Məhkəmə qərarları › İş №2-1(105)-59/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-59/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-59/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə İddiaçı ünvan 1, 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-2769/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə İddiaçı ünvan 1, 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4637/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş lakin, onun müraciətinin icrasından imtina edilmişdir. İddiaçı alqı-satqı müqaviləsi bağlamış, ona "xxxx" MMC tərəfindən order verilmiş, onlar tərəfindən mənzilin onun adına özəlləşdirilməsinə etiraz edilməmişdir və mənzil onun mülkiyyətinə verilmişdir. 21 avqust 2023-cü ildə "xxxx" MMC onun xx.xx.2023-cü il tarixli yazılı müraciətini və zavoddakı xidmətlərini, həmçinin zavodun ictimai təşkilatının rəyini nəzərə alaraq ona özünün müvəqqəti yaşamağa istifadə hüququ ilə verdiyi ünvan 1, 5 nömrəli mənzili satmışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixli 63 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. X10 **********352 saylı, X8 isə **********351 saylı notariat qaydasında təsdiq edilmiş ərizələri ilə ünvan 1, 5 nömrəli mənzilin onun adına özəlləşdirilməsinə etiraz etməmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 avqust 2023-cü il 76 nömrəli arayışına əsasən qeyd edilmişdir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (əvvəlki adları: “ "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyət) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, Sumqayıt şəhəri, “Qızıl-Qum” məhəlləsində yerləşən 3 mərtəbəli, 3 girişli, 18 mənzilli 6 saylı yaşayış binası Cəmiyyətin xüsusi mülkiyyətindədir. 6 saylı binanın 3-cü mərtəbəsində yerləşən 5 saylı mənzilində 1999-cu ildən yaşayan İddiaçı yaşadığı mənzilin onun adına özəlləşdirilməsinə "xxxx" MMC etiraz etmir”. "xxxx" MMC (QSC)-nin İdarə Heyətinin 21 avqust 2023-cü il tarixli iclas protokolundan çıxarışdan belə bəlli olur ki, "xxxx" MMC-nin ümumi yığıncağı sözügedən məsələni müzakirə edərək qərara alır ki, "xxxx" MMC-nin “Qızıl-Qum” məhəlləsindəki 6 saylı binanın 5 nömrəli mənzilində yaşayan İddiaçı həmin mənzil onun mülkiyyətinə verilsin. Bu barədə həmçinin xx.xx.2023-cü il tarixli 07 nömrəli orderdə mövcuddur.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 5 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq, iddiaçıya bildirilmişdir ki, “təqdim edilmiş sənədlər mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü və 8.0.11-ci maddələrinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır”. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 nömrəli orderindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin İddiaçı ayrılması barədədir. xx.xx.2023-cü il tarixli 63 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı satılmışdır. ƏMDX-nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən bina ilə bağlı heç bir dövlət qurumu tərəfindən məlumat təqdim edilmədiyi üçün həmin bina dövlət əmlakının Reyestrində qeydə alınmamışdır. Eyni zamanda bildirilir ki, aparılan araşdırma zamanı İddiaçı Sumqayıt şəhəri, Qızıl-Qum məhəlləsi, Dəmiryol yaşayış massivi, ev 6, 5 saylı mənzilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli 07 nömrəli order əsasında verildiyi müəyyən edilmişdir. DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 11, 13, 15 nömrəli mənzillərə dair çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-2769/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin özəlləşdirilməsi üçün 2009-cu ilin 01 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin inzibati orqan tərəfindən tətbiq edilməsi qanunidir. Belə ki, 2009-cu ilin 01 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7 İcraiyyə Komitəsi (hal-hazırda həmin komitənin varisləri yerli icra hakimiyyəti orqanlarıdır) vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd olunan məcəllədə Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən orderin verilməsi səlahiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 nömrəli yaşayış mənzili haqqında orderdən görünür ki, ünvan 1, 5 nömrəli mənzildə İddiaçı daimi yaşamaq hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən orderi var. Nəzərə alınmalıdır ki, qeyd olunan mənzilin MMC-nin mülkiyyətində olmasına dair verilmiş order buna subyektiv hüququ olmayan "xxxx" MMC tərəfindən verilmişdir. Mövcud praktikaya əsasən vaxtı ilə dövlət mənzil fonduna aid edilən mənzillər MMC-lərin deyil, yerli icra hakimiyyətlərinin balansına verilib. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi yaşayış sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçının vəsatəti ilə cavabdeh Aazərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğular verilmiş, cavabdeh tərəfdən Sumqayıt şəhəri, “Qızıl-Qum” məhəlləsində yerləşən 3 mərtəbəli, 3 girişli, 18 mənzilli 6 saylı yaşayış binasının "xxxx" Açıq Səhmdar Cəmiyyəti, ("xxxx" Qapalı Səhmdar Cəmiyyət) İdarə Heyəti Cəmiyyətin xüsusi mülkiyyətində olması, həmin mənzillərin əksəriyyətinə çıxarış verilməsi qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, mənzil qeyri-yaşayış sahəsi kimi qeyd olunmasına baxmayaraq yaşayış sahəsi kimi istifadə edilib. "xxxx" MMC tərəfindən mənzil İddiaçı satılıb, aralarında hər hansı mübahisə yoxdur Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddia tələbi cavabdehin üzərinə İddiaçı ünvan 1, 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən lazımi qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin özəlləşdirilməsi üçün 2009-cu ilin 01 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin inzibati orqan tərəfindən tətbiq edilməsi qanunidir. Belə ki, 2009-cu ilin 01 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7 İcraiyyə Komitəsi (hal-hazırda həmin komitənin varisləri yerli icra hakimiyyəti orqanlarıdır) vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd olunan məcəllədə Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən orderin verilməsi səlahiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 nömrəli yaşayış mənzili haqqında orderdən görünür ki, ünvan 1, 5 nömrəli mənzildə İddiaçı daimi yaşamaq hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən orderi var. Nəzərə alınmalıdır ki, qeyd olunan mənzilin MMC-nin mülkiyyətində olmasına dair verilmiş order buna subyektiv hüququ olmayan "xxxx" MMC tərəfindən verilmişdir.Mövcud praktikaya əsasən vaxtı ilə dövlət mənzil fonduna aid edilən mənzillər MMC-lərin deyil yerli icra hakimiyyətlərinin balansına verilib. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi yaşayış sahəsinin qanunauyğun qaydada verilməməsi öz təsdiqini tapmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-885/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil faktiki olaraq iddiaçının istifadəsindədir, iddiaçı hazırda həmin mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 nömrəli orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil İddiaçı ayrılmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli 63 nömrəli alqısatqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı satılmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli, 76 nömrəli məktubdan görünür ki, Qızıl-Qum məhəlləsində yerləşən 3 mərtəbəli, 3 girişli, 18 mənzilli, 6 saylı yaşayış binası Cəmiyyətin xüsusi mülkiyyətindədir. 6 saylı binanın 3-cü mərtəbəsində yerləşən 5 saylı mənzilində 1999-cu ildən yaşayan İddiaçı yaşadığı mənzilin onun adına özəlləşdirilməsinə "xxxx" MMC etiraz etmir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana sorğu ünvanlanaraq mübahisə predmeti olan mənzilin yerləşdiyi binada yaşayan digər şəxslərin mülkiyyət hüququnun qeydiyyata alınıb-alınmaması, qeydiyyata alındığı təqdirdə neçə nəfərin mülkiyyət hüquqlarının qeydiyyata alınması, eyni zamanda həmin mənzillərə dair müvafiq çıxarış verilib-verilməməsi barədə məlumat verilməsi, çıxarış verildiyi təqdirdə çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, 3-21-3-31/2-3655/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 8, 15, 18, 3, 10, 13, 17, 16, 14, 6 və 11 saylı mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin mənzillərin qeydiyyatına əsas olmuş hüquqmüəyyənedici sənədlərin, eləcə də çıxarışların təsdiq edilmiş surətləri məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 noyabr 2024-cü il tarixli, 120 nömrəli sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, “Qızıl-Qum” məhəlləsində yerləşən Cəmiyyətin öz hesabına və öz imkanları daxilində inşa etdiyi 3 mərtəbəli, 3 girişli, 18 mənzilli, 6 saylı yaşayış binası Cəmiyyətin xüsusi mülkiyyətindədir, binanın yerləşdiyi ünvan dəyişilməz olaraq qalmışdır. Odur ki, bu barədə xx.xx.2003-cü il tarixli İstismara qəbul Aktı və Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarış təqdim edilmişdir. Seriya MH № ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Qızıl-Qum” məhəlləsində istifadədə olan 0,3661 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 3 girişli, 1329,3 kv.m ümumi, 821,4 kv.m əsas, 507,9 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ATSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 yanvar 2025-ci il tarixli, 5-6-7/2-26/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, sözügedən bina korporativ binadır və tərəflərindən həmin ünvana xidmət göstərilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 yanvar 2025-ci il tarixli, 3-21-3-31/2-51/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, arxiv materiallarına əsasən 18 oktyabr 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, əmlak üzərində həbs qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 yanvar 2025-ci il tarixli, 08 nömrəli məktubundan isə qeyd edulir ki, əmlak üzərində həbs qeydiyyata alınması barədə verilən məlumat tamamilə yalnışdır. Sumqayıt şəhər “Qızıl-Qum” məhəlləsində yerləşən "xxxx" MMC-yə məxsus olan 18 mənzilli, 3 mərtəbəli, 6 saylı yaşayış binası üzərində heç bir həbs qoyulmamışdır. Daşınmaz Əmlakın istinad etdiyi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-470/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadında göstərilən 6 saylı sahə "xxxx" SC-nə məxsus Dənizkənarı istirahət zonasındakı keçmiş 6 saylı sahədir (qeyri-yaşayış sahəsidir), hansı ki, həmin sahə xx.xx.2018-ci il tarixdə notarial qaydada AN-İ №0634301 saylı alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Həmçinin bildirilir ki, Sumqayıt şəhər «Qızıl-Qum» məhəlləsində yerləşən "xxxx" MMC-yə məxsus olan 18 mənzilli, 3 mərtəbəli 6 saylı yaşayış binasında yaşayan sakinlər tərəfindən həmin binadan 10 mənzil özəlləşdirilib. Həmin bina tikilərkən əvvəlcə qeyri-yaşayış binası kimi nəzərdə tutulmuşdur, yəni orada dərzi sexi, müəyyən əmək kollektivinin, insanların məşğulluğu üçün müəyyən sexlər, iaşə xidməti və s. iş yerləri olması üçün qeyri-yaşayış binası kimi nəzərdə tutulmuşdur. Ona görə də həmin bina qeyri-yaşayış binası kimi qeydə alınmışdır. Sonradan işçilərin xahişi nəzərə əlınmaqla, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün həmin binadakı otaqlar yaşayış sahəsi kimi, yəni mənzil kimi həmin işçilərə verilmişdir. İddiaçı da həmin qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi 5 saylı mənzil verilmişdir. 6 saylı yaşayış binası "xxxx" MMC-nin xüsusi mülkiyyəti olduğu üçün binada yaşayan ailələrin müraciətləri nəzərə alınaraq, alqı-satqı müqaviləsinə əsasən İdarə Heyətinin razılığı ilə 10 mənzil özəlləşdirilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubu və iddia tələbinə etirazın əsasını təşkil edən dəlil ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi həmin dəlilə münasibətdə kollegiya hesab edir ki, inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, **********96-05101- 093010, **********96-05101-093004, **********96-05101-093007, **********96-05101- 093009 və **********96-05101-093008 reyestr nömrəli çıxarışlara əsasən, xüsusi mülkiyyətdə olan mənzillər mübahisəli mənzilin olduğu binada yerləşir. Həmin mənzillərin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair **********96-05101-093010, **********96-05101-093004, **********96-05101-093007, **********96-05101-093009 və **********96-05101-093008 reyestr nömrəli çıxarışlardan müəyyən edilir ki, həmin mənzillər də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvafiq orderlər və alqı-satqı müqavilələri əsasında şəxslərə ayrılmış və həmin sənədlər əsasında sözügedən mənzillər üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iki mənzil üzrə qeydiyyatın əsaslarını məhkəmə qərarları təşkil edir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)- 3375/2014 nömrəli, 20 may 2014-cü il tarixli qiyabi qətnaməsindən görünür ki, ərizəçi X5 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, “Qızıl-Qum” məhəlləsi, 6 saylı evin 13 saylı mənzilinə dair mülkiyyət hüququ faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsinə əsasən ərizə təmin edilərək, ərizəçi X3 Sumqayıt şəhəri, “Qızıl-Qum” məhəlləsi, 6 saylı evin 13 saylı mənzilinə dair mülkiyyət hüququ faktının müəyyən edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3375/2014 nömrəli, 19 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)- 3375/2014 nömrəli qiyabi qətnaməsi 20 may 2014-cü il tarixdə qəbul edilmişdir. Həmin qətnamə 10 iyul 2014-cü il tarixdə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilsə də, 22 sentyabr 2014-cü il tarixli qərardadla apellyasiya şikayəti geri qaytarılmış, ondan sonra heç bir şikayət verilməmiş və sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1652/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının sahib olduğu Sumqayıt şəhəri, Qızıl-Qum məhəlləsi, 6 saylı evin 3 saylı mənzilinə onun adına ilkin qeydiyyatın alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sözügedən qərarına əsasən iddia təmin edilərək, Sumqayıt şəhəri, Qızıl-Qum məhəlləsi, 6 saylı evin 3 saylı mənzilinə iddiaçının adına ilkin qeydiyyatın alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən qərardan yuxarı instansiya məhkəmələrinə müvafiq şikayətlər verilsə də, həmin şikayətlər təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 1652/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Həmim işdə də bərabərlik prinsipi əsas götürülmüşdür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, həmin binada yerləşən qonşu mənzillərə dair mülkiyyət hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırda yaranmış vəziyyət inzibati orqanın düzgün olmayan fəaliyyətinin nəticəsidir. Bu hal isə iddiaçıya münasibətdə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Məhkəmə kollegiyası iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının hüquqi əsasına münasibət bildirməyi vacib sayır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının yaşadığı mənzil dövlət fonduna aid deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus binada yerləşir və həmin bina üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququ qeydə alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin qeyri-yaşayış sahəsinin müvafiq qurumlardan razılıq alaraq yaşayış sahəsinə çevrilməsi və notarial alqı-satqı ilə mənzillərin faktiki sahiblərinə satılması kimi hüquqi imkanları olduğu halda, bu imkanlardan istifadə edilməmiş, 18 mənzili olan binanın 11 mənzilinə mülkiyyət sənədi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma əsası olan nə müvafiq order, nə də müvafiq müqavilə xüsusiyyətlərinə malik olmasa da, mənzilin yerləşdiyi binadakı digər mənzillərin əksəriyyətinin cavabdeh inzibati orqan tərəfindən eyni əsaslarla mülkiyyət hüququ kimi qeydə alınması və rəsmi sənədlərə əsasən tikilinin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq razılığı nəzərə alınaraq bərabərlik prinsipi və etimad hüququnun qorunması prinsipləri əsasında iddiaçının da mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadığına və tətbiq edilən hüquqi əsasları düzgün tətbiq etmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-2769/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı ünvan 1, 5 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar