Məhkəmə qərarları › İş №2-1(105)-592/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-592/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-592/2025 30.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3731/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) xx.xx.2025-ci il tarixli 2-1(118)-3731/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial adaptasiyası üçün birdəfəlik pul müavinətin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi və cavabdehin üzərinə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq, ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyası Kaluqa vilayəti Kaluqa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən İddiaçı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi və 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayəti Kaluqa Regional Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası tərəfindən təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin cinayət işi üzrə 02 iyun 2014-cü ildən həbsdə olmuşdur. Buna görə də, hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarmış və həbs yerindən azad olunmuşdur. İddiaçı hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını Rusiya Federasiyasının Tula vilayətində yerləşən cəzaçəkmə müəssisəsində çəkmişdir. İddiaçının 10 il müdətinə azadlıqdan məhrum etmə növündə cəza çəkməyi barədə cəzaçəkmə müəssisəsi tərəfindən ona 31 may 2024-cü il tarixli 016366 nömrəli arayış (Forma-B arayışı) verilmişdir. Bundan sonra iddiaçı məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasına deportasiya olunmalı idi, lakin sənədləri qaydasında olmadığı, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına göndərilməyi mümkün olmamışdır. Rusiya Federasiyası Tula vilayətinin, Kimovsk Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının Tula vilayətində X1ma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini əldə edib həmin şəhadətnaməyə əsasən Azərbaycan Respublikasına qayıtmışdır. Buna səbəb iddiaçı Rusiya Federasiyasında azadlıqdan məhrum etmə cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarsa da, Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə əsasən qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra qanunla müəyyənləşdirilmiş 3 ay ərzində, yəni xx.xx.2024-cü il tarixdə birdəfəlik müavinətin alınması üçün cavabdehə müraciət etmişdir, lakin cavabdeh xx.xx.2024-ci il tarixdə qəbul etdiyi əsassız qərarla müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, yəni sənədləri qaydasında olmadığı, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün həbsdən azad olduqdan dərhal sonra Azərbaycan Respublikasına qayıda bilməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Rusiya Federasiyası Ədliyyə Nazirliyi Federal Dövlət müəssisəsinin Rusiya CİFXİ-nin Tula vilayəti üzrə 1 saylı İslah koloniyasının xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək azadlıqdan məhrumetmə yerlərində caza çəkib və cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qeyd olunmalıdır ki, digər dövlətin - Rusiya Federasiyasının penitensiar müəssisəsində xx.xx.2024-cü il tarixdə cəza çəkməkdən azad edilmiş iddiaçıya sözügedən birdəfəlik pul müavinətinin təyin edilib ödənilməsi üçün o, cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. Halbuki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və xx.xx.2024-cü il tarixdə inzibati orqana müavinət təyini üçün müraciət etmişdir. Ona görə də, iddiaçı xx.xx.2024-cü il tarixdən 3 ay müddətinə Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Bu barədə iddiaçıya “Sosial müavinətin təyin edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/2- S285272/2024 nömrəli məktubla məlumat verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etdi və izahatında bildirdi ki, onun cəzasının müddəti xx.xx.2024-cü il tarixdə başa çatsa da, azad edilməmişdir. Azərbaycan Respublikasına göndərilməsi üçün sənədlərinin hazırlanması məqsədilə iki dəfə müvəqqəti saxlama yerində saxlanılması barədə məhkəmə qərar qəbul etmiş və xx.xx.2024-cü il tarixə kimi RF-da həbsdə saxlanılması qərara alınmışdır. Sənədləri hazır olandan sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqəsini almış, 3 ay ərzində xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 3 ay müddəti ötürməsini əsas gətirərək ona müavilətin verilməsindən imtina etmişdir. Halbu ki, 3 ay müddət onun cəzasının başa çatdığı xx.xx.2024-cü il tarixdən deyil, Azərbaycana göndərildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. O, müddəti ötürməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı cinayət işi üzrə Rusiya Federasiyasında xx.xx.2014-cü ildən həbsdə olduğunu və ona hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasının xx.xx.2024-cü il tarixdə çəkib qurtarmasına baxmayaraq, sənədləri qaydasında olmadığı üçün, yəni Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına qayıtmağı mümkün olmamışdır. Bu səbəbdən o, azadlığı buraxılmamış xx.xx.2024-cü il tarixdən Tula vilayətində X5 Məntəqəsinə yerləşdirilmişdir. Daha sonra Rusiya Federasiyası Tula vilayəti Kimovsk Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı Tula vilayətində X1ma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən AA ******* nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmişdir və o, həmin şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırır ki, Rusiya Federasiyasının penitensiar müəssisəsində xx.xx.2024-cü il tarixdə cəza çəkməkdən azad edilmiş İddiaçı birdəfəlik pul müavinətinin təyin edilib ödənilməsi üçün o, cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. İddiaçı 3 ay müddətinə Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığından müraciətin müsbət həlli mümkün deyildir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Rusiya CİFXİ-nin Tula vilayəti üzrə 1 saylı İslah koloniyasın tərfindən verimiş 016366 nömrəli arayışdan görünür ki, xx.xx.2015-ci ildə Kaluqa vilayəti Kaluqa şəhər Məhkəməsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4 hissə “b” bəndi, 111-ci maddəsinin 1-ci hissəsinə, 69 maddəsinin, 3-cü hissəsinə əsasən - ciddi rejimli İslah koloniyasında 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 02 iyun 2014-cü ildən 31 may 2024-cü ilədək cəza çəkmişdir. 31 may 2024-cü ildə azad olunmuşdur. Lakin Azərbaycan Respublikası vətəndaşı İddiaçı inzibati qaydada deportasiya edilməli olduğu və sə\nədləri qaydasında olmadığı üçün X9 Nazirliyinin Tula vilayəti üzrə İdarəsinin X5 Mərkəzinə yerləşdirilmişdir. Daha sonra Rusiya Federasiyası Tula vilayətinin Kimovsk Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarı ilə X9 Nazirliyinin Tula vilayəti üzrə İdarəsinin inzibati qaydada deportasiya edilməli olan Azərbaycan Respublikası vətəndaşı İddiaçı X9 Nazirliyinin Tula vilayəti üzrə İdarəsinin X2ma müddətinin uzadılması barədə inzibati iddası təmin edilmiş, Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü, S.S.X7 İşlər Nazirliyinin Tula vilayətində vətəndaşlar üçün müvəqqəti saxlanma məntəqəsində (Kimovskda yerləşən), Tula vilayəti Kommunist küçəsi ev 7d, qalan müddəti 60 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən AA ******* nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmişdir və o, həmin şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına deportasiya edilmişdir. İddiaçı sənəd məlumatları barədə AZEMİS-dən çıxarışdan görünür ki, ona xx.xx.2024-cü il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı yaşayış yeri üzrə Qusar rayonu Gədəzeyxur kəndində qeydiyyata alınmışdır. Sadalanan halları məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı cəza çəkməkdən azad edildikdən sonra öz iradəsi ilə ölkəyə qayıda bilməmiş, onun Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına qayıtmağı mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına göndərilmişdir. Bu səbəbdən də, iddiaçının cəza çəkməkdən azad edildikdən sonrakı üç aylıq müddət onun cəzadan azad edildiyi xx.xx.2024-cü il tarixdən deyil, Azərbaycan Respublikasına deportasiya olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddiaçı xx.xx.2024-cü il tarixdən üç ay müddətində, yəni xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən müddətin buraxılması əsası ilə iddiaçıya birdəfəlik müavinətin verilməsindən imtina barədə cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər hesab olunur. Həmin qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılıması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3731/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar