Tənzilənin bacısı Fəzilənin istifadəsindədir. Məhkəmə kollegiyası olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar daşınmaz əmlak üzərində hüququn yaranması üçün əsas hesab edilmişdir. Lakin torpaq sahəsinin ilkin torpaqayırma sxemi (planı) olmadığından, sonradan tərtib edilmiş bələdiyyənin yerqruluşu planından çıxarışda göstərilən koordinatlar isə faktiki yerləşmə vəziyyətinə uyğun olmadığından, bundan başqa iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının başqa şəxin adına tərtib edilmiş Torpağın mülkiyyət hüququna dair şəhadətnaməsində göstərilən koordinatlarla üst-üstə düşdüyündən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə nəticəsi ilə razılaşır. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş mərhum anasına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin həmin torpaq sahəsi hal-hazırda texniki və hüquqi cəhətdən yüklü olduğundan, yəni başqa şəxslərin hüquqları qeydə alındığından iddiaçının tələbinin təmin edilməsi mümkün deyildir. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(118)-53/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar