Məhkəmə qərarları › İş №2-1(105)-59/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-59/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-59/2022 01.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2001-ci il tarixli, 11 saylı və xx.xx.2001-ci il tarixli, 13 saylı qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2001-ci il tarixli, 11 saylı və xx.xx.2001-ci il tarixli, 13 saylı qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-987/2021 saylı qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “təqdim etdiyi sənədlərə əsasən mülkiyyətinə çıxarışın verilməsi və özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 11 saylı xx.xx.2001-ci il tarixli və 13 saylı xx.xx.2001-ci il tarixli qərarları ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ona ayrılmış torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri yaşayış sahəsinin çıxarışını alınması və özəlləşdirilməsi üçün cavabdehə 13 fevral 2021-ci il tarixli müraciət ünvanlanmış və cavabdeh müraciətinə cavabında bildirmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı ilə hüquqi şəxs olan “Qaraəhmədli” cəmiyyətinə ayrılmış, dövlət mülkiyyətində olan torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyə Şurasının xx.xx.2001-ci il tarixli, 13 nömrəli qərarı ilə ona aid edilməsi qanunvericiliyin tələblərinin aşkar surətdə pozulması olmaqla, özü-özlüyündə etibarsız aktdır. Cavabdeh qanunsuz və etibarsız hesab etdiyi və onun təqdim etdiyi dövlət sənədini (18 sentyabr 2002-ci il tarixli, № 003268 Texniki Pasport) elə həmin qurum özü ona vermişdir. Dövlət sənədi olan X3 Sahəsinin Təsnifat hissəsində o zaman tələb olunan və təqdim edilən orijinal sənədlərin siyahısı - Torpaq sahəsinin ayrılmasına dair sənədlər bölümündə qeyd edilməklə birlikdə Texniki Pasportun hazırlanması üçün təqdim olunmuş sənədlərin sihayısı bölümündə cavabdehin qanunsuz və etibarsız hesab etdiyi Sumqayıt şəhər Bələdiyyə Şurasının torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarının xx.xx.2001-ci il tarixli, 13 saylı protokolu hüquqi və qanuni hesab edilərək qeydə alınmış, digər tələb olunmuş və təqdim edilmiş sənədlərlə birlikdə toplanmışdır. Bundan başqa cavabdeh imtinasında “qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz lahiyəsi, istismara hazırlıq aktı və tikinti obyektinin istismara icazə verilməsi” sənədinin ərizəyə əlavə olunmaması qeyd edilmişdir. Bununla bağlı bildirir ki, mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri-yaşayış sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin icazəsi ilə 20 ildən artıq zamandır tikilmişdir və fəaliyyət göstərir. Qeyd edilən sənədlər hamısı Texniki Pasport alınması üçün verilmişdir. 90-cı illərdə bugünün tələb olunan sənədləri tələb edilmirdi. Səhhəti ilə əlaqədar olaraq bugünə kimi mülkiyyətinin özəlləşdirilməsi üçün çıxarışın alınmasından ötrü çox məşğul olmamışdır. Çünki dövlət qurumlarının qanunsuz tələbləri səhhətinə, sağlamlığına pis təsir edirdi. Hal- hazırda oğlu Nümayəndə bu məsələni həll etmək üçün hüquq, qanun müstəvisində bir çox dövlət qurumlarına yazıb müraciət etmişdir. Real vəziyyətin nə olduğunu dövlət qurumlarına ünvanladığı və cavabladıqları sənədlər göstərəcək. Bu sənədlər 4 dövlət qurumu arasında necə qanunsuzluq, süründürməçilik və vətəndaşa qarşı pis münasibət olduğunu göstərir. Azərbaycan Dövlətinin Başçısı, Azərbaycan Respublikası Ali Baş Komandanı və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən sənədsiz torpaq sahələrinin və sənədsiz tikililərin sənədləşdirilməsi aparılmalıdır. Onun əlində dövlət sənədləri olduğu halda belə, cavabdeh sənədlərini qanunsuz hesab edərək yeni sənədlər tələb edir ki, həmin sənədləri zamanında Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim edərək 18 sentyabr 2002-ci il tarixli, № 003268 saylı Texniki Pasport əldə etmiş və qanuni əsasla tikili inşa etmiş və bugün o, mülkiyyətinin özəlləşdirilməsini həyata keçirmək istəyir.

Cavabdehin etirazları:

4. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində qeyri-yaşayış binasına dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə 15 fevral 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı ilə hüquqi şəxs olan “Qarəhmədli” Cəmiyyətinə ayrılmış, dövlət mülkiyyətində olan torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyə Şurası xx.xx.2001-ci il tarixli, 13 nömrəli qərarı ilə ərizəçiyə aid edilməsi qanunvericiliyin aşkar surətdə pozulması olmaqla, özüözlüyündə etibarsız aktdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.4cü maddəsinə əsasən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Bundan əlavə, qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilən razılaşdırılmış eskiz layihəsi, tikintiyə razılıq və istismara icazə sənədi ərizəyə əlavə olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Odur ki, sözügedən qeyriyaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə sonuncuya 26 fevral 2021-ci il tarixli **********64 qeydiyyat nömrəli bildiriş göndərilmişidir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-987/2021 saylı qərarı ilə (hakim L.E.Mirzəyevə) iddianın təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-987/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edlməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

7. İddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsində 2-1(118)-987/2021 saylı iş üzrə 01 iyun 2021-ci il və 01 iyul 2021-ci il tarixdə baş tutmuş məhkəmə iclaslarında hakim tərəfindən cavabdehə dəfələrlə sual edilmişdir ki, istinad etdikləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.9 və 8.0.9.2-ci maddələrində qeyd edilən 2013-cü il yanvarın 1-dək tarix hansı tarixdən nəzərə alınır. Bildirmək istəyir ki, 1998-99-cu illərin Azərbaycan Respublikasının qanunun tələblərinə uyğun olaraq inşası başa çatmış tikilinin sənədləşməsi 2004-cü ildə qüvvəyə minmiş qanunla yeni tələblər həyata keçirilməsini 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.3-cü maddəsinə (Mülki qanunvericiliyin zamana görə qüvvəsi) əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan hüquq normasının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair yuxarıda qeyd olunan norma ilə tələb olunan sənədlər, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı təqdim edilməmişdir. Hesab edir ki, məhkəmə qərarında təqdim etdikləri sübutlara və sənədlərə qiymət vermədən bu qənaətə gəlməsi qanunsuzdur. Belə ki, məhkəməyə təqdim etdikləri iddia ərizəsi və iddia ərizəsinə əlavədə Azərbaycan Respublikasının Qanunlarından sitatlar gətirərək fikirlərini açıq şəkildə ifadə edərək əsaslandırmış və hətta 25 ədəd müxtəlif sənədlər təqdim etmişdir. Bununla yanaşı məhkəməyə əlavə sənəd təqdim edə biləcəyini bildirsə də, hakim işə qərəzli yanaşdığı üçün buna əhəmiyyət verməmişdir. Təqdim edəcəyi sənəd Azərbaycan Respublikasının dövlət qurumlarından və xüsusən AzərKosmosdan idi. Onları gözlədiyini bildirmişdir. Əgər qeyd olunan qərarın əsaslandırma hissəsində iş materiallarına qiymət verilərkən onun sübut kimi təqdim etdiyi sənədlərə qiymət verilməyibsə necə olur ki, məhkəmə onun sənədlərini kafi hesab edir. Bununla yanaşı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə üçün Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Bununla əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsindən ona bildirilmişdir ki, eskiz layihənin razılaşdırılmamasına səbəb tikili 1998/99-cu illərə aiddir və o zamanın tələbləri əsasında plana salınıb. Bildirir ki, tikilinin Daşınmaz Dövlət Əmlakının yerləşdiyi torpaq sahəsinin planında (iddia ərizəsinə əlavə etdiyi sənədlərdən biri) koordinatları var və onlar “X”, ”Y” olaraq rəqəmlənmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsində Sumqayıt şəhər Bələdiyyə Şurasının 13 saylı, xx.xx.2001-ci il tarixli qərarı təqdim olunmuşdur ki, bələdiyyənin həmin qərarı ilə Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2001-ci il tarixli, 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayrılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı adına keçirilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyəyə hər hansı bir şəxsə ayrılmış torpaq sahəsini sonradan digər şəxsin adına keçirməsi kimi bir səlahiyyət verilməmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsi Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 832 saylı sərəncamı ilə ayrılmışdır ki, həmin torpaq üzərində bələdiyyənin sərəncam vermək səlahiyyəti olmamışdır. Qeyd edilən sənədlər əsasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 01 saylı 20 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 18 sentyabr 2002-ci il tarixli, № 003268 Texniki Pasportu əldə etmişdir. Əgər deyildi kimi olsaydı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi belə sənədi necə verə bilib. Qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 01 saylı 20 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosu bugünkü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti formalaşmağa başladıqdan sonra Əmlakın İnventarlaşdırılması Bürosu ləğv edilmişdir. Bundan başqa bildirmək istəyir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli Qərarına istinad edilərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsinin 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Bildirir ki, 1998- 1999-cu illərdə tələb edilən hüquqi tənzimləmələrə bu və ya digər hallar şamil edilmir və yeni tələblər həyata keçirilməsini 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.3-cü maddəsinə (Mülki qanunvericiliyin zamana görə qüvvəsi) əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Hesab edir ki, qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinici instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq onu da vurğuladı ki, vətəndaşın əlində torpaq ayırma sənədi, inşaat pasportu, bələdiyyə qərarı, yenidən bələdiyyə tərəfindən verilmiş inşaat pasportu, cavabdehin hüquqi varisi olduğu Əmlakın İnventarlaşdırma bürosu tərəfindən verilmiş texniki pasport vardır. Həmin dövrdə tələb olunan bütün sənədlər iddiaçı tərəfindən əldə edilmişdir. 1999-cu ildən qeyd edilən qeyri yaşayış sahəsi müvafiq icra hakimiyyəti orqanlarının verdiyi sənədlər əsasında, onların razılıqları alındıqdan sonra iddiaçı tərəfindən inşa edilmiş və 1999-cu ildən hal-hazırkı vaxta qədər də həmin qeyri-yaşayış sahəsi iddiaçının qanuni istifadəsindədir. Bu müddət ərzində də hər hansı dövlət orqanı tərəfindən iddiaçıya hər hansı iddia qaldırlmayıb, pretenziya irəli sürülməyib. Cavabdehin imtinada qeyd etdiyi tələb olunan tikintiyə icazə sənədi, istismara qəbul aktı və s. sənədlər sonrakı tarixlərdəki qəbul olunmuş normativ aktlarda nəzərdə tutulan icazə sənədləridir. Hal hazırda vətəndaşdan həmin sənədlərin tələb edilməsi əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinici instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlıanılmasını xahiş etdi.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarınıdəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

33. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (-). Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hazırkı qərarın 12-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə əldə edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tələb olunan sənədlər, yəni qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz lahiyəsi, istismara hazırlıq aktı və tikinti obyektinin istismara icazə verilməsi barədə qərarı təqdim edilməmişdir. Bundan əlavə torpaq sahəsinə dair Sumqayıt şəhər bələdiyyə şurasının 13 saylı, 19 aprel 2001-ci il tarixli qərarı təqdim olunmuşdur ki, bələdiyyənin həmin qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayrılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı adına keçirilməsi qərara alınmışdır. Qanunvericilikdə bələdiyyəyə hər hansı bir şəxsə ayrılmış torpaq sahəsini sonradan digər şəxsin adına keçirməsi kimi bir səlahiyyət verilməmişdir. Sözügedən torpaq sahəsinin bir hissəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı ilə ayrılmışdır ki, həmin torpaq üzərində bələdiyyənin sərəncam vermək səlahiyyəti olmamışdır. Bundan əlavə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin 2003-cü ildə qüvvədə olan redaksiyasına istinad edərək, 10 il ərzində əmlaka sahiblik etdiklərindən həmin əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasına dair dəlilinə münasibətdə qeyd edilir ki, həmin norma 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 179.1-ci maddə Mülki Məcəllədən çıxarılmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarında nəticə olaraq qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Beləliklə iddiaçının sözügedən əmlaka 2000-ci ilin sentyabrın 1-dən sahiblik etdiyi müddət hesablandıqda belə, 2005-ci ildə əldə etmə müddətinin təsbit olunduğu norma qüvvədən düşmüş və həmin dövrdə sözügedən normanın tələblərinə uyğun olaraq iddiaçının əldə etmə müddəti ilə bağlı mülkiyyət hüququ yaranmamışdır. Bu halda iddiaçıya münasibətdə sözgüedən normanın tətbiqinə yol verilə bilməz. Ona görə də iddia təmin edilməməlidir.

36. Birinci instansiya məhkəməsi iddianın əsaslılığına dair iddiaçı tərəfindən təqdim etdiyi sənədlərdən aşağıdakıları müəyyən etmişdir: - Sumqayıt şəhər İcra Hakimiyyətinin 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamına əsasən “Qaraəhmədli” cəmiyyətinə əhaliyə ticarət, məişət və iaşə xidməti sahəsi tikintisi məqsədilə 9-cu mikrorayon ərazisində 60 kv.metr torpaq sahəsi ayrılmışdır. - Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli 11 saylı qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 60 kv.metr torpaq sahəsindən əlavə 40 kv.metr torpaq sahəsi də “Qaraəhmədli” cəmiyyətinə ayrılmışdır. - Sumqayıt şəhər Bələdiyyə Şurasının 19 aprel 2001-ci il tarixli, 13 saylı qərarına əsasən “Qaraəhmədli” Cəmiyyətinin xx.xx.2001-ci il 3 saylı protokolu nəzərə alınaraq, bələdiyyənin torpaq komissiyasının 07 saylı xx.xx.2001-ci il tarixli protokoluna, memarlıq və tikinti şöbəsinin rəyinə əsaslanaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayrılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı adına keçirilməsi qərara alınmışdır. - “Qaraəhmədli” Cəmiyyətinə ticarət, məişət, iaşə xidməti sahəsi layihələndirilməsi və tikintisi məqsədilə 9-cu mikrorayon ərazisində ayrılan torpaq sahələrinə aid inşaat pasportlarına əsasən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsində ticarət, məişət, iaşə xidməti sahəsinin tikintisi üçün inşaat pasportları tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2002-ci il tarixdə tərtib edilmiş müəssisə və obyektin texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən qeyriyaşayş sahəsinə dair torpağın mülkiyyətçi – dövlət, istifadəçi İddiaçı, ərazinin ümumi sahəsi 99,54 kv.metr, obyektə məxsus sahə 99,54 kv.metr təşkil edir (cild 1, i.v.71-79).

37. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı çoxsaylı sorğular əsasında əldə edilən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi X5 oğlunun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində tanıtdığı torpaq sahəsi ümumi tikili ilə yüklü olmaqla 115 kv.metr təşkil edir. Bundan dövlət mülkiyyətində olan torpaq sahəsi 110 kv.metr, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi isə 5 kv.metr təşkil edir (cild 1, i.v. 249-250).

38. Məhkəmə kollegiyası hazırkı qərarın 7-ci bəndində öz əksini tapan iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, hazırkı qərarın 32-33-ci bəndlərində istinad edilən qanun normalarının tələblərinə uyğun olaraq mübahisələndirilən torpaq sahəsinə dair hüquqlar əldə edilmədiyindən, birinci instansiya məhkəməsinin də qərarında qeyd edildiyi kimi, qanunvericilikdə bələdiyyəyə hər hansı bir şəxsə ayrılmış torpaq sahəsini sonradan digər şəxsin adına keçirməsi kimi bir səlahiyyət verilməmişdir. Yəni torpaq sahəsinə dair Sumqayıt şəhər bələdiyyə şurasının 13 saylı, 19 aprel 2001-ci il tarixli qərarı təqdim olunsa da, bələdiyyənin həmin qərarı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı və Sumqayıt şəhər Bələdiyyə Şurasının 23 fevral 2001-ci il tarixli 11 saylı qərarı ilə 9-cu mikrorayon ərazisində cəmiyyətə ayrılmış torpaq sahəsinin cəmiyyətin üzvü İddiaçı adına keçirilməsinin qərara alınmışdır ki, sözügedən torpaq sahəsinin bir hissəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı ilə ayrıldığından həmin torpaq üzərində bələdiyyənin sərəncam vermək səlahiyyəti olmamışdır.

39. Digər tərəfdən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 1999-cu il tarixli 832 saylı sərəncamı ilə “Qaraəhmədli” cəmiyyətinə 9-cu mikrorayon ərazisində 60 kv.metr torpaq sahəsi ayrıldığı halda, istər hazırkı qərarın 36-cı bəndində qeyd edilən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən qeyri-yaşayş sahəsinə dair xx.xx.2002-ci il tarixdə tərtib edilmiş 003268 №-li Texniki Pasportun (cild 1, i.v.79 a.t.) məlumatlarına əsasən istifadəçisi İddiaçı olan obyektə məxsus sahənin 99,54 kv.metr təşkil etdiyi və ərazinin ümumi sahəsi 99,54 kv.metr olan torpağın mülkiyyətçisi dövlətdir. Həmçinin hazırkı qərarın 37-ci bəndində istinad edilən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyilə də müəyyən olunduğu kimi, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsinin torpaq sahəsi ümumi tikili ilə yüklü olmaqla 115 kv.metr təşkil edir ki, bundan dövlət mülkiyyətində olan torpaq sahəsi 110 kv.metr, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi isə 5 kv.metr təşkil edir.

40. Kollegiya onu da qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2022-ci il tarixli İstismara hazırlıq aktından görünür ki, f/ş İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1 mərtəbəli ticarət obyektinin ümumi sahəsi S=75,3 kv.metr, tikintialtı sahəsi S=99,3 kv.metr, həcmi V=317,8 kub.metr təşkil etməklə tikintinin başlanması xx.xx.1999-cu il, qurtarması xx.xx.2000-ci ildir (cild 2, i.v. 1-2).

41. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçı tərəfə tikintinin istismara qəbul aktının təqdim edilməsi məqsədilə müəyyən vaxt verilsə də, iddiaçının nümayəndələrinin məhkəmə iclasında bldirmələrinə görə icra hakimiyyəti orqanına müraciət edilmiş, lakin tikintinin istismara qəbuluna dair aktın verilməsinin mümkün olmaması bildirilmiş və bu onunla əsaslandırılmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən yalnız tikintisi nəzərdə tutulan tikinti obyektinə tikintiyə icazə icratının başlanılmaına yol verilir, mövcud və istifadə olunan tikiliyi dair isə tikintiyə icazə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə müəyyən hüquqları olsa da, hazırkı mərhələdə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqan isə, hazırkı qərarın 33-cü bəndində istinad edilən qanunun müvafiq müddəalarında nəzərdə tutulan hüquqi sənədlərin təqdim edildiyi təqdirdə yaranmış hüquqların dövlət qeydiyyatını aparan orqandır. İnzibati orqan tərəfindən mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsi üçün, qeydiyyat üçün əsas təşkil edən sənədlər mütləq təqdim edilməlidir.

43. Beləliklə, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdeh orqana daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar tam şəkildə təqdim edilmədiyi üçün iddiaçının müraciətilə bağlı cavabdeh inzibati orqanın imtinasının əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Bu baxımdan məhkəmə kollegiyası iş üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmiş, ona görə də birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(118)-987/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar