Məhkəmə qərarları › İş №2-1(105)-594/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-594/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-594/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər hakimlər Əzizova Vəfa Ehtiram qızı və X5 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2687/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 1449 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1993-cü il tarixdən sonrak hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyənə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu müddətdə barəsində təqsirləndirici material və ya cinayət işi qeydə alınmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 1449 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixil 133 №-li əmrilə (əsas. §5, səh-27, sıra-2) xx.xx.1993-cu il tarixdən 3-cü taburun əsgəri vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına salınaraq, bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 258 №-li əmrilə (əsas: §2, səh- 19, sıra-71) sıravi İddiaçı 29.11 1993-cü il tarixdən 5 (beş) gün müddətinə qısamüddətli məzuniyyətə buraxılmışdır. N №-li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 248 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixədn xx.xx.1989-cu il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 34350/2-3653/24 saylı məktubunda qeyd edilmişdir ki, 1969-cu il təvəllüdlü İddiaçı aid Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində mövcud olan qeydiyyat kartasında, onun xx.xx.1993cü il tarixdə N nömrəli hərbi hissədə xidmətə başlaması barədə qeydlər vardır. Hərbi xidmət keçməsi və tərxis olunması barədə baş idarədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3511 saylı məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 133 №-li əmrində (əsas: §-5, səh-27, sıra-2) Qubadlı RHK-dan göndərilmiş, xx.xx.1993-cü il tarixdən 3cü taborun əsgəri vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına salınmış, bütün növ müavinatlarla təmin olunmuş və əsgəri xidməti vəzifəsinin icrasına başlamış hərbi qulluqçuların siyahısında İddiaçı adı yazılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 258 №-li əmrində (əsas: §-2, səh-19, sıra-71) hərbi xidmətdə olan əsgər İddiaçı 5 (beş) gün qısamüddətli məzuniyyətə buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993xx.xx.1993-cü il, yanvar- dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-cı il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1993-cü ildən N-cü ilin yanvar ayına kimi N nömrəli hərbi hissənin 3-cü batalyonun 3-cü taborunun tərkibində xidmət keçmişdir. Lakin 19 yanvar N-cü il tarixdə erməni quldur dəstələrinə qarşı gedən şiddətli döyüşlər zamanı “sol bazunun yumşaq toxumalarından dəlib-keçən güllə yarası” alaraq müalicə almaq üçün Migəcevir Hərbi Hospitalına göndərilmişdir, sonra isə burdan Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Klinik Xəstəxanasın təxliyə edilmişdir. Orada müalicə aldıqdan sonra 1 ay müddətinə məzuniyyət verilərək Sumqayıt şəhər Hərbi Komissarlığına göndərilmişdir və sonra da N-cü ilin mart ayında tərxis edilmişdir. Bununla əlaqədar ona “veteran adının və veteran vəsiqəsinin” verilməsi ilə əlaqədar Müdafiə Nazirliyin müvafiq komissiyasına yazılı müraciət etmişdir, oradan onun müraciətinə imtina cavabı verilmiş və bildirilmişdir ki, məhkəməyə müraciət etmək məqsədə müvafiqdir. Bu səbəbdən də öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi müraciətinin cavabında göstərir ki, xx.xx.1993-cü il tarixdən sonra hərbi xidmətini əmrlərlə tam təsdiqlənmədiyinə görə Müharibə Veteranı adının verilməsindən imtina olunur. 1993-cü ildə əmrlərlə xidməti təsdiqlənmirsə xx.xx.1993-cü il tarixdən 3-cü taborun əsgəri vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir. 1993-cü ilin aprel-may aylarında başlanan şiddətli döyüşlərdə iştirak etmişdir. Eyni zamanda N-cü il 19 yanvarda yaralanaraq Hərbi Hospitalda müalicə almışdır və bunu sübut edən Hərbi Hospitalın verdiyi arayış var bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 1449 nömrəli arxiv arayışına əsasən iddiaçının xx.xx.1993-cü il tarixdən sonrak hərbi xidməti əmrlərlə təsdiq edilmir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2687/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə bu barədə məlumat olmadığından iddia təmin edilə və sübuta yetirilmiş sayıla bilməz. İşin sadalanan halları ilə iddiaçının N saylı hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən tərxis olunması barədə heç bir sübut, yəni nə bu faktı təsdiq edən hərbi bilet, nə də bununla bağlı müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil. Döyüş əməliyyatlarında iştirak etməsi faktı isə özlüyündə iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Çünki baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. İş materialları və məhkəmə araşdırması əsasında iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Belə ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 258 №-li əmri ilə İddiaçı 5 (beş) gün qısamüddətli məzuniyyətə buraxılmış, sonrakı dövrlərə aid nizami hissə əmrlərdə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında barəsində heç bir məlumat qeyd edilməmişdir. Bu isə cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardan narazıdır, onu əsassız və ədalətsiz hesab edir. 1993-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış və 1993-cü ildən N-cü ilin yanvar ayına kimi N nömrəli hərbi hissənin 3-cü Batalyonun 3-cü taborunun tərkibində xidmət keçmiş və maaş almışdır. Lakin 19 yanvar N-cü il tarixdə erməni quldur dəstələrinə qarşı gedən şiddətli döyüşlər zamanı qolundan “dəlib keçən güllə yarası” alaraq, müalicə almaq üçün Mingəçevir Hərbi Hospitalına göndərildi. Bir neçə gün müalicə olunduqdan sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Xəstəxanasına təxliyə edilmiş, orada müalicə olunduqdan sonra 1 ay müddətinə mart-aprel aylarında məzuniyyət verilirək Sumqayıt şəhər Hərbi Komissarlığına göndərildi və yaralanma barədə arayışı Komissarlığa təqdim etdi. Onu qeydiyyata aldılar və bildirdilər ki, “sən xidmətə yararsızsan get gözlə” əlavə malumat veriləcəkdir. Bir müddət keçdikdən sonra məlumatın verilmədiyini gördükdən sonra Sumqayıt Hərbi Komissarlığına getdi, oradan onu Qubadlı Hərbi Komissarlığına yönəltdilər. Oradanda təkrar Sumqayıt Komissarlığına göndərildi. O isə çaşqınlıq işində idi və bilmirdi nə etin. Lakin nəhayət ona bildirdilər ki, “sən qaçqın düşən” Qubadlı rayonundan hərbi xidmətə çağrılmış, buna görə də oradan Prezidentin Fərmanı əsasında may ayında tərxis edəcəklər və ona xəbər veriləcəkdir. Nə vaxt müraciət edəndə ona bu sözləri deyiblər. Qubadlı və Sumqayıt hərbi Komissarlığına gedib - gəlməkdən və bu hərəkətlərdən (və ya hərəkətsizliyindən) bezərək heç bir nəticə əldə edə bilmirdi. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etdi. Onun müraciətinə cavab məktubunda bildirdilər ki, barəsində heç bir təqsirləndiriçi material və ya cinayət işi qeydə alınmayıbdır. Buda onun fərari olmadığını təsdiqləyir. O hərbi xidmətə çağırılan zaman N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə motoatıcı batalyonunun 3-cü taborun tərkibinə siravi əsgər vəzifəsinə qəbul olunmuş və şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmiş və maaş almışdır. Bunlar Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin verdiyi arayışda təsdiqləyir və yaralanma barədə arayışın olmasıda, iddianın təmin edilməsinə hüquqi əsasların olmasını zəruri edir. Bunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarıda təsdiqləyir. Belə ki, 1988-ci ilin fevralın 1-dən N- cü ilin mayının 12-dək erməni millətçilərinə qarşı döyüşlərdə iştirak etmişdir. Hərbiçilərə “Müharibə veteranı" adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədədə öz əksini tapmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ...... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçı iddia tələbinin əsası kimi 1993-N-cü illərdə hərbi xidmət olması, döyüş əməliyyatlarında iştirak etməsi, döyüş əməliyyatlarında iştirak zamanı 19 yanvar N-cü il tarixdə yaralanması, bunun əlaqədar olaraq müalicə alması, məzuniyyətdə olması kimi hallarla əsaslandırmışdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının N nömrəli hərbi hissədə xx.xx.1993-cü il tarixdən sonra hərbi xidməti əmrlə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N saylı həribi hissənin tərkibində xidmət etmiş, xx.xx.1993-cü il tarixli əmr əsasında beş günlük qısamüddətli məzuniyyətə buraxılmış, həmin tarixdən sonra iddiaçı barəsində hərbi hissə üzrə əmrlər və şəxsi heyətin əlifba qeydiyytaı kitablarında hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən ona məxsus hərbi bilet təqdim edilməmiş, buna səbəb kimi hərbi biletin itirilməsi halını qeyd etmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının müvafiq hərbi hissədə xidmətə başlaması barədə məlumat olsa da, onun hərbi xidmətdən təxris olunması barədə heç bir məlumat aşkar olunmamışdır. İndiki halda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, habelə xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması halı iş materialları əsasında təsdiq olunmaqla, işin mübahisəsiz halı kimi çıxış edir. Kollegiya qeyd edir ki, iddianının əsaslılığının müəyyən edilməsi üçün zəruri olan digər şərt məhz iddiaçının qanuni əsaslarla hərbi xidmətdən təxris olunub-olunmaması halının müəyyən edilməsi ilə bağlı olan halıdır. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamnaı iddiaçının hərbi xidmətdən qanuni əsaslarla təxris olunması halı müəyyən edilməmiş, iş materialları əsasında həmin hal öz təsdiqini tapmamışdır (hərbi bilet, arxiv məlumatları mövcud olmamışdır). İddiaçı tərəfindən də həmin hala dair hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi indiki halda isə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olsa da, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla təxris olunması halı müəyyən edimədiyindən, iddiaçının tələbi müharibə veteran statusunun verilməsinə dair qanunvericilik normasının dispoztiv şərtləri ilə uzlaşmamışdır. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının iddia tələbinin əsası kimi döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqadar olaraq yaralanması halı ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən müharibə veteranı adının verilməsi üçün zəruri olan şərtlər şəxsin döyüş əməliyyatlarında iştirak etməsi, iştirakla bağlı yaralanması ilə yanaşı, qanuni əsaslarla hərbi xidmətdən təxris olunması halını müəyyən edilməsindən ibarət olduğundan, indiki halda isə iddiaçının hərbi ximdətdən qanuni əsaslarla təxris olunması halı müəyyən eidlmədiyindən, iddiaçı iddia tələbinin əsası kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Başqa sözlə desək, həmin hal (döyüş əməliyyatlarında iştirakla bağlı yaralanması) özlüyündə iddianının əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbinə dair “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş normanın dispozitiv şərtləri mövcud olmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina və etirazının dəlilləri əsaslı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqla, işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunduğundan, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2687/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar