Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-601/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-539/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Qafan kəndində anadan olmuşdur. Sumqayıt şəhəri, 9-cu mkr., ev 10/27, mənzil 29-da qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftximmaş” İB 2 saylı Təmir Tikinti İdarəsində çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Sumqayıt şəhər Tramvay-Trolleybus İdarəsində trolleybus sürücüsü, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt şəhər Nəqliyyat Departamentində trolleybus sürücüsü işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 22 yanvar 2021-ci il tarixli, **********3 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48001,48 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44955,79 manat təşkil edir. Daha sonra iddiaçı 22 iyun 2021-ci il tarixli təkrarən cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan 27 iyul 2021-ci il tarixli, **********9 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi filiala təqdim edilən 11 sentyabr 1980-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 9 ay 13 gün (xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984xx.xx.1985, xx.xx.1985-xx.xx.2003), güzəştli iş stajı isə 4 il 2 ay 5 gündür (xx.xx.1987xx.xx.1989, xx.xx.1989 - xx.xx.1992). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. O, xx.xx.1979-xx.xx.1980-ci illərdə X1 təhsil almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftximmaş” İB 2 saylı Təmir Tikinti İdarəsində çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhər Tramvay-Trolleybus İdarəsində və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt şəhər Nəqliyyat Departamentində trolleybus sürücüsü işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-11206/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-539/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b" bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2-ci və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 9 ay 13 gün (xx.xx.1980-xx.xx.1981, xx.xx.1981- xx.xx.1983, xx.xx.1984-xx.xx.1985, xx.xx.1985xx.xx.2003), güzəştli iş stajı isə 4 il 2 ay 5 gündür (xx.xx.1987-xx.xx.1989, xx.xx.1989 xx.xx.1992). “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 25 ili və gözəştli iş stajı olan 12 il 6 ayı yoxdur. Bu mənada “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Qeyd edir ki, “Əmək pensiyaları haqqında“ Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında“ Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48001,48 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44955.79 manat təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçıya məxsus əmək kitabçasının xx.xx.2003-cü il tarixdən sonrakı dövrə aid hissəsi cavabdeh inzibati orqana təqdim edilməmişdir, bu səbəbdən, həmin dövr staja daxil edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, əmək kitabçasına görə iddiaçı xx.xx.2003-cü ildə idarənin ləğv edilməsi ilə əlaqədar işdən azad edilsə də, elə həmin tarixdə yeni yaradılan Nəqliyyat Departamentinə trolleybus sürücüsü işinə qəbul edilmiş və həmin funksiyanı yerinə yetirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi əmək kitabçasının həmin hissəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilmədiyindən həmin dövrün onun ümumi iş stajına hesablanmadığını bildirmişdir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin müddəalarına əsasən 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin Siyahıya görə trolleybus sürücüsü peşəsi 23004000-11462 şifrə altında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf imtina məktubunda və iddia ərizəsinə etirazında iddiaçının xx.xx.1987xx.xx.1989-cu və xx.xx.1989-xx.xx.2006-cı illərdə trolleybus sürücü işlədiyi dövrün yalnız 4 il 2 ay 5 günlük dövrünü xüsusi staj kimi qəbul etmişdir. Cavabdehin nümayəndəsi qalan müddətin hansı səbəbdən xüsusi staj kimi qəbul edilməməsi səbəbini izah edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının 25 il 7 aydan çox ümumi, o cümlədən 16 il 7 ay xüsusi staja malik olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 12 oktyabr 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (22 il 9 ay 13 gün (xx.xx.1980xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985, xx.xx.1985-xx.xx.2003), güzəştli iş stajının isə 4 il 2 ay 5 gün olduğunu (xx.xx.1987-xx.xx.1989, xx.xx.1989xx.xx.1992) və tələb olunan pensiya kapitalını toplamadığını qeyd etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının xx.xx.2003-cü il tarixdən sonrakı dövrə aid hissəsi cavabdeh inzibati orqana təqdim edilməmişdir, bu səbəbdən, həmin dövr staja daxil edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir: İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftximmaş” İB 2 saylı Təmir Tikinti İdarəsində çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Sumqayıt şəhər Tramvay-Trolleybus İdarəsində trolleybus sürücüsü, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt şəhər Nəqliyyat Departamentində trolleybus sürücüsü işləmişdir. (23 il 02 ay 17 gün). İşdə olan iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 22 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhər Tramvay Trolleybus parkına 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdən köçürmə yolu ilə 3-cü sinif trolleybus sürücüsü işinə keçirilmiş, xx.xx.1989-cu il tarixdən köçürmə yolu ilə 3cü dərəcəli çilingər işinə keçirilmiş, xx.xx.1989-cu il tarixdən köçürmə yolu ilə BSD-yə 3-cü sinif trolleybus sürücüsü işinə keçirilmiş, xx.xx.1992-ci il tarixdən 2-ci sinif trolleybus sürücüsü işinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə idarənin ləğvi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə ENX sahəsində trolleybus sürücüsü işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdən ştat cədvəlinin dəyişməsinə əsasən 6-cı dərəcəli (2-ci sinif) trolleybus sürücüsü təyin edilmiş, xx.xx.2006-cı il tarixdən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə Sumqayıt Tramvay Trolleybus İdarəsində işləmiş, xx.xx.1992-ci il tarixdən trolleybus sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının XXVİİİbölməsi 23004000-11462 şifri üzrə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir. Beləliklə, həm iddiaçıya məxsus əmək kitabçasından, həm də yuxarıda qeyd olunan arayışdan göründüyü kimi, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Sumqayıt şəhər Tramvay Trolleybus parkında trolleybus sürücüsü, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək ENX sahəsində trolleybus sürücüsü vəzifəsində işləmişdir. İddiaçının bu vəzifədəki sığorta stajı 17 il 07 ay 09 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıdan görünür ki, iddiaçının Sumqayıt şəhər Tramvay Trolleybus parkında və Sumqayıt şəhər Nəqliyyat Departamentində işlədiyi şəhər elektrik nəqliyyatında trolleybus sürücüsü peşəsi Siyahının 23004000 kodlu XXVİİİ bölməsinin 23004000—11462 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh orqan dəlillərində iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi, ümumilikdə, 4 il 2 ay 5 gün dövrünü iddiaçının güzəştli iş stajı kimi müəyyən etmiş, qalan müddətin hansı səbəbdən güzəştli iş stajına daxil edilə bilməməsini əsaslandırmamış, cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahatında bunun səbəbini izah edə bilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında iddiaçının xx.xx.1987-cu il tarixdən xx.xx.1989-cu il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.2006cı il tarixədək trolleybus sürücü işlədiyi dövrün hansı səbəbdən yalnız 4 il 2 ay 5 gün dövrünün xüsusi staj kimi qəbul edilməsinin səbəbini bilmədiyini qeyd etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya ödənilməsini mümkünsüz edən digər hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir. Lakin cavabdehin bu dəlili əsasızdır. Çünki iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalının olması tələb olunmur. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 12 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-539/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-601/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-601/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver