Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-6/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (X10 və Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi üçüncü şəxs qismində çıxış etməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X7 (sədrlik edən, məruzəçi hakim), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X5 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-474/2022 nömrəli qərarından üçüncü şəxs X6, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X5 məxsus sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş texniki pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 2 saylı binada yerləşən keçmiş bərbərxana olan sahəsi 40,25 kv m olan qeyri-yaşayış sahəsi özəlləşdirilməyə çıxarılmış, bu zaman Dövlət Əmlak Nazirliyinin məktubu əsasında Sumqayıt Texniki İnventarlaşdırma idarəsi tərəfindən 1997-ci ildə texniki pasport tərtib edilmiş, məhz bu texniki ölçülərdə qeyri-yaşayış sahəsi hərraca çıxarılmış və Dövlət Əmlak Nazirliyinin keçirdiyi auksion nəticəsində iddiaçı tərəfindən alınmış və bu əsasla ona “Mülkiyyət hüququ haqqında” şəhədətnamə verilmişdir. Onun sahəsi ilə qonşuluqda olan Hüseynağa Bağıyev onun mülkiyyətində olan dəhlizin yarısını qanunsuz olaraq zəbt etmiş və divar çəkərək oradan özbaşına istifadə etməyə başlamışdır. Onun bu qanunsuz hərəkətləri ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, dəhliz onun mülkiyyətində hesab edilərək, H.Bağıyevin ona məxsus 40,25 kv m olan qeyri-yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın onun öz hesabına sökülməsi, dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan məneənin ona qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və icra olunaraq ona məxsus dəhlizdə H.Bağıyevin inşa etdiyi divar onun öz hesabına sökülmüş və dəhlizin əvvəlki vəziyyəti bərpa edilmişdir. Lakin H.Bağıyev hələ də həmin dəhlizin bir hissəsindən qeyri-qanuni olaraq öz məqsədləri üçün istifadə edir. İcra zamanı ona məlum olmuşdur ki, məhkəmə mübahisələri gedən dövrdə H.Bağıyev saxta yollarla, DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin əməkdaşlarını aldadaraq və yaxud onların səhlənkarlığından istifadə edərək texniki pasportda onun sahəsi kimi göstərilmiş və 1997-ci ildən onun mülkiyyətində olan dəhlizin yarısını öz sahəsi kimi mülkiyyətinə və öz sahəsinin texniki sənədlərinə daxil etmişdir. Ərazi İdarəsi ona bu barədə çıxarış və texniki pasport vermişdir. O bu barədə 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK-ya rəsmi ərizə ilə müraciət etmişdir. Bu ərizə nəticəsində ona öz sahəsinə dair mülkiyyət hüququna dair çıxarış vermişlər, lakin texniki pasport verməmişlər və bildirdilər ki, H.Bağıyevə məxsus çıxarış və texniki pasport qismən etibarsız hesab edilmədən ona texniki pasport verilə bilməz. Bunumla bağlı iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə zamanı ona verilmiş çıxarış və texniki pasportun qanunsuzluğu təsdiq edilmişdir. Cavabdeh idarənin nümayəndəsi də bildirmişdir ki, əvvəlki qətnamələrlə dəhlizin ümumi istifadədə olması sübut edildiyi halda H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport səhv olmuşdur və bu barədə qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən H.Bağıyevin adına verilmiş çıxarış və texniki pasport qismən, dəhliz hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də qanuni hesab edilərək qətnamə qüvvədə saxlanmışdır. Lakin işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılanda məlum olmuşdur ki, mübahisə inzibati orqana qarşı verildiyi üçün bu işə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, qətnamələr ləğv edilmiş və işə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsini qərardadı ilə işə xitam verilmişdir. İnzibati məhkəməyə müraciət etmək üçün hüquqi əsasların yaranması üçün cavabdeh təşkilata müraciət edərək H.Bağıyevin adına olan çıxarışın qismən, onun dəhlizinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə bundan imtina edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 40.3 kv. m olan qeyri-yaşayış sahəsi Dövlət Əmlak Komitəsinin 4 sentyabr 1996-cı il tarixdə keçirdiyi auksionda (protokol № 25) X10 tərəfindən satın alınmış və həmin qeyri-yaşayış sahəsinə dair onunla 10 sentyabr 1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmçinin ünvan 2 ünvanda yerləşən “İmdad” İKB-nin 25 saylı bərbərxanasının əmlakı və 40.25 kv. m qeyri-yaşayış sahəsi Dövlət Əmlak Komitəsi ilə bağlanılmış 18 iyun 1997-ci il tarixli, 5813 nömrəli alqı-satqı müqaviləsinə əsasən X4, X19, X13, X8 və X14 tərəfindən özəlləşdirilmişdir və bu barədə onlara 25 iyun 1997-ci il tarixli, 005730 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra 26 sentyabr 2000-ci il tarixdə X4, X19, X13, X8 və X14 tərəfindən notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Ağarəsul oğluna satılmışdır və bu barədə ona 16 oktyabr 2000-ci il tarixli, 000386 nömrəli şəhadətnamə verilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsindən 25 ilə yaxın müddət keçmiş, bu müddət ərzində iddiaçı onun tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsinin X10 tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi ilə bağlı mübahisə qaldırmamışdır. Bununla, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-474/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X5 məxsus sahəsi 40,25 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş pasportda dəyişiklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdmətinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan narazı qalan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüquqvericisənədlər o cümlədən həmin əmlaka çıxarış arxiv sənədləri əsasında qanuni əsaslarla verilmişdir. Məhkəmənin isə bu cür qərar qəbul etməsi mülkiyyətinə qanunsuz müdaxilədir. İddiaçı onlarla razılığa gəlmək əvəzinə başqa mübahisə olmadığı və onunla aramızda ortaq qapı olduğu, yəni bir-birinin obyektinə sərbəst gediş-gəliş olduğu halda və özəl obyektinə yersiz müdaxilə etmək istəyir. Bundan başqa, həmin iddia tələblərinə qarşı qəti etiraz etməklə, ortaq qapıdan istifadə qaydalarının müəyyən olunması zəruridir. Məqsəd də budur ki, orada istifadə üzrə hüquqlarının məhkəmə tərəfindən bir daha təsbit olunması, burada qayda-qanun yaratmaq, iddiaçının bu cür özbaşınalıqlarına və istifadə etməyinə onun tərəfindən bilavasitə və ya dolayısı yolla (məsələn, 10 illərlə məhkəmələrə müraciətlər edilməklə bizi işimizdən-gücümüzdən etməklə qəsdən işimizin pozulmasına səbəb olmuşdur, əmək fəaliyyətimizi dözülməz etməklə oranı tərk etməyimizə nail olmaq və sairə) hər səbəb olmuşdur, əmək fəaliyyətini dözülməz etməklə oranı tərk etməyinə nail olmaq və sairə) hər hansı bir maneələrin törədilməsinin qarşısının alınması ilə ona qadağan edilməsi olmuşdur. Hal-hazırda iş üzrə onun da gecə-gündüz işləyərək yığdığı pullar hesabına obyekti təmir edib iş üçün normal vəziyyətə gətirmişdir. O da niyə görə bu zəhmətə qatlaşdıki, heç olmasa buradan ailəsinə çorək pulu qazanacaqdır. Lakin onlar burada işləməyinə obyektdən istifadəyə hər cür maneçiliklər törətmiş, hər cür çətinləşdirmişdir və vicdansızcasına məhkəmələrə qanunsuz və əsassız iddialarla müraciətlər etmişdir. Qanun da, mənəviyyat da buna yol vermir. Yuxarıda göstərdiklərini bütün ailə üzvləri və qonşu obyektlər, şahidlər hamısı təsdiq edə bilərlər. Yuxarıda göstərilənlərdən belə məlum olur ki, onlar qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüquqlarını pozmuş və hərəkətləri tam qanunsuzdur. Ona görə də, onların orada mülkiyyət hüquqlarını məhkəmə qaydasında itirərək suiistifadə edərək obyekti ələ keçirib mənimsəməklə onu aldatmaq istəyirlər. Onların təqsirli hərəkətləri nəticəsində özlərinə məxsus obyektdə normal əmək hüququndan məhrum edilmişlər. Hər zaman oradan istifadə etməyinə hər cür maneələr yaratmağa başlayaraq, hüquqlarını məhdudlaşdırmış və son nəticədə bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və tələbin təminini əsası kimi istinad etdiyi faktlar sübut əhəmiyyətli deyil. Başqa sözlə məhkəmənin istinad etdiyi sübut vasitələri iddiaçının təqsirliyini təsdiq edir. Məhkəmə isə bunların saxtakarlıqlarını araşdırmamış qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmənin istinad etdiyi həmin çıxarışa əsasən bu əsassız və qeyri-qanuni xarakterli olduğuna görə göründüyü kimi məhkəmə heç bir hüququ əsas olmadan tələbin təmin olunmasının əsası kimi bu sənədlərə əsaslanmışdır. Bundan başqa şahid ifadələri, hətta iddiaçının özüdə cavabdehin günahkar olmasını təsdiq etmirlər. Bundan əlavə faktlarla, rəsmi sənədlər və mülahizələrlə subut olunur ki, iddiaçının tələbləri tam qanunsuzdur. Cavabdehin apellyasiya şikayəti idia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı onun tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin dəhliz hissəsinin X5 verilmiş texniki pasporta qanunsuz olaraq salın salındığını iddia etmişdir. Məhkəmə qeyd edilən faktın obyektiv araşdırılması üçün ekspertiza təyin etməmiş, yalnız mübahisəli qeyri-yaşayış sahələrinə baxış keçirməklə iddiaçının iddia ərizəsində qeyd etdiyi faktı təsdiq etmişdir. Qeyd edilənlərdən əlavə, mübahisəli qeyri-yaşayış sahələri özəlləşdirilən zaman həmin sahələrin texniki göstəricilərini əks etdirən sənədlər Dövlət Əmlak Komitəsi tərəfindən tərtib edilsə də, hazırda daşınmaz əmlakın inventarlaşdırılması Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin səlahiyyətlərinə aid olduğundan, hazırkı iddia DƏDKR publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qaldırılmalı idi. Məhkəmə hazırkı iddianın düzgün cavabdehə qarşı qaldırılıb-qaldırılmamasını da araşdırmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 40.3 kv.m olan qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 006932 nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə, ƏMDK arxivinin təqdim etdiyi sxem və təsnifat əsasında X2 adına qeydiyyata alınmış və onun adına xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin ünvan 2 ünvanda yerləşən "İmdad" tKB-nin 25 saylı bərbərxanasının əmlakı və 40.25 kv.m qeyriyaşayış sahəsi xx.xx.1997-ci il tarixli, 5813 nömrəli alqı-satqı müqaviləsinə əsasən X4. X19, X13, X8 və X11 tərəfindən özəlləşdirilmişdir və bu barədə onlara xx.xx.1997- ci il tarixli. 005730 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra xx.xx.2000-ci il tarixdə X4, X19, X13, X8 və X14 tərəfindən notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Ağarəsul oğluna satılmış və bu barədə ona xx.xx.2000ci il tarixli, 0Q0386 nömrəli şəhadətnamə verilmişdir. Sumqayıt inzibati Məhkəməsi məhkəmə qərarında Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X5 məxsus sahəsi 40,25 kv m olan qeyriyaşayış sahəsinə dair verilmiş sxemdə qismən, dəhliz hissəsində dəyişiklik edilərək, həmin dəhlizin sxemdən kənar edilməsi və yeni sxemin H.Bağıyevə verilmiş pasportda dəyişiklik edilməsini qərara aldıqda, həmin sahənin hansı hissədən ibarət oluduğuna, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 arasında müvafiq qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinə və X2 adına xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata münasibət bildirilməmişdir. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt inzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır da. Bundan başqa, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiası mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X2 nümayəndəsi Vəkil2 üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X12 üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatını dinləyib və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. İndiki halda iddiaçının hüquqi marağı üçüncü şəxsə məxsus olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş sxemdə dəyişiklik edilməsi və dəhlizin həmin sxemdən kənar edilməklə, üçüncü şəxsin adına verilmiş texniki pasportda dəyişiklik edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, ümumi sahəsi 40,25 kv.m. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmiş (2017-ci ildə), əvvəlki sahibin adına texniki pasport tərtib edilmiş, həmin texniki pasportun məzmununda ümumi sahəsi 40,25 kv.m., əsas sahə 23,5 kv.m., köməkçi sahə 16,75 kv.m. qeyd edilmişdir, iddiaçının adına texniki pasport tərtib edilməmişdir. İş materiallarından görünür ki, ümumi sahəsi 40,3 kv.m. olan qeyri-yaşayış sahəsi üçüncü şəxsə məxsus olmaqla, onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmiş (2014-cü ildə), onun adına texniki pasport tərtib edilmiş, texniki pasportun məzmununda dəhliz 10,3 kv.m. və köməkçi otaq 7,3 kv.m. olmaqla, ümumi köməkçi sahəsi 17,3 kv.m. və ticarət sahəsi 23 kv.m. olmaqla, cəmi 40,3 kv.m. sahə olması əks olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin qeyd edilən qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas olan sənədlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” Şəhadətnamə və tərtib edilmiş sxem olmuşdur, sxemdə dəhliz sahəsi 10.1 kv.m. qeyd edilməklə, ümumi sahənin (40.3 kv.m.) tərkib hissəsi kimi əks olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, üçnücü şəxs həmin əmlakı 1996-cı il tarixdə keçirilmiş auksionda satın almış və Komitə ilə onun arasında 10 sentyabr 1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı isə özünə məxsus olan əmlakı alqı-satqı müqaviləsi əsasında satın almış və onun əsasında iddiaçının adına 16 oktyabr 2000-ci il tarixdə şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, 10 sentyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qətnaməsi (xx.xx.2016-cı ildə qüvvəyə minmiş) ilə iddiaçının üçüncü şəxsə qarşı 40,25 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin dəhlizində inşa etdiyi divarın cavabdehin hesabına sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi, ümumi dəhlizdən və sanitar qovşaqdan istifadəyə olan maneənin cavabdehə qadağan edilməsi qət edilmişdir (MPM-in 82.3-cü maddəsinin tələbi baxımından qeyd edilməlidir ki, həmin iş üzrə iddia tələbi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dəhlizində inşa edilmiş divar və həmin dəhlizlə bağlı olmuşdur). İş materiallarında olan və tədqiq edilmiş ekpsert rəyinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan sahə 26,65 kv.m, üçüncü şəxsin istifadəsində oan sahə 7,4 kv.m. çox sahə təşkil etmiş,ümumi sahə texniki pasport və çıxarış məlumatları ilə uyğun olmadığından, üst-üstə düşməsi halını müəyyən etmək mümkün olmamış, tədqiq olunan dəhliz üçüncü şəxsə aid texniki pasportda öz əksini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə kollegiyasının iştirakı ilə mütəxəssislər tərəfindən hər iki qeyri-yaşayış sahəsinə yerində baxış keçirilmiş, mütəxəssislər tərəfindən hər iki əmlakın texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həm yerində müayinə zamanı, həm də müayinə aktlarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, hər iki əmlakın yerləşdiyi binada rekonstruksiya işləri aparılmış, onun nəticəsində iddiaçı və üçüncü şəxsin faktiki istifadəsində olan sahənin ölçüləri daha çoxdur, dəyişiklik edildiyindən üçüncü şəxsin adına tərtib edilmiş sxem və texniki pasportda əks olunmuş dəhliz sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, yerində baxış zamanı qeyri-yaşayış sahəsinin çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyini, iddiaçı və cavabdehlərə məxsus olan hər iki qeyri-yaşayış sahəsinin qonşu obyektlər olduğu, yanaşı yerləşdiyi ,iddiaçının dəhliz kimi istinad etdiyi sahə başqa şəxs tərəfindən emalatxana kimi istifadə olunduğu, həmin sahədən başqa iki ədəd sahəyə giriş-çıxış olduğu müəyyən edildi, qeyd edilən sahələrin qapısı bağlı olduğundan, baxış keçirilməsi mümkün olmadı, iddiaçının xüsusi mülkiyyətində olan 40,25 ha sahə ayrı-ayrı bir neçə sahə olmaqla, yan-yana yerləşməklə, arakəsmə ilə bir-birindən ayrılmaqla ayrı-ayrı obyekt kimi istifadə olunduğu, üçüncü şəxsə məxsus olan 40,3 kv.m olan obyekt arakəsmə ilə bölünməklə ayrı-ayrı sahə kimi istifadə olunduğu, texniki sənədlərdə olan tikililərin sənəddə olduğu kimi mövcudluğu aşkar edilmədi, texniki sənəddə olan dəhlizin hazırda hansı hissədə yerləşdiyi rekonstruksiya işlərinin görülməsi ilə əlaqədar olaraq mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmadı, faktiki olaraq həm iddiaçı, həm də üçüncü şəxsə məxsus olan obyektlərin faktiki ölçüsü sənəd üzrə ölçülərdən çox olduğu, artırma sahələrin olduğu aşkar görünməklə,mütəxəssis tərfindən müəyyən edildi. İndiki halda iddiaçı məhz üçüncü şəxs tərəfindən 1996-cı il alqı-satqı müqaviləsinə əsasən satın alaraq, özəlləşdirdiyi 40,3 kv.m. ümumi sahənin daxilində yerləşən 10.1 kv.m. sahədə olan dəhlizlə bağlı hissəni mübahisələndirərək, həmin hissənin iddiaçının adına özəlləşdirmə prosesi zamanı tərtib edilmiş sxemdən çıxarılmasını, habelə sonradan onun əsasında tərtib edilmiş texniki pasportdan çıxarılmasını istəyir. İddiaçı iddia tələbinin əsası kimi o hala istinad edir ki, həmin sahə ümumiyyətlə üçüncü şəxs tərəfindən satın alınmamış, özəlləşdirilən hissəyə aid olmamışdır, bu səbəbdən də çıxarışın verilməsinə əsas olan özəlləşdimə prosesinə aid sənədləri mübahisələndirmək zərurətinin olmadığını bildirmişdir. İddiaçı həmin hala istinad etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Belə ki, üçüncü şəxsin adına tərtib edilmiş sənədlərin məzmununda və sxemdə dəhlizin sahəsi 10.1 kv.m kimi qeyd edilməklə, ümumi sahə 40.3 kv.m. sahənin tərkib hissəsi kimi əks olunmuş, dəhliz sahəsi çıxılmaqla, ümumi 40.3 kv.m sahənin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı üçüncü şəxsin dəhlizə aid hissədə mülkiyyət hüququnu müəyyən edən və onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən, mülkiyyətində olan hissənin texniki sənəddən çıxarılması barədə tələb irəli sürməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, nəqədər ki həmin sahə üçüncü şəxsə mülkiyyət hüququ əsasında məxsus olmuşdur və hazırda mülkiyyət hüququnu təsdiq edən sənədlər qüvvədə olmaqla, mübahisələndirilməmiş, texniki sənəddə dəyişiklik edilməsi barədə tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Nəticə etibarilə hazırki iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə kollegiya onu qeyd edir ki, iddiaçıya düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməsi ilə bağlı hüquqi yardım göstərilməsi əsasları da mövcud olmamışdır. Belə ki, indiki halda iddiaçı həmin sahənin üçüncü şəxs tərəfindən satın alınmaması və özəlləşdirmə predmeti olmaması halına istinad etməklə, ilkin hüquqmüəyyənedici sənədləri mübahisələndirməkdən imtina etmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, hətta iddiaçının tələbi ilkin sənədlərin mübahisələndirilməsi ilə bağlı ola idi belə (bu istiqamətdə iddia tələbini dəqiqləşdirsə idi), iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, bu əsasla iddia mümkün sayılmayacaqdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alınmasına əsas olan sənədlər məhz 1996-cı il tarixli auksion nəticəsində bağlanılmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş müvafiq Şəhadətnamə çıxış etmişdir. İddiaçı isə öz adına olan əmlaka dair mülkiyyət hüququnu 2000-ci il tarixdən əldə etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, tərəflər arasında sözügedən dəhlizlə bağlı 2015-ci ildən başlayaraq mülki mübahisələr olmuş, mülki məhkəmə icraatı qaydasında iddiaçının iddia tələbinə baxılmışdır. Həmçinin, iş materiallarında olan 18 fevral 2020-ci il tarixli məhkəmə qərardadı ilə iddiaçıya hazırki məsələ ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmək hüququnun olması izah edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən dəhlizin yerləşdiyi sahə ilə ilə bağlı hüquqlarının pozulduğunu ehtimal etməsi əsasları həmin vaxtdan ona bəlli olsa da, o hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, bununla da inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Həmçinin, qeyd edilməlidir ki, İPM-nin 24.4-ci maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə ötürülmüş prosessual müddətin bərpası ilə bağlı hissədə də hüquqi yardım göstərilməsinin əsasları mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin hissədə düzgün hüquqi qiymət verilməmiş, işin halları tam araşdırılmamış, iddianın mümkünlük şərtlərinin ödənilibödənilməməsi halını yoxlamadan, həmin hissədə tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, apellyasiya şikayətlərinin məzmununda məhkəmə qərarının ləğv edilməklə, iddia tələbinin təmin edilməməsi xahiş olunduğundan, indiki halda iddia mümkün sayılmadığından, həmin hissədə apellyasiya şikayətləri təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-474/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-6/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-6/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver