Məhkəmə qərarları › İş №2-1(105)-6/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-6/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-6/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı hüquqi varisi X1 iştirakı ilə İddiaçı hüquqi varisi X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhərinin Yaşma bağlar massivində, 982 saylı bağ sahəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-557/2019 saylı, 22 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 23.07.1969-cu ildən 07 yanvar 2013-cü ilədək Sumqayıt şəhərində fəaliyyət göstərən 45 saylı uşaq bağçasında işləmişdir. Təhsil işçiləri Azad həmkarlar ittifaqı Sumqayıt şəhər komitəsinin 14 fevral 2001-ci il tarixli 4 saylı qərarı ilə İddiaçı Yaşma ərazisində yaradılmış “Maarif” kollektiv bağçılıq təsərrüfatından 0,6 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi “Maarif” bağçılıq yoldaşlığı cəmiyyətinin 1:2000 miqyaslı xəritəsindən çıxarışda 928 nömrəsi ilə qeyd olunmuşdur. İddiaçı 13.11.2017-ci il tarixdə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, “Maarif” kollektiv bağçılıq təsərrüfatından ona ayrılmış bu torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi onun ərizəsini təmin etməkdən imtina etmiş və iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 29.01.2018-ci il tarixli, **********04 saylı bildiriş göndərərək bildirmişdir ki, “Maarif” bağçılığı yoldaşlığı ərazisində yerləşən 982 saylı torpaq sahəsinin koordinatının mövcud elektron kadastrı məlumat bazasında yoxlanması zamanı ərazinin 05 fevral 2015-ci il tarixdə qeydiyyata alınmış (kadastr nömrəsi **********0860) digər torpaq sahəsinin koordinatları daxilində olduğu müəyyən olunmuşdur. Buna görə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhərinin Yaşma bağlar massivində, 982 saylı bağda yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsi və həmin torpağa görə adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23.07.1969-cu ildən 07 yanvar 2013-cü ilədək Sumqayıt şəhərində fəaliyyət göstərən 45 saylı uşaq bağçasında işləmişdir. 1988-ci ildə “Maarif” bağçılıq cəmiyyəti tərəfindən ona 982 saylı bağ sahəsi ayrılmışdır. Bağ sahəsi “Yaşma” bağlar massivində yerləşir, ümumi ölçüsü 0,6 ha-dır. Cavabdeh bu torpağın digər torpaq sahəsinin koordinatları daxilində olduğunu bildirsə də, qeydiyyata alınmış həmin torpağın kimə verilməsini, yaxud kimin adına qeyd olunmasını göstərməmişdir. Həmin bağ sahəsi ona verilmişdir və bunu onun adına verilmiş “Bağçılıq kitabçası” və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin 05 saylı, 14.02.2018-ci il tarixli arayışı təsdiq edir. Cavabdeh saxta sənədlər əsasında ona məxsus torpaq sahəsini naməlum şəxsin adına özəlləşdirmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-557/2019 saylı, 22 avqust 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin 1988ci ildə “Maarif” bağçılıq cəmiyyəti tərəfindən ona ayrıldığını bildirsə də, həmin torpaq sahəsinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMCnin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 682/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Nəsibov (sədrlik edən və məruzəçi) Z.Məmmədov və V.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-557/2019 saylı, 22 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş və inzibati orqan əsaslı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1211/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 682/2019 saylı 27 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxıldıqda Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının eyni tarixli qərardadı ilə X2 İddiaçı hüquqi varisi kimi tanınaraq və işdə iştirak etməyə cəlb olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh saxta, hüquqi əsası olmayan sənədlərdən istifadə etməklə "xxxx" MMC 982 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləmişdir. Məhkəmə bunları bildiyi halda heç bir əsas olmadan guya arxiv sənədlərinin mövcud olmamasına istinad etməklə məsələni bitmiş hesab etmişdir. Halbuki, "xxxx" MMC-nin adına 982 saylı bağ sahəsi 05.02.2015-ci ildə qeydə alınmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsidir və bütün sənədlər Dövlət Komitəsinə və onun strukturlarına təhvil verilib. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 iyun 2019-cu il tarixli, **********22 saylı məktubunda qeyd edilmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin elektron məlumat bazasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinə dair "xxxx" MMC-nin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü barəsində məlumat mövcuddur. Lakin, **********00860 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və onun qeydiyyata alınmasına əsaslar, arxiv qovluğu idarənin xidməti istifadəsinə təhvil verilmiş arxiv məlumatlarında aşkar olunmadı. Sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi NECAS-a 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət sahəsi kimi əlavə edilmişdir və Sumqayıt şəhərinin inzibati ərazisi kimi qeyd olunmuşdur. Yaşma bağlar massivi Maarif b/y 982 nömrəli bağ sahəsi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin sərhədləri daxilindədir. Yaşma bağlar massivi Maarif b/y 982 nömrəli bağ sahəsinin faktiki yeri Maarif b/y-nın təqdim etdiyi sxematik xəritəyə uyğundur. İş materiallarında olan A№537922 saylı torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, "xxxx" MMC-yə 303743 kv.m torpaq sahəsi Abşeron rayon İH başçısının 28.11.2014-cü il tarixli sərəncamına əsasən verilmiş, qeyd olunan plan və ölçü sənədi DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib olunaraq X4 kitabında 05.02.2015-ci ildə qeydə alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin prinsipləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə ilkin sənədlərin araşdırılmasını, bunun üçün Abşeron rayon İH-yə sorğu verilib sənədlərin tələb olunmasını, həmin torpaq sahəsinin harada yerləşməsini, iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini mütəxəssis rəyi əsasında müəyyən etməyi, habelə "xxxx" MMC-nin işə üçüncü şəxs qismində cəlb olunmasını tələb edirdi. Lakin apellyasiya instansiyası məhkəməsi bu cür araşdırma aparmamışdır. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası Abşeron Rayon İcra Hakimiyyətinə sorğu verərək, Abşeron Rayon İcra Hakimiyyətinin 28.11.2014-cü il tarixli, 558 nömrəli sərəncamı və 28.11.2014-cü il tarixli, 558 nömrəli icarə müqaviləsi ilə "xxxx" MMC-yə sahibkarlıq məqsədi ilə 303743 kv.m torpaq sahəsinin ayrılmasına dair sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 5/X/1188 nömrəli, 09.08.2021-ci il tarixli məktubu ilə Abşeron Rayon İcra Hakimiyyətinin 558 saylı, 28 noyabr 2014-cü il tarixli sərəncamı və 28 noyabr 2014-cü il tarixli, 558 saylı icarə müqaviləsi məhkəməyə göndərilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2014-cü il tarixli sərəncamından görünür ki, X5 kimi uçota alınmış torpaqdan sahibkarlıq məqsədilə "xxxx" MMC-yə 62,0 hektar 99 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı ilə "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarə əsasında 62,0 hektar torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmin torpaq sahəsinin harada yerləşməsinin, iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin mütəxəssis rəyi əsasında müəyyən edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular verilmiş, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin məhkəməyə ünvanladığı **********65 nömrəli, 26.11.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X2 mütəxəssis rəyinin təqdim edilməsi ilə əlaqədar nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdəsinə götürməmiş və işə baxılmasının davam etdirilməsini tələb etmişdir. Mütəxəssis rəyinin təqdim edilməsi ilə əlaqədar nəzərdə tutulmuş xidmət haqqının ödənilməməsi səbəbindən iş üzrə mütəxəssis rəyinin alınması mümkün olmamışdır. Məhkəmə kollegiyasının 24.08.2021-ci il tarixli iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “torpaq sahəsinin planı və ölçüsü” xəritəsindən, həmçinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10.09.2021-ci il tarixli məktubundan da müəyyən olunmuşdur ki, Yaşma bağlar massivi “Maarif” bağçılıq yoldaşlığı ərazisində yerləşən 982 nömrəli bağ sahəsinin faktiki yeri, “Maarif” bağçılıq yoldaşlığının təqdim etdiyi sxematik plana uyğundur. 982 nömrəli bağ sahəsi Abşeron Rayon İcra Hakimiyyəti 28 noyabr 2014-cü il tarixli, 558 nömrəli sərəncamı və 28 noyabr 2014-cü il tarixli, 558 nömrəli icarə müqaviləsi ilə "xxxx" MMC-yə sahibkarlıq məqsədi ilə ayrılmış 30,3743 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 05 fevral 2015-ci il tarixində tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlara əsasən torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılan torpaq sahəsinin başqa hüquqi şəxsə icarəyə verilən torpaq sahəsinin hüdudları daxilində olması iş materialları ilə təsdiq olunduğundan və cavabdehin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfin ayrılan torpaq sahəsinin sonradan hüquqi şəxsin icarəsinə verilməsinə əsas olmuş sənədləri həmin torpaq sahəsinin hüdudları ilə üst-üstə düşən hissədə mübahisələndirmək hüququnun olması istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-557/2019 saylı, 22 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar