Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-597/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)- 1072/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Qusar rayon Avaran kənd ZDS İcraiyyə Komitəsinin 1972- 1974– cü illərin Avaran kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 110 olan X5 təsərrüfatın xüsusi istifadəsində 1972-1973-cü illərdə cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir. Rayon arxivində saxlanılan Qusar rayonu Avaran İnzibati Ərazi Vahidi üzrə nümayəndiliyinin Avaran kəndi üzrə 1996-2000-ci illərin 2 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 115 olan X5 təsərüfatın xüsusi mülkiyyətində cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir.
2. 03.05.1994-cü il tarxili 19№-li reyester kitabında qeydə alınmış (inventar işi №221) qeydiyyat vəsiqəsinə əsasən Qusar rayon Avaran kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı yaşayış evi Qusar XDS icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən X4 məxsusdur. Qeydiyyat vəsiqəsində yaşayış evinin ümumi torpaq sahəsi 2500,0 m2 göstərilmişdir.
3. Qusar rayon dövlət Notariat kontorunda bağlanılmış xx.xx.1994-cü il tarixdə 3M- 59 reyestr nömrəsi ilə təsdiq edilmiş ev alqı-satqısı haqqında müqavilənamə ilə X2 rayon Avaran kəndində yerləşən evi İddiaçı satmışdır.
4. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubu ilə Qusar rayon dövlət Notariat ofisində xx.xx.1994-cü il tarixdə 3M-59 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notairat işinin kserosurəti məhkəməyə göndərilmişdir. Həmin notariat işində olan sənədlərdə alqı-satqı predmeti olan evin 2500 kv m torpaq sahəsi üzərinə yerləşdiyi qeyd edilmişdir.
5. xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Qusar rayonu Avaran kəndi ərazisində 2500.0 kv m torpaq sahəsinə yerləşən ümumi sahəsi 32 kv m olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evi alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı iləİddiaçı cavabdeh Qusar rayon Avaran bələdiyyəsinə qarşı (üçüncü şəxs Mustafayeva Rima Nazim qızı) Qusar rayonu Avaran bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 32 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 480/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarından görünür ki, cavabdeh Qusar rayon Avaran bələdiyyəsi və üçüncü şəxs Mustafayeva Rima Nazim qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 82/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2019 saylı 23 yanvar 2019-cu il tarixli qərarından görünür ki, cavabdeh Qusar rayon Avaran bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-480/2018 saylı iş üzrə xx.xx.2018ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Qusar Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(029)-905/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Mustafayeva Rima Nazim qızına qarşı özgəsinin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Mustafayeva Rima Nazim qızının Qusar rayonu Avaran kəndində yerləşən İddiaçı məxsus yaaşyış evindən çıxarılması və həmin yaşayış evinin İddiaçı mülkiyyətinə qaytarılması qət edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3932/2020 saylı 24 avqust 2020-ci il tarixli qərarı ilə cavabdeh Mustafayeva Rima Nazim qızının kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 417/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı Qusar rayonu, Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 30 avqust 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.
13. Cavabdeh xx.xx.2022-ci il tarixli **********79 saylı məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evinə dair ərizəyə X1 Bürosunun xx.xx.1995-ci il tarixli 32 nömrəli qeydiyyat vəsiqəsi və Qusar rayon dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli 3M-59 reyestr nömrəli ev alqı-satqı haqqında müqaviləsi əlavə edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan 0,25 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş qeydiyyat vəsiqəsi fərdi yaşayış evinə aiddir, eyni zamanda qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Qusar rayon dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli 3M-59 reyestr nömrəli ev alqı-satqı haqqında müqaviləsində də torpaq sahəsi barədə hər hansı bir məlumat yoxdur. Qeyd olunanları nəzərə alaraq ərizədə qeyd olunan fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
14. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyat vəsiqəsinin əvəzinə yeni ümümi çıxarış ilə əvəz edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Qusar rayonu, Avaran kəndində yeləşən 0.25 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. 1994-cü ildən bu günə kimi həmin torpaq sahəsi və ev onun istifadəsindədir və sahibliyindədir. Lakin 2012-2020 illərdə müxtəlif məhkəmə çəkişmələri olmuşdur. Məhkəmə qərarlarının əsaslandırma hissələrində də yazılmışdır ki, iddiaçıya məxsus Avaran kəndində yerləşən ev və həyətyanı sahə və bağ olan ərazi “Torpağ islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu və 10-cu maddələrinə əsasən iddiaçının mülkiyyəti hesab edilir. Qeydiyyat vəsiqəsi yararsız hala düşdüyündən, iddiaçı yeni vahid çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etrmişdir. Lakin ona imtina cavabı verilmişdir.
17. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, ərizədə qeyd olunan 0.25 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş qeydiyyat vəsiqəsi fərdi yaşayış evinə aiddir, eyni zamanda qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Qusar rayon dövlət notariat kontorunun xx.xx.1994-cü il tarixli ЗМ-59 reyestr nömrəli ev alqı-satqı haqqında müqaviləsində də torpaq sahəsi barədə hər hansı bir məlumat yoxdur.Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizədə qeyd olunan fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
18. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1072/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1994-cü il tarixli 3M-59 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
19. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Şikayətdə bundan əlavə göstərilmişdir ki, vətəndaş tərəfindən sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsinin keçirilməmiş, torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməmiş, ərizəyə dair texniki hissəsi ilə bağlı heç bir münasibət bildirilməmiş, o cümlədən məhkəmə tərəfindən də araşdırılmamışdır. Torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxenə isatinad edilməmişdir.
20. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz verərək bildirmişdir ki, 2011-2022ci illərdə səkkizdən çox məhkəmə və Ali Məhkəmə qərarları olub. Müxtəlif zamanlarda, yəni 3 dəfə komissiya da məhkəmə tərəfindən təşkil edilib. Adı çəkilən torpaq sahəsi həmin ərazidədir (Avaran kəndi). Ev yerindədir, heç bir başqa ərazi ilə üst-üstə düşmür (tam 25 sot təşkil edir) Bu haqda X9 Xəritəçəkmə İdarəsində məlumat elektron qaydada var, amma onlara təqdim olunmayıb. Onun mülkiyyətində olan ev və torpaq sahəsi torpaq islahatları qanunu ilə tam şəkildə ona məxsusdur. Bu haqda Ali Məhkəmənin qərarlarında cümlələr var.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr...; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: ...8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir.
27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
28. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin (fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrqfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir):
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” : Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış.
30. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
31. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
33. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
35. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz, habelə apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi təqdim etməmiş, təqdim edilən alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsi yalnız evə aid olmuşdur.
36. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qərarını belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 2500 kv m torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Evə dair təqdim edilmiş alqısatqı müqaviləsində torpaq sahəsi xüsusi qeyd edilməsə də, evin həmin torpaqda yerləşdiyi mübahiəsləndirilmir və yuxarıda sadalanan normalara əsasən iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas verir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı bu qərarın 23-29-cu bəndlərində istinad edilmiş qanunvericilik normalarının tələbləri baxımından iddiaçının təqdim etdiyi xx.xx.1994-cü il tarixli 3M-59 reyestr nömrəli ev alqı-satqısı haqqında müqavilənamə, həmin evin yerləşdiyi torpaq sahəsinin evin satıcısının istifadəsində olması barədə Qusar rayon Avaran kənd ZDS İcraiyyə Komitəsinin 1972- 1974–cü illərin Avaran kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabından arxiv çıxarışı (qərarın 1-ci bəndi), fərdi yaşayış evinə dair əvvəlki mülkiyyətçinin və iddiaçının adına daşınmaz əmlakın dövlət reyedterində aparılmış qeydiyyatı təsdiqləyən və evin yerləşdiyi 2500 kv m torpaq sahəsinin də göstərildiyi qeydiyyat vəsiqələri (qərarın 2 və 4-cü bəndləri), habelə iddiaçının iştirakçısı olduğu istinad edilən inizbati və mülki mübahisələr üzrə məhkəmə qərarları (qərarın 6-11-ci bəndləri) iddiaçının İddiaçı Qusar rayonu, Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsaslar qismində çıxış edir.
38. İş materilallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 169/2019 saylı 23 yanvar 2019-cu il tarixli qərarında göstərilir ki, “...iddiaçının həmin evin yerləşdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da həmin torpaq sahəsi ev satın alındığı vaxtdan onun qanuni sahibliyində və istifadəsində olmuşdur. Bununla da iddiaçı həmin torpaq sahəsi üzərində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu maddələrinin və “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin (fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrqfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən gözlənilən mülkiyyət hüququna malikdir. Bu səbəbdən də cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna, eyni zamanda torpağa dair hər hansı hüquqa malik olmamışdır”.
39. İş materilallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3932/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında isə göstərilir ki, “...2500 kvadrat metr torpaq sahəsi həmin evin həyətyanı sahəsi olmaqla qanuni əsaslarla İddiaçı məxsusdur”.
40. Apellyasiya şikayətinin daşınmaz əmlakın müayinəsinin keçrilməməsi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməməsi, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməməsi ilə bağlı dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdeh həmin dəlilləri imtinasında bildirməmiş, iddia tələbinə dair etiraz təqdim etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən müvafiq dəlillərlə əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən daşınmaz əmlaka müayinə baxışı keçirildiyi bildirilmiş, müayinə aktı təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında faktiki ölçüsü 0.2636 ha olan torpaq sahəsinin bir tərəfdən yol, qalan tərəflərdən isə h/y məqsədli torpaq sahələri ilə əhatə olunduğu, torpaq sahəsində tikinti altı sahəsinin 90m2 olan 1 (bir) mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu, torpaq sahəsinin digər sahələrdən hər tərəfdən hasarlarla ayrıldığı, sahənin DWJ məlumatlarında yaşayış məntəqələrinin torpaq sahələrinə aid olmaqla “10378/0,28” nömrə ilə qeydə alındığı, torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi, sahənin koordinatlarının faktiki ölçülər əsasında işlənildiyi, torpaqla bağlı hər hansı sərhəd mübahisəsinin qeydə alınmadığı, kommunikasiya xətlərinin keçmədiyi qeyd edilmişdir.
41. Qeyd edilən müayinə aktlndan da göründüyü kimi, yaşayış məntəqələrinin torpaq sahələrinə aid olan həmin torpaq sahəsinin koordinatları və həmin torpaq sahəsində tikinti altı sahəsinin 90m2 olan 1 (bir) mərtəbəli fərdi yaşayış evinin mövcudluğu müəyyən edilmiş, hər-hansı mübahisə və torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi halı isə müəyən edilməmişdir.
42. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanuni və ədalətli qərar çıxarmışdır.
43. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
44. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-1072/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.