Məhkəmə qərarları › İş №2-1(105)-590/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-590/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-590/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)- 1075/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi). Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyi Qubadlı rayon X2 Birliyi Dondarlı kəndi “Komsomol” kolxozu tərəfindən verilmiş 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışa əsasən İddiaçı 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komsomol” kolxozunun üzvü olmuş, tütünçülükdə işləmişdir. İddiaçı təqdim etdiyi xx.xx.2000-ci il tarixli, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt şəhər Uşaq Xəstəxanasında yoluxucu xəstəliklər şöbəsində xadimə və xəstələrə qulluq edən tibb bacısı vəzifələrində işləmiş, xx.xx.2022-ci il tarixdən “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin tabeliyində Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində xadimə vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 iyun 2023-cü il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 13 iyul 2023-cü il tarixli, 3-17-1/2-M-157577/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Qubadlı rayon Dövlət Arxivinin 20 iyun 2023-cü il tarixli, 9 nömrəli arxiv arayışında İddiaçı nın 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komsomol” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin, sözügedən arayışda qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövr üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “il ərzində müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilməmişdir. Bu səbəbdən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 20 ildən az (11 iİ 10 ay (xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatı üçün qanunvericiliyə uyğun olaraq ona münasibətdə 57600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20400,74 təşkil edir. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1983-cü ildən 1993-cü ilə kimi Qubadlı rayonunun Komsomol Kolxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, xx.xx.2019-cu il tarixdən ona güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15,05.1967-ci il tarixində Azərbaycan Respublikası Qubadlı rayonu Dondarlı kəndində anadan olmuşdur, halhazırda Sumayıt şəhəri, 15-ci məhəllə, 3 saylı yataqxananın 46 saylı mənzilində yaşayır. Ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, onun xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının 16 il 4 ayı güzəştli iş stajına aiddir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-1075/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 20 ildən artıq ümumi (xx.xx.1994-cü ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən halhazıradək) iş stajı, 10 ildən artıq xüsusi iş stajı (xx.xx.1994-cü ildən xx.xx.2022-ci ilədək) vardır. Bundan əlavə, iddiaçının xüsusi və ümumi stajı məhkəmə prosesi zamanı dindirilmiş yuxarıda qeyd olunan şahid ifadələri ilə də təsdiq olunur. Beləliklə, iddiaçının 55 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ 01 iyul 2022-ci il tarixindən yaranmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, təqdim edilmiş sənədlərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Belə ki, Qubadlı rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 11 nömrəli məktubda “Komosomol” adına kolxozun arxiv sənədlərinin mühafizə və saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddiaçının ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair dəqiqləşmiş tələbinə uyğun olaraq, xx.xx.2022-ci il tarixədək onun 20 ildən artıq ümumi (xx.xx.1994-cü ildən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən hal-hazıradək), 10 ildən artıq isə xüsusi iş stajı (xx.xx.1994-cü ildən xx.xx.2022-ci ilədək) olması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin mövqeyi əsaslı olmasa da, iddia tələbinin təmin edilməsi ilə bağlı gəlinən nəticə düzgündür. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Normanın tələbindən göründüyü kimi qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün onların xx.xx.2017-ci il tarixədək ilk növbədə 52 yaşı olması tələb olunur. Hazırkı iş isə üzrə iddiaçının xx.xx.1967-ci il təvəllüdlü olduğu, yəni xx.xx.2017-ci il tarixdə onun hələ 50 yaşı olduğu nəzərə alınarsa, 9.1-ci maddənin qeyd olunan redaksiyasının ona münasibətdə tətbiqinin mümkün olmadığı müəyyən edilir. Həmin maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında qeyd edilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunverici xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün 4 şərt müəyyən etmişdir: 1) 55 yaşına çatmalı; 2) azı 20 il sığorta stajına malik olmalı; 3) azı 10 il güzəştli iş stajına malik olmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı işin tərəflər arasında mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək 55 yaşı tamam olmuş, 20 ildən artıq ümumi, 10 ildən artıq isə güzəştli iş stajına malik olsa da, o, qanunvericiliklə tələb olunan pensiya kapitalına malik olmamışdır. Bu baxımdan, ona münasibətdə normanın qeyd olunan redaksiyasının tətbiqi də mümkün deyildir. Məhz bu baxımdan işə baxan məhkəmə Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərini iddiaçıya münasibətdə tətbiq edərək, iddia tələbini təmin etmişdir. Halbuki, həmin maddənin xx.xx.2022-ci il tarixdən hal-hazıradək qüvvədə olan redaksiyası müəyyən edir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi həmin normada azı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə azı 10 il çalışmış və Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılan qadınların müvafiq pensiya hüququ təsbit edilmişdir. Qanunun yaşa görə əmək pensiyası təyin edilmə şərtlərini müəyyən edən 7-ci maddəsinin xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyası (“Qeyd” hissəsi nəzərə alınmaqla) isə qadınlara münasibətdə pensiya yaş həddini 63 yaş müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbindən müəyyən edildiyi kimi qadınlara xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyinatı üçün onların ən azı 58 yaşına çatması tələb olunur. Hazırkı işdən isə görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 55 yaşı olduğundan, normanın yaşla bağlı tələbi iddiaçıya münasibətdə ödənilmir. Bu baxımdan, 9.1-ci həmin maddənin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyası da iddiaçıya münasibətdə tətbiq edilə bilməzdi. Lakin, kollegiya hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yuxarıda istinad olunan normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 15 may 2019-cu il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçası məlumatlarına əsasən o, xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt şəhər Uşaq Xəstəxanasında yoluxucu xəstəliklər şöbəsində xadimə və xəstələrə qulluq edən tibb bacısı vəzifələrində işləmiş, xx.xx.2022-ci il tarixdən “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin tabeliyində Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində xadimə vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2006-cı il tarixədək 11 il 10 ay) Qeyd olunan 11 il 10 aylıq ümumi iş stajı cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdehin 1983-1993-cü illəri mübahisələndirərək, dəlillərində Qubadlı rayon Dövlət Arxivi tərəfindən iddiaçı barəsində verilmiş 20 iyun 2023-cü il tarixli, 09 nömrəli arxiv arayışında onun 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komosomol” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunun qeyd edildiyini, lakin, sözügedən arayışda qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövr üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “il ərzində müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilmədiyini bildirmiş, bu baxımdan, həmin dövrü ümumi iş stajına daxil etməmiş, bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az olduğu qətnaətinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarından olan Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyi Qubadlı rayon X2 Birliyi Dondarlı kəndi “Komsomol” kolxozu tərəfindən verilmiş 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışdan görünür ki, İddiaçı 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komosomol” kolxozunun üzvü olmuş, tütünçülükdə işləmişdir. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasında da qeyd olunan 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışa istinad edilərək onun 1983-1993-cü illərdə Qubadlı rayonu “Komsomol” kolxozunda işlədiyi göstərilmişdir. Qeyd olunan dövrlə bağlı həm cavabdeh inzibati orqanın, həm də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş müvafiq olaraq 26 oktyabr və 20 dekabr 2023-cü il tarixli məktublardan görünür ki, 1993-cü ildə Qubadlı rayonunun işğalı ilə əlaqədar bütün sənədlər keçmiş işğal zonasında qalmışdır. İddiaçının 1983-cü il tarixdən 1993-cü il tarixədək “Komosomol” adına kolxozda işləməsi barədə Dövlət Arxivinin mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Kollegiya hesab edir ki, Qubadlı rayonunun işğalı ilə əlaqədar kolxozun müvafiq sənədlərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına daxil edilə və onun üçün neqativ nəticələr yarada bilməz. Belə ki, zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” nın 23-cü bəndinə əsasən əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının “Komsomol” kolxozunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1983-1993-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə “Komsomol” kolxozunda işlədiyi həmin kolxoz tərəfindən verilmiş 14 oktyabr 2000-ci il tarixli, 3 nömrəli arayışla təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən 11 il 10 aylıq dövrlə birgə 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1994cü il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi ümumilikdə, 27 il 10 ay 05 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Yəni, xx.xx.2006-cı il tarixədək iddiaçının 10 ildən artıq güzəştli iş stajına daxil olması cavabdeh tərəfindən mübahisələndirilmir. Bununla belə, kollegiya həmin dövrə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” PHŞ Uşaq Xəstəxanası tərəfindən verilmiş 17 iyun 2023-cü il tarixli, 841 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin xadiməsi vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin vəzifədə işləyir. Ümumi iş stajı 38 ildən artıq, zərərli iş stajı 28 ildən artıq olmaqla, işlədiyi vəzifənin xüsusiyyətlərinə uyğun olaraq yoluxucu xəstəliklərlə birbaşa ünsiyyətdədir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ******* vəzifə koduna uyğundur. İddiaçının Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində işlədiyi xadimə peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 22600000 kodlu XXİV. Səhiyyə və sosial təminat idarələri bölməsinin 2260000a kodlu a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində yarımbölməsində 2260600a kodla kiçik tibb heyəti güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan onun 52 yaşının tamam olduğu 15 may 2019-cu il tarixdən müvafiq pensiya hüququ yaranmışdır. Lakin, kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində iddia tələbini dəqiqləşdirərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmiş və məhkəmə bu məzmunda iddia tələbini təmin etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə görə isə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(118)-1075/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar