Məhkəmə qərarları › İş №2-1(105)-602/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-602/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-602/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(118)-1255/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şabran (keçmiş Dəvəçi) rayonunun Xəlfələr bələdiyyəsinə ərizə ilə müraciət edərək heyvandarlıq və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükü məqsədi ilə bələdiyyə mülkiyyətindən 1,0 hektar torpaq sahəsinin ona satılmasını xahiş etmiş, bununla əlaqədar bələdiyyənin sədri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsinə müraciət etmiş, həmin şöbə bələdiyyənin sorğusuna əsasən müsbət rəy vermiş və torpaq sahəsinin satılmasını məqsədəuyğun hesab etmişdir. Rəydə bildirilmişdir ki, həmin sahə ümumi istifadəyə daxil edilməyən istifadəsiz, kollu-örüş sahəsidir və qeyd olunan məqsədilə satılması qanunamüvafiqdir. Dəvəçi rayonu Xəlfələr bələdiyyəsinin 20 fevral 2007-ci il tarixli 6 saylı iclas protokolunun qərarı ilə həmin 1.0 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Həmin qərar əsasında iddiaçı torpağın haqqı kimi bələdiyyənin hesabına 600 manat pul köçürmüş, bu barədə akt tərtib edilmiş, həmin akt rayon şöbəsində 06 mart 2007-ci il tarixdə 34 nömrə ilə qeydə alınmış və alğı-satqı müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı qaydaları”na əlavə əsasında aparılmışdır. Bundan sonra torpaq sahəsinin plan və ölçü sənədi tərtib etmişdir. İddiaçı 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizəni təmin etməmişdir. Cavadehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, vətəndaş İddiaçı Şabran rayonu Xəlfələr bələdiyyəsinin xx.xx.2007-ci i tarixli 02 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.0 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alğı-satqı predmeti deyildir. Bundan başqa, Şabran rayonu Xəlfələr bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alğı-satqısına dair aktda DTXK-nın Şabran rayon şöbəsinin tarixi və qeydi yoxdur. Qeyd olunan səbəblərdən ərizənin icrası ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(118)-1255/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarda göstərmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız icarə müqaviləsi əsasında vətəndaşlara verilə bilər və bu əsasla iddia ərizəsi təmin edilməmişdir. Lakin mübahisənin predmetini kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyil, bələdiyyənin torpaq fonduna daxil olan, alğı-satqı predmeti olan və həmin sahənin ümumi istifadəyə daxil edilməyən istifadəsiz, kollu-örüş sahəsidir. Yerli orqanlar da qanunvericiliyin tələblərinə əsasən həmin istifadəsiz torpaq sahəsinin satılmasını məqsədəmüvafiq hesab etmiş və bu barədə müvafiq rəy vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.

Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları (...)

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

Maddə 86. Torpaq sahəsinin alğı-satqısının xüsusiyyətləri (...)

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alğı-satqı obyekti ola bilməz.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları (...) 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.

Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları

7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz (...)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan Dəvəçi (Şabran) rayon Xəlfələr bələdiyyəsinin 20 fevral 2007-ci il tarixli iclas protokolunun qərarından 06 mart 2007-ci il tarixli 02 nömrəli çıxarışdan görünür ki, İddiaçı heyvandarlıq və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarük edilməsi üçün tikinti məqsədi ilə bələdiyyənin ümumi istifadəyə daxil edilməyən istifadəsiz kolluqörüş sahəsindən alğı-satqıya 1,0 hektar torpaq sahəsinin satılması qərar alınmışdır. Torpaqların alğı-satqısına dair xx.xx.2007-ci il tarixli aktdan görünür ki, Dəvəçi rayon Xəlfələr bələdiyyəsi İddiaçı bələdiyyənin ərazisindən 1,0 hektar torpaq sahəsini satmışdır. Dəvəçi Rayon İcra Hakimiyyəti Tikinti və memarlıq şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, İddiaçı bələdiyyənin ərazisindən 1,0 hektar torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. DTXK-nin Dəvəçi rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 1,0 hektar torpaq sahəsinə dair tərtib edilmişdir. DTXK-nin Dəvəçi rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 495 nömrəli məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı heyvandarlıq və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükü məqsədi ilə alğı-satqıya torpaq sahəsinin satılması ilə bağlı məktuba torpaq qanunlarına uyğun şəkildə baxılmış və qeyd olunan məqsədlə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. DTXK-nin Dəvəçi rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 494 nömrəli məktubundan görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 1,0 hektar olmaqla Xəlfələr bələdiyyəsinin torpaq fonduna daxildir. Həmin sahə ümumi istifadəyə daxil edilməyən istifadəsiz kollu-örüş sahəsidir və qeyd olunan məqsədlə satılması qanunamüvafiqdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdən göründüyü kimi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, örüş sahədir. Yuxarıda sadalanan normalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar isə xüsusi mülkiyyətə verilə bilər. Bələdiyyənin mülkiyyətinə aid mübahisəli torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı olmaqla örüş sahə olduğundan alğı-satqı obyekti ola və xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi cavabdehin imtinası əsaslıdır və imtinasını əsaslandırdığı hallar iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyənin qərarına əsasən satılması qanunvericiliyə uyğun olmadığından mövcud iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(118)-1255/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar