Məhkəmə qərarları › İş №2-1(105)-602/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-602/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-602/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “özünün və ailə üzvlərinin 2017-ci ilin yanvar ayından hazıradək almadığı yemək xərclərinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iş üzrə açar sözlər: “çörək pulunun ödənilməsinin bərpasına dair” Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “özünün və ailə üzvlərinin 2017-ci ilin yanvar ayından hazıradək almadığı yemək xərclərinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-524/2021 saylı qərarından İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə, həyat yoldaşına və oğluna 2017-ci ilin yanvar ayından indiyə qədər çörək pulunun alınmasının bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cu ildə məlum hadisələrlə bağlı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və hazırda ünvan 1 ünvanında məskunlaşmışlar. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən ailə üzvləri ilə birlikdə 1993-cü ildən yemək xərci (çörək pulu) almışdır. Həmin pulu 1993-cü ildən 2016-cı ilin dekabr ayına qədər almışlar, lakin 2017-ci ilin yanvar ayından pulun ödənilməsi dayandırılmışdır. Belə ki, ona və ailə üzvlərinə hər ay 60 manat, ümumilikdə 180 manat olmaqla çörək pulunu verməkdən imtina edilmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə müraciət etmiş və həmin müraciəti Zəngilan rayon İcra Hakimiyətinə göndərilmiş, lakin oradan da ona imtina cavabı verilmişdir. Buna əsas olaraq cavabdeh onun adına mənzilin qeydə alındığına istinad edərək müraciətini təmin etməkdən imtina etmişdir. Həmin mənzil onun baldızı X3 məxsus olmuş, 2006-cı il tarixdə mənzil baldızının xahişinə əsasən onun adına alınmış və 2017-ci ildə bağışlama müqaviləsinə əsasən onun tərəfindən baldızının adına keçirilmişdir.

3. İddiada o da vurgulanır ki, İddiaçı Qarabağ müharibəsinin 1992-1993-cü illərdə iştirakçısı olmuş və 4 ilə yaxındır ki, özü və ailə üzvləri dövlətin qanununa əsasən onlara düşən hər ay adama 60 manat çörək pulunun verilməsindən məhrum olmuşlar.

4. İddiaçı tərəfindən 12.03.2021-ci il tarixdə rəsmi qaydada məhkəməyə göndərilmiş iddia ərizəsinə əlavədə bir məcburi köçkün kimi Cavabdeh tərəfindən onun və ailə üzvlərinin kobud şəkildə pozulmuş hüquqlarının müdafiəsini xahiş etməklə onu da vurğulamışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəməyə ünvanladığı iddia tələbinə etiraz ərizəsində işə səthi yanaşaraq Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununu özlərinə sərf edən qaydada şərh edirlər. Halbuki mülkiyyəti kimi qələmə verilən mənzil onun yox, baldızı X2 olmuş, sonuncunun xahişi ilə bir neçə il müddətinə onun adına qeydiyyata alınmış və həmin müddət başa çatdıqdan sonra onun adından çıxarılmışdır. Nəticədə sözü gedən təşkilatlar məsələni kökündən araşdırmadan bütöv bir məcburi köçkün ailəsini uzun müddətdir ki, dövlətinin onun ehtiyac içində üzülməməsi üçün təyin etdiyi yardımdan məhrum etmişdir.

İddiaya qarşı etirazın dəlilləri

5. İddiaya qarşı cavabdeh etiraz təqdim etməmişdir.

a) 3-cü şəxsin etirazları

6. İş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən iddia tələbi “çörək pulunun bərpası” qismində qeyd edilsə də, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırda məcburi köçkünlərə “çörək pulu” formasında heç bir müavinət ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi həyata keçirilir. Aparılmış araşdırma zamanı İddiaçı xüsusi mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olması müəyyən olunmuşdur. Bildirilir ki, iddiaçının sözügedən yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə ona və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydaların 2.1-ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirilmişdir. Göründüyü kimi məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndinin tələbinə müvafiq olaraq iddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, iddaçı İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, 1-ci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslər) statusu haqqında” QanununuN 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Həmçinin bildirilir ki, AZE seriyalı 16940816 nömrəli şəxsiyyət vəsiqəsi əsasən 15.06.1966-cı il təvəllüdlü iddiaçının həyat yoldaşı X4 və iddiaçının oğlu AZE seriyalı 15201292 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən 24.01.1989-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatmış fiziki şəxsdirlər. Odur ki, X4 və X5 tam fəaliyyət qabiliyyətli olduqlarından məhkəmə prosesində iddiaçı qismində özləri çıxış etməli və ya onların adlarından hazırki iddia tələbinin irəli sürülməsi üçün etibarnamə təqdim olunmalıdır. İddiaçı çörək pulunun bərpasına dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsində icraat:

7. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-524/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə İddiaçı Cavabdehnə qarşı özünün və ailə üzvlərinin 2017-ci ilin yanvar ayından hazıradək almadığı yemək xərcinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir.

8. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-524/2021 saylı qərarını ləğv etməklə iddianı təmin edən yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

9. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ailə üzvlərinə verilən çörək pulu 2017-ci ilin yanvar ayından dayandırılmış və buna səbəb işdə göstərildiyi kimi 2006-cı ildə Bakı şəhərində daşınmaz əmlakının qeydiyyata alınması olmuşdur. Müvafiq orqanlarda məlumat əldə etdikdən sonra adı çəkilən mənzil bağışlama müqaviləsi ilə baldızının adına keçirilmişdir. Bu isə Qaydaların 2.1-ci maddəsinə tamamilə uyğundur. Bütün bunları nəzərə almayan məhkəmə iddianı təmin etməmişdir. Məhkəmənin qərarını qanunsuz hesab etdiyindən, onun ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş edir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. apelyasiya şikayətinə qarşı cavabdeh və 3-cü şəxs etiraz təqdim etməmişlər.

b) məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-524/2021 saylı qərarının tam ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş edərək əlavə olaraq bildirdi ki, İddiaçı və ailə üzvlərinə yemək xərci lazımi qaydada və vaxtında ödənilmişdir. Lakin sonradan iddiaçının mülkiyyətində mənzil aşkar edildiyindən aylıq müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı adına mənzil olduğu üçün onun aylıq müavinəti Qaydaların 2.1-ci bəndinə əsasən bərpa olunmamışdır. Buna əsas isə odur ki, ayrıca yaşayış sahəsi olan qaçqın və məcburi köçkünlərə müavinat verilmir və yemək xərci kəsilir. Azərbacyan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli Qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Bununla bağlı mülkiyətində mənzilin olması aşkar edildikdən sonra Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin məlumatına əsasən iddiaçının və ailə üzvlərinin adı müavinət alacaq şəxslərin siyahısından çıxarılmışdır.

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədbiq edilən hüquq

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

17. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

18. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

19. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

20. Həmin Məcəllənin 26.1.1-ci maddəsinə əsasən mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər məhkəmə icraatında prosesual hərəkətləri etmək hüququna malikdilrlər.

21. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.

22. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

24. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

28. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

29. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra-Ali Məhkəməyə) şikayət verilə bilər.

30. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

31. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

32. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

33. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun: Maddə 4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Maddə 9. Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası: Bənd 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. Bənd 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; Bənd 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; Bənd 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir;

35. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

36. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

37. Həmin Qanunun 7.0.6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin oluna bilər. Apelyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hazırkı qərarın 15-27-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, işdə olan sənədlərlə müəyyən olunur ki: a) Cavabdeh 29.10.2020-ci il tarixli 710 saylı məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdehnə göndərilmiş adlarına özəlləşdirilmiş mənzil olanların siyahısında İddiaçı adına ünvan 3 ünvanında özəlləşdirilmiş mənzil olduğu üçün ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə (məcburı köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə) əsasən dayandırılmışdır. b) Bakı şəhəri Nizami rayon MKTB-nin 34 saylı MKİS tərəfindən verilmiş 858 saylı 16.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, onun həyat yoldaşı X4 və oğlu X5 ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatsız yaşayırlar. c) DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən 33 saylı mənzil İddiaçı adına 18.01.2006-cı il tarixdə qeydiyyata alınmış və həmin mənzil 4 saylı Bakı ASAN Xidmət mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-128 reyestr nömrəli 01.02.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına rəsmiləşdirilmişdir. d) DƏDRX-nin 09.02.2017-ci il tarixli RX seriyalı № ******* saylı çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X2 xüsusi mülkiyyətindədir.

40. İddiaçı hazırki qərarın 8-ci bəndində qeyd edilən apelyasiya şikayətinin dəlillərilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, iddiaçının bağışladığı bildirdiyi ümumi sahəsi 62,9 kv.metr olan yaşayış evi mülki qanunvericiliyin mülkiyyət hüququnun xüsusi növləri fəslində yer alan maddi hüquq normalarının tələbləri baxımından ayrıca yaşayış sahəsi anlamını təsbit edir və 4 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-128 reyestr nömrəli 01.02.2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən iddiaçının yaxın qohumu X2 adına bağışlama müqaviləsi əsasında rəsmiləşdirilməsi iddiaçı və onun ailə üzvlərinə qanunla müəyyən olunmuş imtiyazdan istifadə etmək hüququnu məhdudlaşdırır.

41. Belə ki, hazırki qərarın 32-37 bəndlərində istinad olunan normaların tələblərinə görə şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tədbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Yəni, müvafiq qaydalara görə imtiyazı olan məcburi kökçün sonradan mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdikdən, hətta həmin yaşayış sahəsini başqa şəxsə satması və ya bağışlaması halı belə ona vahid aylıq müavinətin ödənilməsinə əsas vermir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olması müəyyən olunmuş və sonradan həmin mənzil bağışlama yolu ilə başqa şəxsin adına keçirilməsi belə vahid aylıq müavinətin ödənilməsini istisna edən hal kimi qanunvericiliklə müəyyən edildiyindən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan iddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-524/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(118)-524/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar