Məhkəmə qərarları › İş №2-1(105)-60/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-60/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-60/2023 03.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2- 1(118)-260/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 avqust 2021-ci il tarixli **********747300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci il üzrə İddiaçı barəsində 3472,08 manat gəlir vergisi hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 05 avqust 2021-ci il tarixli **********747300 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzə 2 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarının tələblərinin düzgün icra olunmamasına etirazı ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Belə ki, həmin qərara əsasən sahibkarların kateqoriyasını müəyyən edən qurum Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsidir. Buna baxmayaraq hazırda sahibkarlarla Dövlət Vergi Xidməti arasında mübahisələr davam edir. Belə ki, kateqoriyanı müəyyən edən qurum Dövlət Vergi Xidməti olmadığı halda, bu kateqoriyanı özü səhv müəyyən edir, meyarların ölçü göstəriciləri dəyişən sahibkarların kateqoriyasının növbəti ildən deyil, həmin ildən dəyişdiyini bildirir və sahibkarlara xüsusən də mikro sahibkarlara güzəştlərdən yararlanmağa imkan vermir. Bu problemin həlli məqsədi ilə dəfələrlə Dövlət Vergi Xidmətinə şikayət olunmuş, hətta Dövlət Statistika Komitəsindən sahibkarın hansı kateqoriyaya aid olmasına dair arayış (21 dekabr tarixli (********************) **********634800 nömrəli məktubla Fəaliyyət subyektinin bölgü meyarı) alınıb Vergilər Nazirliyinə təqdim olunsa da cavabdeh bu arayışı nəzərə almamışdır. Əlavə olaraq qeyd edir ki, bu uyğunsuzluğa görə hesablanmış KYB məbləği hazırda qüvvədədir. İddiaçıya xx.xx.2021-ci il tarixində daxil olmuş xəbərdarlıq məktubunda yaranmış borcun alınmasına görə ölkədən getmə hüququnun məhdudlaşdırılacağı ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmiş və xx.xx.2021-ci il tarixində 2 saylı ƏVBİ inzibati idarəsinə çağırılmışdır. İddiaçının nümayəndəsi uyğunsuzluğun aradan qaldırılması üçün cavabdeh orqana getsə də, cavabdeh onu qəbul etməmişdir. Qeyd edir ki, Dövlət Statistika Komitəsinin xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayışı cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması barədə qərarın qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə cari gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra, cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlanmış və nəticədə xx.xx.2020-ci il tarixdə kameral qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi iddiaçının gəlir vergisi bəyannaməsində güzəştdən istifadə etməsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. İddiaçının 2020-ci il üzrə vergiyə cəlb olunan gəliri 23,133.70 manat olmuş, VM-nin 102.1.30-cu maddəsinə əsasən həmin məbləğin 75 faizi - 17350.28 manat hissəsi vergidən azaddır. Nəticədə iddiaçının vergiyə cəlb olunan gəlir vergisi 1156.68 manatdır. Lakin cavabdeh vergi orqanı VM-nin 102.1.30-cu maddəsini tətbiq etmədən gəlirə əsasən əlavə vergi məbləği hesablamışdır. Bununla əlaqədar olaraq iddiaçı DSK-yə müraciət ünvanlayaraq, iddiaçının hansı sahibkarlıq subyektinə aid olması barədə məktub göndərilmişdir. DSK tərəfindən iddiaçıya ünvanlanmış 01/3-314 saylı, 15 dekabr 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında" 2018-ci il 21 dekabr tarixli, 566 nömrəli X8 Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumata görə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Dövlət Statistika Komitəsinə daxil olmuş siyahıda fərdi sahibkar İddiaçı dair məlumat mövcud deyildir) iddiaçı xx.xx.2020-ci il vəziyyətinə fərdi sahibkar kimi mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilir. Hesab edir ki, 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən keçirilən kameral vergi yoxlamasının aparılması, ümumiyyətlə, qanuna uyğun olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən **********747300 saylı, xx.xx.2021-ci il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci il gəlir vergi bəyannaməsinin 1223-cü "Ümumi gəlirlər" sətrində göstərilən 221500 manat məbləğ 200000 manatdan yuxarı olduğundan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17350,28 manat güzəşt hüququndan mikro sahibkarlıq subyekti ola bilmədiyindən istifadə edilə bilməməsi və təqdim edilən bəyannamənin “Xammal və materiallar" (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri" (1226.10-cu), “Rabitə xərcləri" (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (1226.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230- cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər" (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 198366,30 manat) tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi” nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (198356,20 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr)+1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (198356,20 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (198356,20 manat) məbləğin müqayisəsi nəticəsində 10,10 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi üzrə elektron uyğunsuzluqlar yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli **********919600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 3472,08 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********074400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17350,28 manat güzəşt hüququ nəzərə alınmayaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 3 472,08 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********747300 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən ona təqdim edilmiş xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayışa əsasən mikro sahibkarlıq subyektinə aid edildiyini əsas gətirərək, müvafiq güzəştdən istifadə etmək hüququnun olduğunu iddia etmişdir. Bununla bağlı qeyd edir ki, fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsi sətrindən 221 500,00 manat məbləğində gəlir məbləğinin qeyd edildiyi, həmin dövr üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və məcburi dövlət sosial sığorta haqları bəyannamələrinə, əmək müqaviləsi bildirişləri barədə məlumatlara əsasən işçisinin olmadığı müəyyən edilmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il 556 nömrəli Qərarına əsasən işçilərin orta siyahı sayı 10 nəfərə qədər, illik gəliri isə 200000,0 manata qədər olan sahibkarlıq subyektləri mikro sahibkarlıq subyektlərinə aid edilmişdir. Qərara əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin, satışdankənar gəlirlər aid edilir, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı" və “illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Buna əsasən vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: İ.Quliyev). Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin 15 fevral 2022-ci il tarixli, 2-1(118)- 260/2022 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. (hakim: İ.Quliyev). Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2-1(105)-412/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. (hakim: F.Məmmədov). Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: İ.Quliyev). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxs DSK tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilən 17 yanvar 2022-ci il tarixli, 01/3-57 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il vəziyyətinə iddiaçının fərdi sahibkar kimi kateqoriyası mikrodur. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında" 2018-cı il 21 dekabr tarixli, 566 nömrəli Qərarının Qeydlər bölməsinin 4-cü bəndinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Bununla da təsdiq olunur ki, iddiaçı xx.xx.2020-ci il vəziyyətinə mikro kateqoriyasına aid olduğundan, hazırki mübahisələndirilən qərar 2020-ci ilin dövrünü əhatə etdiyindən iddiaçı həmin ildə də dəyişilməz qalaraq mikro sahibkar kateqoriyasına aid olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu xüsusatları nəzərə almamış, maddi və prosessual normaları kobud pozaraq, qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, 2020-ci ilin may ayında Dövlət Statistika Komitəsində iddiaçı barəsində olan məlumatlar əsasında iddiaçı 2019-cu il üzrə mikro sahibkar hesab edilmiş, yoxlama keçirilən 2020-ci ilin noyabr ayında iddiaçı tərəfindən vergi orqanına hesabat təqdim edilmiş, noyabr ayında hesabat ili bitmədiyindən iddiaçı 2020-ci il üzrə də mikro sahibkar olmuşdur. İddiaçının nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirdi ki, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş məktublarda iddiaçının xx.xx.2020-ci il vəziyyətinə mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilməsi qeyd edilmişdir. Lakin bu o demək deyil ki, iddiaçı 2020-ci il üzrə mikro sahibkardır, bu o deməkdir ki, 2019-cu il üzrə mikro sahibkardır. DSK-ya təqdim edilmiş məlumatlarda iddiaçının 2019-cu il üzrə gəliri 173500 manat, 2020-ci il üzrə 221000 manat göstərilmişdir. İddiaçı 2019-cu il üzrə mikro, 2020-ci il üzrə isə kiçik sahibkar olmuşdur. Üçüncü şəxsin nümayəndəsi daha sonra iddiaçı tərəfin sualına cavab olaraq bildirdi ki, hal-hazırda iddiaçının fərdi sahibkar kimi hansı kateqoriyaya aid edilməsi ilə bağlı DSK-yə müraciət edilərsə, inzibati orqan 2021-ci ilin məlumatları əsasında kateqoriyanı müəyyən edəcəkdir, çünki hələ 2022-ci ilin məlumatları DSK-yə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilərinin orta siyahı sayı barədə, Dövlət Vergi Xidməti tərəfindən illik gəliri barədə məlumatlar cari ilin aprelin 20-dək təqdim ediləcək. DSK-nin müəyyən etdiyi mikro sahibkar kateqoriyası növbəti ilin mayın 10-dək qüvvədə olur. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq eidlməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarları. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Vergi Məcəlləsinin 5.0.2-ci maddəsinə əsasən vergi məbləğinin tutulma formalarından biri də gəlir və mənfəət əldə olunmasından sonra bəyənnamə üzrə vergitutmadır. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı tərəfindən vergi orqanına 2020-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamədə ümumi gəlirlər 221.500,00 manat, 198.366,30 manat ümumi gəlirdən çıxılan xərc göstərilərək, 23133,70 manat vergiyə cəlb edilən gəlir göstərilmişdir. Vergi Məcəlləsinin 102.1 və 102.1.30-cu maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin Məcəllənin 106.1 və 106.1.20-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. İşdən görünür ki, iddiaçı tərəfindən, xx.xx.2020-ci il vəziyyətinə mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilməsi əsas gətirilərək, mikro sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirin 75 faizi olan güzəşt hüququndan ( 23133,70 x 75%= 17350,28) istifadə edilərək cəmi 5783,42 manat vergiyə cəlb edilməli olan gəlir bəyan edilmişdir. Cavabdeh tərəfindən isə iddiaçının gəlirinin 75 faizi olan 17350,28 manat güzəşt hüququ nəzərə alınmayaraq 05 avqust 2021-ci il tarixli **********747300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2020-ci il üzrə iddiaçı barəsində 3472,08 manat əlavə gəlir vergi borcu hesablanmışdır. Hazırda iddiaçı həmin qərarı məhkəmə qaydasında mübahisələndirərək ləğv olunmasını xahiş edir. Tələbinin maddi hüquqi əsası kimi iddiaçı sahibkarlıq subyektlərinin bölgüsünün müəyyən edilməsi proseduru və bu bölgünün meyarlarının təsbit edildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı və həmin Qərarla təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları“-na istinad edir. İddiaçı bildirir ki, Qaydalara əsasən, iddiaçının sahibkarlıq statusu cavabdeh tərəfindən ötürülən sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Hazırda da 2019-cu il üzrə mikro kateqoriyası DVX tərəfindən DSX-yə məlumatların ötürüldüyü il ərzində, yəni 31 dekabr 2020-ci il tarixinədək dəyişilməz qaldığından iddiaçı 2020-ci il üzrə də mikro sahibkar olmuşdur. Cavabdeh iddiaçının bu mövqeyi ilə razılaşmır və cavabdeh də həmin Qaydalara istinad edir. Cavabdeh bildirir ki, Qaydalara əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Cavabdehin mövqeyinə görə iddiaçının təqdim etdiyi məlumatlarda işçilərin sayı göstərilmədiyindən, onun illik gəlir meyarı rəhbər tutulmalıdır. Bu zaman isə ən yüksək olan nəzərə alınır. Bəyannamə üzrə iddiaçının gəliri 221500,00 manat məbləğ, yəni 200000,00 manatdan yuxarı olduğundan o mübahisəli dövr üçün mikro sahibkar hesab oluna bilməz. Bir halda ki, iddiaçı həmin dövr üzrə mikro sahibkar olmamışdır, belə olan halda həmin kateqoriyadan olan sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən də yararlanması yolverilməzdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, cavabdehin mövqeyi ilə razılaşmış və qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin illik gəliri onun mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını müəyyən edən əsas kimi müəyyən olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsinin 1223-cü "Ümumi gəlirlər" sətrində göstərilən 221500,00 manat məbləğ 200000,00 manatdan yuxarı olduğundan cavabdeh inzibati orqanın uyğunsuzluq müəyyən edərək, əlavə vergi hesablaması əsaslı olmuşdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarına uyğun olaraq mikro sahibkar statusunu itirmişdir. O, mikro sahibkar statusunu itirdiyinə görə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş meyarlara uyğun olaraq kiçik sahibkar kimi hesabat verməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadla qeyd etmişdir ki, “...istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki, hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X7rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X5 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Hazırki halda da tərəflər arasındakı mübahisəyə aydınlıq gətirilməsi məqsədilə ilk öncə sahibkarlıq subyektlərinin bölgüsünün müəyyən edilməsi proseduru və qaydası və bu bölgünün meyarlarının müəyyən olunması, başqa sözlə hansı meyarlara əsasən sahibkarların bu və ya digər kateqoriyaya mənsubluğu, bu mənsubiyyətin hansı dövr üçün keçərliliyi və son olaraq belə bölgü üçün hansı qurumun məsul olması məsələləri araşdırılmalıdır. Sahibkarlıq subyektlərinin bölgüsünün müəyyən edilməsi proseduru və bu bölgünün meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı və həmin Qərarla təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları“ ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarının: - 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etmək; - 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etmək; - 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” nə ötürülməsini təmin etmək tapşırılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürür, DSK isə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahını hər növbəti il mayın 10-dək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” nə ötürür. Həmin qərarla təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları“ ndan görünür ki, işçilərinin orta siyahı sayı 1–10 nəfərə qədər, illik gəliri 200.000 manatdan aşağı olan sahibkarlıq subyekti ölçüsünə görə mikro sahibkar, işçilərinin orta siyahı sayı 11–50 nəfərə qədər, illik gəliri 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti ölçüsünə görə kiçik sahibkar kateqoriyasına aid edilir. Aparılan dəyərləndirməyə əsasən müəyyən olunur ki, illik gəliri 200.000 manatdan aşağı olan sahibkarlıq subyekti ölçüsünə görə mikro sahibkar, illik gəliri 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti ölçüsünə görə kiçik sahibkar kateqoriyasına aid edilir. İqtisadiyyat Nazirliyi onlara təqdim olunmuş illik gəlirlər barədə məlumatı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürür, sonuncu isə həmin məlumat əsasında sahibkarlıq subyektlərinin bölgüsünün təşkilini aparır. Deməli son nəticə olaraq hər hansı sahibkarın hansı kateqoriyaya aid olması DSK tərəfindən aparılsa da, DSK belə bölgünü şəxsi mülahizələri əsasında deyil, İqtisadiyyat Nazirliyinin həmin sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatı əsasında hazırlayır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 15 dekabr 2020-ci il tarixli məktubda, eləcə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 17 yanvar 2022-ci il tarixli, 01/3-57 saylı məktubda bildirilmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumatlara görə iddiaçı fərdi sahibkar kimi xx.xx.2020-ci il vəziyyətinə mikro, xx.xx.2021-ci il vəziyyətinə isə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edilmişdir. Demək ki, DSK iddiaçının xx.xx.2020-ci il vəziyyətinə mikro sahibkar statusunun olduğu qənaətindədir. Belə olan halda aydınlaşdırılmalı sonuncu mühüm məsələ iddiaçının mikro sahibkar statusunun hansı dövrü əhatə etməsi olmalıdır. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının “Qeydlər” hissəsinin: - 1-ci bəndinə görə illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. - 2-ci bəndinə görə sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. - 3-cü bəndinə görə yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir. - 4-cü bəndinə görə sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Qeyd olunan hüquq normalarının birgə təhlili onu deməyə əsas verir ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dək ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və həmin il ərzində də dəyişməz qalır. İstinad edilən qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək kollegiya qeyd edir ki, Dövlət Vergi Xidməti tərəfindən iddiaçı barəsində 2020-ci il aprelin 20-dək Dövlət Statistika Komitəsinə təqdim edilən məlumatlar əsasında iddiaçı 2019-cu il üzrə mikro sahibkar kateqoriyasına aid edilmişdir. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin hazırlıq icraatı ilə bağlı 14 dekabr 2021-ci il tarixli məhkəmə iclasının protokolu və 23 dekabr 2021-ci il tarixli məhkəmə iclasının protokollarından görünür ki, cavabdehin nümayəndəsi izahatında iddiaçının 2019-cu il üzrə dövriyyəsinin 200.000 manatdan az, həmin il üzrə mikro sahibkar olduğunu və qanunvericilikdə nəzərdə tutulmuş güzəştdən istifadə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sahibkarlıq subyekti kimi 2019-cu il üzrə mikro kateqoriyası DVX tərəfindən DSX-yə məlumatların ötürüldüyü il ərzində, yəni 31 dekabr 2020-ci il tarixinədək dəyişilməz qaldığından iddiaçı 2020-ci il üzrə də mikro sahibkar olmuşdur. Beləliklə, iddiaçı 2020-ci il üzrə də mikro sahibkar kateqoriyasına aid edilsə də cavabdeh orqan qanunvericilikdə həmin kateqoriyadan olan sahibkarlar üçün nəzərdə tutulmuş güzəşt hüququnu nəzərə almayaraq həmin il üzrə iddiaçı barəsində 3472,08 manat əlavə gəlir vergisi borcu hesablamışdır. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Cavabdehin etirazının illik gəliri 200.000,0 manata qədər olan sahibkarlıq subyektlərinin mikro sahibkar hesab edildiyi, vergi ödəyicisinin gəlir vergisi bəyannaməsində isə ümumi gəlir 221.500,00 manat qeyd edildiyindən həmin kateqoriyaya aid olmadığı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının 2019-cu il üzrə mikro sahibkar kateqoriyası 2020-ci il üzrə də dəyişilməz qaldığından onun barəsində 2020-ci ilin məlumatları sonuncunun növbəti il üzrə kateqoriyasının müəyyən edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 avqust 2021-ci il tarixli **********747300 nömrəli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar