Məhkəmə qərarları › İş №2-1(105)-600/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-600/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-600/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinə qarşı ödənilməyən əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1077/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2000-ci il tarixdən qətnamə qəbul edilən tarixə hər ay 630 manat hesablamaqla 145.530 manat orta aylıq əmək haqqının, istifadə etmədiyi məzuniyyətə görə 16500 manat, cəmi 162.030 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cu ilin aprel ayının 20-dən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirilyi nəzdində olan Baş X3 İdarəsinin Laçın rayon mühafizəsi üzrə 77 saylı X8ndə yanğınsöndürən vəzifəsinə işə qəbul edilmişdir. Qarabağ uğrunda döyüşlər başladığına görə o, xx.xx.1990-cı ildən 1993-cü ilin sonunadək Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Sonra Laçın rayonundan məcburi köçkün düşərək əvvəlcə Bakı şəhərində ayrı-ayrı ünvanlarda yaşamış, sonunda ailəsi ilə birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyində məskunlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı xx.xx.1993-cü il qərarı ilə cavabdeh onu və digər işçiləri öz hesabına məzuniyyətə göndərmişdir. xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək cavabdeh hər ay orta aylıq əmək haqqını ödəmişdir. Cavabdeh 2000-ci ilin fevral ayının 1-dən ödəmələri dayandırmış və bu günədək ona orta aylıq əmək haqqını ödəməkdən imtina edir. Onunla əmək müqaviləsi pozulmadğı halda əmək kitabçasını vermir, hər dəfə orta aylıq əmək haqqının ödəniləcəyi ilə bağlı söz verilir, lakin ödənişlər edilmir. Onun vəzifəsinə uyğun yanğınsöndürən vəzifəsində işləyən şəxs hər ay orta hesabla 630 manat əmək haqqı alır. Əmək haqqı xx.xx.2000-ci il tarixdən qətnamə qəbul edilən tarixə qədər 231x630=145.530 manat edər. Ona görə də, 145.530 manat əmək haqqının cavabdehdən tutulub ona ödənilməsini tələb edir. xx.xx.1990-cı il tarixdən bu günkü tarixədək cavabdehlə əmək münasibətlərində olmasına baxmayaraq məzuniyyətə çıxmamış və bununla bağlı kompensasiya almamışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının verdiyi məlumatlardan bəlli olur ki, o, FHN yaradılanadək DİN-nin tabeliyində olan Baş X3 İdarəsinin (BDYTİ) 77 saylı Laçın rayon X6 əməkdaşı olmuşdur. Həmin hissənin yerləşdiyi ərazi müharibə zonasına çevriləndən sonra hissə fəaliyyətini dayandırmış, əməkdaşlar isə özlərindən asılı olmayan səbəblərdən iş yerlərindən məhrum olmuşlar, lakin arxiv sənədlərində iddiaçı barədə heç bir sənəd və ya məlumat yoxdur. Belə ki, bütün bu sənədlər Laçında yerləşən hissədə saxlanılmış və orada qalmışdır. Bu baxımdan, iddiaçının əmək kitabçasını taparaq ona təqdim edilməsi obyektiv səbəblərdən mümkün deyildir. 2005-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmış və əvvəllər DİN-nin strukturunda olan Baş X3 İdarəsi (BDYTİ) FHN-nin struktur tabeliyinə verilmişdir. Daha sonra FHN-nin strukturu təsdiq olunmuş və keçmiş BDYTİ yeni nazirliyin struktur tabeliyində olan X7 Xidməti olaraq yenidən təşkil edilmişdir. İddiaçının işlədiyi Laçın rayon 77 saylı X8 isə əvvəlki BDYTİ-nin struktur tabeliyində olmuşdur və yeni yaradılmış X7 Xidmətinin strukturunun və ştat sayının təsdiq edilməsi barədə FHN-nin 051 nömrəli xx.xx.2006-cı il tarixli əmrində (surəti əlavə olunur), iddiaçının faktiki olaraq mövcud olmayan iş yeri hesab edilən 77 saylı hissə və xüsusi rütbəsi olmayan (mülki) yanğınsöndürən vəzifəsi nəzərdə tutulmamışdır. Əmək qanunvericiliyinin tələblərinə görə, işçiyə əmək haqqı faktiki iş vaxtına görə tabel əsasında ödənilir və faktiki iş yeri olmayan (işə çıxmayan) işçinin əmək haqqı tələbinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlar işçinin əmək məzuniyyətindən istifadə hüququnun yaranması hallarına da şamil edilir. Belə ki, il ərzində işə çıxmayan işçinin illik əmək məzuniyyəti tələb etməsi üçün heç bir qanuni əsas yoxdur. Ehtimal olunur ki, iddiaçının 2000-ci ilədək ona hər ay ödənilmiş olduğunu bildirdiyi əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 32 nömrəli Qərarının 7-ci bəndində nəzərdə tutulan “orta aylıq əmək haqqı” olmuşdur. Həmin ödənişlərin hazıradək verilməsi tələbi ilə əlaqədar isə bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının özünün qeyd etdiyi kimi, ona son ödənişin 2000-ci ilin fevral ayında edildiyini nəzərə alsalar, o, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Sumqayıt İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(118)-1077/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarından görünür ki, tutduğu vəzifə ləğv edilmişdir. Lakin vəzifənin və ya iş ştatı yerinin ləğv edilməsinin iddia tələbinə heç bir təsiri ola bilməz. Çünki cavabdehlə arasında hüquq münasibətləri davam etməkdədir. Məhkəmə iddia müddətini tətbiq etməklə qanunun tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad edərək pul və digər əmlak tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Sumqayıt İnzibati Məhkəməsi onun cavabdehlə əmək-hüquq münasibətlərdə olmağını sübut edə bilmədiyini ayrıca qeyd etmişdir. Lakin qanunun mənasına görə bütün bunları (hərəkət və hərəkətsizliyi) cavabdeh özü sübut etməlidir. O, işdən azad edilməmişdir, çünki bu barədə əmr və əmək kitabçası verilmədiyinə görə onunla cavabdeh arasında hüquq münasibətləri davam edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri X1 və X5 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsi isə işə baxarkən iddianın mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Hazırkı halda, iddiaçı məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2001ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi DİN Baş X3 İdarəsinin Laçın rayonunun mühafizəsi üzrə 77 saylı X6 yanğınsöndürəni vəzifəsində işləmiş, Laçın rayonunu işğalından sonra Nazirlər Kabinetinin 32 saylı xx.xx.1993-cü il tarixli qərarına müvafiq olaraq xx.xx.2000-ci il tarixə kimi işləməyən şəxs kimi son iş yerindən orta aylıq müavinət almışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2006-cı il tarixli 051 saylı əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin strukturu və ştat sayı təsdiq edilmişdir. Laçın rayon X7 Hissəsinin ştat cədvəlində mülki qaydada yanğınsöndürən vəzifəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Texniki Xidmət və Təchizat Dəstəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 77 saylı Laçın rayon X6 əməkdaşı İddiaçı 1999-2000-ci illər üzrə əmək haqqı barədə arayışı göndərilir və bildirilir ki, İddiaçı 1993- 1998-ci illərə aid əmək haqqı barədə sənədlər işə qəbul işdən xaric əmrləri, şəxsi iş, əmək kitabçası, texniki xidmət və təchizat dəstəsinin arxivində tapılmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı arxiv şəxsi, DİN-in keçmiş X3 İdarəsinin əmrləri və əməkdaşlarının əmək haqqı kartları Nazirliyin arxivinə təhvil verilmədiyindən müraciətin müsbət həlli imkan xaricindədir. Qeyd olunan sənədlərə əsasən iddiaçının xx.xx.2000-ci il tarixdən sonra yanğından mühafizə sistemində işləməsi öz təsdiqini tapmır. Beləliklə, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün hüquqi əsasın olmadığı müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 296-ci maddəsindən görünür ki, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. İşdən isə görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən ona əmək haqqının və xx.xx.1990-cı il tarixdən məzuniyyətə çıxmadığı dövr üçün kompensasiyanın verilmədiyini mübahisələndirərək xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh inzibati orqan onu işə bərpa edəcəklərini və pulunun ödəniləcəyini bildirdiyindən onların sözlərinə inanaraq 2022-ci ilin əvvəlinədək gözləmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində ödənilməyən əmək haqqını və istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsini mübahisələndirmədiyindən iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1077/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinə qarşı ödənilməyən əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar