Məhkəmə qərarları › İş №2-1(105)-598/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-598/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-598/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “ona 65 yaşının tamam olduğu 20 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-849/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X15 tərəfindən tərtib edilmiş arxiv çıxarışından görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarının və hərbi biletinin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 24 il 2 ay 7 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin- tələbləri baxımından mümkün hesab edilmir və sizə xx.xx.2023cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Mərkəzi filialın 03 iyun 2023-cü il tarixli 3-17-1/2-A-125056/2023 saylı imtinasının əsassız hesab olunması, onun 1972-1997-ci illərdə Şamaxı rayonu (hazırda Qobustan rayonu) Sündü kənd XXİ Partiya Qurultayı adına sovxozda işlədiyi müddətin sığorta stajına hesablanması və yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 65 yaşının tamam olduğu 20 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini DSMF-nun 11 saylı Reqional Ərazi İdarəsnə təqdim etmişdir. Ərazi idarəsi ərizəsini baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filiala göndərmişdir. Mərkəzi filialı 03 iyun 2023-cü il tarixdə 3-17-1/2-A-125056/2023 saylı imtina məktubu ilə ona bildirmişdir ki, təqdim olunmuş X11 rayon Filialının arxiv arayışlarında qeyd olunan dövlərdə sığorta stajı cəmi 24 il 2 ay 7 gün təşkil edir.Əmək pensiyası təyin olunması üşün isə 25 il iş stajı tələb olunur. 1972- 1997-ci illərdə Şamaxı rayon (hazırda Qobustan rayonu ) XXİ Partiya Qurultayı adına sovxozda işlədiyi müddət düzgün hesablanmamışdır. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona əmək pensiyası təyin olunmasından imtina etməsi barədə 03 iyun 2023-cü il tarixli 3-17-1/2-A-125056/2023 saylı imtinası əsassızdır. O, xx.xx.1958-cı ildə Şamaxı rayonu (hazırda Qobustan rayonu) Sündü kəndində anadan olmuşdur. 14 yaşında olarkən Sündü kənd XXİ Partiya Qurultayı adma sovxozda Şagird istehsalat briqadasına qəbul olunmuşdur. 30 aprel 1973-cü ildən isə 4 saat iş günü ilə fəhlə qəbul olunmuşdur. 22 aprel 1976- cı ilə kimi orada fəhlə işləmişdir. Sonra hərbi xidmətə getmişdir, hərbi xidməti başa çatdıqdıqdan sonra yenə də həmin sovxoza qayıtmışdır və 1997ci ilədək orada işləmişdir. Bunları təsdiq edən arxiv arayışları da vardır. Hesab edir ki, ona yaşa görə əmək pensiya verilməsindən imtina olunması əsassızdır və onun hüquqları pozulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Ağayev X9 Sosial Müdafiə X14 regional filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmış və İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının mövcud olmaması səbəbindın əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Milli Arxiv İdarəsinin Şamaxı Filialının 22.01,2024-cü il tarixli 3-48-DA11F/2-16-33- 24 nömrəli arxiv arayışlarına əsasən iddiaçının xx.xx.1972-ci il tarixli 51 nömrəli və xx.xx.1973cü il tarixli 43 nömrəli işə daxil olma əmrlərində və xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə əmək haqqı alması barədə arxiv arayışlarında soyadı “Ağalıyev” kimi qeyd olunmuş, xx.xx.1973-cü il tarixli 43 nömrəli, xx.xx.1979-cu il tarixli 83 nömrəli işə daxil olma əmrlərində ata adı qeyd olunmamışdır. Eyni zamanda yuxarıda qeyd edilən hallar xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktında da öz əksini tapmışdır (qoşmaya əlavə olunur). İddiaçının təqdim etdiyi sənədlərdə soyadının “Ağayev” əvəzinə, “Ağalıyev” göstərilməsinə inzibati məhkəmə icraatı qaydasında qiymət verilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanları nəzərə alaraq iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinin onun ümumi iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət illəri və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumi iş stajı 7 il 9 ay təşkil edir. Belə olan halda İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə pensiyasının təyin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-849/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X6 65 yaşının tamam olduğu 20 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 26 iyun 1957-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslanmış və əlavə olaraq göstərilmişdir ki, məhkəməyə ünvanlanan etiraza əlavədə xx.xx.1972-ci il tarixli 51 nömrəli və xx.xx.1973-cü il tarixli 43 nömrəli işə daxil olma əmrlərində və xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə əməkhaqqı alması barədə arxiv arayışlarında iddiaçının soyadının “Ağalıyev” kimi qeyd olunması, xx.xx.1973-cü il tarixli 43 nömrəli, xx.xx.1979-cu il tarixli 83 nömrəli işə daxil olma əmrlərində ata adının qeyd olunmaması öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qərarda qeyd olunan ziddiyyətə münasibət bildirilməmiş, həmin ziddiyyətlərlə bağlı hər hansı araşdırılma aparılmamış, bunun əksinə olaraq iş fəaliyyətini təsdiq edən arxiv sənədlərinin mövcud olduğuna və həmin sənədlərin həqiqətə uyğun olmadığının cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi qənaətinə gələrək əsassız olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində yol verilmiş texniki xəta düzəldilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 24 il 2 ay 7 gün iş stajına malik olması halını qəbul etmiş, iddiaçının işlədiyi xx.xx.1972-ci il tarixli 51 nömrəli və xx.xx.1973-cü il tarixli 43 nömrəli işə daxil olma əmrlərində və xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə əmək haqqı alması barədə arxiv arayışlarında soyadı “Ağalıyev” kimi qeyd edildiyindən, xx.xx.1973-cü il tarixli 43 nömrəlii, xx.xx.1979-cu il tarixli 83 nömrəli işə daxilolma əmrlərində ata adı qeyd edilmədiyindən, həmin dövrləri mübahisələndirmişdir. İş materiallarında olan arxiv arayışının məzmunundan görünür ki, arxiv sənədlərində iddiaçının işə qəbul olunmasına dair 20 aprel 1972-ci il tarixli 51 nömrəli əmrində soyadı Ağalıyev, adı Razif Möhtəsən oğlu, 30 aprel 1973-cü il tarixli 43 nömrəli əmrin məzmununda Ağalıyev Razif, 22 aprel 1977-ci il tarixli 30 №li əmrində və 22 avqust 1979-cu il tarixli 83 №li əmrində İddiaçı kimi qeyd edilmişdir. Bundan əlavə, əmək haqqı cədvəllərinə dair arxiv çıxarışının məzmununda da İddiaçı ilə yanaşı, 1972-1981-ci, 1982-1990-cı illərdə X2 qeyd edilmişdir. Göründüyü kimi indiki halda iddiaçının qeyd edilən sovxozda işləməsinə dair arxiv sənədləri mövcud olmuş, həmin sənədlərin məzmununda isə iddiaçının həmin sovxozda 1972ci ildən 1997-ci ilə kimi mütəmadi olaraq işləməsi halı müəyyən edilir. Həmin illərdən bir qismində ad və ata adı düzgün olduğu halda soyadında yalnışlıq olması, bir qismində isə ad və soyadı qeyd edilsə də, ata adının qeyd eidlməməsi iddiaçının həmin işlədiyi illərin mövcudluğunu təkzib etmir. Başqa sözlə desək, cavabdehin mübahisələndirdiyi bir qisim illərdə ad və soyad qeyd edildiyi və həmin illərə aid əmək haqqı cədvəlləri olduğu, bu hallar isə həmin məlumatların iddiaçıya aid olması qənaətinə gəlməyə imkan verdiyi halda yalnız ata adının ümumiyyətlə qeyd edilməməsi halı iddiaçının həmin dövrdə qeyd edilən sovxozda işləməməsini deməyə, həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Bundan əlavə, cavabdehin mübahisələndirdiyi bir qisim illərdə isə iddiaçının həmin sovxozda uzun müddət və mütəmadi olaraq işləməsi öz təsdiqini tapdığı, ad və ata adı eynilik təşkil etdiyi və əmək haqqı cədvəlləri olduğu, bu hallar isə həmin məlumatların iddiaçıya aid olması qənaətinə gəlməyə imkan veridyi halda, yalnız soyadında yalnışlığa yol verilməsi iddiaçının ziyanına şərh edilməsinə, nəticə etibrilə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Belə ki, müvafiq sənədlərin (əmr, əmək haqqı cədvəlləri və s.) düzgün tərtib edilməsi və orada əks olunmuş məlumatların düzgün yazılmasına görə məhz işəgötürən məsuliyyət daşıyır. Həmin sənədlərin tərtib edilməsi zamanı texniki yalnışlığa yol verilməsi halı iddiaçının təqsiri ilə hatə olunmamaqla, onun öhdəlik daşıdğı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin hala istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşdıırlması iznibati icraat haqqında qanunvericiliyin prinsiplərinə ziddir. Bu baxımından, məhkəmə kolegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində texniki səhv olaraq iddiaçının adı “Razif” əvəzinə “Rafiz” kimi göstərilmişdir. Belə ki, həmin hal birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə gəldiyi nəticəyə təsir etmədiyindən, texniki səhv kimi qiymətləndirilməli, yol verilmiş texniki xəta aradan qaldırılmalı, qərarın nəticə hissəsində “Rafiz” əvəzinə “Razif” kimi göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “Rafiz” əvəzinə “Razif” kimi qeyd edilməklə, qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-849/2024 nömrəli qərarının nəticə hissəsində “Rafiz” əvəzinə “Razif” kimi qeyd edilməklə, qərar dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar