Məhkəmə qərarları › İş №2-1(105)-603/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-603/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-603/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: müharibə veteranı vəsiqəsinin verilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)-1026/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Milli Ordunun ilk əsgərlərindən biri kimi həqiqi hərbi xidmətə getmiş, 1992-ci ildən 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində torpaqların ərazi bütövlüyü uğrunda vuruşaraq yaralanmış, hospitala gətirilərək müalicə aldıqdan sonra ambulator müalicəyə buraxılmışdır. 1994-cü ilin mart ayının sonlarından bu günə qədər mütəmadi reabilitasiya keçir. Evə qayıdandan bir qədər sonra həm atəşkəs elan edilmiş, həm də övladı dünyaya gəldiyindən qanunun 156-cı maddəsinə əsasən ehtiyata buraxılmışdır. Sonralar Qobustan müstəqil inzibati vahid kimi ayrıldığı üçün Şamaxıdakı sənədlər Qobustana təhvil verilmiş, lakin onların böyük əksəriyyəti itirilmişdir. SHXÇDX-nin Qobustan İdarəsi isə ona boş təkrar xidmət hərbi bileti vermişdir. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edib hərbi xidməti barədə məlumatı Qobustan SHXÇDX-nə təqdim etmiş və xahiş etmişdir ki, ona veteran vəsiqəsi verilsin. Sonra da sənədi MN-nin müvafiq Komissiyasına, həmçinin Hüquq İdarəsinə təqdim etmiş, lakin ona imtina cavabı verilmişdir.

Cavabdehin etirazları:

3. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, iddiaçıya verilmiş imtinanın hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təşkil edir ki, həmin Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinin tələblərinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş 15.03.2021-ci il tarixli 9/2-2271 nömrəli arxiv arayışından görünür ki, 21.04.1993-cü il tarixdən 29.01.1994-cü il tarixlərində N nömrəli hərbi hissə komandirinin əmrlərində Şamaxı RHK-nın çağrışçısı İddiaçı döyüş tapşırığının yerinə yetirməsi habelə hərbi hospitala göndərildiyi və qayıtması barədə məlumat olsa da, may 1994-cü il tarixindən onun xidməti barədə arxiv sənədlərində məlumatlar aşkarlanmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Belə ki, hərbi hissəni özbaşına tərk etməsi, həmçinin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma barədə arxiv sənədlərində məlumatlar aşkarlanmamışdır. Halbuki, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli Fərmanı ilə 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericicilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrin sıralarından ehtiyata buraxılmışdır. İddiaçı, həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, 1994-cü ildə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Ona görə də iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(118)-1026/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(118)-1026/2021 saylı qərarının ləğv edilməsi və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, arxiv sənədlərində xidmətləri barədə bütün məlumatlar var, nə hərbi hissə, nə də ki, SHXÇDX-nın Qobustan İdarəsi onun xidmətini və veteran olmasını inkar etmir, barəsində cinayət tərkibi yoxdur. Qanunu əsaslarla ehtiyata buraxılmasına gədikdə isə əslində orada da heç bir anlaşılmazlıq yoxdur. Belə ki, o yaralanıb hospitala yerləşdirildikdən sonra artıq üçüncü övladı dünyaya gəlmiş, həm də sağalmadan hərbi hissəyə qayıtdıqda orada onu qəbul etməyib döyüşə yararsız olması bildirilmiş, hospitala qayıtdıqda isə, ona həkim və dərman olmadığından MN-nin onun əməliyyatı və müalicəsinin təmin edə bilməməsi səbəbindən ambulatorda olması deyilmişdir. Belə olan halda 21-ci maddə tətbiq olunmaqla (iki-üç uşağı olanların tərxisi barədə) ehtiyata buraxılmışdır. Bu qərarların heç birini o qəbul etməmiş, 1992-1993-cü illərin ağır günlərini döyüş meydanında keçirib sağlamlığını, gəncliyini qurban verib haqqından imtina etmək fikrində deyil və layiq olduğu haqqını tələb edir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflər iki dəfə xəbərdar olunmasına baxmayaraq, iş üzrə birinci dəfə Şəhid ailələri müharibə əlilləri və veteranların müdafiəsi İB-nin hüquqşünası D.R.Ağayeva teleqram göndərərək işin dayandırılmasını xahiş etdiyindən məhkəmə iclası təxirə salınmış, ikinci dəfə təyin edilmiş məhkəmə iclasına da iddiaçı teleqram göndərərək işin baxılmadan dayandırılmasını xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 3-cü şəxs SHXÇDX-nın Qobustan rayon bölməsinin rəisi məktub göndərərək qəbul ediləcək qərara etirazlarının olmamasını bildirmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

15. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

16. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

18. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

20. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

21. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

22. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

23. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

24. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

25. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu: Maddə 3. 1-ci hissə, 3-cü abzas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. 1-ci hissə: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 3-cü hissə: Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

26. Azərbaycan Respublikasının Hərbi qulluqcuların statusu haqqında Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

27. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” 10.06.1992-ci il tarixli Qanun: Maddə 24. Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Maddə 26. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

29. Azərbaycan Respublikası müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı”adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hazırkı qərarın 10-19-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Qanunvericiliyin tələblərinə əsasən müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

32. İş materiallarından müəyyən olunduğu kimi Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən 15.03.2021-ci il tarixli 9/2-2271 №-li arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh.26, 05.04.1993-31.12.1999. səh.25, sıra-276) İddiaçı 20.04.1993-cü il tarixdə Şamaxı RHK-dan çağırılması komandirin 21.04.1993-cü il tarixli N №-li əmrilə hərbi hissəyə daxil olması və komandirin 27.04.1993-cü il tarixli 86 №-li əmrilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Şamaxı RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin 21.04.1993-cü il tarixli N №-li əmrilə (əsas: səh.8, §2, sıra51) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “sıravi” rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 28.06.1993-cü il tarixli 39 №-li əmrilə (əsas: səh.51, §1, sıra-81, qeyd: əmrdə atasının adı Adil yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.09.1993-cü il tarixli 226 №-li əmrilə (əsas: səh.28, §4, sıra-3) 1-ci motoatıcı taburun bütün növ təminatlarına qoyulmuşdur. İddiaçı N nömrəli hərbi hissə komandirinin 16.09.1993-cü il tarixli 30 №-li əmrilə (əsas: sıra-130) avqust 1993-cü il üçün 3(üç) qat pul zəminatı verilmişdir. İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 04.10.1993-cü il tarixli 252 №-li əmrilə (əsas: səh.11, qeyd: əmrdə atasının adı Adil yazılmışdır) 1-ci motoatıcı taburun qazan təminatına qoyulmuşdur. İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 07.10.1993-cü il tarixli 255 №-li əmrilə (əsas: səh.16, §2, qeyd: əmrdə atasının adı Adil yazılmışdır) 1-ci motoatıcı tabura sürücü mexanik vəzifəsinə təyin olunmuşdur. İddiaçı hərbi hospitala getdiyi üçün N nömrəli hərbi hissə komandirinin 1994-cü il tarixli 25 №-li əmrilə (əsas: səh.39) qazan təminatından çıxarılmışdır. İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 03.02.1994-cü il tarixli 14№-li əmrilə (əsas: səh.8, qeyd: əmrdə atasının adı Qabil yazılmışdır, yoxlama əmri) döyüş tapşırığını yerinə yetirmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin 27.04.1993-cü il tarixli 86 №-li əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 26.11.2019-cu il tarixli 9/2-18581 №li məktubla İddiaçı xidməti barədə 28.02.2020-ci il tarixli 9/2-2768 №li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına cavab göndərilmişdir(i.v.3).

33. İşdə olan İddiaçı Adil oğlunun adına tərtib edilmiş AO № ******* saylı hərbi biletdən görünür ki, həmin hərbi bilet 23.09.2009-cu ildə Qobustan rayon hərbi komissarlığı tərəfindən verilmiş olsa da, İddiaçı Adil oğlu 06.07.2009-cu ildə Qobustan rayon hərbi komissarlığı tərəfindən ehtiyata daxil edilmiş və hərbi biletin 4-cü səhifəsində “həqiqi hərbi xidmətin keçilməsi” adlanan 11-ci bənddə xidmət etməyib qeydi öz əksini tapmışdır(i.v. 5 və 5 a.t.).

34. Hazırki qərarın 6-cı bəndində qeyd edilən iddiaçının apelyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, həmin dəlillərlə yalnız qanun normaları sadalanmaqla kifayətlənmiş, lakin istər işdə olan sübutlarda, istərsə də məhkəmə qərarında göstərilən hallarla bağlı, o cümlədən iddiaçının yaralanması ilə və imtiyazlı hərbçi olaraq ehtiyata buraxılması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməməsi, yəni hazırkı qərarın 14-cü bəndində istinad edilən prosessual hüquq normasının tələbləri baxımından iddia üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bunu etməmişdir.

35. Apelyasiya şikayətinin, 21-ci maddə tətbiq olunmaqla (iki-üç uşağı olanların tərxisi barədə) ehtiyata buraxılması barədə dəlililə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, 3 noyabr 1992-ci il tarixində qəbul edilmiş Hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsi “Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri”ni müəyyən etməklə iki-üç uşağa görə tərxis etmə barədə heç bir müddəa nəzərdə tutmur, ümumiyyətlə həmin qanunun 23-cü maddəsinin ə) bəndinin tələbinə görə ailə vəziyyətinə, səhhətinə görə, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq çağırışdan möhlət almağa əsası olan, habelə 16 yaşınadək üç və daha çox uşağı olan hərbi vəzifəlilər təlim toplanışları keçməkdən azad edilirlər. İddiaçı isə təlim toplanışına deyil, həqiqi hərbi xidmətə çağırılmaqla hərbi vəzifə daşımışdır.

36. Həmçinin, iddiaçının tələbi hazırki qərarın 28-29-cu bəndlərində göstərilən “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin və ona dair Təlimatın tələblərinə də uyğun deyildir. Yəni, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Belə ki, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir.

37. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi onun hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni ümumən əsaslı hesab edərək qeyd edir ki, hazırki qərarın 25-27-ci bəndlərində istinad edilən qanun normalarının, eləcə də 28 və 29-cu bəndlərində istinad edilən direktiv sənədlərin, həmçinin 32-33-cü bəndlərində istinad edilən rəsmi sənədlərdə əksini tapan hallara uyğun olaraq iddiçının iddiasının rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmaqla işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Apelyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)-1026/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(118)-1026/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar