Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-595/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2025-cü il tarixli, 2-1(118)- 2593/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “iddiaçıya 26 may 2018-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçıya 60 yaşı tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müraciət edilsə də, cavabdeh orqan tərəfindən imtina edilmişdir. İmtina qanunsuzdur. Çünki, iddiaçıya 60 yaşı tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi Peşələr” bölməsində elektrik qaynaqçıları, qaz qaynaqçıları, əl ilə işləyən elektrik qaynaqçıları nəzərdə tutulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli arayışında 1 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı dövr ərzində hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən həmin dövr güzəştli iş stajı kimi götürülə bilməz. Həmçinin, “X4”nin iddiaçıya dair 23 iyul 2024-cü il tarixli, BSC-X-24-0606/001 nömrəli arayışında adıçəkilən müəssisədə 18 fevral 2011-ci il - 7 avqust 2012-ci il və 17 iyul 2020-ci il - 24 aprel 2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı və elektrik qaynaqçısı vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il - 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il - 25 avqust 1986-cı il, 22 dekabr 1987-ci il - 1 aprel 1991-ci il tarixləri arasındakı dövrlər) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “X4” QSC-nin 23 iyul 2024-cü il tarixli, 13SC-X-24-0606/001 nömrəli araşdırıcı arayışından görünür ki, İddiaçı 18 fevral 2011-ci il tarixdə “X4” QSC-nin (bundan əvvəl “X4” MMC-nin) Mexaniklər xidmətində qeyri-standart avadanlıq üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və 7 avqust 2012-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 30 yanvar 2020-ci il tarixdə yenidən əmək müqaviləsi bağlanaraq, təmir, tikinti və rekonstruksiya işləri şöbəsinə mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir, 17 iyul 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 24 aprel 2021-ci il tarixdə təkrar əmək müqaviləsi bağlanaraq, energetiklər xidmətinə poladəritmə sexinin avadanlıqlarının quraşdırılması və təmiri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin sexdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda “X4” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 29 iyul 2024-cü il tarixli, 745 nömrəli arayışından görünür ki, İddiaçı 1 sentyabr 1979-cu il tarixdə 49 nömrəli Sumqayıt Orta Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq, 21 iyul 1982-ci il tarixdə 49 nömrəli Sumqayıt Orta Texniki Peşə Məktəbinin (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) “Elektrik qaz qaynaqçısı” ixtisasını əyani bitirmişdir. "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli araşdırıcı arayışından görünür ki, İddiaçı 27 aprel 1982-ci il tarixdə istehsalat təcrübəsi dövründə Azərbaycan Boruyayma zavodunun Metallurgiya avadanlıqlarının təmiri sexində qaz qaynaqçıları sahəsinə qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 26 iyul 1982-ci il tarixdə daimi olaraq həmin peşəyə keçirilmiş və 28 sentyabr 1983-cü il tarixində işdən azad edilmişdir. İddiaçı 10 yanvar 1986-cı il tarixdə yenidən Metallurgiya avadanlıqlarının təmiri sexində qaz qaynaqçıları sahəsinə qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş və 25 avqust 1986-cı il tarixdə işdən azad edilmişdir. İddiaçı 22 dekabr 1987-ci il tarixdə yenidən Metallurgiya avadanlıqlarının təmiri sexində qaz qaynaqçıları sahəsinə qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 21 iyul 1988-ci il tarixdə Dəmiryolu sexində vaqonların təmiri sahəsinə elektrik qaz qaynaqçısı keçirilmiş, 1 aprel 1991-ci il tarixdə həmin sexdə vaqonların təmiri sahəsinə hərəkətdə olan tərkibin təmiri üzrə çilingər keçirilmiş və 27 dekabr 1993-cü il tarixdə işdən azad edilmişdir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən 1 iyul 1993-cü il tarixdə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı, 1 iyul 1998-ci il tarixli sərəncamı ilə 15 iyul 1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin va göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin va göstəricilərin 2 nömrəli Siyahısı”nın 33-cü ümumi peşələr bölməsinin “qaz qaynaqçıları” - (23200000-11620), 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” (23001000-18540) və eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın 35-ci Ümumi peşələr bölməsinin “qaz qaynaqçıları” 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 avqust 2024-cü il tarixli, 3-17-1/2-M-204603/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il - 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il - 25 avqust 1986-cı il və 22 dekabr 1987-ci il - 1 aprel 1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli arayışında 1 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı dövr ərzində hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Həmçinin, “X4”nin 23 iyul 2024-cü il tarixli, BSC-X-24-0606/001 nömrəli arayışında isə adıçəkilən müəssisədə l8 fevral 2011-ci il - 7 avqust 2012-ci il və 17 iyul 2020-ci il - 24 aprel 2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı və elektrik qaynaqçısı vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi müddətdə əl ilə qaynaq aparıb- aparmadığı barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il - 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il - 25 avqust 1986-cı il, 22 dekabr 1987-ci il - 1 aprel 1981-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “X4” QSC-nin 19 sentyabr 2024-cü il tarixli, 13SC-X-24-0806/001 nömrəli araşdırıcı arayışından görünür ki, İddiaçı 18 fevral 2011-ci il tarixdə “X4” QSC-nin (bundan əvvəl “X4” MMC-nin) Mexaniklər xidmətində qeyri-standart avadanlıq üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və 7 avqust 2012-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 30 yanvar 2020-ci il tarixdə yenidən əmək müqaviləsi bağlanaraq, təmir, tikinti və rekonstruksiya işləri şöbəsinə mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir, 17 iyul 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 24 aprel 2021-ci il tarixdə təkrar əmək müqaviləsi bağlanaraq, energetiklər xidmətinə poladəritmə sexinin avadanlıqlarının quraşdırılması və təmiri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin sexdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda “X4” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir. İddiaçı işlədiyi müddətdə əmək fəaliyyətini əl ilə qaynaq aparan elektrik qaynaqları aparatında icra etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2025-cü il tarixli, 2-1(118)-2593/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2025-cü il tarixli, 2-1(118)-2593/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).
"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):
21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər
35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh inzibati orqan xx.xx.1964-cü ildə anadan olmuş iddiaçıya münasibətdə onun 25 ildən artıq ümumi iş stajına malik olmasını qəbul edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən ünvanlanmış xidməti məktubda iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İş materiallarına əlavə olunmuş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 27 aprel 1982-ci il tarixində başlamaqla 60 yaşında ümumi iş stajı 25 ildən artıq təşkil edir. İşin mübahisəli halı cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının az olmasına istinad olunmasıdır. Belə ki, cavabdeh inzibati orqanın imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:
1. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli arayışında 1 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı dövr ərzində hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən həmin dövr güzəştli iş stajı kimi götürülə bilməz.
2. “X4”nin iddiaçıya dair 23 iyul 2024-cü il tarixli, BSC-X-24-0606/001 nömrəli arayışında adıçəkilən müəssisədə 18 fevral 2011-ci il - 7 avqust 2012-ci il və 17 iyul 2020-ci il - 24 aprel 2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı və elektrik qaynaqçısı vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Beləliklə, cavabdeh inzibati orqan hesab etmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il - 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il - 25 avqust 1986-cı il, 22 dekabr 1987-ci il - 1 aprel 1991-ci il tarixləri arasındakı dövrlər) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası inzibati orqanın dəlillərini əsassız hesab edərək yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, cavabdehin 1-ci dəlilinin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular verilərək aşağıdakı məlumatlar əldə olunmuşdur. "xxxx" ASC-nin 23 oktyabr 2024-cü il tarixli, AZB01/0160 nömrəli məktubundan görünür ki, "xxxx" ASC (keçmiş Azərbaycan Boruyayma Zavodu) Azərbaycan Respublikasında polad boru istehsalı üzrə aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Müəssisənin Dəmiryol sexindəki fəaliyyəti də dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla ağır və zərərli sahə sayılır. Belə ki, müəssisənin Dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas magistral dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. Bu sexdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına və təlimata uyğun olaraq, öz əmək funksiyalarını həyata keçirir. İddiaçı 1 aprel 1991-ci il tarixdən 27 dekabr 1993-cü il tarixədək müəssisənin Dəmir yolu sexində “vaqonların təmiri sahəsinə hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” peşəsində işləmişdir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. İddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Həmçinin nəzərə almaq lazımdır ki, təmirçi çilingər vəzifəsini yerinə yetirən şəxslər eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı sahədə çalışmasından asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda qeyd olunan məktubdan da göründüyü kimi iddiaçının 01 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı dövr ərzində çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Kollegiya cavabdeh inzibati orqanın 2-ci dəlilini də əsassız hesab etməklə aşağıdakıları qeyd edir: Belə ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən arayışda iddiaçının işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmaması barədə hər hansı məlumat mövcud deyil. Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası “X4”nin iddiaçıya dair 23 iyul 2024-cü il tarixli, BSC-X-24-0606/001 nömrəli arayışının mötəbərliyi ilə bağlı deyil, sadəcə iddiaçının işlədiyi dövrlərdə qaynağı hansı formada aparması ilə bağlı müvafiq arayışda qeydin olmaması ilə bağlıdır. “X4” QSC-nin 23 iyul 2024-cü il tarixli, arayışından görünür ki, iddiaçının işləmiş olduğu və hal-hazırdada əmək fəaliyyətini davam etdirdiyi peşələr (vəzifələr) hazırda “X4” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir. Bundan əlavə, “X4” QSC-nin 19 sentyabr 2024-cü il tarixli, araşdırıcı arayışından da görünür ki, iddiaçının işləmiş olduğu peşələr (vəzifələr) hazırda “X4” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir və iddiaçı işlədiyi müddətdə əmək fəaliyyətini əl ilə qaynaq aparan elektrik qaynaqları aparatında icra etmişdir. Həmçinin məhkəmə kollegiyası məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, elektrik qaynaqçısı peşəsində işləyənlərin əl ilə deyil, digər formada qaynaq aparması məhkəmə təcrübəsində rast gəlinmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının qaynağı əl ilə yox, digər texnologiyaların tətbiqi vasitəsi ilə qaynaq aparmasına şübhəsi olduğu təqdirdə, bunu sübut etmək onun vəzifəsidir. Lakin hazırkı işdə təqdim edilən sənədlərlə belə bir halın olması müəyyən edilmir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən 5 il 26 gün güzəştli iş stajı ilə 01 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı (2 il, 8 ay, 26 gün), 18 fevral 2011-ci il - 7 avqust 2012-ci il (1 il, 5 ay, 20 gün) və 17 iyul 2020-ci il - 24 aprel 2021ci il tarixləri (9 ay, 7 gün) arasındakı dövrlər toplandığı zaman iddiaçının güzəştli iş stajı 10 il, 19 gün təşkil edir. Əlavə olaraq “X4” QSC-nin 23 iyul 2024-cü il tarixli arayışından görünür ki, iddiaçı ilə 24 aprel 2021-ci il tarixdə təkrar əmək müqaviləsi bağlanaraq, energetiklər xidmətinə poladəritmə sexinin avadanlıqlarının quraşdırılması və təmiri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin sexdə əmək fəaliyyətini davam etdirir. Beləliklə də, kollegiya hesab edir ki, 24 aprel 2021-ci il tarixdən 23 iyul 2024-cü il tarixinədək (3 il, 2 ay, 29 gün) olan müddət də iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il, 6 aydan artıqdır. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göründüyü kimi iddiaçının çalışdığı müəssisələr tərəfindən güzəştli iş stajı barədə arayışlar təqdim edilmiş, həmin arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 24 iyul 2024-cü il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2025-cü il tarixli, 2-1(118)-2593/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.