Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-600/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı direktoru X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-83/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı, Yalama MMBM ilə Xan Yurdu MMC arasında 10 il müddətinə bağlanmış müqavilə əsasında Yalama Meşə mühafizəsi və bərpası müəssisəsinin Yalama meşəbəyliyinin 17 kvartalının 2 və 4 bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədilə 2.0 ha torpaq sahəsi Xan Yurdu MMC-yə ayrılmışdır. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 180 saylı Sərəncamından çıxarışa əsasən Xan Yurdu MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə bağladığı xx.xx.2005-ci il tarixli 270 saylı müqaviləyə əsasən ölkədə turizmin inkişafına köməklik üçün Yalama Meşəsinin 17-ci kvartalının 4-cü bölməsində icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizm məqsədilə mövsümi istirahət evlərinin tikintisinə icazə verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2012-ci il tarixli, 241 a saylı istismara qəbul aktı ilə Xaçmaz rayon ərazisində yerləşən fərdi istirahət düşərgəsi obyekti istismara qəbul edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizim və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilə"nin 2-ci bəndində əsaslı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Bundan əlavə, talvar və camaşırxana binası ərizənizə əlavə olunmuş layihəyə uyğun inşa edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/6272 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan obyektin faktiki vəziyyətdə olan texniki parametrləri ilə həmin obyekt üzrə baxış zamanı müəyyən edilmiş məlumatlar (ölçüləri sahəsi, planlı yerləşməsinə s.) müqayisə edilərkən Xaçmaz rayonu, Nabran kəndi ərazisində (keçmiş Yalama MMBM, indiki Quba RMTM-nin Xudat meşəbəyliyinin 1 saylı dolayının 17-ci kvartalının 2 və 4-cü bölməsində) yerləşən istirahət mərkəzindəki talvar və camaşırxana binasının həmin tikililərə dair tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xan Yurdu" MMC ilə Yalama MMBM arasında "Meşə fondu sahələrindən elmi-təhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə" dair 20 may 2015- ci il tarixli 35 nömrəli Müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Yalama meşəbəyliyinin 17 kvartalının 2 və 4 bölməsindən məşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü sahədən istirahət-rekreasiya məqsədilə 2,0 ha sahə ayrılmışdır. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 27 may 2007-ci il tarixli, 180 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə bağladığı 17 oktyabr 2005-ci il tarixli 270 saylı müqaviləyə əsasən ölkədə turizmin inkişafına köməklik üçün Yalama Meşəsinin 17-ci kvartalının 4-cü bölməsində icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizmin inkişafı məqsədi ilə istirahət evlərinin tikintisinə icazə verilmişdir. O cümlədən 2012-cİ ilin 30 oktyabrında tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 241 A saylı Aktı mövcuddur. Daha sonra həmin sahədə tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişəm. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli imtina məktubu ilə ərizəmin icrasından imtina olunmuşdur. Bildirilmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş "Meşə fondu sahələrindən elmitəhqiqat mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə" dair müqavilənin 2-ci bəndində tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Xaçmaz Rayon İcra Hakimiyyət başçısının 27 may 2007-ci il tarixli 180 saylı sərəncamından Çıxarışa əsasən, ölkədə turizmin inkişafına köməklik üçün Yalama meşəsinin 17-ci kvartalının 4-cü bölməsində icarəyə götürülən 1 ha torpaq sahəsində turizm məqsədilə tikintiyə icazə verilmiş və əvvəlki tikililər də layihənin baş planı ilə öz təsdiqini tapmışdır. Həmin ərazidə tikililər layihə-smeta sənədlərinə uyğun tikilmiş, ən əsasında layihənin baş planında talvar və camaşırxana nəzərdə tutulmuşdur. Reyestr xidmətinin istinad etdiyi digər bir bəhanə tərəflər arasında bağlanmış 2-ci bəndində tikinti işlərinin aparılması nəzərdə tutulmasını göstərmişdir. Əgər belə bir qayda mövcud idisə məhkəməyə təqdim olunmuş aktın 3-cü vərəqinin 8-ci abzasında göründüyü kimi həmin aktdakı imzalardan biridə Ekologiya Nazirliyinin nümayənədəsinə məxsus imzadır. Bu qanunsuz olduğu halda nəyə görə imzalanırdı. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanm əsasları dəqiq göstərilsə də, qeyd edilən əsaslardan cavabdeh inzibati orqan ərəfindən hansına istinad etdiyini müəyyən edə bilməmişdir. Halbuki, "İnzibati icraat laqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla nəcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl əlunmasmı təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. İddiaçı yazılı mülahizəsində qeyd etmişdir ki, İddiaçı MMC ilə Yalama MMBM arasında “Meşə fondu sahələrindən elmi-təhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə 11 dair 20 may 2015-ci il tarixli 35 nömrəli Müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Yalama meşəbəyliyinin 17 kvartalının 2 və 4 bölməsindən məşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə Örtülü sahədən istirahət-rekreasiya məqsədilə 2,0 ha sahə ayrılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 27 may 2007-ci il tarixli, 180 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə bağladığı 17 oktyabr 2005-ci il tarixli 270 saylı müqaviləyə əsasən ölkədə turizmin inkişafına köməklik üçün Yalama Meşəsinin 17-ci kvartalımn 4-cü bölməsində icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizmin inkişafı məqsədi ilə istirahət evlərinin tikintisinə icazə verilmiş və əvvəlki tikililər də layihənin baş planı ilə öz təsdiqini tapmışdır. O cümlədən 2012-ci ilin 30 oktyabrında tikintisi başa çatmış obyektin istisamara qəbul edilməsi haqda qəbul komissiyasının 241 A saylı Aktı mövcuddur. Daha sonra həmin sahədə tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli imtina məktubu ilə ərizənin icrasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş “Meşə fondu sahələrindən elmitəhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə14 dair müqavilənin 2-ci bəndində tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Cavabdehin imtinası tamamilə qanunsuzdur. Turizim və rekreasiya yaşayış məntəqələrinin torpaqlarının tərkib hissəsinə aitdir. Ona görə də hesab edir ki, turizim və rekreasiya məqsədilə icarə hüquqları əsasında müəssisənin istifadəsində olan meşə fondunun torpaqlarında tərəflərindən inşa edilmiş koteclərin üzərində mülkiyyət hüquqları qeydə alınmalıdır. Bundan əlavə həmin məcəllənin (ARTM) 28-ci maddəsinə əsasən əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşə-parklarm, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud İstifadə hüququ) əsasında istifadə olunur. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı fəaliyyət qadağan edilir. Bu maddənin mətnindən də tam bəlli olur ki, əhalinin istirahətinin təşkili üçün turizim torpaqlar turizm və rekreasiya torpaqları sayılır və bu torpaqlar üzərində istirahət evlərinin tikilməsi icarədarın hüququdur və həmin tikintilər yerləşdiyi torpaq sahəsinə aitdir. Yalama MMBM ilə bağlanmış “Meşə fondu sahələrindən elmi-təhqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsinə11 dair 20 may 2015-ci il tarixli 35 nömrəli müqavilənin 2-ci bəndində tikinti işlərinin apanlmaması qeyd edilmiş, lakin həmin şərt qanunvericiliyin müvafiq normalarının tələbinə ziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizim və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilə"nin 2-ci bəndində əsaslı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Bundan əlavə, talvar və camaşırxana binası ərizənizə əlavə olunmuş layihəyə uyğun inşa edilməmişdir. Üçüncü şəxsin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxs iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə əsasən meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Eyni zamanda, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə görə Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir, meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Odur ki, meşə fondu sahələrinin turizm-rekreasiya məqsədilə istifadəyə verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları" ilə tənzimlənir. Həmin qaydalara əsasən bu məqsədlə meşə istifadəçisi ilə forması Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş müqavilə bağlanılır. Beləliklə, mövcud qanunvericiliyin tələblərinə görə meşə fondu sahələri üzərində hər hansı fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun tanınmasına və onların adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsinə icazə verilmir. Habelə, qanunvericiliyin yol verdiyi həddə meşə fondu torpaqlarının bərpası məqsədilə icarə, eyni zamanda elmi-tədqiqat, mədəni- sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə fondu torpaqları üzərində əsaslı tikintilərin quraşdırılmasına qadağa mövcuddur. Bundan əlavə iddiaçının ərizəsinə əlavə etdiyi Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 180 saylı sərəncamından çıxarışda İddiaçı MMC-yə istirahət evlərinin tikintisinə icazə verilmişdir. Qeyd edilməlidir ki, meşə fondu torpaqları dövlətin müstəsna səlahiyyətindədir və onun hüquqi vəziyyətinin tənzimlənməsi yuxarıda göstərilən normativ hüquqi aktlara əsasən səlahiyyət bölgüsü ilə mərkəzi icra hakimiyyəti olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Meşə fondu torpaqlarında əsaslı tikinti işlərinin aparılmasının qadağa olunması tələbini də nəzərə alaraq, bildirilməlidir ki, icra hakimiyyəti orqanlarının müvafiq sahədə hər hansı qərar və ya sərəncam vermək səlahiyyəti mövcud deyildir. Nəticə olaraq, Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 180 saylı sərəncamı onun səlahiyyətləri xaricində olduğu üçün etibarsız sayılır. İddia tələbində iddiaçı tərəfin əsaslandığı digər sənəd olan xx.xx.2012-cı il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı"nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının da imzası olduğu üçün Nazirliyin müvafiq tikintilərə razılığının olduğu bildirilmişdir. Sözügedən aktda imzası olan Hüseyn Adıgözəlov həmin dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olmuşdur. Göründüyü kimi meşə fondu torpaqlarının istifadəsi sahəsində səlahiyyətli qurum Meşələrin İnkişafı Xidməti təyin olunmuşdur. Nazirliyin digər qurumu olan Regional Ekologiya və X3 müvafiq sahədə hər hansı hüquqmüəyyənedici sənədə imza çəkmək və bu sahədə siyasəti formalaşdırmaq səlahiyyəti yoxdur. Meşə fondu torpaqlarında hər hansı əsaslı tikintinin aparılması qanunvericiliyə zidd olduğu üçün iddiaçı tərəfin göstərdiyi sənədlərin də heç bir qanuni qüvvəsi mövcud deyildir. Eyni zamanda həmin tikintilər üzərində iddiaçının mülkiyyət hüququnun tanınması dövlətin bu sahədə olan maraqlarına ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-83/2024 nömrəli nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bu isə tikintiyə icazə vermiş inzibati orqanın müvafiq qərarının qanunsuz olmasından irəli gəlmişdir. Cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Meşə fondu torpaqları dövlətin müstəsna mülkiyyətindədir və meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi imperativ qaydada qadağan edilir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətləri və imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də iddia rədd edilməlidir. İş materiallarından görsənir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mübahisə predmeti olan qeyri yaşayış sahəsinin tikintisinə xeyli miqdarda vəsait xərcləmişdir. Eyni zamanda səlahiyyətli orqanlardan müvafiq razılıqlar əldə etdiyi üçün tikililərə mülkiyyət hüququ əldə etməsi üçün qanuni gözləntiləri vardır. Hazırkı iddianın təmin edilməməsi isə onun hüquqlarının pozulması ilə nəticələnir. Bu vəziyyətin yaranmasına əsas səbəbkar tikintiyə icazə verən inzibati orqanın qanunsuz hərəkətləri və qərarları olmuşdur. İnzibati məhkəmə icraatında məhkəmə tərəflərə hüquqi yardım etməli və mümkün hüquq müdafiə vasitələrini izah etməlidir. Hazırkı iddianın rədd edilməsinin əsasını cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olmaması təşkil edir. Lakin iddiaçının torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq hüquq müdafiə vasitələrindən istifadə etməsi, bu mümkün olmadıqda isə müvafiq inzibati orqanlardan ziyana görə kompensasiya tələb etməsi istisna edilmir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, prossesual və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin etirazlarını olduğu kimi qərarda əks etdirmiş, həmin etirazlarla razılaşdığını qeyd etsə də, özünün hüquqi mövqeyini əsaslandırmamışdır. Məhkəmə özünün təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6272 saylı ekspert rəyinə subyektiv mövqe nümayiş etdirmişdir. Belə ki, həmin rəydə qeyd olunur ki, müəyyən edilən tədqiq olunan obyektin faktiki vəziyyətdə olan texniki parametrləri ilə həmin obyekt üzrə baxış zamanı müəyyən edilmiş məlumatlar (ölçüləri sahəsi, planlı yerləşməsinə s.) müqayisə edilərkən Xaçmaz rayonu, Nabran kəndi ərazisində (keçmiş Yalama MMBM, indiki Quba RMTM-nin Xudat meşəbəyliyinin 1 saylı dolayının 17-ci kvartalının 2 və 4-cü bölməsində) yerləşən istirahət mərkəzindəki talvar və camaşırxana binasının həmin tikililərə dair tərtib edilmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir. Göründüuyü kimi iddiaçı səlahiyyətli orqanların razılığı ilə tikinti işləri aparmış, həmin tikililər müvafiq olaraq istismara qəbul edilmişdir. Lakin məhkəmə rəylə bağlı hesab etmişdir ki, iddiaçı tərəfindən əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bu isə tikintiyə icazə vermiş inzibati orqanın müvafiq qərarının qanunsuz olmasından irəligəlmişdir. Bununla bağlı xüsusi olaraq vurğulayırıq ki, sözügedən ərazidə istirahət evlərinin tikintisinə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 180 saylı sərəncamı ilə icazə verilmişdir. Həmin sərəncam, eləcə də, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 241 a saylı Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı nə Xaçmaz Rayon İcra Hakimiyyətinin özü, nə cavabdeh, nə üçüncü şəxs, nə səlahiyyətli yuxarı orqan, nə də məhkəmə qaydasında mübahisələndirilməmiş və ləğv edilməmiş, bu gün də öz hüququ qüvvəsini saxlayırlar. Belə olan təqdirdə, Xaçmaz Rayon İcra Hakimiyyətinin hüquqi qüvvədə olan aktını qanunsuz hesab edən məhkəmə, iddia tələblərindən kənara çıxaraq, prosessual qanun pozuntusuna yol vermişdir. Belə ki, sözügedən mübahisə üzrə hakimə iddia tələblərindən kənara çıxmağa imkan verə bilən müstəsna hallarda qanunda nəzərdə tutulmamışdır. Lakin hakim qanunda göstərilən müstəsna hallardaiddiatələblərindən kənaraçıxa bilər. Daha sonra məhkəmənin üçüncü şəxsin etirazına istinad edərək xx.xx.2012-ci il tarixli 241 a saylı Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktında olan imzanın Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq olmayan qurumu tərəfindən imzalanması barədə mövqeyi də əsassızdır. Belə ki, sözügedən mübahisə üzrə xx.xx.2012-ci il tarixli 241 a saylı Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktında olan imzanın Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına məxsusuluğu Xidmət tərəfindən qəbul edilir. Xidmət Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə yaradıldığından, həmin Akta imza olunan tarixdə, yəni 2012-ci ildə Xidmət və onun məktubda istinad edilən səlahiyyətləri mövcud deyildi. Həmin vaxt Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə ilə tənzimlənirdi. Ona görə də, Ekologiya və TəbiiSərvətlər Nazirliyinin əməkdaşının Akta imza etməsinin səlahiyyəti olmaması barədə Xidmətin mövqeyi əsassız və qanunsuzdur. Bundan əlavə, nəzərə alınmalıdır ki, həmin Akta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun möhürü də vurulmuşdur ki, bu da ayrıca bir əməkdaşın deyil, həmin dövlət qurumu tərəfindən sözügedən obyektin istismara qəbulunun rəsmi təsdiqidir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 28-ci maddəsində turizm və rekreasiya təyinatlı torpaqlarla bağlı məsələlər təmzilənir. Həmin maddənin tələbinə əsasən: 1. Əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiyatəyinatlı torpaqlar sayılır. 2. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir. 3. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasındaistifadə olunur. 4. Turizm və rekreasiyatəyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı fəaliyyət qadağan edilir. Göründüyü kimi, bu normanın tələbinə əsasən turizm və rekreasiya təyinatlı torpaqlarda digər təyinatlı tikililərlə yanaşı, istirahət evlərinin, pansionatların, kempinqlərin də yerləşməsinə icazə verilir. Bir qayda olaraq, istirahət evləri, pansionatlar və kempinqlər çadır tipli və ya sökülübyığılan yüngül konstruksiyalı qurğulardan deyil, daha möhkəm formadainşaedilirlər. Odur ki, üzərində mülkiyyət hüquqlarının əldə olunmasını istədiyimiz tikililər meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol verilmədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə tərəfimizdən inşaedilmişdir. Bununla bağlı bir şeyi də qeyd etməyi vacib hesab edirik ki, Xidmət tərəfindən nümunəvi formada hazırlanmış və bzimlə də eyni formatda bağlanılmış 20 may 2015-ci il tarixli 35 saylı Müqavilənin 2.1-ci bəndininin “əsaslı tikinti aparmadan” hissəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 28-ci maddəsinin 2-ci bəndi ilə ziddiyyət təşkil etdiyindən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinə əsasən həmin hissəyə münasibətdə Torpaq Məcəlləsinin müvafiq norması tətbiq edilməlidir. Digər tərəfdən, bizim iddia tələbimiz torpaq sahəsinin özünün təyinatının dəyişdirilməsi və ya özəlləşdirilməsi ilə bağlı olmadığından Xidmətin qanunla qorunan mənafelərinə toxunmur və zidd deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı direktoru X4 və iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 49 2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 60 1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Azərbaycan Respublikasının Meşə Məcəlləsi: Maddə 8. Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Maddə 11. Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Maddə 14.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir. ... “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 1.0.1 dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 4.0. Bu Qanun aşağıdakılara şamil edilmir: 4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla)..... Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Maddə 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsində inşa edilmiş qeyr-yaşayış sahəsi üzrərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizim və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilə"nin 2-ci bəndində əsaslı tikinti işlərinin aparılması nəzərdə tutulmamış, bundan əlavə, talvar və camaşırxana binası ərizənizə əlavə olunmuş layihəyə uyğun inşa edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti arasında müşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən istirahət rekreasiya məqsədilə 2,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmçinin, həmin müqaviləyə əsasən istifadəçi itifadəçi qismində çıxış edən iddiaçı müəyyən edilmiş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etmək, , habelə qurğuların, abadlaşdırılma işlərinin və nəzərdə tutulan və s. işlərin layihələrinin razılaşdırılaraq, təsdiq olunması vəzifəsini öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanın sərəncamı ilə iddiaçıya icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizm məqsədilə mövsümi istirahət evlərinin tikintisinə icazə verilmişdir. Bundan əlavə, həmin tikintinin layihəsi tərtib edilmiş, tikintinin istismara qəbul edilməsinə dair akt tərtib edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş məktubun məzmununda meşə fondu torpaq sahələrinə dair mülkiyyət hüququnun tanınmasına icazə verilməməsi, habelə qanunvericiliyin yol veridyi həddə həmin torpaq sahələrindən icarə, elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə fondu torpaqları üzərində əsaslı tikintilərin quraşdırılmasına qadağa mövcuddur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı həmin torpaq sahəsində qanunvericiliyin tələbinə əməl edilməklə tikinti apardığından, həmin tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir.Cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilənin şərtlərində əsaslı tikinti işlərinin aparılmasının nəzərdə tutulmaması halına istinad edərək, imtina etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunveriiclik normalarının tələbinə əsasən meşə fondu torpaq sahələri qanunla müəyyən edilmiş qaydada və şərtlərdə şəxslərin istifadəsində verilə bilər və bu cür istifadə məhz müvafiq qaydalarda ehtiva olunan icarə müqaviləsi ilə rəsmişləşdirilməklə, istifadə şərtləri də məhz müqavilə ilə müəyyən edilir. İndiki halda tərəflər arasında meşə fondu torpaq sahəsindən istifadə edilməsinə dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçının öhdəliyi kimi müqavilənin predmeti olan torpaq sahəsində istirahət-rekreasiya məqsədilə istifadə edilməsi və həmin məqsədə uyğun olaraq əsaslı tikinti işləri aparmadan, yüngül konstruksiyalı qurğulardan istifadə etmək qeyd edilmişdir. Göründüyü kimi, müvafiq müqaviləyə əsasən həmin torpaq sahəsində əsaslı tikinti işlərinin aparılmaması iddiaçının üzərinə qoyulmuş öhdəlik kimi nəzərdə tutulmuşdur. İndiki halda isə iddiaçının iddia tələbi məhz həmin torpaq sahəsində həyata keçirdiyi əsaslı tikinti işlərinin nəticəsi ilə bağlı olmuşdur, hansı ki, müvafiq müqavilə ilə iddiaçıya həmin işlərin görülməsi qadağan edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesba edir ki, birinci instansiya məhkəməsi tərəindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, müqvailə şərtlərinə əsasən sözügedən torpaq sahəsində icazə verilən qurğuların və digər işlərin layihəsinin razılaşdıralaraq, təsdiq edilməsi iddiaçının götürdüyü öhdəlik kimi qeyd edilmişdir. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən icarə müqaviləsi mülki-hüquqi xarakterli əqd olmaqla, tərəflər üçün müəyyən hüquqi nəticələrə səbəb olur, həmin müqavilə üzrə məhz tərəflər hüquq və vəzifələrə malik olur. İndiki halda isə həmin müqavilənin tərəfləri qismində icarəyəverən kimi Meşələrin İnkişafı Departamenti (indiki halda Meşələrin İnkişafı Xidməti), icarəçi kimi iddiaçı çıxış etmişdir. iddia tələbində qeyd edilən tikilinin layihəsi ilə bağlı müqvailənin tərəfi kimi icarəyəverən qismində çıxış edən Meşələrin İnkişafı Departamenti (indiki halda Meşələrin İnkişafı Xidməti) ilə iddiaçı arasında belə bir razılaşdırmanın olması və bu razılaşmaya dair sənədləşdirmə işlərinin aparılması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda icarəyəverən tərəfindən həmin tikinti işlərinin aparılması ilə bağlı hər hansı razılığı və bu razılığa dair sənədləşmə işlərinin aparılması halı mövcud olmadığından, habelə müqavilə üzrə əsaslı tikinti işlərinin aparılması qadağan olunduğundan, indiki halda da icarəyə verən tərəfindən belə bir razılığın olması halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən iddia tələbinin və şikayətin əsası kimi həmin tikilinin qanunvericiliyin tələbinə uyğun olaraq inşa edilməsi (tikintiyə icazə alınması, istismara dair qəbul aktının təsdiq edilməsi) ilə bağlı istinad etdiyi hallar əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının şikayətin dəlili kimi istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, indiki halda müqavilə predmetini məhz meşə fondu torpaq sahəsindən istifadə ilə əlaqədar münasibətlər təşkil etdiyindən, habelə mübahisəli hüquq münasibətləri məhz həmin müqavilə predmeti ilə bağlı olduğundan, meşə fodnuna aid torpaq sahələrindən istifadə qaydaları isə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin qeyd edilən norması ilə deyil, məhz müvafiq qaydalarla tənzim edildiyindən həmin normanın hazırki mübahisə üzrə tətbiq edilməsi ilə bağlı istinad etdiyi dəlilləri də əsassız olmuşdur. Qeyd edlən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-83/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-600/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-600/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver