Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-597/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2-1(85)- 2381/2016 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsi barədə İddiaçı ərizəsinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(86)-2381/2016 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “24 avqust 2007-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun orta aylıq əmək haqqından (2003- 2005-ci illər üzrə) hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2-1(85)- 2381/2016 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “24 avqust 2007-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası məbləğinin həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun orta aylıq əmək haqqından (2003- 2005-ci illər üzrə) hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır. Qeyd olunan qərar 27 mart 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. 18 aprel 2017-ci il tarixli məktubla Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 2381/2016 saylı 22 dekabr 2016-cı il tarixli qərarı icra olunması üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə göndərilmiş, cavabdeh orqanın 26 aprel 2017-ci il tarixli məktubu ilə məhkəmə qərarının icra edildiyi bildirilmişdir. 02 iyun 2023-cü il tarixdə vətəndaş İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun pensiyasının naməlum səbəblərdən dayandırıldığını bildirmişdir. Qeyd edilən halın araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məhkəmə sorğusu ünvanlanmış, məhkəməyə təqdim edilmiş 16 avqust 2023-cü il tarixli cavab məktubunda iddiaçıya ödənilən pensiya məbləğinin Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırması zərurəti ilə əlaqədar ödənilməsinin dayandırıldığı qeyd edilmişdir. Daha sonra İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh inzibati orqana məhkəmə qərarının icrasını özbaşına olaraq dayandırdığı, eyni zamanda, məhkəmə qərarının icrasının təmin edilərək nəticəsi barədə məhkəməyə məlumat vermədiyi üçün qanunvericiliklə nəzərə tutulmuş qaydada cərimə tətbiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, qüvvədə olan məhkəmə qərarının olmasına baxmayaraq, İddiaçı ödənilən pensiya məbləği Nazirliyin Aparatının Daxili nəzarət və audit şobəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar dayandırılmışdır. Bununla əlaqədar, tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. İnzibati orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-239343/2023 saylı cavab məktubunda göstərmişdir ki, araşdırma nəticəsində ona qanunzidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materialların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 28 iyul 2023-cü il tarixli, 3-17/3-1-8009/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ona görə də, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edərək barəsində araşdırma aparılıb-aparılmaması, araşdırmanın gedişatı barədə məlumat verilməsi və iştirakının təmin edilməsi üçün aiddiyəti şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cavab məktubunda barəsində araşdırma olmadığı və təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı istintaq hərəkəti aparılmadığını göstərmişdir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Cavabdeh ərizəyə dair etiraz edərək bildirmişdir ki, İddiaçı barədə “Giriş-çıxış və qeydiyyat’’ X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən müəyyən olunmuşdur ki, 2016-cı ilin noyabr ayınadək Saatlı rayonu, M.Şəfi ünvanında qeydiyyatda olmuş, ona 52 yaşından yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə həmin tarixdən sonrakı müddətdə qeydiyyat ünvanı Abşeron rayonu, 23 B, 11 ünvanına dəyişdirilməsinə, qeyd olunan müvafiq növə görə və yaşdan dərhal şöbə tərəfindən təyinat aparılmasına, təyinatdan sonra qısa müddətdə - 3 ay ərzində 2 instansiya məhkəməsinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin vətəndaşın xeyrinə olan qərarlarının alınmasına və həmin məhkəmə qərarları əsasında pensiyanın məbləğinin artırılmasına, ötən dövrlərə görə fərq məbləğlərinin ödənilməsinə nail olunmuşdur. Araşdırma ilə aşkar edilmişdir ki, şöbə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından xx.xx.2016-cı il tarixli kassasiya şikayəti versə də, həmin şikayət üzrə keçiriləcək məhkəmə iclasını və nəticəni gözləmədən xx.xx.2016-cı il tarixli sərəncamla vətəndaşın pensiyasını yenidən hesablamış, pensiyanın aylıq məbləğini 01,02.2016-cı il tarixdən 184,79 manatdan 1199,12 manata çatdıraraq ödənişi davam etdirmişdir. İddiaçı hazıradək sonuncu qeyd edilən ünvanda qeydiyyatda olsa da ehtimal edilir ki, faktiki olaraq əvvəlki ünvanında yaşayır. Pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü, Saatlı rayonunda doğulmuş, AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsi üzrə yaşayış yeri Abşeron rayonu, 23 B, 11 ünvanı olan İddiaçı ünvan aidiyyəti üzrə xx.xx.2016-cı il tarixli ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Fondun keçmiş Abşeron rayon şöbəsinə (bundan sonra - şöbə) müraciət etmişdir. Şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 1457 №-li qərarı ilə xx.xx.2007-ci il tarixdən 52 yaşının tamam olduğu gündən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına əsasən (bundan sonra - 1 №-li Siyahı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İş stajının və xx.xx.2007-ci il tarixdən pensiyanın aylıq məbləğinin riyazi hesablanması şöbənin əməkdaşı tərəfindən əlyazma qaydada vərəqdə aparılmış, həmin vərəq pensiya işinə qərardan sonra tikilmişdir. Pensiya işinə tikilmiş, notarial qaydada əsli ilə düzgünlüyü təsdiq edilmiş əmək kitabçasının surətində mövcud yazılar əsas götürülməklə vərəqdə qeyd edilən hesablamalara əsasən xx.xx.1972-xx.xx.2005-ci il dövr ərzində vətəndaşın sosial sığorta stajı 32 il 10 ay, xx.xx.2007-ci il tarixdən 91,98 manat müəyyən edilmiş, sonuncu pensiya məbləğinin müvafiq illərdə baza hissəsinin artırılması və illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi nəticəsində xx.xx.2016-cı il tarixdən 184,79 manata çatdırılmışdır. Lakin həmin məbləğlə cəmi 1 ay ərzində, yəni 2016-cı ilin dekabr ayında 184,79 manatla cari və keçmiş ay kimi cəmi 369,58 manat vəsait ödənilmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan dövr üzrə cəmi 114490,84 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği xx.xx.2017-xx.xx.2019-cu il dövr aralığı üzrə 31 ay ərzində müxtəlif yüksək məbləğlərlə (9800, 9988, 5990, 5988, 4000 manatla və sair) aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmişdir. Araşdırma zərurəti ilə əlaqədar vətəndaşın pensiyasının ödənişi xx.xx.2019cu il tarixdən dayandırılmışdır. Məhkəmə qərarlarının icra edilməsi ilə əlaqədar xx.xx.2007-ci ildən yenidən hesablanmaqla, həmçinin xx.xx.2016-cı il tarixdən pensiya ödənişinə başlanılmaqla dayandırıldığı xx.xx.2019-cu tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 163770,93 manat təşkil etmişdir. İddiaçı yenidən hesablanaraq 1199,12 manata çatdırılmış pensiyası avtomatlaşdırılmış qaydada 2016-2018-ci illər üçün ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirmə aparılmaqla 01.01,2017-ci il tarixdən 1334,17 manata, xx.xx.2018-ci il tarixdən 1410,22 manata, xx.xx.2019-cu il tarixdən 1452,53 manata çatdırılmış və ödənilmişdir. Hər iki instansiya məhkəməsinin - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, iş № 2-1(85)-2381/2016 və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, iş 2-1(105)-118/2017 qərarlarında qeyd olunanların araşdırılması ilə məlum olmuşdur ki, İddiaçı əmək kitabçasında qeyd edilmiş müvafiq iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan onun zərərli şəraitdə işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Məhkəmələr tərəfindən vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu 1 №-li Siyahıda qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr və şərhlər, vətəndaşın iddiasında qeyd edilənlər əsasında qərar qəbul edilmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında qeyd olunanların heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Bütün məhkəmə qərarlarında vətəndaşın əmək kitabçasında qeyd olunmuş iş stajları təfərrüatı ilə müəssisə və təşkilatlar üzrə sadalanmamış, məhkəmə tədqiqatının materialları, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız vətəndaşın iddiasında qeyd olunanlara istinad etməklə kifayətlənərək iddia tələbini təmin etmişdir. Məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq məbləğinin yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, pensiyanın yenidən hesablanması barədə məhkəmə qərarlarının rəsmiləşdirildiyi 2017-ci il tarixədək İddiaçı 10 il əvvəl, yəni 2007~ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması və müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Qeyd olunanlardan əlavə, məlumat üçün bildirilir ki, Qanunun 1.0.2-ci maddəsinin tələblərinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin, Qanunun 21.1-ci maddəsinin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, Qanunun 25-ci maddəsinin tələblərinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Bununla belə, əmək kitabçasında qeyd olunmuş 1992-2005-ci illərin iş stajının ətraflı, həmin illər üzrə hesablanmış əməkhaqlarının şöbə tərəfindən yerində ilkin sənədlərlə qarşılıqlı üzləşdirilərək yoxlanılmaması bu işdə maraqlı şəxslərə görə həyata keçirilməmişdir ki, bununla da Qanunun 1.0.2-ci, 21.1-ci və 25-ci maddələrinin, habelə həmin dövrdə qüvvədə olmuş Qaydaların 4.2.7-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur (Pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir.). Pensiya işinə tikilmiş, nömrəsi olmayan, doldurulma tarixi xx.xx.1972-ci il olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur:
1. xx.xx.1972-xx.xx.1974-cü il dövr ərzində “Dəmirbeton” trestinin Bakı şəhərində yerləşən Şıxlar karyer-qum zavodunda 2-ci dərəcəli fəhlə,
2. 24.11.1974-xx.xx.1976-cı il dövr ərzində hərbi xidmət,
3. 07.12.1976-xx.xx.1990-cı il dövr ərzində PPSO "xxxx" Üzən Tikinti Quraşdırma Dəstəsində “Yubeqay” gəmisində elektrik qaz qaynaqçısı, xx.xx.1985-ci il tarixdən “Astarxan-4” gəmisinə-dəstəsinə elektrik qaz qaynaqçısı keçirilmiş,
4. 19.03.1990-xx.xx.1997-ci il dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti -Azərbaycannəqliyyatyoltikinti Dövlət Şirkəti 3 №-li Üzücü Tikinti Quraşdırma Dəstəsində elektrik qaynaqçısı,
5. 19.11.1997-xx.xx.2005-ci il dövr ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 445 saylı Tikinti idarəsində elektrik qaynaqçısı. Pensiya işinə tikilmiş hərbi biletin notarial qaydada təsdiq edilmiş surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1974-xx.xx.1976-cı il dövr ərzində hərbi xidmətdə olmuşdur. Ərizəçinin əmək kitabçasında qeyd olunanların tarixləri araşdırılarkən müəyyən edilmişdir ki, 4-cü qeyd - xx.xx.1985-ci il qeydi və eyni tarixli əmr (başqa işə keçirilmə barədə, 4-5-ci səhifədəki qeyd) bazar günüdür, istirahət gününə düşən müvafiq əmrin rəsmiləşdirilməsi İddiaçı əmək kitabçasının surətinin bütövlükdə saxtalaşdırıldığına əsaslı şübhələr yaradır. Ərizəçinin əmək kitabçasında elektrik qaz qaynaqçısı peşəsi üzrə işlədiyi qeyd edilsə də, onun həmin ixtisas üzrə təhsil alması barədə təsdiqedici sənədi şöbə və məhkəmə orqanları tərəfindən tələb olunmamışdır. Hərbi biletdə vətəndaşın sürücü ixtisasının olması barədə qeydin mövcudluğu isə onun həmin peşə üzrə təhsil aldığı ehtimalını artırır. Qeyd edilənlərdən əlavə, pensiya işinə tikilən əmək kitabçasında qeyd edilənlərin, habelə digər sənədlərin etibarlığının (düzgünlüyünün) bu işdə maraqlı olan şəxslərin təsiri ilə şöbə tərəfindən yoxlanılması təmin edilməmişdir. Ehtimal olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin firma blankında çap edilmiş və möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 10-KŞ №-li arayış, Fondun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentinin firma blankında çap edilmiş və möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 88/xx/xx-11020 və 88/xx/xx-11021 №-li arayışlar da bu işdə maraqlı olan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Belə ki, sözügedən blankda departamentin ünvanı Az1029, Bakı şəhəri, H.Əliyev prospekti, 115” göstərilsə də departament faktiki olaraq 2008-ci il tarixdən “Az 1108, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti, 43” ünvanında fəaliyyət göstərmişdir. Həmçinin, eyni gündə ardıcıl nömrə ilə qeydiyyatdan keçirilmiş sənədləri (dinamika barədə) ayrı-ayrı vəzifəli şəxslər rəis Ş.X.Əsədov və rəis müavini E.R.Sultanov imzalamışdır. Eyni zamanda, blankın yuxarı hissəsində “departament” sözü, mətnin daxilində isə “idarə” kimi qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, 2005-ci il tarixdən 29 iyun 2016-cı il tarixədək sözügedən təşkilat Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamenti adı ilə fəaliyyət göstərmiş, həmin tarixdən sonra isə Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsi adlandırılmışdır. Qeyd edilən faktlar ərizəçinin yuxarıda göstərilən bütün sənədlərinin saxtalaşdırıldığını təsdiq edir. Bunlardan əlavə, Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin iclaslarında İddiaçı nümayəndəsi - adına əmək müqaviləsi aşkar edilməyən xx.xx.1993-cü il təvəllüdlü Cəlilabad rayon sakini X3 təmsil etmişdir. Ehtimal olunur ki, məhkəmədə iddiaçının nümayəndəsi kimi iştirak etmiş Sübhan Əhmədov ilə İddiaçı ümumiyyətlə bir-birilərini tanımırlar. Qeyd olunmalıdır ki, əvvəlki araşdırmalar zamanı da bəzi vətəndaşların əmək kitabçalarında onların guya İddiaçı kimi təxminən eyni dövrdə - “Dəmirbeton” trestinin Bakı şəhərində yerləşən Şıxlar karyer-qum zavodunda və "xxxx" Trestində (ASC) işləməsi qeydləri aşkar edilmiş, həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə yüksək məbləğdə əmək pensiyası təyinatına, yenidən hesablanmasına və ödənilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğunu nəzərə alaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhlərinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəflərindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhlərinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur, əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirlər ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verilməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(85)-2381/2016 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2- 1(85)-2381/2016 nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı aidiyyatı şəxslər, o cümlədən cavabdeh orqan tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması şəxsin məhkəmənin müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks halda məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Məhkəmə hesab etmişdir ki, məhkəmə qərarı cavabdeh tərəfindən əsaslı səbəb olmadan icra olunmadığına, icra ilə bağlı məhkəməyə hər hansı bir məlumat verilmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 500 manat cərimə edilməlidir. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 500 (beş yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizəyə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, ərizəçinin əmək pensiyasının bərpa edilməsi məsələsinə cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirəcək orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Həmçinin məhkəmə qərardadında cavabdehin nümayəndəsinin ərizənin təmin edilib- edilməməsinə guya məhkəmənin mülahizəsinə buraxdığını bildirdiyi qeyd olunmuşdur. Bununla bağlı bildirirlər ki, cərimə ilə bağlı ərizəyə tərəflərindən verilmiş etirazda ərizənin təmin edilməməsi xahiş olunmuşdur. Belə olan halda məhkəmə iclasında nümayəndənin cərimə məsələsini guya məhkəmə mülahizəsinə buraxdığını bildirməsi məsələsi absurddur.
b) İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. İddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişləri dayandırılmışdır. Apellyatorun qeyd edilən mövqeyinə münasibətdə məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, əvvala, sözügedən maddə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişinin dayandırılması ilə bağlıdır ki, bu da inzibati icraat çərçivəsində əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını tənzimləyir. Hazırki halda, iddiaçının pozulmuş pensiya hüququnun təmin edilməsinə dair mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verilmiş və qərar qanuni qüvvəyəsini almışdır. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələrini tənzimləyən AR İPM-nin 78-ci maddəsində birbaşa olaraq göstərilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Apellyasiya şikayətində göstərilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(86)- 2381/2016 saylı, qərarında İddiaçı əmək kitabçasında qeyd edilmiş müvafiq iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan onun zərərli şəraitdə işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Apellyatorun qeyd edilən mövqeyinə münasibətdə məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Apellyasiya şikayətində göstərilir ki, bundan başqa yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Qeyd edirlər ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunmuş bu mövqeyin hazırki işə münasibətdə aidiyyəti və ya tətbiqi başadüşülən deyil. AR İPM-nin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərarı
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Bənd 25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. Bənd 26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.2. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ Bənd 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, ərizəçinin əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından, pensiya ödənişləri dayandırılmışdır, müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Əmək pensiyasının bərpa edilməsi məsələsinə cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirəcək orqanın yekun qərarı ilə bağlı məlumatlar daxil olduqdan sonra baxılacaqdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2-1(85)-2381/2016 nömrəli qərarı 18 aprel 2017-ci il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə göndərilmiş, cavabdeh orqanın 26 aprel 2017-ci il tarixli məktubu ilə məhkəmə qərarının icra edildiyi bildirilmişdir. 02 iyun 2023-cü il tarixdə vətəndaş İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun pensiyasının naməlum səbəblərdən dayandırıldığını bildirmişdir. Qeyd edilən halın araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məhkəmə sorğusu ünvanlanmış, məhkəməyə təqdim edilmiş 16 avqust 2023-cü il tarixli cavab məktubunda iddiaçıya ödənilən pensiya məbləğinin Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırması zərurəti ilə əlaqədar ödənilməsinin dayandırıldığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan 22 dekabr 2016-cı il tarixdə qəbul edilmiş məhkəmə qərarını əsassız olaraq icra etməmiş və icrasından yayınmışdır ki, belə olan halda da birinci instansiya məhkəməsi tərəfindən onun 500 manat məbləğində cərimə olunması qanuni və əsaslı olmuşdur “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, “...qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. Məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıbyaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilibedilməməsindən asılı olaraq qiymət verilməlidir (bənd 5- 7). İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1 ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4- cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər... Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər (bənd 25-28)”. Hazırkı iş üzrə cavabdeh qərarın icrasının gecikdirilməsini pensiya işində aparılmış saxtalaşdırılmalar barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilməsi ilə əlaqələndirsə də, həmin cinayət işinin gedişi və nəticəsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir İşdən, həmçinin, məlum olur ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarının ona münasibətdə məcburi olan icrasını təmin etməməkdən ziyadə, həmin yekun məhkəmə aktını təftiş etməyə çalışır. Bunu edərkən də o, əvvəlcədən ona məlum olmayan və icra sənədinin icrasını mümkünsüz edən yeni sübutların aşkar edilməsi ilə əsaslandırır ki, qeyd edilərdən də məlum olduğu kimi, bu hallar işə baxılarkən sonuncuya məlum idi, yaxud məlum olmalı idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, “... qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” Bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında bildirmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz (Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, əvvəla cinayət işinin başlanmasına dair məhkəməyə heç bir sübut (qərar) təqdim edilməmişdir. Belə bir qərarın olması da vəziyyəti dəyişmir. Çünki, belə bir qərar qəbul olunmuş olsa belə, bu hal iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının dayandırılması üçün əsas deyildir. Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə 25 oktyabr 2007-ci il tarixli 31556/03 nömrəli Qərarında isə xatırlatmışdır ki (§55), 6-cı maddənin 1-ci bəndi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd “məhkəmə araşdırması” hüququnu təsbit edir; məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ isə həmin hüququn bir aspektini təşkil edir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. 6-cı maddənin 1-ci bəndində mübahisə tərəflərini məhkəmə qərarlarının icra olunması hüququ ilə təmin edən prosessual təminatların ətraflı təsvir edilməsi ağlabatan olmazdı; 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli qərar). Eyni qərarda Avropa Məhkəməsi göstərmişdir ki (§56), məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş, № 59498/00). Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqana cərimə tətbiq edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(85)-2381/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.