Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-596/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1158/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınması və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********34 nömrəli məktubu ilə iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyi torpaq sahəsi Şabran RİHB-nın xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamı ilə ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Dövlət mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsi ilə müəyyən edilmişdir. Həmin torpaqların sırasında həyətyanı (ev tikintisi) məqsədilə ayrılması nəzərdə tutulan torpaqlar öz əksini tapmamışdır. “Torpaq islahatı haqqında” Qanuna əsasən torpaq sahələrinin ayrılması ilə nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1dən etibarən həyata keçirir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. Verilən cavab ilə razılaşmayan iddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi faktiki olaraq uzun müddət onun istifadəsində olmuş, lakin müvafiq olaraq bələdiyyə mülkiyyəti formalaşana qədər, yəni 2001-ci il yanvar ayının 1-nə qədər qeyd olunan torpaq sahəsinə dair sənədləşdirmə işi aparılmamışdır. Şabran rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamına əsasən istifadəsində olan torpaq sahəsinin qeydiyyatı aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün hər hansı əngəl yoxdur. Əgər belə boşluq varsa vətəndaşın xeyrinə həll edilməlidir. Qeyd edir ki, torpaq sahəsi qanuni istifadədədir və torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də dövlət mülkiyyətinə aiddir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məqsədilə onun mülkiyyətinə ayrılmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem təqdim edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1158/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Həmin qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun həyat yoldaşı gənc müəllim kimi Şabran rayonu Xəlfələr kəndinə işləməyə göndərilmişdir. Həmin vaxtdan onlar orada yaşayıb təsərrüfat aparırlar. Bu müddət ərzində onlar Şabran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamı ilə Ziyada Qasımovaya ayrılmış torpaq sahəsini pulla əldə etmişlər. Bundan sonra həmin torpaq sahəsi sərəncamla Z.Qasımovanın adından iddiaçının adına keçirilmişdir. İddiaçı zəruri sənədləri topayaraq mülkiyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş lakin ona imtina cavabı verilmişdir. Dəvəçi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamına əsasən Xəlfələr kəndində yaşamış, mərhum X4 məxsus olmuş, sonradan ləğv edilmiş təsərrüfata aid 0,2 ha həyətyanı torpaq sahəsi ehtiyacı nəzərə alınaraq iddiaçının adına keçirilmiş, adına keçirilmiş torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilmişdir. İddiaçı da həmin tarixdən həmin torpaq sahəsi və torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evindən qanuni qaydada istifadə edir. Həm həyətyanı torpaq sahəsi, həm də sərəncam əsasında həmin həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi onun qanuni sahibliyindədir. 0.2 ha həyətyanı torpaq sahəsində 200-ə yaxın meyvə ağacı əkmişdir. İllik torpaq vergisini ödəyir, eyni zamanda sərəncam əsasında həmin həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin də bütün kommunal xidmət haqları iddiaçının adınadır və o, komunal xidmət haqlarını da vaxtlı- vaxtında ödəyir. Hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozaraq işdə olan sübutları tam və hərtərəfli araşdırmamış və onlara müvafiq hüquqi qiymət vermədən iddianı təmin etməmişdir. Halbuki, məhkəmə Dəvəçi rayonu İHB-nin xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamına əsasən iddianı təmin etməli idi. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ona verilən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Lakin, Dəvəçi rayon İHBnin həmin sərəncamına əsasən ona verilmiş torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi ilkin olaraq X4 ayrılmışdır. xx.xx.2006-cı ildə Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mərhum Z.Qasımovaya ayrılmış 0.20 ha torpaq sahəsinin iddiaçının adına keçirilməsi qərara alımışdır. Halbuki, “Torpaq islahatı haqqında” Qanunun və Torpaq Məcəlləsinin müddəalarına əsasən 1999-cu ildə bələdiyyələr yaradıldıqdan sonra vətəndaşlara torpaq sahələrinin ayrılması bələdiyyələrin səlahiyyətinə verilmiş və artıq 2006-cı ildə yerli icra hakimiyyətinin belə bir səlahiyyəti olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsaslar sadalanmışdır. Lakin yerli icra hakimiyyəti orqanlarının sərəncamları həmin əsaslara daxil edilməmişdir. Məhkəmə kollegiyası yaranmış mübhisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisənin predmetini cavabdehin Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən 0,2 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 08 may 2006-cı il tarixli ərizə ilə Dəvəçi rayon İHB-nin Bilici İƏV-liyi üzrə nümayəndəliyinə müraciət edərək, həyat yoldaşı X10 təyinatla Xəlfələr kənd əsas məktəbinə dil-ədəbiyyat müəlliməsi vəzifəsinə göndərildiyindən və hal-hazırda həmin məktəbdə müəllimə işlədiyindən Xəlfələr kəndində daimi yaşamaq və işləmək üçün onlara həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həmin ərizəyə nümayəndəlik tərəfindən baxılmış və iddiaçıya bələdiyyənin ehtiyat fonduna aidiyyatı olmayan vaxtı ilə mərhumə X2 adına olmuş və sonradan ləğv edilmiş təsərrüfatın 0,20 ha həyətyanı torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar Dəvəçi rayon İHB-nin Bilici İƏV-liyi üzrə nümayəndəliyi tərəfindən 16 may 2006-cı il tarixində Dəvəçi rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılmış və həmin həyətyanı torpaq sahəsinin iddiaçıya verilməsinə dair sərəncam verilməsi xahiş edilmişdir. Bilici İƏV-liyi üzrə nümayəndəliyinin vəsatətinə baxılmış və Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 178 nömrəli sərəncamı ilə Xəlfələr kəndində yaşamış mərhum X4 məxsus olmuş, sonradan ləğv edilmiş təsərrüfata aid 0.2 ha həyətyanı torpaq sahəsinin ehtiyacı nəzərə alınaraq Xəlfələr kənd sakini İddiaçı adına keçirilməsi, İddiaçı adına keçirilmiş torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilməsi qərara alınmışdır. Bundan əlavə, işdən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2006-cı il tarixdə sadə yazılı formada akt imzalanmışdır. Həmin aktda qeyd edilir ki, mərhumə X21 tərəfindən mərhumə X4 bağışlanmış Xəlfələr kəndindəki yaşayış evi Ziyada Qasımovanın həyat yoldaşı Ağakərim Qasımov tərəfindən İddiaçı 1000 ABŞ dolları dəyərində satılmış və evin dəyəri A.Qasımova verilmişdir. Eyni zamanda, Ağakərim Qasımovun övladları X12, X8, X5, X6, Ağayeva Hicran Ağakərim qızı, X14, X7 tərəfindən imzalanmış 08 may 2006-cı il tarixli ərizələrdən görünür ki, onlar anaları X4 məxsus olan evin ataları X1 mülkiyyətinə keçirilməsinə və alqı-satqı edilməsinə etiraz etməmişlər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edlmiş, Xəlfələr və Yelkəsən kəndləri X25 1991-1995-ci illər üçün 5 nömrəli təsərrüfatbaşına kitabdan görünür ki, təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0,18 ha göstərilmiş, X3 təsərrüfat başçısı olmaqla, X11, X5, X12, Qasımova Hicran Ağakərim qızı, X18, X9 təsərrüfat üzvləri kimi qeyd edilmişdir. Xəlfələr kənd inzibati ərazi vahidi üzrə 1996-2000-ci illər üçün 6 nömrəli təsərrüfatbaşına kitabdan isə görünür ki, həmin illərdə təsərrüfat başçısı X11 olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci və 2.3-cü bəndlərində qeyd edilir ki, kənd və qəsəbə yaşayış məntəqələrində 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış müvafiq əmlaka hüququn əmələ gəldiyi anda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Beləliklə, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 128 saylı sərəncamına əsasən, iddiaçının adına keçirilməsi qərara alınan 0,2 ha həyətyanı torpaq sahəsi dövlət və bələdiyyə mülkiyyətində olmamış, həmin sahə təsərrüfat başçısı olaraq mərhum Ziyada Qasımovanın mülkiyyətində olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, o icarəsinə.......... dair qəbul edilmiş aktlar daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İddiaçı tələbinin əsası olaraq belə akt kimi Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 178 nömrəli sərəncamına istinad etmiş, həmçinin, qeyd etmişdir ki, sərəncama əsasən ona verilmiş torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olmuşdur. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlili ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən torpaq sahəsinin statusunu düzgün müəyyən etməyərək bələdiyyə mülkiyyəti hesab etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsi nə bələdiyyə və nə də dövlət mülkiyyəti olmamışdır. Belə ki, Dəvəçi rayon İcra Hakimiyyəti tərəfindən sərəncamı qəbul edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya), tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; Qeyd olunan hüquq normalarının tələblərinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Belə ki, həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “fərdi mənzil tikintisi barədə” adlandırılmaqla, sərəncamda torpaq sahəsinin Xəlfələr kəndində yaşamış mərhum X4 məxsus olduğu, başqa sözlə xüsusi mülkiyyətdə olduğu qeyd olunmuşdur. Mübahisələndirilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28-ci maddəsində kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri təsbit edilmişdir. Belə ki, həmin maddədə icra hakimiyyəti başçısının torpaqdan istifadə ilə bağlı səlahiyyətlərində müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək səlahiyyəti nəzərdə tutulmşdur “İnzibati İcraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi sərəncam səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qismən əsaslı olsa da, iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1158/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-596/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-596/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver