Məhkəmə qərarları › İş №2-1(105)-599/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-599/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-599/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-1999/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlilidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Mayor rütbəsində zabit kimi xüsusi təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət etmişdir ki, ona hərbi hissə komandirinin axırıncı dəfə verdiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verməkdən imtina etmişdir, bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsini təmiп etmişdir, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyanın xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edilmişdir. Xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda bir çox xəstəxanalarda müalicələrdə olmuş, xəstəlik diaqnozuna əsasən 2-ci qrup xx.xx.2021ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. Müraciətinə əsasən Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən iki dəfə, xx.xx.2021-ci il tarixdə 0280003AAFKR və xx.xx.2021-ci ildə isə 0280003AAFK2 əlillik müddətsiz təyin edilməsi üçün forma 88 yazılıb elektron sistemə daxil edilmişdir, lakin hər dəfə eyni şablon söz (göndərişdə qeyd edilmiş stasionar müalicə barədə məlumatlarda uyğunsuzluq aşkar edilmişdir) yazılaraq onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bildirir ki, imtinanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi verib, burdan da soruşanda əksinə deyir. Eyni zamanda onun xəstəlik epikrizlərində qeyd edildiyi kimi qanuna müvafiq olaraq əliliyinin müddətsiz təyin olunması mümkündür. Sonradan xx.xx.2021-ci il tarixdə 3-cü dəfə 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edilmişdir. Müraciəti ondan ibarət idi ki, ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin, lakin cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmiş və hər üç instansiya məhkəməsi xeyrinə qərar vermişdir, lakin bu günədək məhkəmə qərarı icra edilməyərək qalmaqdadır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-1999/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının zərərin ödənilməsi ilə bağlı cavabdehə yazılı qaydada müraciət etməsi və cavabdeh inzibati orqan tərəfindən iddiaçıya rəsmi olaraq imtina cavabı verilməsi təsdiqini tapmadı. Cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi kompensasiyanın ödənilməsi növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. İddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi düzgün araşdırma aparmamış, maddi və mənəvi zərər üçün ekspertiza təyin etməmişdir, birtərəfli olaraq cavabdehin yalan cavablarına əsaslanmışdır. ünvan 1 ünvanında yaşamağına baxmayaraq iddia tələbi üzrə aidiyyat üzrə göndərilməsi barədə əsassız qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (...) Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, iddiaçı qanuni qüvvəyə minmiş Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsini və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməyi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirilməklə hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü kompensasiyanın ödənilməsi haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin işin hallarından iddiaçının eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı iddiaçının zərərin ödənilməsi ilə bağlı cavabdehə yazılı qaydada müraciət etməsinin və cavabdeh inzibati orqan tərəfindən iddiaçıya rəsmi olaraq imtina cavabı verilməsinin təsdiqini tapmaması əsası ilə iddianı mümkün saymamışdır və çıxarılmış qərardad işin aidiyyəti üzrə göndərilməsi barədə deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-1999/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar