Məhkəmə qərarları › İş №2-1(105)-598/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-598/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-598/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün iş stajına daxil edilərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-458/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası, Şabran rayonu, Yanıqələz kəndində anadan olmuşdur. Sumqayıt şəhəri, yataqxana 2, Heydər Əliyev prospekti, məhəllə 18, ev 32-də qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.2014-cü il tarixədək V.İ.Lenin adına Azərbaycan Boruyayma zavodunda soyuq boru kəsicisi, təmirçi-çilingər, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də metal çeşidləyən və təhvil verən, cilalayıcı işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək “X7” MMC-də metalın səthi qusurlarının cilalayıcısı işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 23 iyul 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 07 oktyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34000,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22365,50 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən cavab ilə razılaşmayan iddiaçı Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün iş stajına daxil edilməsi və ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda “X7” MMC-də işləyir. xx.xx.2021-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 01 iyun 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə həmin maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. İddiaçının xx.xx.2017-ci iı tarixədək təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi 58 il 10 ay yaşı və təhsil və həqiqi hərbi xidmət müddəti də nəzərə alınmaqla 27 il 3 ay gün ümumi əmək stajı, 17 il 11 ay 20 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Belə ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Dəvəçi rayon 110 saylı kənd texniki peşə məktəbində təhsil almış (11 ay 27 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il 0 ay 2 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (əmək stajı nəzərə alınan dövr üzrə) V.İ.Lenin adına Azərbaycan Boruyayma zavodunda (indiki "xxxx" ASC) (21 il 5 ay 21 gün), xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də (2 il 4 ay 22 gün), xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “X7” MMC-də işləmişdir (0 il 4 ay 21 gün). "xxxx" ASC-də işlədiyi müddət ərzində xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Ödənişsiz məzuniyyətdə olmağı onun öz istəyi ilə olmamışdır. Həmin dövrdə işəgötürənin təqsiri üzündən müəssisədə istehsal fəaliyyətinin azalması ilə əlaqədar olaraq işçilərin bir hissəsi məcburən ödənişsiz məzuniyyətə göndərilmiş, əmək haqqı ödənilməmişdir. Onun təhsil müddəti və ümumi iş stajı bu münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan xx.xx.2006-cı tarixinə yaranmış və xx.xx.2018-ci tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu səbəbdən onun ödənişsiz məzuniyyətdə olduğu dövr ümumi əmək stajı kimi nəzərə alınmalıdır. Hesab edir ki, ona 57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Həmin tarixə iddiaçının 57 yaşı, 25 il 04 ay 17 gün ümumi əmək stajı və 18 il 10 ay 11 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-458/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim V.Əzizova) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaş görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb oluna yaş həddinə çatdıqda, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 2006-cı ilədək ümumi iş stajının 25 ildən az (19 il 11 ay 23 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1998-ci il tarixləri arasındak dövrlər)) olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi: Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. (-) İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. (-) Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını belə əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı ona əvvəlki qanunvericiliyin tələblərinə uyğun olaraq 57 yaşından əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay güzəştli və 25 il ümumi əmək stajı toplandığı təsdiq olunmadığından, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamış olur. Belə ki, iddiaçının "xxxx" ASC-də işlədiyi dövrün 8 ilə yaxın hissəsinin (xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək) ödənişsiz məzuniyyətdə olması işin mübahisələndirməyən halıdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində də ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda isə iddiaçının tələb olunan 25 il sığorta stajına malik olması təsdiqlənmir və nəticə etibarı ilə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun əsası yaranmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İddiaçının tələbi xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün iş stajına daxil edilməsi və ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədədir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 08 avqust 2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.2014-cü il tarixədək V.İ.Lenin adına Azərbaycan Boruyayma zavodunda soyuq boru kəsicisi, təmirçi-çilingər, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də metal çeşidləyən və təhvil verən, cilalayıcı işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək “X7” MMC-də metalın səthi qusurlarının cilalayıcısı işləyir. İşdə olan iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X6 Təhsil Komitəsi tərəfindən verilmiş № 01137 saylı, xx.xx.1974cü il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1974-cü il tarixdə 3-cü dərəcəli traktorçu-maşınist peşəsi üzrə təhsil almışdır. Bundan əlavə, "xxxx" Azərbaycan Boruyayma zavodu tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 55 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək boruyayma 1 sexində isti şöbədə təmirçi-çilingər peşəsində işləmişdir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət, əmək fəaliyyəti dövrü bütövlükdə 28 il 11 ay 26 gün təşkil edir. Cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətinə etirazının dəlilləri iddiaçının 2006-cı ilədək ümumi iş stajının 25 ildən az (19 il 11 ay 23 gün (xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) olduğu və tələb olunan pensiya kapitalını toplamamasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: "xxxx" Azərbaycan Boruyayma zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 54 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1980-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2017ci il tarixədək boruyayma sexində soyuq boru kəsicisi, təmirçi çilingər, metal çeşidləyən və təhvilverən, cilalayıcı peşələrinə işləmişdir. Qeyd: xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Təqdim edilən arayışa görə iddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövrdə xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Nəticədə iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər 7 il 6 ay ödənişsiz məzuniyyətdə olmuşdur. Beləliklə, 01 yanvar 2006-cı il tarixədək iddiaçının 28 il 11 ay 26 gün fəaliyyət dövrünün 7 il 6 ay dövrü ödənişsiz məzuniyyətdə olması nəzərə alınarsa, onun həmin tarixədək faktiki 21 il 05 ay 26 gün iş stajı mövcud olmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan iş stajına malik olmadığından 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2006-cı ilə qədər tələb olunan 25 il ümumi stajı toplamadığından azı 12 il 6 ay güzəştli iş stajının mövcud olmasını yoxlamağa zərurət qalmamışdır. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 08 avqust 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər ödənilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-458/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar