Məhkəmə qərarları › İş №2-1(105)-593/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-593/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-593/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Quba rayonu Vladimirovka Bələdiyyəsinə qarşı “cavabdehin 14 oktyabr 2016-cı il tarixli, 03 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: iddia müddəti, mübahisələndirmə haqqında iddia üzrə iddianın mümkünlük şərti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X9 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili X3 və 3-cü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Quba rayonu Vladimirovka Bələdiyyəsinə qarşı “cavabdehin 14 oktyabr 2016-cı il tarixli, 03 saylı qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-726/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Quba rayonu Vladimirovka Bələdiyyəsinə qarşı “cavabdehin 14 oktyabr 2016-cı il tarixli, 03 saylı qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 0.04 ha torpaq sahəsini 2016-cı ildə X6 almış və həmin torpaq sahəsinə bitişik 0.02 ha torpaq uzun illər ərzində torpağı ona satan X7 istifadəsində olduğundan M.Bayramovla torpağı almağa razılaşarkən həmin 0.02 ha torpaq sahəsi ilə birlikdə almasına razlaşmışdır. Həmin əlavə torpaq sahəsi hasarının daxilində olmuş, buna baxmayaraq cavabdeh bələdiyyə həmin torpağı qanunsuz olaraq üçüncü şəxs X2, lakin bələdiyyə həmin torpağın faktiki olaraq kimin istifadəsində olub-olmamasını öyrənmədən hərracdan kənar qaydada alqı-satqı etməklə torpaq haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, 0.02 ha torpaq sahəsinin bələdiyyənin adına özəlləşdirilməsinə dair bələdiyyə 14.10.2016-cı il tarixli 03 saylı qərar qəbul etmiş ki, həmin qərar əsassız və qanunsuz hesab edilməlidir.

Cavabdehin və üçüncü şəxsin etirazları:

a) iddia ərizəsinə qarşı cavabdehin münasibəti

3. İddiaya qarşı cavabdeh etiraz təqdim etməmişdir. b) iddia ərizəsinə qarşı üçüncü şəxsin etirazının dəlilləri

4. Üçüncü şəxs X11 iddiaya qarşı etiraz ərizəsində qeyd etmişdir ki, 1987-ci ildə ona işlədiyi sovxozdan 0.08 ha torpaq sahəsi verilmiş, həyətyanı torpaq sahəsinə bitişik 0.02 ha torpaq sahəsindən isə uzun müddət sənədsiz istifadə etmiş, bələdiyyələr fəaliyyətə başlayandan sonra isə, həmin sahə bələdiyyə tərəfindən bələdiyyənin adına rəsmiləşdirilərək ona alqı-satqı müqaviləsinə əsasən satılmışdır. İddiaçı isə qonşuluqdakı torpaq sahəsini aldıqdan sonra həmin 0.02 ha torpaq sahəsilə bağlı onunla mübahisə edərək torpaq sahəsinin 0.01 ha hissəni zəbt etmiş, sənədlə ona məxsus torpaq üzərində daş hasar çəkmişdir. Bu səbəbdən 23.08.2017-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin edilmiş, buna baxmayaraq İddiaçı çoxsaylı şikayətləri əsasında keçirilən məhkəmə iclaslarında tələbləri təmin edilməsə də, hazırda bu iddia ilə məhkəməyə müraciət edərək bələdiyyə qərarının ləğv edilməsini xahiş edir. Hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli № 2-1(118)-726/2021 saylı qərardadı ilə (hakim V.E.Əzizova) İddiaçı cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı Quba rayonu Vladimirovka bələdiyyəsinin 14 oktyabr 2016-cı il tarixli 03 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

6. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili X4 apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-726/2021 saylı qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir, bu vaxta qədər nə əvvəlki mülkiyyətçiyə, nə də ki, iddiaçıya qarşı bələdiyyə tərəfindən hər hansı tələb və ya iddia irəli sürülməmiş, lakin məhkəmə yalnız bələdiyyə nümayəndəsinin və üçüncü şəxsin sözünə əsaslanaraq torpaq sahəsinin boş olmasını göstərməklə işin əsas hallarını araşdırmayaraq cavabdehin xeyrinə qərar qəbul etmişdir. Hesab edirlər ki, iddiaçının qanuni əsaslarla istifadəsində olmuş torpaq sahəsinin əlindən alınması iddiaçının mülkiyyət və istifadə hüququnun pozulmasıdır. Məhkəmə heç bir qanuni əsas olmadan yalnız öz mülahizəsinə əsasən iddianın mümkün saymaması əsassızdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz verilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsini 2016-cı ildə X6 almış və həmin torpaq sahəsinə bitişik 0.02 ha torpaq sahəsi uzun illər ərzində torpağı ona satan X7 istifadəsində olmuşdur. İddiaçı M.Bayramovla torpağı almağa razılaşarkən həmin 0.02 ha torpaq sahəsi ilə birlikdə almağa razlaşmışdır. Həmin əlavə torpaq sahəsi də iddiaçının hasarının daxilində olmuşdur. Buna baxmayaraq cavabdeh bələdiyyə həmin torpağı qanunsuz olaraq üçüncü şəxs X1. Belə ki, bələdiyyə həmin torpağın faktiki olaraq kimin istifadəsində olub-olmamasını aydınlaşdırmadan hərracdan kənar qaydada alqı-satqı etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X11 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək əlavə olaraq vurğuladı ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, mübahisələndirilən torpaq sahəsi ona satılarkən boş sahə olmuş və heç kimin hasarın daxilində olmamış, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, 2017-ci ildə alqı-satqı qaydasında bələdiyyə tərəfindən ona satılmışdır. Bundan sonra iddiaçı həmin ərazini hasarlamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

30. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

31. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

32. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Madə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hazırkı qərarın 11-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).

36. Kollegiya qeyd edir ki, hazırkı qərardadın 17-19-cu bəndlərində istinad edilən prosessual hüquq normalarına görə iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

37. Hazırkı iş üzrə qaldırılmış iddianın mahiyyətindən görünür ki, iddiaçı, inzibati orqan olan bələdiyyənin qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Həmin qərar isə hazırki iş üzrə üçüncü şəxsə satılmış torpaq sahəsinin həyətyanı məqsədilə mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması preseduruna başlanılması barədədir.

38. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsə satılmış torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarı ləğv etmək tələbi, o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun.

39. Belə ki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

41. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.

42. Halbuki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 0.04 ha torpaq sahəsini 2016-cı ildə X6 almış və həmin torpaq sahəsinə bitişik 0.02 ha torpaq uzun illər ərizndə torpağı ona satan X7 istifadəsində olduğundan M.Bayramovla torpağı almağa razılaşarkən həmin 0.02 ha torpaq sahəsi ilə birlikdə almasına razlaşmışdır. Buna baxmayaraq cavabdeh bələdiyyə həmin torpağı qanunsuz olaraq üçüncü şəxs X2, lakin bələdiyyə həmin torpağın faktiki olaraq kimin istifadəsində olub-olmamasını öyrənmədən hərracdan kənar qaydada alqı-satqı etməklə torpaq haqqında qanunvericiliyin tələblərini pozmuşdur.

43. Deməli, iddiaçı mübahisəsi gedən torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşdiyini əsas gətirərək, həmin torpağın ona yox diğər qonşuya satılmasına dair bələdiyyə qərarının qanuniliyini mübahisələndirmiş və bu zaman iddia tələbinin əsasını təşkil edən hüquqmüəyyənedici sənəd kimi mübahisələndirdiyi torpağa dair heç bir sübut təqdim etməyərək, yalnız mübahisələndirdiyi torpaq sahəsinin qonşuluğunda olan və alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə dair tərtib olunmuş 03.09.2016-cı il tarixli çıxarış təqdim etmişdir.

44. Lakin, işdə olan sənədlərdən görünür ki, 23.02.2017-ci il tarixli çıxarışa əsasən Quba rayon Vladimirovka bələdiyyəsinin mülkiyyətində olan, Quba rayon Dəlləkli kəndində yerləşən 0.02 ha torpaq sahəsi 29.03.2017-ci il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə alıcı X5 mülkiyyətinə verir və sonuncu həmin torpaq sahəsinə dair 01.04.2017-ci il tarixli çıxarış əldə etmişdir (i.v.6-8,10,13).

45. Bundan əlavə, işdə olan Quba Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X8 və Quba rayon Vladimirovka bələdiyyəsinə qarşı Quba rayon Vladimirovka bələdiyyəsi tərəfindən 0.02 ha torpaq sahəsinin cavabdeh R.Əliyevə satılmasına dair Quba rayon Vladimirovka bələdiyyəsi ilə X11 arasında Quba rayon notariat kontorunda rəsmiləşdirilmiş 29.03.2017-ci il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsini, X5 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX, № ******* saylı, 01.04.2017ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmiş və həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 23.11.2020-ci il tarixli qətnaməsinə əsasən təmin edilməyərək Quba Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(i.v.42-48).

46. Beləliklə də müəyyən olunur ki, iddiaçı, hazırki iddianı bələdiyyənin adına qeydə alınmış torpaq sahəsinin 3-cü şəxsə satıldığı üçün qaldırmış və iddiası ilə bağlı hüquqmüəyyənedici sənəd kimi mübahisələndirdiyi torpaq sahəsinin qonşuluğunda olan və alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə dair tərtib olunmuş 03.09.2016-cı il tarixli çıxarış təqdim etmiş, 3-cü şəxs isə bələdiyyə mülkiyyətində olmuş torpaq sahəsini notarial qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında aldığını bildirməklə, həmçinin bununla bağlı iddiaçının əvvəllər də ona məxsus torpaq sahəsinə dair məhkəmədə iddia qaldırsa da, iddiasının məhkəmə instansiyaları tərəfindən rədd edildiyinə əsaslanmışdır.

47. Kollegiya bir məqama da münasibət bildirir ki, iddiaçının mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı iddia qaldırmaqda subyektiv hüququn sahibi kimi qəbul etmək doğru olmazdı, çünki iddiaçı sözügedən torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin torpaq sahəsinin üçüncü şəxsə satılması zamanı iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən olunmur. Bu səbəbdən də iddiaçı həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna da malik deyildir. Bundan əlavə, hətta iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu qəbul edilmiş olsa belə, iddiaçı bələdiyyə qərarının mübahisələndirilməsi üçün müəyyən olunmuş müddəti də ötürmüşdür.

48. Belə ki, hazırkı qərardadın 46-cı bəndində istinad edilən məhkəmə qətnamələrindən göründüyü kimi iddiaçı həmin işdəki tələblər üzrə iddia qaldırarkən də, hazırkı işdə mübahisələndirdiyi Quba rayonu Vladimirovka bələdiyyəsinin 14 oktyabr 2016-cı il tarixli 03 saylı qərarına istinad etməklə həmin qərar əsasında bələdiyyənin mülkiyyətinə verilməsilə bağlı müsabiqənin keçirilməklə bələdiyyənin mülkiyyətinə alınmış torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən 3-cü şəxsə satılması ilə bağlı olmuşdur.

49. İş materiallarından müəyyən olunduğu kimi, iddiaçı hüquqlarına toxunan qərarın mövcudluğu barədə nəinki 2019-cu ildə ümumi məhkəmədə qaldırmış olduğu iddia zamanı xəbərdar olmuş, hətta ondan iki il öncə 13.07.2017-ci il tarixli Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qərardadına (i.v.38-40) əsasən “İddiaçı cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və iddiaçının faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdeh Quba rayonu Vladimirovka bələdiyyəsinin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkün sayılmaması zamanı məlumatı olmuş olsa da, onu qanunla müəyyən olunmuş müddət ərzində mübahisələndirməmiş, həmin vaxtdan xeyli müddət keçdikdən sonra, yəni 2021-ci ilin fevral ayında hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia qaldırılan tarixdən çox öncədən mübahisəli qərarın mövcudluğundan məlumatlı olmuşdur.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında vurğulanır ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

51. “E.Həkimovun şikayəti ilə əlaqədar” 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi onu da vurğulamışdır ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

52. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

53. Hazırkı qərardadın 7-ci bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia tələbinin dəlillərilə eynilik təşkil etdiyindən və bu dəlillərə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə məhkəmə kollegiyası razılaşır, eyni zamanda hazırkı qərardadın 32-cü bəndində istinad edilən qanun normasının tələbləri baxımından da müəyyən olunduğu kimi iddiaçının mübahisələndirdiyi qərar ona məlum olmasından üç ildən çox müddət keçməsinə, hətta iddiaçıya inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyə uyğun olaraq kollegiya hesab edir ki, işin halları iddiaçının bir aylıq iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Ona görə də hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamış, bu baxımdan da iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-726/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-726/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prosekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar