Məhkəmə qərarları › İş №2-1(105)-596/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-596/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-596/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləğindən tutulmaların geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7- 13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2572/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyanızın hesablanmasının düzgün olmadığı müəyyən edilib. Sizə 18 sentyabr 2018-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Tərəfimizdən pensiya işinizə dair sənədlərinizin araşdırılması zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyində işə başlamağınız və hazırda çalışdığınız müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 37.3.4-cü maddəsinə əsasən 20.1.1-20.1,21-ci maddələridə nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.1-ci, 20.1.14cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə 20.1.4-cü maddəsində göstər şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxs həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər də maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1,16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Lakin sizə hal-hazırda əmək pensiyası tam məbləğdə ödənilir. Eyni zamanda bildiririk ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 sentyabr 2018-ci il tarixli, MN-11210 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun qaydada sizə 18 sentyabr 2018-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 35 il 9 ay 12 gün xidmət müddətinə görə müvafiq təminat xərcliyinizi 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir (sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 5008,44 manata artırılaraq sizə ödənilib). Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək halla yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürər əmək pensiyaçısını işə qəbul edərkən Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Tərəfimizdən aparılan araşdırma zamanı sizin Müdafiə Nazirliyində yenidən xidmətə cəlb edildiyiniz müəyyən olunub. Bununla əlaqədar olaraq, sizə dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2021-xx.xx.2023-cü i tarixləri arasındakı dövr ərzində yenidən xidmətə cəlb olunduğunuz qeyd edilib. Bununla əlaqədar, cari ilin avqust ayında əmək pensiyanız yenidən hesablanaraq təminat xərcliyinizin (3969,60 manat) 100 faizi- 3969,60 manat məbləğində müəyyən edilib. Eyni zamanda, 4 dekabr 2021-ci il tarixindən yenidən hesablanıb. Qeyd olunanlara əsasən, sizə ümumilikdə 76560,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 76560,73 manat vəsaitdən cari ilin iyun və iyul ayları üzrə sizə ümumumilikdə ödənilməli olan 4925,78 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 71634,95 manat vəsait cari ilin sentyabr ayından etibarən əmək pensiyanızdan hər ay 10 faiz miqdarında tutularaq büdcəyə bərpa edilir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11410/2023 saylı qərarın məzmunundan görünür ki, hazırki pensiyanın məbləği 5008,44 manat, xidmətə qayıtması ilə əlaqədar əmək pensiyası yenidən hesablanması aparılmış,yenidən hesablanmış pensiya məbləği 275,25 manat, təyin olunma tarixi xx.xx.2023-cü il kimi qeyd edilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 11 avqust 2023-cü il tarixli 3-17-1/3- 7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarların məzmunundan görünür ki, hər iki qərar eyniməzmunlu olmaqla, məzmununda hazırki pensiya məbləği 275,25 manat, ehtiyata buraxılması ilə əlaqədar olaraq əmək pensiyası yenidən hesablanması aparılmış, yendən hesablanmış məbləğ xx.xx.2023-cü il tarixdən 3969,60 manat kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “2023-cü ilin iyun ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi və cavabdeh inzibati orqanın hər ay 10 faiz pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi və bu müddət ərzində tutduğu pensiyanın geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17- 1/3-7- 13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1970-cı il təvəllüdlü olmaqla, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Orta məktəbi bitirdikdən sonra, xx.xx.1988-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, hərbi xidmət dövründə, yəni 1991-ci ildə Lomonosov adına Hərbi Texniklər məktəbini bitirmişdir. Sonrakı müddətdə müstəqil Azərbaycan Respublikasının ordusunda hərbi xidmətini davam etdirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2012-ci il tarixli 058rt saylı əmri ilə ona “polkovnik-leytenant” rütbəsi verilmişdir. Eləcə də, hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, “Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı ilə təltif olunmuşdur. Sonda isə xx.xx.2018-ci ildə yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra ona hərbi xidməti ilə bağlı pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və erməni işğalçılarının ərazilərimizdən təmizlənməsi ilə əlaqədar o, yenidən hərbi xidmətə çağırılmış, ərazilərimizin işğaldan azad edilməsində onun də əməyi olmuşdur. Azərbaycan Respublikası müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə mənə “polkovnik” hərbi rütbəsi verilmişdir. Sonda isə 21 06.2023-cü ildə hərbi xidmətimin başa çatması ilə əlaqədar hərbi xidmətini uğurla başa çatdırmışdır. Cavabdeh inzibati orqan ona xx.xx.2023-cü il tarixli məktub göndərərək, əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi filiala dəvətnamə göndərmişdir. O, cavabdehin hərəkətlərinin qanunsuz olması, eləcə də iddia tələbində qaldırılan tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Bundan sonrakı müddətdə isə xx.xx.2023-cü il tarixli məktubla ona cavab verilərək bildirilmişdir ki, “Azərbaycan Respublikası müdafiə nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli MN-11210 saylı məlumat vərəqinə əsasən Əmək pensiyaları haqqında Qanunun 20.14.1 və 20.15-ci maddələrinə uyğun olaraq sizə xx.xx.2018-ci ildən Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial tərəfindən 35 il 9 ay 12 gün xidmət müddətinə görə müvafiq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib (sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 5008,44 manata artırılaraq sizə ödənilib). Qanunun 38.1-ci maddəsinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Aparılan araşdırma zamanı sizin Müdafiə nazirliyində yenidən xidmətə cəlb edildiyiniz müəyyən olunub. Bununla əlaqədar olaraq sizə dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarxiləri arasındakı dövr ərzində yenidən xidmətə cəlb olunduğunuz qeyd edilib. Bununla əlaqədar cari ilin avqust ayında əmək pensiyanız yenodən hesablanaraq təmiant xərcliyinin 3969.60 manat 100 faizi (3969,60 manat) məbləğində müəyyən olunub. Eyni zamanda, xx.xx.2021-ci ildə yenidən hesablanıb. Qeyd olunanlara əsasən, sizə ümumilikdə 76560,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 76560, 73 manat vəsaitdən cair ilin iyun və iyul ayları üzrə sizə ümumilikdə ödənilməli olan 4925,78 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 71634,95 manat vəsaiti cari ilin sentyabr ayından etibarən əmk pensiyanızdan hər ay 10 faiz miqdarında tutularaq büdcəyə bərpa edilir.” Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 sentyabr 2018-ci il tarixli MN-11210 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci və 20.15- ci maddələrinə uyğun qaydada iddiaçıya 18 sentyabr 2018-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 35 il 9 ay 12 gün xidmət müddətinə görə təminat xərci iyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 5008,44 manata artırılaraq ona ödənilib. İddiaçıya dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2021-21,06.2023-cü ıl tarixləri arasındakı dövr ərzində iddiaçının yenidən xidmətə cəlb olunduğu qeyd edilib. Bununla əlaqədar, car ilin avqust ayında iddiaçının əmək pensiyası yenidən hesablanaraq təminat xərcliyinin (3969,60 manat) 100 faizi-3969,60 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya ümumilikdə 76560,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 76560,73 manat vəsaitdən cari ilin iyun və iyul ayları üzrə iddiaçıya ümumumilikdə ödənilməli olan 4925,78 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 71634,95 manat vəsait cari ilin sentyabr ayından etibarən iddiaçının əmək pensiyasından hər ay 10 faiz miqdarında tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “inzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçıya xx.xx.2023- cü il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərarlar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2572/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarların ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiyasından tutulmuş məbləğlərin ona geri qaytarılması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1970-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 18 sentyabr 2018-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7- 1/3-7-16391/2023 saylı qərarlarla iddiaçıya təyin edilmiş 5008 manat 44 qəpik pensiya məbləği azaldılaraq, ona 275 manat 25 qəpik pensiya təyin edilmişdir. İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçının müraciətinin təmin edilməsindən imtinada haqsız olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7- 1/3-7-16391/2023 saylı qərarlar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati aktlar olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7- 13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3- 7-1/3-7-16391/2023 saylı qərarlar ləğv edilməli, əvvəlki pensiya məbləği bərpa edilməli və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəflərindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin .ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. “İnzibati Prosessual Məcəllə”nin (bundan sonra - İPM) 70.1 -ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir, inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının əmək pensiyası düzgün hesablanmadığından, inzibati orqanın mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Məhkəmənin iddianı təmin etməsi qeyd “qanunçuluq” prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Qeyd olunanlara əsasən iddiaçıya təyin edilmiş əmək pensiyasının qanunvericiliyə uyğun olaraq yenidən hesablanması zamanı tərəfimizdən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan, əsassız və qanunsuz qərar qəbul edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayəti təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2572/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: ........37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respiblikası Qanunun : Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia rədd olunmalıdır. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarların ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin ona geri qaytarılmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya hərbi qulluqçu kimi 18 sentyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyası təyin edildikdən sonra iddiaçının yendiən işə başlaması (hərbi qulluqçu kimi) və hazırda çaılşaması halı müəyyən edilmiş, Qanunun müvafiq normalarına əsasən bu halda əmək pensiyası və ona əlavələrin ödənilməsi dayandırılır, iddiaçıya isə əmək pensiyası tam məbləğdə ödənilir, bununla əlaqədar olaraq əmək pensiyası yenidən hesablanmış, yalnız sığorta hissəsi ödənilməli olduğundan,xx.xx.2023-cü il tarixdən yenidən hərbi xidmətdən ehtiyata buraxıldığından,əmək pensiyası 2023-cü ilin avqust ayından yenidən hesablanmış, pensiya məbləği 3969,60 manat kimi müəyyən edilmiş, 76560,73 manat artıq ödəmə aşkar edilmiş,bu səbəbdən əmək pensiya məbləğindən tutulmalar aparılmaqla, büdcəyə bərpa edilir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 18 sentyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 5008,44 manat təşkil etmişdir. İddiaçı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə yenidən hərbi xidmət üzrə işə başlamış, xx.xx.2023-cü il tarixdən hərbi xidmətdən yenidən ehtiyata buraxılmışdır. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma nəticəsində,iddiaçının hərbi xidmət üzrə yenidən işə başlaması və hazırda işləməsi halı müəyyən edilmiş, bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya məlumat verilərək, inzibati icraatın təzələnməsi və aparılmasının zəruriliyi barədə məlumat verilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməklə, iddiaçıya ödənilməli olan pensiya məbləğinin 275,25 manat olması (yalnız sığorta hissəsində) barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh inzibati orqan 2023-cü ilin avqust ayında iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat əldə etdiyindən, əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edərək, pensiya məbləğinin 3969,60 manat olmasını qeyd etmiş, 2023-cü ilin noyabr ayında isə eyni məzmunlu qərar qəbul edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı onun barəsində əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərarların ləğv edilməsi, əvvəlki əmək pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin ona geri qaytarılmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən hərbi qulluqçular sadalanan vəzifədə çalışdıqda, ona qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən əmək pensiyaçısı və işəgötürən bu barədə pensiya təyin edən orqana məlumat verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçının hərbi xidmət üzrə yenidən həmin vəzifədə işləməyə başladığı xx.xx.2021-xx.xx.2023cü illərdə ona yalnız əmək pensiyasının sığorta hissəsi məbləğində pensiya ödənilməli olduğundan, bununla bağlı cavabdehin hərəkətləri əsaslı olmuşdur. İndiki halda isə cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli qərarı məhz iddiaçının barəsində əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmət üzrə yenidən işləməyə başladığı dövrlə bağlı olduğundan, habelə qanunun qeyd edilən normasına əsasən bu halda əmək pensiya məbləği məhz sığorta hissəsində müəyyən edildiyindən, həmin qərar qanuni və əsaslı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da o hissədə yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli, ləğv edilən hissədə iddia təmin edilməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası işin digər mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının əmək pensiyası təyin edildikdən sonra hərbi xidmət üzrə yenidən işə başladığı və işlədiyi dövrlərdə ona yalnız sığorta hisəsi məbləğində pensiya ödənilməli olduğu halda, tam pensiya məbləği ödənildiyindən, artıq ödəmə aşkar etmiş, həmin artıq ödəmə məbləği iddiaçıya ödənilən pensiya məbləğindən qanunla müəyyən edilmiş qaydada hissə-hissə tutulma aparılmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən artəq ödəmə halının müəyyən edilməsi ilə bağlı istinad etdiyi hallar və qanunvericilik normasının tələbinə uyğun olsa da, artıq ödəmə məbləğinin bərpa edilməsi məqsədilə iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan tutulmalar aparılmasına dair hərəkətləri qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İndiki halda isə iddiaçının belə bir razılığının olması və ya buna dair məhkəmə qərarının olması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin hissədə hərəkətləri qanuna uyğun olmamış, iddia tələbi həmin hissədə əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Ona görə də həmin hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası işin digər mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən yenidən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh inzibati orqan bu halı əsas götürərək, iddiaçı barsində təyin edilmiş əmək pensiya məbləğinin yenidən hesablanması barədə qərarlar qəbul edərək, pensiya məbləğinin 3969,60 amnat olmasını müəyyən etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində onun yenidən hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqəədar olaraq əmək pensiyasının yenidən hesablanması barədə qəbul etdiyi 11 avqust və 7 noyabr 2023-cü il tarixli qərarları iddiaçının hüquqi marağına uyğun olmamaqla, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçının hərbi xidmət üzrə yenidən işə başlamazdan öncə aldığı pensiya məbləği 5008,44 manat təşkil etmişdir. İndiki halda isə yenidən hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra cavabdeh tərəfindən bununla əlaqədar olaraq əmək pensiyası yenidən hesablansa da, əmək pensiya məbləğinin 5008,60 manat deyil, 3969,60 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh inzibati orqan məbləğlər arasında fərqin yaranması halını onunla əsaslandırmışdır ki, əmək pensiyası yenidən hesablanan zaman indeksləşdirilmə aparılmış və maddi yardım nəzərdə tutulmadığından, pensiya məbləği az məbləğ kimi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi hallar iddiaçının əvvəl aldığı pensiya məbləğinin azaldılmasına əsas olan qanuni əsas qismində çıxış etməmişdir. Belə ki, əmək pensiyaları haqqında qanunvericiikdə əmək pensiyasının yenidən hesablanması zamanı pensiya məbləğinin azaldılmasına əsas olan hal kimi həmin hallara dair şərt ehtiva edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar olaraq əmək pensiyasının yenidən hesablanması barədə hərəkətləri qanuni olsa da, əmək pensiya məbləğinin 3969,60 manat müəyyən edilməsi ilə bağlı hissədə əmək pensiyasının yenidən hesablanması barədə qərarı qanunauyğun olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin qərarların ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi hissəsində əsaslı olmuş, birinci insatnsiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2572/2024 nömrəli qərarı qismən-əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11410/2023 saylı qərarın ləğv edilməsi hissəsində ləğv edilsin, ləğv edilən həmin hissədə iddia təmin edilməsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar