Məhkəmə qərarları › İş №2-1(105)-60/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-60/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-60/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndələri X2, X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-2920/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X9 Təhsili Komitəsi tərəfindən verilmiş iyul 1978-ci il tarixli, 1112 nömrəli “diplom” a əsasən iddiaçı 1975-ci il tarixdə Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 1978-ci il tarixdə “avtomatika üzrə çilingər” peşəsi üzrə bitirmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Sumqayıt Boru Prokat Zavodunda (hazırkı "xxxx" ASC) işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC–də işləyir. İddiaçı 18 noyabr 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-X-303573/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Metallurgiya istehsalatı (qara metallar) bölməsinin (İİİ) Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (4) fəhlələr yarımbəndində (a) istehsal prosesində xammalın, yarımfabrikatm və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər (2040400a—1753v), boru və pəstahların kəsiciləri (2040400a—17968) və boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri (2040400a—11235) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda onun xx.xx.1983-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də sazlayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sazlayıcı vəzifəsi sözügedən müəssisənin ona dair 17 avqust 2022-ci il tarixli, 30 nömrəli və 15 noyabr 2023-cü il tarixli, AZB01/384 nömrəli arayışlarında istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən, onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 2 ay 22 gün (xx.xx.1978-xx.xx.1979-cu il və xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, 01 sentyabr 1975-ci il tarixdən 15 avqust 1978-ci il tarixədək Azərbaycan SSR X9 Təhsili Komitəsinin Sumqayıt şəhər 49 nömrəli texniki peşə məktəbində təhsil aldığı dövrü və 04 may 1979-cu il tarixdən 06 may 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövrləri nəzərə almaqla, ona 60 yaşdan, yəni 21 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 1975-ci il tarixdən 17 noyabr 2023-cü il tarixədək 48 ildən çox ümumi iş stajı, 15 ildən çox güzəştli iş stajına malikdir. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Boru Yayma Zavodunun 17 avqust 2022-ci il tarixli 30 saylı arayışına əsasən, o, 15 avqust 1978-ci il tarixdən 23 aprel 1979-cu il tarixədək və 06 iyul 1981-ci il tarixdən 03 fevral 2017-ci il tarixədək Sumqayıt Boru Prokat X8 Emalı sexində soyuq boru kəsicisi, sazlayıcı vəzifəsində işləmiş, göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968, 2040400a-1753v şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı 30 il 2 ay 21 gün (xx.xx.2006-cı il tarixədək 18 il 10 ay 21 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Həmçinin, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı “ona xx.xx.2022- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsi” tələbinə dair 2-1(118)-3762/2022 nömrəli işi olmuşdur. Sonradan həmin iş üzrə icraata xitam verilmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirərək, ona 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-2920/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 29 iyun 2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, 2 nömrəli Siyahıda boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri peşələrinin Metallurgiya (boru) istehsalatı bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr 2 nömrəli Siyahısına uyğun olaraq, o, ümumilikdə, 12 il 6 aydan çox güzəştli iş stajına malikdir. Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi, təhsil, hərbi xidmət illərini hesabladıqda ümumi əmək stajı 25 ildən çoxdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcud deyildir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən "xxxx" ASC-yə verilmiş sorğuya əsasən əldə edilmiş vəzifə təlimatlarına əsasən iddiaçının həmin müəssisədə işlədiyi sazlayıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” göstərilən vəzifələ aid deyildir. Belə ki, həmin siyahıda nəzərdə tutulan vəzifələrin - istehsalat prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun dəyişməsi ilə məşğul olan fəhlələrə və briqadirlərin, boru və pəstahların kəsiciləri, boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirlərinin vəzifə səlahiyyətlərinə nəzər yetirildikdə iddiaçının işlədiyi sazlayıcı peşəsinin adıçəkilən peşələrlə eynilik təşkil etmədiyi aydın şəkildə görünür. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədədir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün 60 yaşına çatması və 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Bununla belə, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının yuxarıda qeyd edilən məlumatlarından müəyyən edilir ki, iddiaçının əmək kitabçası üzrə iş stajı 28 il 01 ay 29 gün (xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində (13 il 06 ay 02 gün) ödənişsiz məzuniyyətdə olduğundan xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlər), hərbi xidmət dövrü 02 il 02 gün (xx.xx.1979xx.xx.1981-ci il), təhsil dövrü 03 il (1975-1978-ci illər) olmaqla, ümumi iş stajı 33 il 02 ay təşkil edir. Həmçinin, cavabdeh iddiaçının "xxxx" QSC–də işlədiyi dövrü də güzəştli iş stajı olaraq mübahisələndirməmişdir. Həmin dövrə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından, eləcə də, "xxxx" QSC tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli, X-Y-2751 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən "xxxx" QSC–də 3-cü istehsal sahəsinin boru yayma sexinin yivaçma sahəsində avtomatik xətlərinin və aqreqat dəzgahlarının sazlayıcısı, yivaçan peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdən avtomatik xətlərinin və aqreqat dəzgahlarının sazlayıcısı peşəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. Güzəştli arayışda həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.8. Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin a) fəhlələr yarımbəndində “boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri” peşəsi ilə eynilik təşkil etdiyi göstərilmişdir. İddiaçının işlədiyi avtomatik xətlərinin və aqreqat dəzgahlarının sazlayıcısı peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıdan görünür ki, həqiqətən də həmin peşə siyahının 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.8. “Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” sahəsinin a) fəhlələr yarımbəndində (boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının "xxxx" ASC-də xx.xx.1983-xx.xx.2017-ci illərdə işlədiyi “avtomatik xətlərin və aqreqat dəzgahlarının sazlayıcı” vəzifəsinin güzəştli arayışda istinad edilən 2 nömrəli siyahının istehsal prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər (2040400a—1753v), boru və pəstahların kəsiciləri (2040400a—17968) və boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri (2040400a—11235) vəzifələrinə uyğun olmadığından həmin dövrün güzəştli staj kimi qəbul edilmədiyini, bu səbəbdən, iddiaçının qanunla tələb olunan 12,5 il güzəştli iş stajının olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçıya məxsus əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Respublikası Sumqayıt Boru Prokat X8 Emalı sexində soyuq boru kəsicisi, xx.xx.1983-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək aqreqat dəzgahlarının sazlayıcısı vəzifəsində işləmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 30 nömrəli güzəştli arayışda iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Boru Yayma X8 Emalı sexində soyuq boru kəsicisi və sazlayıcı vəzifələrində işlədiyi, həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın İİİ bölməsinin 4a yarımbəndinin 2040400a—17968 (boru və pəstahların kəsiciləri) və 2040400a—1753v (istehsal prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər) kodlarına uyğun olduğu göstərilmişdir. Bundan sonra həmin müəssisə tərəfindən qeyd olunan dövrlə bağlı iddiaçı barəsində 15 noyabr 2023-cü il tarixli, AZB01/384 nömrəli izahlı arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, müəssisənin X11 sexi, Boruyayma-2 və boruyayma sexlərində əmək şəraiti ağır və zərərlidir və bu sexlərdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirirlər. İddiaçının işlədiyi “soyuq boru kəsicisi (yivaçan)” peşəsi 2 nömrəli Siyahının “Metallurgiya istehsalatı” bölməsinin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində “boru və pəstahların kəsiciləri” - (2040400a- 17968) peşəsi ilə eynilik təşkil edir. “Avtomat xətlərin və aqreqat dəzgahların sazlayıcı” peşəsi isə Siyahıda birbaşa nəzərdə tutulmasa da, iş şəraiti ağır və zərərli olduğu üçün qeyd edilən peşəni “istehsalat prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər” - (2040400a-1753v), “boru elektrik qaynaq dəzgahlarının sazlayıcı briqadirləri” - (2040400a-11235), “boru və pəstahların kəsiciləri” - (2040400a-17968) peşələrinə uyğunlaşdırmaq olar. Lakin, əmək funksiyaları baxımından qeyd edilən peşə daha çox “soyuq boru kəsicisi (yivaçan)” peşəsi ilə eynilik təşkil edir. Belə ki, X11 (Boruyayma-2) sexinin yivaçma sahəsində soyuq boru kəsicisi (yivaçan) peşəsində çalışan işçilər istehsal olunan polad borulara müxtəlif profilli yivlərin açılması ilə məşğul olurlar ki, bu proses dəzgahlarda kəsici alətlər vasitəsilə həyata keçirilir. Bu dəzgahların idarə olunması üçün isə yivaçan işçilər arasında daha peşəkar olanları sazlayıcı təyin edilir ki, həmin sazlayıcılar da dəzgahların sazlanması ilə yanaşı, polad borulara yivaçma (boruların kəsilməsi) prosesini, eyni zamanda, zay olmuş boruların kəsilərək yenidən yivaçma prosesinə verilməsi funksiyalarını həyata keçirirlər. Göründüyü kimi iddiaçının işlədiyi "xxxx" ASC həmin müəssisədə işləyən “soyuq boru kəsicisi (yivaçan)” və “aqreqat dəzgahlarının sazlayıcısı” vəzifələrinin əmək funksiyalarının faktiki olaraq eyni olduğunu bildirir. Nəzərə almaq lazımdır ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən 29 noyabr 2024-cü il tarixli, AZB01/170 nömrəli məktubla məhkəməyə iddiaçının həmin müəssisənin X11 (Boruyayma-2) sexində işlədiyi “soyuq boru kəsicisi (yivaçan) (mufta şöbəsi)” və “yivaçma sahəsində avtomat xətlərin və dəzgahlarda sazlayıcı” vəzifələrinin vəzifə təlimatları təqdim edilmişdir. Vəzifə təlimatlarından da görünür ki, hər iki vəzifənin vəzifə öhdəlikləri oxşar olmaqla, onlara dəzgahın yoxlanılması və işçi vəziyyətə gətirilməsi (dəzgahların vaxtında sazlanması), istehsal olunan muftanın markasına uyğun kəsici alətlərin seçilməsi, boru istehsalının fasiləsiz təşkili və s. aid edilmişdir. Həmçinin, hər iki vəzifə sahibinin vəzifə öhdəliklərini yerinə yetirməsi üçün bilməli olduğu məsələlər də eynidir (dəzgahda yivaçma rejimini, dəzgahın avtomat və əl ilə idarəetmə sistemlərini, istifadə olunan kəsici alətlərin növlərini bilmək və onlardan dəzgahda düzgün istifadə etmək). Göründüyü kimi iddiaçının işlədiyi yivaçma sahəsində avtomat xətlərin və dəzgahlarda sazlayıcı vəzifəsi əmək funksiyalarının eyniliyi baxımından, soyuq boru kəsicisi (yivaçan) vəzifəsinə uyğundur, sonuncu vəzifə də güzəştli arayışda qeyd edildiyi kimi 2 nömrəli Siyahının “Metallurgiya istehsalatı” bölməsinin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində 2040400a-17968 kodu ilə (boru və pəstahların kəsiciləri) göstərilmişdir. Həmçinin, iddiaçının xx.xx.1978-xx.xx.1979-cu il və xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi soyuq boru kəsicisi (yivaçan) vəzifəsinin cavabdehin özü tərəfindən güzəştli şərtlər pensiya hüququ verən vəzifə kimi qəbul edildiyi də nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2017-ci il tarixədək (xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 13 il 06 ay 02 gün ödənişsiz məzuniyyətdə olduğu dövr istisna olmaqla) 20 il 06 ay 12 günlük dövr ərzində Sumqayıt Boru Prokat X8 Emalı sexində işlədiyi aqreqat dəzgahlarının sazlayıcısı vəzifəsi 2 nömrəli Siyahının İİİ. Metallurgiya istehsalatı (qara metallar) 4-cü “Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” sahəsinin a) fəhlələr bəndinin “boru və pəstahların kəsiciləri” bəndinə uyğun gəlir. Göründüyü kimi, iddiaçının 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(118)-2920/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar