Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-592/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona dəymiş ziyanın əvəzi olaraq 50.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-289/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın əvəzi olaraq 50.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 400.000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri 25-ci məhəllə ünvanında 1.104 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqları dövət qeydiyyatına alınmış, buna dair xx.xx.2007-ci il tarixdə MH 00111159 seriya nömrəli çıxarışa əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 2013-cü il tarixdə satılarkən məlum olmuşdur ki, 0.204 ha hissəsi zəbt edilmişdir. 0.81 ha hissəsi alqı-satqı ilə özgəninkiləşdirilmiş, qalan 0.204 ha hissəsi bu günədək cavabdehin sifarişi əsasında inşa edilmiş çoxmərtəbəli mənzillər tikilərkən zəbt edildiyindən istifadəsi mümkünsüz olmuşdur. Bununla əlaqədar bu günədək edilən müraciətlər nəticəsiz qalmış, aidiyyəti qurumlar tərəfindən heç bir kompensasiya ödənilməmiş, zəbt olunmuş formada qalmaqdadır. Müraciətlərə cavab olaraq bildirilmişdir ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi 2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmişdir. Ziyanın ödənilməsi ilə əlaqədar Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də bu günədək heç bir nəticə verməmişdir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.26-cı yarımbəndi ilə əlilliyi olan şəxslərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Fondun vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 14 aprel tarixdə 80 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nın 4.3.5.11-ci yarımbəndi ilə Quba-Xaçmaz iqtisadi rayonu ərazisində mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri çərçivəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Quba Rayon İcra Hakimiyyətinə 10 mart 2010-cu il tarixdə 14/30-106 nömrəli məktubla müraciət etmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısı 24 avqust 2010-cu il tarixdə “Quba şəhərində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə icazə verilməsi barədə” 136 nömrəli sərəncam imzalamışdır. Sərəncamın 1-ci hissəsində nazirliyin müvafiq məktubu, 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Quba bələdiyyəsinin qərarı, Quba Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, ayrılmış torpaq sahəsi göstərilməklə şəhərin yerquruluşu planından çıxarışı nəzərə alınmaqla, Quba şəhərinin 25-ci məhəlləsində ayrılmış 0.3 hektar torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qeyd edilmişdir. Həmçinin, Quba bələdiyyəsinin 25 avqust 2010-cu il tarixdə “Quba şəhərində mədənisosial və xidmət obyektlərinin tikintisi və sair məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə” 47/02 nömrəli qərarında Quba bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunlarına müvafiq olaraq Quba Rayon İcra Hakimiyyətinin 24 avqust 2010-cu il tarixli 1266/2 saylı məktubu nəzərə alınaraq, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0.3 ha (3000 m2 üç min) torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin sərəncamı və Quba bələdiyyəsinin qərarı əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlamış və 2013-cü il tarixdə tikinti başa çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2013-cü il tarixli 11/9-11 nömrəli sərəncamı ilə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Göründüyü kimi Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər əlil və şəhid ailələri üçün Quba rayonunda inşa edilmiş 36 mənzilli yaşayış binasının yerləşdiyi ərazi nazirlik tərəfindən zəbt edilməmiş və İddiaçı mənsub olduğu qeyd edilən ərazinin əvəzinə tələb etdiyi maddi təminat nazirliyə qarşı yönələ bilməz. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən - inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd olunanları və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinin tələblərinə əsasən sözü gedən inzibati iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya cavabdeh qismində cəlb edilməməli və iddia tələbinin dəyişdirilməsi zərurətinin olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-289/2022 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlar qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmiş, tərəflərin hansı hüquqi münasibətdə olmaları, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğu müəyyən edilməmişdir. Halbuki, ən azından iddiaçı tərəf işin faktiki halı kimi iddia ərizəsində öz dəlillərini təqdim etmişdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Mülki Prosessual Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfndən iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə dair dəlili araşdırılmamıdşır. Ərazinin məhz sifarişçinin təqsirli hərəkəti nəticəsində və tikilib təhvil verilənədək zəbt edildiyi aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində və cavabdehin tikintisi üçün istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, bununla da cavabdeh müəyyən edilməli olduğu halda əvvəlki məhkəmə qərardadı təkrar edilməklə eyni əsasla iddia mümkün hesab edilməmişdir. Məhkəmə qərardad qəbul edərkən gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırma aparılmasa da gəldiyi nəticə tərəf üçün nəticə yaratmışdır ki, bu da qanuni və əsaslı olmalı idi, lakin təqdim edilən qərardadda bunlar öz əksini tapmamışdır. Məhkəmə tərəfindən həm əvvəlki qərardadda həm də hazırkı qəraddada əsaslandırma eynidir, halbuki apellyasiya instansiyası tərəfindən eyni əsaslı qərardada hüquqi qiymət verilmişdir. Eyni əsaslarala iddianı mümkün etməmək hazırkı qərardadla əsaslandırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, yaşayış binasının (qazanxana istisna olmaqla) nazirlik tərəfindən əvəzsiz olaraq Quba Rayon İcra Hakimiyyətinin balansına verilməsi barədə nazirlik və Quba Rayon İcra Hakimiyyəti tərəfindən 118 nömrəli avizo tərtib olunmuş və bina icra hakimiyyəti tərəfindən təhvil alınmışdır. Yaşayış binasının qazanxanasının nazirlik tərəfindən əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilməsi barədə nazirlik və "xxxx" ASC tərəfindən 129 nömrəli avizo tərtib olunmuş və qazanxana "xxxx" ASC tərəfindən təhvil alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2-1(118)-289/2022 saylı qərardadı ilə məhkəmə iddianın mümkünlüyünün yoxlanılması məqsədilə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 10/2307 nömrəli ekspert rəyində qərardadda ekspertə aydınlaşdırılması üçün həvalə edilmiş əsas hallara aydınlıq gətirilməmişdir ki, bu da məhkəmə tərəfindən məsələnin ədalətli həlli üçün maneə yaradır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2-1(105)-279/2021 saylı qərardadında birinci instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv hüququnun, yəni mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi faktının mövcudluğu, zəbt faktı olduğu təqdirdə bunun bələdiyyə tərəfindən tikinti üçün torpaq sahəsinin ayrılması zamanı və yaxud cavabdeh tərəfindən yaşayış binasının inşası zamanı yaranmasının müəyyən edilməli, zəruri olduğu təqdirdə bununla bağlı mütəxəssis rəyinin alınmalı və yalnız bundan sonra iddianın mümkünlük şərtlərinə qiymət verilməli olduğu bildirilmişdir. Ekspert rəyində isə həmin məsələlərə cavab verilmədən, səthi formada yalnız torpaq sahəsi üzərində yaşayış binasının bir hissəsinin və həmin binaya məxsus su quyusu, istixana tikilisi, nasosxana və transformatorun yerləşdiyi bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2-1(118)- 289/2022 saylı qərardadında haqlı olaraq qeyd edilmişdir ki, “mübahisə predmeti olan torpaq sahəsində yaşayış binasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inşa etməsinə baxmayaraq, sonradan Quba Rayon İcra Hakimiyyətinin balansına vermişdir. Nəzərə alınmalıdır ki, hal-hazırda müvafiq yaşayış binası, Quba Rayon İcra Hakimiyyətinin balansında olduğundan hazırkı iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir.” Qərardadda qeyd edilir ki, tikilinin iddiaçıya məxsus torpaq sahəsində aparılmasına baxmayaraq hazırkı iddia tələbi üzrə Nazirlik balanssaxlayıcı olmadığından ona qarşı qaldırılmış iddia mümkün hesab edilə bilməz. Nazirlik tikinti aparılan zaman vurduğu real zərərə görə məsuliyyət daşıya bilər. Lakin nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi vurulmuş real zərərlə bağlı deyil, torpaq sahəsinin zəbt etməsi ilə bağlı olduğundan həmin sahədən binaya məxsus su quyusunun, istixana tikilisinin, nasosxana və transformatorun çıxarılması balassaxlayıcı tərəfindən həyata keçirilməli, çıxarılması mümkün olmadığı tədqirdə isə torpaq sahəsinə görə müvafiq kompensasiya ödənilməsi Quba Rayon icra Hakimiyyəti tərəfindən həyata keçirilməlidir.” Həmçinin nəzərə alınmalıdır ki, əmlakın başqa qurumun balansına verilməsi anından həmin əmlak ilə əlaqədar gələcəkdə yarana biləcək risklər əmlakı balansına qəbul etmiş quruma keçir. Yaşayış binası Quba bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsində, Quba Rayon İcra Hakimiyyətinin sərəncamı ilə nazirlik tərəfindən inşa edilmiş, bina Quba Rayon İcra Hakimiyyətinin və onun qazanxanası isə "xxxx" ASC-nin balansına verilmişdir. Binanın tikintisi mövcud tikinti və şəhərsalma normalarına əməl edilməklə, tikinti zamanı heç bir fiziki və hüquqi şəxsin qanunla qorunan maraq və mənafelərinə müdaxilə edilmədən həyata keçirilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaya cavab verməli inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmadığından iddianın mümkün sayılmaması barədə Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2-1(118)-289/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Quba bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs məktubla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (...) Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsində yaşayış binasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi inşa etməsinə baxmayaraq, sonradan Quba Rayon İcra Hakimiyyətinin balansına vermişdir. Nəzərə alınmalıdır ki, hal-hazırda müvafiq yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansında olduğundan hazırki iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikinti aparılan zaman vurduğu real zərərə görə məsuliyyət daşıya bilər. Lakin nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi vurulmuş real zərərlə bağlı deyil, torpaq sahəsinin zəbt etməsi ilə bağlı olduğundan həmin sahədən binaya məxsus su quyusunun, istixana tikilisinin, nasosxana və transformatorun çıxarılması balansaxlayıcı tərəfindən həyata keçirilməli, çıxarılması mümkün olmadığı tədqirdə isə torpaq sahəsinə görə müvafiq kompensasiya ödənilməsi Quba Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, əmlakın başqa qurumun balansına verilməsi anından həmin əmlak ilə əlaqədar gələcəkdə yarana biləcək risklər əmlakı balansına qəbul etmiş quruma keçir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, müvafiq yaşayış binası cavabdeh tərəfindən inşa edilmişdir. İddiaçı isə binanın inşa edilən zaman ona məxsus torpaq sahəsinin üzərində inşa edildiyini bildirərək, ona dəymiş ziyanı tələb edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/2307 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 1.014 ha torpaq sahəsindən 0.81 ha hissəsi alqı-satqı müqaviləsinə əsasən X1 və həmin hissəyə **********28 reyestr nömrəli çıxarış, plan ölçü işlənmişdir. Yerdə qalan 0.204 ha hissəsi İddiaçı məxsusdur. Yerdə qalan 0.204 ha torpaq sahəsi üzərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmiş 2 mərtəbəli mənzil tipli yaşayış binasının 0.0235 hissəsi yerləşir. Bundan başqa torpaq sahəsində həmin binaya məxsus su quyusu, istixana tikilisi, nasosxana və transformator yerləşir. (Qərardadın 4,5,6,7,8 və 9-cu sualları üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022ci il tarixdə daxil olmuş Azərbaycar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qərardadın 4,5,6,7,8 və 9-cu sualları cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır.) Cavablandırılmayan suallar aşağıdakılar olmuşdur:
4. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0,3 ha torpaq sahəsinin plan və sxem nəzərə alnmaqla yerləşmə yeri müəyyən edilsin.
5. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0,3 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarşa əsasən Quba şəhəri 25-ci Məhəllə ünvanında 1,014 ha torpaq sahəsi ilə üstə üstə düşüb-düşməməsi müəyyən edilsin.
6. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0,3 ha torpaq sahəsində inşa edilən 36 mənzilli yaşayış binasının, köməkçi bina və xarici kommunikasiya qurğu və xətlərinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarşa əsasən Quba şəhəri 25-ci Məhəllə ünvanında 1,014 ha torpaq sahəsinə düşüb-düşməməsi müəyyən edilsin.
7. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0,3 ha torpaq sahəsində inşa edilən 36 mənzilli yaşayış binasının, köməkçi bina və xarici kommunikasiya qurğu və xətlərinin 0,3 ha torpaq sahəsindən kənara çıxıb çıxmaması müəyyən edilsin, kənara çıxma müəyyən edilərsə hansı hissədə və ölçüdə olması müəyyən edilsin.
8. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0,3 ha torpaq sahəsində inşa edilən 36 mənzilli yaşayış binasının, köməkçi bina və xarici kommunikasiya qurğu və xətlərinin Quba şəhəri Yerquruluşu Planından çıxarışa əsasən müəyyən edilmiş ərazi konturlarından kənara çıxıb-çıxmaması müəyyən edilsin.
9. xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarşa əsasən Quba şəhəri 25ci Məhəllə ünvanında 1,014 ha torpaq sahəsinin Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan Çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0,3 ha torpaq sahəsində inşa edilən 36 mənzilli yaşayış binasının, köməkçi bina və xarici kommunikasiya qurğu və xətlərinin yerləşdiyi torpaq sahələri ilə üstüstə düşüb düşməməsi müəyyən edilsin. Göründüyü kimi məhkəmə qeyd edilən sualları iş üçün əhəmiyyət kəsb edən hesab edərək ekspertiza qarşısında qoymuş, lakin həmin suallar cavablandırılmadığı halda əlavə və yaxud təkrar ekspertiza təyin etməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallara aydınlıq gətirmədən mövcud iddianın mümkün olmaması qənaətinə gəlmişdir. Qeyd olunan hallar araşdırılmadan isə iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkün deyildir. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur və məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (2.1 və 2.2-ci bəndlər) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipi pozulduğundan iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-289/2022 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.