Məhkəmə qərarları › İş №2-1(105)-593/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-593/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-593/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, yaranmış fərq məbləğinin qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)- 2464/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli “şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. İddiaçıya 18 fevral 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Sumqayıt 10 nömrəli Peşə Liseyinin 15 dekabr 2011-ci il tarixli, 436 nömrəli arayışından görünür ki, İddiaçı 1 sentyabr 1975-ci il tarixdə 35 nömrəli X2 məktəbinə (hal-hazırda Sumqayıt 10 nömrəli peşə liseyi adlanır) qəbul olunmuş və 30 iyun 1978-ci il tarixdə əyani şöbənin tam kursunu bitirərək, 3-cü dərəcəli “Təmirçi çilingər” ixtisası üzrə A 787128 nömrəli diplom almışdır. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-5299/2023 nömrəli qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-10374/2023 nömrəli, 12 may 2023-cü il tarixli “Əmək Pensiyasının yenidən hesablanması” haqqında qərarı ləğv edilmiş, eyni zamanda Qanunvericiliklə təyin edilmiş pensiya məbləğindən 2023cü ilin iyun ayından hər ay tutulan 67,77 manat pulun tutulmasının qanunsuz hesab edilərək 2023-cü noyabr ayınadək tutulmuş pul məbləğinin geri qaytarılaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 1 mart 2021-ci il tarixli, **********9 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 573,15 manat pensiya məbləği yenidən hesablanaraq, 576,79 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “diplom əlavəsi” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 6 noyabr 2023-cü il tarixli, 3-17-1/3- 362310/2023 nömrəli qərarından görünür ki, 18 fevral 2012-ci il tarixdə təyin edilmiş, hazırkı 677,67 manat pensiya məbləği yenidən hesablanaraq, 1.192,15 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “37.3.1 6 illik” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 9 yanvar 2024-cü il tarixli, 3-17-1/3- 3226/2024 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 1.192,15 manat pensiya məbləği yenidən hesablanaraq, 1.242,34 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “37.3.1 Məhkəmə qərarına əsasən 50 yaşa yenidən hesablandı” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 avqust 2024-cü il tarixli, 3-17-1/33- 12972/2024 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 1.381,49 manat pensiya məbləği yenidən hesablanaraq, 1.237,17 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “yenidən hesablama (m.45 tətbiq edilməklə)” olaraq göstərilmişdir. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək sonuncu qərarın ləğv edilməsi, tutulan pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi iddiaçının müraciətindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 1.381,49 manat təşkil edən pensiyasının azaldılaraq 1.237,17 manata endirilməsi barədə qərarın ləğv edilməsi, 2024-cü ilin avqust ayından tutulan 144,32 manat pulun tutulmasının qanunsuz hesab edilərək, tutulan pul məbləğinin geri qaytarılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, 1.381,49 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 1.237,17 manata endirilməsi barədə cavabdehin 3-17-1/3-3-12972/2024 saylı, 27 avqust 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, eyni zamanda 2024-cü ilin avqust ayından pensiya məbləğinin hər ay üçün azaldılmaqla ödənilməyən fərq məbləğinin geri qaytarılaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1960-cı il təvəllüdlü iddiaçı 1 sentyabr 1975-ci ildən 27 iyul 1978-ci ilədək 35 nömrəli Sumqayıt şəhər Texniki Peşə məktəbində təhsil almış, 1 avqust 1978-ci ildə Sumqayıt Səthi Aktiv Maddələr zavodunda texnoloji avadanlıqların təmiri üzrə çilingər vəzifəsində çalışmağa başlamış, 22 oktyabr 1979-cu ildə iş yeri saxlanılmaqla hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra 24 noyabr 1981-ci il tarixdə yenidən zavoda əvvəlki iş yerinə qayıtmış, 24 noyabr 1981-ci il tarixdən yenidən Sumqayıt Səthi Aktiv Maddələr zavodunda əmək fəaliyyətini davam etdirməyə başlamış və 24 sentyabr 1991-ci il tarixədək həmin zavodda əsas və texnoloji sexlərdə texnoloji avadanlıqların təmiri üzrə çilingər, usta vəzifələrində işləmişdir. Hal-hazırda ARDNFŞ-nin X1 nəzdində fəaliyyət göstərən Etilen Politilen zavodunda əmək fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinə heç ara verməmiş və ümumi iş stajı 48 ildən çoxdur. 6 aprel 2010-cu il tarixli ərizə ilə (tələb olunan bütün sənədlər ilə birlikdə) Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona əmək şəraitinə görə güzəştli şərtlərlə 50 yaşında pensiya təyin edilməsi ilə bağlı müraciət etmiş və əmək şəraitinə görə güzəştli şərtlərlə 50 yaşında pensiya hüququ verən iş stajını 13 iyun 1997-ci il tarixli, 321-1QD saylı Qanun qüvvəyə minənədək qazanmış və 50 yaşından pensiya təyin edilməsi tam qanuni olmuşdur. Pensiya təyinatı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Belə ki, 18 fevral 2010-cu il tarixdən 50 yaşında pensiya təyin edilməsi tələbi Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin verdiyi apellyasiya şikayətinə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasında 7 sentyabr 2011-ci il tarixdə baxılmış və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. 2024-cü ilin avqust ayında cavabdehdən inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında iddiaçı məktub almışdır. Bundan sonra məlum olmuşdur ki, 2023-cü ilin oktyabr ayından artırılaraq 1.381,49 manat təşkil edən pensiyası azaldılaraq 1.237,17 manata endirilmişdir. İnzibati orqanın bu qərarı iddiaçı tərəfindən qəbul edilməzdir. Hesab edir ki, inzibati orqan tərəfindən həyata keçirilən bu qanunsuz hesablamanın və tutulmanın heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, inzibati orqan özünün məktubunda da qeyd etdiyi kimi, artıq qüvvədən düşmüş normaya istinad etmişdir. Hüquqi müəyyənlik prinsipinə görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur. İndiki vəziyyətdə görünən odur ki, inzibati orqan bu gün qüvvədə olmayan normaya istinad edərək məlum olmayan qərar əsasında pensiyanın yenidən özünəməxsus qaydada hesablanmasını həyata keçirmişdir. 3 sentyabr 2024-cü il tarixdə teleqramla inzibati orqanın rəhbər şəxsinə pensiyasının yenidən hesablanmasına dair inzibati qərarın surətinin, eyni zamanda yeni araşdırmanı zəruri edən varsa kollegial qərarın və ya monitorinq qrupunun qərarının təqdim olunması üçün aidiyyəti struktur bölməyə göstəriş verilməsi, qərarın və digər sənədlərin poçt vasitəsilə göndərilməsi barədə iddiaçının müraciəti olmuşdur. Lakin iddia ərizəsi tərtib olunan günə qədər bu qərarlar təqdim olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq da qeyd etmişdir ki, iddiaçının əmək pensiyası 1 oktyabr 2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1.242,34 manat məbləğində müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 1 oktyabr 2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 1.112,56 manat (1 yanvar 2024cü il tarixə indeksləşdirilməklə 1.237,17 manat) məbləğində müəyyən edilməli olduğu halda, 1.242,34 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. İddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni 18 fevral 2010-cu il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 89 aya (36.434,82 : 89 ay (65 il - 63 il 7 ay = 17 ay+(144 ay - 72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, 3-17-1/3-38631/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1.237,17 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçının mülahizələrinin dinlənilməsi üçün 26 avqust 2024-cü il tarixədək mülahizələrin və eyni zamanda artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)-2464/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 avqust 2024-cü il tarixli, 3-17-1/3-312972/2024 saylı qərarı (1.381,49 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 1.237,17 manata endirilməsi barədə olan) ləğv edilmiş, İddiaçı barəsində 2024-cü ilin avqust ayından pensiya məbləğinin hər ay üçün azaldılmaqla ödənilməyən fərq məbləğinin geri qaytarılaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim Könül Həbəbiva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki işdə məhkəmənin sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 avqust 2024-cü il tarixli, 3- 17-1/3-3-12972/2024 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 1.381,49 manat pensiya məbləği yenidən hesablanaraq, 1.237,17 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “yenidən hesablama (m.45 tətbiq edilməklə)” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025- ci il tarixli, 2-1(102)-53/2025 saylı qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.” Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya 18 fevral 2010-cu il tarixdən 50 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 avqust 2024-cü il tarixli, 317-1/3-3-12972/2024 nömrəli qərarına əsasən 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 1.381,49 manat pensiya məbləği yenidən hesablanaraq, 1.237,17 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “yenidən hesablama (m.45 tətbiq edilməklə)” olaraq göstərilmişdir. Hazırda iddiaçı cavabdehin 27 avqust 2024-cü il tarixli, 3-17-1/33-12972/2024 nömrəli qərarının ləğv edilməsi, eyni zamanda 2024-cü ilin avqust ayından pensiya məbləğinin hər ay üçün azaldılmaqla ödənilməyən fərq məbləğinin geri qaytarılmasını tələb edir. Cavabdeh orqanın dəlilləri (imtinanın, etirazın, şikayətin) ondan ibarətdir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni 18 fevral 2010-cu il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 89 aya (36.434,82 : 89 ay (65 il - 63 il 7 ay = 17 ay+(144 ay - 72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025ci il tarixli, 2-1(102)-53/2025 saylı qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.” Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin pensiyasının artırılmasını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, həmin maddənin tətbiqi üçün iki əsas şərt nəzərdə tutulmuşdur: - şəxs işləyən əmək pensiyaçısı olmalıdır. - pensiya təyin olunandan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı toplanmalıdır. Bundan əlavə, bu maddəyə əsasən pensiyanın yenidən hesablanması üçün iki hal nəzərdə tutulur: ya şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməlidir, ya da pensiya təyin olunandan sonra 6 il və daha çox müddət işləməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı pensiya təyin olunduqdan sonra işləməyə davam etmiş, pensiya kapitalı toplanılmış və 6 ildən çox işləmişdir. Buna görə onun pensiyası 37.3.1-ci maddəyə uyğun yenidən hesablanmalıdır və 45-ci maddə tətbiq olunmamalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Bundan başqa kollegiya qeyd edir ki, 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilir ki, bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin sözügedən ikinci cümləsi Qanundan çıxarılmışdır. Həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 45-ci maddənin ikinci cümləsinin məzmunundan göründüyü kimi bu norma əmək pensiyasının təyin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı halda isə iddiaçıya 2010-cu ildən əmək pensiyası təyin edilmiş, daha sonra məhkəmə qərarı əsasında xx.xx.2024-cü il tarixli qərar qəbul edilərkən qanununun tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablamış, sonuncu dəfə xx.xx.2024-cü il tarixli qərarla isə 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək iddiaçının pensiyasını yenidən (ikinci dəfə) hesablamış, xx.xx.2024-cü il tarixli qərar ləğv edilmişdir. Kollegiya qeyd edir ki, həmin norma pensiyanın yenidən hesablanması deyil, təyin edilməsi qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki, 45-ci maddənin ləğv olunmuş ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Kollegiya qeyd edilən qənaəti həm də onunla əsaslandırır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddəsinin sözügedən ikinci cümləsinin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək (2010-cu ildə) həyata keçirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2-1(118)-2464/2025 nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsaın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar