Məhkəmə qərarları › İş №2-1(105)-595/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-595/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-595/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X7, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı Torpaq Müsabiqə və Hərrac Komissiyası) qarşı “05.05.2016-cı il tarixli, 361 nömrə ilə AN-İ ******* saylı hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-912/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı torpaq müsabiqə və hərrac komissiyası) qarşı iddia qaldıraraq “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasının 05.05.2016-cı il tarixli, 361 nömrə ilə qeydə alınmış hərracın nəticələrinin, Abşeron rayonu Novxanı bələdiyyəsi ilə X13 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,01311 ha ərazidə yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmış, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.04.2014cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Sonradan o, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini (0.08 ha) 05.01.2015-ci il tarixdə öz adına özəlləşdirmiş, onun adına torpaq sahəsi və fərdi yaşayış evinə vahid əmlak kimi 05.01.2015-ci il tarixli çıxarış verilmişdir. Abşeron rayonu Novxanı kəndində ona məxsus torpaq sahəsinə bitişik 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə 14.10.2014- cü il tarixdən etibarən Abşeron rayon Novxanı Bələdiyyəsinə (bundan sonra - Bələdiyyə) məxsus olmuşdur. Bələdiyyənin 12 fevral 2016-cı il tarixli, 02 saylı iclasının qərarı ilə 0.12 ha torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi qərara alınmış və 05 may 2016-cı il tarixdə 15:00-dan 18:00-dək 1200 kv.m torpaq sahəsi müsabiqəyə çıxarılmış, Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilən AM seriyalı, 000873 saylı şəhadətnaməyə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə X4 5 saylı torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən keçirilmiş 05.05. 2016-cı il tarixli torpaq müsabiqəsinin qalibi olmuş, 10 may 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə ilə bələdiyyə öz mülkiyyətində olan Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini X1. Həmin torpaq sahəsi X8 adına 24.05.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.02.2021- ci il tarixli, 2(102)-461/2021 saylı qərarının aid olduğu mülki işə baxılarkən həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik sahə olub, mişar daşından olan vahid köhnə hasar daxilində yerləşməklə, iddiaçıya qədər bir sıra şəxslərin istifadəsində olmuşdur. Bu o deməkdir ki, fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılmış olsa da, evin tikilməsi zamanı hasar çəkilərkən 0.12 ha torpaq sahəsi zəbt edilmiş, ümumilikdə 0.20 ha torpaq hasara alınmışdır. Həmin sahə iddiaçıya qədər bir sıra şəxslərin (müvafiq olaraq X15, X14, X11 və “M.E.S.” firmasının) istifadəsində olmuş, sonradan isə fərdi yaşayış evi ilə birlikdə faktiki olaraq iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Göründüyü kimi, mübahisəli 0.12 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununun 16.3cü maddəsinin tələblərinə müvafıq olaraq yuxarıda qeyd edilən əsaslarla iddiaçının mülkiyyətinə verilməli olduğu halda, bələdiyyə bunu qərəzli olaraq etməmiş, sonradan isə formal hərrac vasitəsi ilə həmin torpağı Təranə Əfəndiyevaya satmışdır. İşdən görünür ki, Bakı şəhəri, Abşeron rayonunda yerləşən 0.12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, bələdiyyə həmin torpağın maksimum 0.05 ha hissəsini X8 mülkiyyətinə verə bilərdi. Halbuki indiki halda bələdiyyə həmin normanın iki mislindən çox torpaq sahəsi barədə sərəncam vermişdir. Cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinin iddiaya qarşı yazılı münasibətində qeyd etmişdir ki, İddiaçı Novxanı bələdiyyəsinə qarşı qaldırdığı iddia tam əsassızdır. Ona görə ki, Ağayev X3 5 ildən artıq daimi qeydiyyatda olmadığı və daimi yaşamadığı üçün iddia etdiyi 0,12 ha torpaq sahəsi onun özünə bilavasitə satıla bilməzdi. Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qanuna müvafiq olaraq hərrac müsabiqə vasitəsilə satmışdır. Hərrac müsabiqənin qalibi olan X5 İbrahim Ağabala oğlu ilə iş birliyində olduğu üçün İddiaçı vasitəçiliyi ilə hərrac müsabiqədə iştirak etmişdir. Həmçinin hərrac müsabiqədə alternativ olaraq İddiaçı yaxın qohumuda iştirak etmişdir. Həmçinin bir necə ildən sonra X2 torpaq sahəsinə İddiaçı (aralarında olan münaqişə səbəbindən) iddia qaldırmışdır. Bütün bunlara əsasən Novxanı bələdiyyəsi ilə hərracın qalibi olan X13 arasında Sumqayıt "Asan xidmət” mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi tam qanuna uyğundur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi iddiaya qarşı yazılı münasibətində qeyd etmişdir ki, Abşeron rayonu Novxanı bələdiyyəsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14.10.2014-cü il tarixli 30801/2011383 nömrəli çıxarış almış və sözügedən torpaq sahəsinin müsabiqəyə çıxarılması məqsədilə 12.02.2016-cı il il tarixli 02 saylı qərar qəbul etmişdir. Novxanı bələdiyyəsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə müsabiqəyə çıxarılması üçün 16.02.2016-cı il tarixli 36 saylı məktubla 5 saylı torpaq müsabiqə və hərrac komissiyasına müraciət etmişdir. Sənədlər Komissiya tərəfindən Hərracların Təşkili üzrə Auksion Mərkəzinə göndərilmiş və torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə 05.05.2016-cı il tarixində keçirilmiş müsabiqə barədə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət" qəzetinin 02.04.2016-cı il tarixli №12 (964) sayında məlumat dərc olunmuş, həmçinin emdk.gov.az saytında yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 04.04.2016-cı il tarixdən 05.05.2016-cı il tarixədək müəyyən olunmuşdur. Müsabiqədə iştirak etmək üçün X13 və X18 22.04.2016-cı il tarixli ərizə ilə komissiyaya müraciət etmişlər. 5 saylı torpaq müsabiqə və hərrac komissiyası 05.05.2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarına müvafiq olaraq müsabiqənin keçirilməsini təmin etmişdir. Müsabiqədə ən yüksək qiyməti (4520 manat) təklif etmiş X13 müsabiqənin qalibi olmuş və Komissiya tərəfindən ona AM 000873 nömrəli şəhadətnamə verilmişdir. Beləliklə, Novxanı bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin müsabiqəyə çıxarılması məqsədilə elanın verilməsi və müsabiqənin keçirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Üçüncü şəxs X8 iddaya yazılı münasibətində qeyd etlmişdir ki, məhkəmə qərarlarından göründüyü kimi Nümayəndə iddia etdiyi nəinki 0,12 ha torpaq sahəsi, hətta fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsi də hal-hazırda onun mülkiyyətindədir. Belə olan halda başqasının mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsinə bitişik bir ərazidə yerləşən, başqasının mülkiyyətində olan 0,12 ha ölçüdə olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ləğvi barədə iddia tələbi heç bir qanuna və məntiqə uyğun olmayan ağlasığmayan bir tələbdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-912/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva) Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt inzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçıya yardım olaraq mübahisəli torpaq sahəsi ilə bağlı hüquq və nəticələr yarada biləcək inzibati aktın cavabdeh bələdiyyənin həmin torpaq sahəsinin hərraca çıxarılmasına dair qərarı olduğu və həmin qərarı məhkəmədə mübahisələndirmək imkanına malik olduğu izah edilmiş, lakin iddiaçı tərəf iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə hesab etmişdir ki, hərracın nəticələrinə dair alqı-satqı müqaviləsi birbaşa hüquqi nəticə yaradan və vəzifələr müəyyən edən akt olmamaqla inzibati akt deyildir. Halbuki baxılan iş üzrə ilkin iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş Abşeron rayonu Novxanı Bələdiyyəsi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzibati orqanlardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş X6 31 və 31.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İV hissəsinə müvafiq olaraq isə Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar kateqoriyasına aid edilmişdir. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi torpaq müsabiqəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə öz qərardadında onu da göstərmişdir ki, qanunvericilikdə tərəflərin statusundan asılı olmayaraq alqı-satqı müqavilələri ilə bağlı mübahisələrə inzibati icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Bununla bağlı qeyd etmişdir ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. Bundan başqa məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bununla bağlı qeyd etmişdir ki, İddiaçı sözügedən iddia tələbi ilə bağlı ilkin olaraq 2017-ci il tarixdə Abşeron rayon Məhkəməsində iddia qaldırmış, həmin iddianın predmeti hazırkı iddia tələbinin predmeti ilə eyni olmuşdur. Abşeron rayonunda yerləşən 0,12 ha torpaq sahəsi bələdiyyə tərəfindən hərraca çıxarılarkən həmin torpaq sahəsinə bitişik 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olduğu halda məhkəmənin İddiaçı hüquq sahibi olmadığını əsas gətirmək və bu səbəbdən iddianı mümkün hesab etməməsi tamamilə əsassızdır. Məhkəmə Təranə Əfəndiyevanın 0,08 ha torpaq sahəsinə olan mülkiyyət hüquqların 31.05.2019-cu il tarixdə qeydiyyata alındığını və İddiaçı tərəfindən isə hazırkı iddianın 2017-ci il tarixdə qaldırıldığını, İddiaçı vahid hasar daxilində və onun faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz olaraq satılmasını mübahisələndirmək hüququnun olduğunu nəzərə almamışdır. Abşeron rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə araşdırması 2021-ci ilin fevral ayında bitmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01.02.2021-ci il tarixli, 2(102)-461/2021 saylı qərarı ilə İddiaçı iddia tələbi üzrə icraata xitam verilmiş, tələbə inzibati icraat qaydasında baxılmalı olduğu qeyd edilmişdir. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsində hazırki iddia tələbi ilə bağlı ərizə verilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı Torpaq Müsabiqə və Hərrac Komissiyası) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). İş materiallarında olan DƏDRX tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə 14.10.2014-cü il tarixdən etibarən Abşeron rayon Novxanı Bələdiyyəsinə məxsusdur. İş materiallarında olan ƏMDK yanında Hərracların Təşkili üzrə Abşeron rayonu X9 Mərkəzi tərəfindən verilən AM seriyalı, 000873 saylı şəhadətnamədən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə T.Ə.Əfəndiyeva Mərkəzin 5 saylı torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş 05.05.2016-cı il tarixli torpaq müsabiqəsinin qalibidir. İş materiallarında olan 10 may 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Novxanı Bələdiyyəsi öz mülkiyyətində olan Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini T.Ə.Əfəndiyevaya satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi X8 adına 24.05.2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 682 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Beləliklə, hazırki işin hallarından görünür ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Hərracların təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasının 05.05.2016-cı il tarixli, 361 nömrə ilə qeydə alınmış hərracın nəticələrinin, Abşeron rayonu, Novxanı bələdiyyəsi ilə X13 arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzində bağlanmış 10.05.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmaması, eyni zamanda tərəflər arasında yaranmış mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasına istinad edərək iddianı mümkün saymamışdır. Kollegiya aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, işdə olan məhkəmə qərarlarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012-610/2018 saylı, 09 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X13, Abşeron rayonu, Novxanı Bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi və həmin Mərkəzin 5 saylı torpaq müsabiqə və hərrac Komissiyasına qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçı X8 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-294/2020 saylı 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 2(012-610/2018 saylı, 09 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-461/2021 saylı, 01.02.2021-ci il tarixli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-294/2020 saylı 20 iyul 2020-ci il tarixli qətnaməsi qismən-ilkin iddiaya aid hissədə ləğv edilməsi və iş üzrə icraata həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə xitam verilmiş, qətnamənin qalan-qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq müsabiqəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi qanunvericilik bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının bir qayda olaraq açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi qaydasını müəyyənləşdirir. Qeyd olunana Qanuna və həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi” Qaydaları təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. Qaydalara müvafiq olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzi alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır, müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir, müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. Lakin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın(müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. Eyni zamanda iddiaçının etibarsızlığını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair yerli özünü idarəetmə orqanı ilə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair müsabiqənin hüquqi nəticəsi olaraq bağlandığı üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti olmuş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətdiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilməlidir ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsində qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur. “İnzibati icraat haqqında” Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməs, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanlarin fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbində qaldırılan məsələ inzibati mübahisədir və həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsində əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmçinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 10.1ci bəndində qeyd edilir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Hazırkı işdən görünür ki, iddiaçı hərracın nəticəsində bağlanmış alqı-satqı müqaviləsi ilə yanaşı, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini tələb etmişdir. Halbuki, qeyd edilən tələb müstəqil iddiadır, bu tələbə dair çıxarışı verən inzibati orqanla iddiaçı arasında hər hansı inzibati mübahisə yaranmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, çıxarışın ləğvinə dair tələbin həlli birinci tələbdən asılıdır. Belə ki, hərracın nəticələrinin ləğvinə dair qaldırılmış tələb təmin edildiyi təqdirdə, iddiaçı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etməli, müraciət müsbət həll edilmədiyi təqdirdə cavabdehin hərəkəti inzibati qaydada mübahisələndirilə bilər. Odur ki, işə mahiyyəti üzrə baxılarkən hakim lk növbədə AR İPM-in 13-cü maddəsinin tələbinə əsasən, iddiaçıya çıxarışın ləğvinə dair hissədə iddia tələblərini dəqiqləşdirməyi təklif etməli, daha sonra bu hissədə iddianın mümkünlüyünə dair məsələni müzakirə etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-912/2021 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar