Məhkəmə qərarları › İş №2-1(105)-599/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-599/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-599/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı və cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinə qarşı “istehsalat qəzası nəticəsində əmək xəsarəti almağıyla əlaqədar ona məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin həyata keçirilməsi və 01 iyul 2019-cu il tarixdən hesablanmaqla yekun məhkəmə qərarının çıxarıldığı vaxtadək ödənilməmiş, məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin hesablanaraq birdəfəlik ödəniş şəklində ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2-1(118)-1131/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinə qarşı iddia qaldıraraq “istehsalat qəzası nəticəsində əmək xəsarəti almağıyla əlaqədar ona məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin həyata keçirilməsi və 01 iyul 2019-cu il tarixdən hesablanmaqla yekun məhkəmə qərarının çıxarıldığı vaxtadək ödənilməmiş, məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin hesablanaraq birdəfəlik ödəniş şəklində ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsində (həmin dövrdə Sumqayıt şəhər keçmiş X2 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsi yanında X1 adlandırılırdı)əlavə işçi olaraq işə qəbul olunmuş, atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir. 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlil olmuşdur. Həmin xəsarətlər hal-hazırda da iddiaçının səhhətinə ciddi təsir göstərməkdədir. İş vaxtı zamanı işəgötürənin təqsiri ucbatından xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyi Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli,14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında" aktı, 6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. İş vaxtı iş yerində xəsarət alımağı ilə əlaqədar olaraq iddiaçıya sonradan İİ qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 80%ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütanasib olan hissəsi xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş X2 İcraiyyə Komitəsinin yanında X1 tərəfindən ödənilməli idi. Lakin onlar bu ödənişi ödəməkdən yayındıqlarına görə iddiaçı həmin dövrdə miivafıq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqları sübuta yetirilmiş, 10 yanvar 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqayıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş X2 İcraiyyə Komitəsinin X3 yanında X1ndən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək, yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətinin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan iddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, həm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş X2 İcraiyyə Komitəsinin X3 yanında X1nin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəsi iddiaçının 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağında, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqlarından qanunvericiliyə uyğun olaraq hər iki təşkilat tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019-cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti ona ödənilmişdir. Lakin 2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Mühafizə İdarəsinin rəhbərliyi dəyişdikdən sonra sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər Mühafizə İdarəsinə rəsmi müraciət etdikdə ona ödəniş edilməsi üçün əsasın olmaması və yuxarıda qeyd edilən məhkəmə qətnaməsində ona edilməli olan ödənişin müddətinin 1985-ci ilin may ayınadək göstərilməsi ilə əsaslandırmağa çalışmışlar. Halbuki, iddiaçıya edilən aylıq ödəniş məhkəmə qərarı əsasında deyil, müvafiq normativhüquqi akt əsasında həyata keçirilirdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçivə və va bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1 -ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.1 -ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia),inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cii maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2-1(118)-1131/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsində (həmin dövrdə Sumqayıt şəhər keçmiş X2 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsi yanında X1 adlandırılırdı) əlavə işçi olaraq işə qəbul olunmuş, atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmiş, 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlil olmuşdur. Məhz bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3- 2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütanasib olan hissəsinin xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş X2 İcraiyyə Komitəsinin yanında X1 tərəfindən ödənilməsi müəyyən edilmişdir. Lakin inzibati orqan olan cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsi ona vurduğu ziyana görə öz üzərinə düşən öhdəlikləri icra etmədiyindən, o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan olduğundan, sözügedən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia tələbindən də aydın olur ki, onun tələbinin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində sağlamlığına vurulmuş ziyana görə ödənilməsi müəyyən edilmiş aylıq məbləğlərin (kompensasiyanın) cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin və həmin öhdəliyin də qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə həyata keçirilməsinin onun üzərinə qoyulmasından ibarətdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apeylasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə mahiyyəti etibarı ilə mülki mübahisədir. İş materiallarından da aydın olur ki, iddiaçının 1982-ci ilin sentyabr ayının 6-dan 7nə keçən gecə Sumqayıt Xovlu İplik Fabrikində xidmətdə olarkən bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar vurulmuş ziyanın ödənilməsi barədə Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən 14 may 1984-cü il tarixində 3/2-2 saylı qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən 1984-cü ilin may ayının 10-dan 1985-ci ilin yanvar ayının 10-na kimi iddiaçıya hər ay Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər X2 İcraiyyə Şöbəsinin yanında X1 tərəfindən müştərək qaydada ödənc olunması qət edilmişdir. İddiaçı bildirir ki, 2019-cu ilin əvvəllərinədək hər iki iş yerindən 140 manat məbləğində pul vəsaiti ona ödənilmişdir. Lakin 2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Mühafizə İdarəsinin rəhbərliyi dəyişdikdən sonra sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Bununla bağlı Sumqayıt şəhər Mühafizə İdarəsinə rəsmi müraciət etdikdə ona ödəniş edilməsi üçün əsasın olmaması və yuxarıda qeyd edilən məhkəmə qətnaməsində ona edilməli olan ödənişin müddətinin 1985-ci ilin may ayınadək göstərilməsi ilə əsaslandırmağa çalışmışlar. Halbuki, iddiaçıya edilən aylıq ödəniş məhkəmə qərarı əsasında deyil, müvafiq normativ-hüquqi akt əsasında həyata keçirilirdi. Eyni zamanda iddiaçı 2019-cu ilin əvvəllərinə qədər olan ödənişlərin miqdarı ilə də razı deyil və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçivə və va bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarına istinad edərək, yeni hesablama əsasında ödənişlər tələb edir. Göründüyü kimi yaranmış mübahisə mülki xarakterlidir, mübahisəyə müvafiq ümumi məhkəmədə baxılmalıdır. Həmçinin inzibati icraatla bağlı qanunvericilik şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı münasibətləri tənzimləsə də, inzibati orqanlar təkcə inzibati icraatla bağlı qanunvericiliyə əsasən inzibati qaydada deyil, həm də mülki subyekt kimi hərəkət edə bilərlər. İnzibati orqanlar mülki qaydada mülki hüququn bütün digər subyektləri kimi fəaliyyət göstərir və həmin subyektlərə şamil olunan hüquqi qaydalar inzibati orqanlara da şamil olunur. Hazırki işdə iddiaçı istehsalat qəzası nəticəsində əmək xəsarəti almağıyla əlaqədar ona məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin həyata keçirilməsi və 01 iyul 2019-cu il tarixdən hesablanmaqla yekun məhkəmə qərarının çıxarıldığı vaxtadək ödənilməmiş, məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin hesablanaraq birdəfəlik ödəniş şəklində ona ödənilməsini xahiş edir ki, həmin tələblər də mülki-hüquqi xarakerlidir və inzibati məhkəmə icraatının predmetinə aid edilə bilməz. Belə ki, Sumqayıt şəhər Xalq Məhkəməsinin yuxarıda qeyd olunan 14 may 1984-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçının əsas iş yeri Azərbaycan Boru Prokatı zavodu olmuş, həmin zavodun müdriyyətinin razılığı əsasında iddiaçı 1981-ci il tarixdən başlayaraq, Sumqayıt şəhər X3 yanında müəssisədən kənar mühafizə şöbəsində əlavə işə qəbul edilmişdir. Bununla əlaqədar Məhkəmə Kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının yuxarıda qeyd olunan mülki şəxs kimi əlavə işə qəbul edilməsi tərəflərin hüquq bərabərliyinə əsaslanan əmək vüqaviləsi əsasında olmuşdur və iddiaçı əlavə işdə işləyərkən dövlət qulluqçusu statusunda olmamışdır. Buna görə hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2-1(118)-1131/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar