Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-590/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-985/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1978-ci ildə qeydiyyata alınmış ИТ-İ №0019012 saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur.
4. "xxxx"ASC tərəfindən verilmiş 31 saylı, 12 oktyabr 2016-cı il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a13790); xx.xx.1981-ci ildən xx.xx.1982ci ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a- 13790); xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək alüminium istehsalında anodçular (Siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektorilitik üsulu ilə metalların alınması 1071200a-10058). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. O, 1 saylı pensiya siyahısı üzrə güzşətli şərtlərlə işləmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasının səbəbi kimi iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına və iş stajına malik olmamasını göstərmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuş, 01 sentyabr 1977-ci il tarixində Sumqayıt şəhəri X6 Təhsili Məktəbinə “özüyeriyən qülləli və stasionar kran maşinisti" peşəsi üzrə qəbul olunmuş, xx.xx.1978-ci il tarixində 4-cü dərəcəli özüyeriyən qülləli və stasionar kran maşinisti ixtisasını almış və məktəbi bitirmişdir. Daha sonra, o xx.xx.1979-cu il tarixdən xx.xx.1981ci il tarixədək hərbi Xidmətdə olmuşdur. “Azərbaycan Alüminium" ASC-nin xx.xx.2016-cı il tarixli, 31 saylı arayışına əsasən İddiaçı ixtisasına uyğun olaraq, Azərbaycan Respublikası "xxxx" ASC-nin “Sumqayıt Alüminium” istehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) aşağıdakı dövrlər üzrə güzəştli şərtlərlə işləmişdir. 1. xx.xx.1978-ci il tarixindənxx.xx.1979-cu il tarixinə kimi “Sumqayıt Alüminium” İstehsalat Sahəsində kran maşinisti (8 ay, 5 gün); 2. xx.xx.1981-ci il tarixindən - xx.xx.1982-ci il tarixinə kimi “Sumqayıt Alüminium” istehsalat Sahəsində kran maşinisti (1 il, 3 ay, 7 gün); 3. xx.xx.1983-cü il tarixindən - xx.xx.1993-cü il tarixinə kimi “Sumqayıt Alüminium” İstehsalat Sahəsində kran maşinisti (9 il, 4 ay, 27 gün); 4. xx.xx.1993-cü il tarixindən-xx.xx.2003-cü il tarixinə kimi “Sumqayıt Alüminium” X3 metalda elektrolitik üsulu ilə metalların alınması, Alüminium istehsalında anodçu (10 il, 2 ay, 7 gün) kimi işləmişdir. Göründüyü kimi, İddiaçı xüsusilə ağır olan iş şəraitində əmək stajı ümumilikdə günəgün aşağıdakı kimidir: 21 il, 6 ay, 16 gün - 4 il, 11 ay, 17 gün (xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü ilə kimi ödənişsiz əmək məzuniyyətində olduğu müddət çıxıldıqdan sonra)= 16 il, 6 ay, 29 gün təşkil edir. Xüsusilə ağır olan zərərli iş şəraitində işləməsi səbəbindən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya xx.xx.2022-ci il tarixli (imtina rəsmi olaraq poçt vasitəsi ilə 06 oktyabr 2022-ci il tarixində təqdim edilmişdir). **********1 saylı cavab məktubu ilə, "fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30685,70 manat təşkil etdiyini əsas gətirərək imtina edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının göstərilən əsaslarla iddiaçının müraciətinə imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Əvvəla, Əmək qanunvericiliyinə görə imtinada qeyd edilən əsaslarla şəxsə, uzun müddət xüsusilə ağır olan zərərli iş şəraitində işlədiyi tələb olunan müddətdən də artıq pensiya hüququnun yaranmasına əsas olduğu halda imtina olunması nəzərdə tutulmayıb və bu imtina vətəndaşı əsassız olaraq incitmək, hüquqlarını kobud şəkildə pozmaqdır. Halbuki, iddiaçı ilə eyni vaxtda həmin müəssisədə eyni şərtlərdə işləyən işçilərin hamısına güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası "xxxx" ASC-nin “Sumqayıt Alüminium" istehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) işlədiyi vəzifələr zərərli iş şəraitində kran maşinisti və anodçu həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə 010300a—13790 kran maşinistləri (krançdar) və 1071200a—10058 alüminium istehsalında anodçular güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. İddiaçı uzun müddət 16 il, 6 ay, 29 gün qeyd edilən vəzifələrdə xüsusilə ağır olan zərərli işdə işlədiyi üçün o əmək pensiyasını hələ xx.xx.2012-ci il tarixindən almalı olduğu halda, bu günə kimi cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ala bilməmişdir. Cavabdeh təşkilat bilərəkdən həmin pensiya məbləğini ona verməkdən boyun qaçırır və Azərbaycan Respublikasının Konstitusiyasının, “Əmək pensiyaları” haqqında Qanunun tələblərini kobudcasına pozaraq vəzifə səlahiyyətlərini aşmışdır. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı ilə eyni vaxtda işləyən digər şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı cavabdeh təşkilatın hazırkı imtinanın əsasını təşkil edən arqumentlərin nəzərə alınmadan təyin edilməsi cavabdeh təşkilat tərəfindən “İnizbati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat" haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
8. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 9 ay 1 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il,xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1998-ci il, xx.xx.2006-xx.xx.2006-cü il, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2018- xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İş materiallarından da aşkardır ki, idddiaçının ümumi iş stajı 25 ildən az olduğu üçün iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınn sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30685,70 manat təşkil edir. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci tarixli **********1 nömrəli imtina məktubu əsaslıdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9.Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-985/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 52 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya kapitalı tələb olunmurdu. Məhkəmə iddiaçının digər tələbinə, yəni məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə qeyd etmişdir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətində imtina məktubu və iddia ərizəsinə qarşı etirazda göstərilən hallar təkrar olunmaqla yanaşı göstərilir ki, məhkəmə iddiaçının güzəştli arayışda qeyd edilən ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövrləri onun sosial sığorta stajına daxil etmişdir. Halbuki həmin dövrlər staja daxil edilməməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər-Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da görünür ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt-işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Müəssisə tərəfindən verilmiş müvafiq arayışda iddiaçının xx.xx.1998xx.xx.2003-cü il tarixləri arasındakı dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Həmin dövr ərzində iddiaçı hər hansı bir əmək funksiyası yerinə yetirmədiyi üçün əmək haqqı ödənilməmiş və əmək haqqdan sosial sığorta haqları tutulmamışdır. Bu səbəbdən də həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Əlavə olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-40/2022 nömrəli qərarında qeyd edilmişdir ki, işçinin ödənişsiz məzuniyyətdə olmağı işəgötürənin təqsiri üzündən baş verməsi isə öz-özlüyündə iddiaçının (işçinin) xeyrinə vəziyyəti dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Lakin məhkəmə Azərbaycan Respublikası İPM-nin 12.1-ci, MPM-nin 386-cı maddəsinin tələblərini pozaraq bu məsələyə ümumiyyətlə münasibət bildirməmiş və müvafiq maddi hüquq normasını tətbiq etməmişdir. Həmçinin ödənişsiz məzuniyyət dövrlərinin sosial sığorta stajına daxil edilməsi əsassız olduğu üçün iddiaçının ümumi sosial sığorta stajı Qanunun 9.8-ci maddəsi tətbiq edilsə belə, çatmır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. .“Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra-sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə Respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır.
17. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971) Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6).
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1 sentyabr 2000-ci il) Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; ... Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ...bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; ... Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: ... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra "xxxx" sözləri əlavə edilmişdir. Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə 5. Bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir.
19. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
21. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir və aşağıdakıları qeyd edir:
23. Cavabdehin şikayətinin dəlillərinə görə müəssisə tərəfindən verilmiş müvafiq arayışda iddiaçının xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Həmin dövr ərzində iddiaçı hər hansı bir əmək funksiyası yerinə yetirmədiyi üçün əmək haqqı ödənilməmiş və əmək haqqından sosial sığorta haqları tutulmamışdır. Bu səbəbdən də həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı 25 il ümumi sığorta stajına malik olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
24. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə görə iddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
25. Cavabdeh iddiaçının ümumi stajının 24 il 9 ay 1 gün olduğunu qəbul edir.
26. İddiaçının 1998-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur.
27. 1999-2003-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
28. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
29. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin normanın tələbindən göründüyü kimi qanunamüvafiq qaydada verilən ödənişsiz məzuniyyətin maksimal müddəti 6 ayadək müəyyən edilmişdir.
32. Əmək Məcəlləsinin 146.2 və 169.1-ci maddələrinin tələblərinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə xəbərdarlıq etdikdə işçilərə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının boşdayanmaya əsasən ödənişsiz məzuniyyətdə olması, boşdayanma halının olması işəgötürənin təqsiri üzündən baş verməsi, habelə boşdayanmanın başlanması haqqında iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi iş materialları ilə sübut edilmir.
34. Qeyd olunanlara əsasən işin hazırkı vəziyyətində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrü onun ümumi sığorta stajına daxil etməməklə cavabdeh haqlı olmuşdur.
35. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
36. Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-985/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.