Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-603/2023 25.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilin istifadəyə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi, iddianın mümkün sayılması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən evin 06 saylı mənzilinin onun istifadəsinə verilməsinə dair müqavilə qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(118)- 2001/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən evin 06 saylı mənzilinin onun istifadəsinə verilməsinə dair müqavilə qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X1 rayon 10 №-li “Səyyar Mexanikləşdirilmiş dəstə”-ində (bundan sonra - SMD) əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə, 1988-ci il tarixdə, həmin dəstənin balansında olmuş və dəstənin işçilərinin ümumi istifadəsinə verilmiş, ünvan 2 ünvanında yerləşən, 06 saylı mənzil atasının və ailəsinin sahibliyinə verilmişdir. Əmlaka sahiblik hüququ əldə etdikdən sonra bütün ailə üzvləri həmin mənzilə köçərək yaşamaqla həmin mənzilə daimi qeydiyyata alınmışlar. Həmin vaxtdan bu günə qədər ailəsi həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. xx xxxxx 1994-cü il tarixdə həmin mənzildə doğulmuşdur. Ailənin yeganə övladıdır. X2 2013-cü ildə, anası X8 isə 2015-ci ildə vəfat etmişlər. Valideynləri öldükdən sonra, onlar öldükləri məqamda malik olduqları ünvan 2 ünvanında yerləşən, 06 saylı həmin mənzili, miras əmlakı qəbul edərək idarə etmişdir, mənzildən öz mülkiyyəti kimi istifadə edərək əmlaka sahiblik edərək təsərrüfatı idarə etmişdir. Lakin, müxtəlif dövlət təşkilatlarına yazılı müraciətlər etsə də, faktiki sahiblik etdiyi həmin mənzilə mülkiyyət hüququ əldə edə bilməmişdir. Hesab edir ki, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, 40 ünvanında yerləşən evin 06 saylı mənzilə iddiaçının mülkiyyət hüququnun, daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün müvafiq qərar verilməlidir. İddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1730/2022 saylı qərardadı ilə (hakim S.Səmədzadə) iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 1730/2022 saylı qərardadı əsasında eyni iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)- 2347/2022 saylı qərardadı ilə (hakim: İ.Quliyev) iddia mümkün sayılmamışdır. Bundan sonra, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1( 118)- 2347/2022 saylı qərardadı əsasında eyni iddia tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-669/2023 saylı qərardadı ilə (hakim: Anar Sadıqov) iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Sadalanan məhkəmə aktlarından göründüyü kimi həmin aktlar əsasında qanunla qorunan məhkəmə müdafiəsindən onun istifadə hüququ məhdudlaşdırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(118)-2001/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə istinad etsə də faktiki olaraq həmin normanı tətbiq etməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 669/2023 nömrəli qərardadı onun inzibati məhkəməyə müraciət etməsi üçün yaranmış yeni hal olmuşdur ki, iddiaçı həmin yeni hal əsasında yenidən inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 2001/2023 nömrəli qərardadı qanunsuz və əsassızdır, ona görə də ləğv edilməsini və iddia ərizəsini mümkün saymaqla mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” əsasnamənin:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri .... 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: .... 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək; .... 1 oktyabr 2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin : Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarı 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Apellyasiya instnasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırki inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırki iş üzrə iddia tələbi müvafiq ünvanda yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsinə dair müqavilə bağlanılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın mümkün sayılmaması qənaətinə gələrək, bunun əsası kimi iddiaçı hazırki iddia tələbi ilə daha əvvəldən məhkəməyə müraciət etməsi, məhkəmənin 2-1(118)- 2347/2022 saylı qərardadı ilə iddia mümkün sayılmadığı halda yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmasına, eləcə də müqavilə öhdəliklərinin inzibati məhkəmə icraatının predmetini təkil etməməsinə, bir tərəf inzibati orqan olsa da müqavilə bağlanması ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasına istinad etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi müvafiq məhkəmə aktlarından apellyasiya şikayət vermək hüququ olmuş, lakin o bu hüqulardan istifadə etməyərək prosessual qənaət imkanlarından düzgün istifadə etməmiş və hazırkı vəziyyət yaranmasına səbəb olmuşdur. Onun hüquq müdafiə imkanları tükənməmişdir, narazı qaldığı məhkəmə aktından müvafiq yuxarı instansiya məhkəməsinə apellyasiaya şikayəti verə bilər. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, müvafiq ünvanda yerləşən mənzil hazırda cavabdeh inzibati orqanın balansında olmaqla, iddiaçı həmin mənzildə pasport qeydiyyatındadır. İddiaçının hazırki iş üzrə hüquqi marağı məhz həmin mənzilin onun istifadəsinə verilməsinə dair müqavilənin bağlanmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək səlahiyyəti məhz yerli icra hakimiyyəti orqanlarının malik olduğu və həyata keçirdiyi səlahiyyətlərə aiddir, hansı ki həmin səlahiyyətlər məhz inzibati orqanın hakimiyyət-tabeçilik, idarəetmə funskiyalarının icrası ilə bağlı ortaya çıxmaqla, bununla bağlı vətəndaş və inzibati orqan arasında yaranmış münasibətlər məhz inzibati xarakterli münasibət kimi xarakterizə olunur. Həmçinin, qeyd olunmalıdır ki, yuxarıda istinad olunan əvvəlki qanunvericilik normalarının da tələbinə əsasən dövlət mənzil fonduna aid yaşayış sahələri vətəndaşların istifadəsinə məhz müqavilə əsasında verilir və həmin müqaviləni bağlamaq səlahiyyəti də məhz mənzil fonduna aid yaşayış sahəsinin balansında olan müvafiq mənzil-istismar təşkilatların aid idi (hansı ki indiki halda həmin təşkilatların səlahiyyətlərini məhz müvafiq icra hakimiyyəti orqanı və Mənzil- Kommunal Təsərrüfat İdarələri icra edir). Göründüyü kimi hər bir halda dövlət mənzil fonduna aid yaşayış sahələrinin vətəndaşların istifadəsinə verilməsinə dair müqavilə məzmun etibarilə bir tərəfdə vətəndaş digər tərəfdə müvafiq inzibati orqan arasında bağlanılmaqla, məhz qeyd edilən müavilənin bağlanması səlahiyyəti, başqa sözlə müqavilənin tərəfi qismində çıxış etməsi halı inzibati orqanın malik olduğu hakimiyyət səlahiyyətindən (müvafiq qanunvericilik norması əsasında ona verilmiş səlahiyyətdən) irəli gəldiyindən, həmin müqavilənin bağlanılması ilə bağlı tərəflər arasında yaranmış münasibətlər də xarakterinə və mahiyyətinə görə inzibati xarakterli hüquq münasibəti olmaqla (publik hüquq sahəsinə aid olmaqla), bununla bağlı yaranmış mübahisəli hüquq münaisbətləri də məhz inzibati məhkəmə icraatının premetini təşkil edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan müqavilənin bağlanması ilə bağlı yaranmış hüquq münasibətlərinin xarakterinə və mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, bununla da qeyd olunan münasibətlərin püblik hüquq sahəsinə aid olmaması və buna dair mübahisəli hüquq münasibətlərinin inzibati məhkəmə icraatının premdeti olmaması ilə bağlı yalnış nəticəyə gəlmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə gəldiyi qənaəti qeyd edilən hissədə əsassız olmuş, işin hallarına uyğun olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası digər əsasla bağlı onu qeyd edir ki, iddiaçı qeyd edilən iddia tələbi ilə bağlı ilk növbədə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmış, daha sonra iddia tələbi mümkün sayılmamış, ona mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Daha sonra isə Xaçmaz Rayon Məhkəməsinin müvafiq qərardadı ilə iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunması qərar alınmış, habelə iddiaçıya inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Daha sonra iddiaçı tərəfindən hazırki inzibati iş üzrə iddia tələbi irəli sürülmüşdür. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə iddia tələbinin irəli sürməsinə əsas müvafiq məhkəmə qərardadı ilə onun tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməz olduğu barədə qərar qəbul olunması səbəb olmuşdur. İndiki halda isə qeyd olunan işin halları mövcud olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən eyni tələb üzrə iddiaçının məhkəməyə əvvəl də müraciət etməsi və həmin iddianın mümkün sayılmaması halını əsas götürərək, indiki halda iddianının bu əsasla mümkün sayılmaması özlüyündə işin hallarına uyğun olmamaqla yanaşı, konstitision hüquq olan hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat hüququnun mahiyyətinə, habelə məhkəməyə əlçatımlığın təmin edilməsi prinsipinin tələblərinə zidd olmuşdur. Bu baxımında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə də işin hallarını düzgün təhlil etməmiş, gəldiyi nəticə yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamış, inzibati məhkəmə icaraatı qaydasında baxılmalı olan hal mülki məhkəmə icraatının predmeti kimi qiymətləndirmiş, nəticə etibarilə gəldiyi nəticə düzgün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(118)-2001/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən evin 06 saylı mənzilinin onun istifadəsinə verilməsinə dair müqavilə qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.