Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-604/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılmasına dair hərəkətinin qanunsuz və həmin qeydin etibarsız hesab edilməsi, həmçinin düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi 06 noyabr 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Xaçmaz rayonu Gülalan kəndi ərazisində yerləşən vətəndaş X2 mülkiyyətinə verilmiş əmlak kompleksinə dair çıxarışda buraxılmış texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə 13 noyabr 2020-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, müraciətdə qeyd olunan əmlak kompleksinə dair verilmiş 10.01.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun əsillərini hüquq sahibi X5 ərazi idarəsinə təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Həmçinin bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv.metr qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun X2 adına Daşınmaz Əmlakın Reyestrində qeydin aparılmasına dair hərəkətin qanunsuz və həmin qeydin etibarsız hesab edilməsini, düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: Üçüncü şəxs X5 “iddiaçıya məxsus Xaçmaz rayonu Güləlan kəndi ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət 41,0 ha ərazi və onun üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin torpaq sahəsinə adina reyestr qeydiyyatından çıxarış əldə etdiyinə istinad edir. Sonuncu tərərinfən təqdim edilmiş çıxarışın məzmunundan məlum olmuşdur ki, həqiqətən də adı çəkilən əmlak kompleksinə onun adına cavabdeh tərəfindən çıxarış verilmişdir. Bununla bağlı dəfələrlə cavabdeh tərəfə müraciətlər edilmiş, lakin hər dəfə bir bəhanə ilə müraciətə baxılmasından imtina olunmuşdur. Sonuncu dəfə də bu barədə imtina ilə bağlı 13.11.2020-ci il tarixli məktub verilmişdir. Hesab edir ki, üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alınması barədə reyestr qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və reyestrdə müvafiq düzəlişin aparılması vəzifəsi onun üzərinə qoyulmalıdır. Belə ki, hazırda üçüncü şəxs tərəfindən zəbt olunan sözü gedən Xaçmaz rayonu Güləlan kənd ərazisində mövcud göl və torpaq sahəsindən ibarət 41,0 ha torpaq sahəsi və onun üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə (İddiaçı İB) məxsusdur. Son dəfə həmin ərazi üstündəki tikililərlə bigə vahid əmlak şəklində sahibi İddiaçı İB tərəfindən, İB-in üzvü üçüncü şəxs X3 icarəyə verilmiş və icarə əsasında ona verilmiş hüququn dövlət reyestrində qeydə alınmasına razılıq verilmişdir. Həmin sərəncamın 1-ci bəndində belə deyilir: İddiaçı Cəmiyyəti ilə Xaçmaz rayonu Qaraçı kənd sakini X5 arasında Cəmiyyətin istifadəsində olan 39,5 ha göl və 1,5 ha torpaq sahəsinə dair 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınsın. Torpaq sahəsi (göl ərazisi ilə birgə) və üzərindəki əmlaklar sonuncuya icarə əsasında yəni müvəqqəti istifadəyə verildiyi aşkar haldır və onun adına verilən sonrakı bütün sənədlər və apanlan qeydiyyatların kökündə, qeyd edilən icarə müqaviləsi və sərəncam durur. Lakin cavabdeh tərəfindən X2 adına 10.01.2017-ci il tarixdə DƏDRX-də 1 nömrəli reyestr kitabının 106 nömrəli vərəqəsində aparılmış qeyd və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adı çəkilən torpaq sahəsini daimi istifadə, üzərindəki əmlakları isə X2 adına mülkiyyət hüququ kimi yanlış qeydiyyata almışdır. Bununla da dövlət reyestrinə yanlış məlumatlar daxil edilmiş və nəticədə İddiaçı iB-ni həmin əmlak kompleksinə qanunla əldə etdiyi hüquqdan mərhum etmişdir. İddiaçı yol verilmiş aşkar qanun pozuntusuna aydınlıq gətirilməsi, reyestr qeydində düzəliş etməklə, pozuntunun aradan qaldırılması xahişi ilə cavabdehə təkrar müraciət edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Ona görə də mübahisəni həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Adı çəkilən əmlak kompleksinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin ərazi qanuni əsaslarla İddiaçı İB-nə verilmiş, 50 ildən çox müddətdə qanuni sahibliyindədir və onun tərəfindən iradsız istifadə olunur. Cavabdehin iddia tələbinə dair etirazı İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi reyestr düzəliş etməklə pozuntunun aradan qaldırılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 06.11.2020-ci il tarixli, 089/M-4 ərizə ilə müraciət etmişdir. Müraciətə 13.11 2020-ci il tarixli **********685 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan əmlak kompleksinə dair verilmiş 10.01,2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun əsillərini hüquq sahibi X5 ərazi idarəsinə təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Ərizədə qeyd olunan 10.01.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş JN- 9450 KOD 30211058 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”, tikintiyə icazə verilməsi barədə Xaçmaz İHB-nın sərəncamı, RİH-ti memarlıq və tikinti işləri şöbəsi tərəfindən təsdiqlənmiş layihə, tikilinin istismara qəbul edilməsi barədə akt əsasında hazırlanmışdır. Həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş üzrə toplanmış sənədlərin heç birində sözügedən torpaq sahəsinin və ya üzərindəki qeyri-yaşayış sahəsinin B.Abasovun mülkiyyətinə keçməsini təsdiq edən sübut aşkar edilməmişdir. Həmin qərardan narazı qalan cavabden apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Eləcə də qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırmışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı sadəcə olaraq məhkəməni aldadaraq iddia ərizəsində guya torpağın onun daimi istifadəsinə verilməsini qeyd edib və hakim də əsassız qərar qəbul edib. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilən JN-9450, KOD 30211058 şəhadətnamədə torpaq daimi istifadə deyil, müvəqqəti istifadəsindədir. Azərovçu” İstimai Birliyinin məktublarından görünür ki, 2001-2004-cü illər həmin ərazidə olan, ona məxsus tikililəri tam söküb və üstəlik İddiaçı Rəyasət Heyəti Xaçmaz Rayon İH-nə müraciət edərək ona-Böyükağa Abasova öz vəsaiti hesabına abadlıq işləri və tikinti işləri aparılmasına razılıq verməyi xahiş etmişdir. İddiaçı müraciətini nəzərə alaraq, Xaçmaz RİH 07.02.2003-cü il tarixdə 35 saylı sərəncamla B.Abasova öz hesabına tikintilərin və abadlıq işlərinin görülməsinə icazə verib və məhkəməyə təqdim olunan Texniki Pasportda sadalanan tikililər tikilib və yenə üstəlik- İddiaçı verdiyi 29.12.2000-ci il tarixli, 238 saylı məktubun 5-ci bəndində göstərilib: öz vəsaiti hesabına tikilmiş tikililər onlara məxsusdur. Bütün bunlar seriya RX №0983750 saylı çıxarışda da öz əksini tapmışdır. İddiaçı 10.02.2006-cı il tarixdə 10 saylı məktubla Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edərək cəmiyyətin istifadəsində olan, Xaçmaz rayonunun ərazisində yerləşən Gülalan yardımçı təsərrüfatını, oradakı göl və torpaq sahəsini ona 99 il müddətinə icarəyə verildiyini bildirmiş, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq onunla cəmiyyətin istifadəsində olan göl və 1,5 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin dövlət qeydiyyatına alınması və həmin ərazilər üçün müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. 05.01.2006-cı il tarixdə İddiaçınun sədri X10 ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, onun icarə götürdüyü ərazidə öz hesabına tikinti və yenidənqurma işləri apara bilər. O, həmin ərazidə öz vəsaiti ilə istehsal xarakterli tikinti, yenidənqurma işləri aparmışdır. Müqavilənin şərtinə görə icarəyə götürülmüş əmlakın özəlləşdirilməsində üstünlük hüququ var. İcarəyə verən təşkilatın yenidən təşkil edilməsi, mülkiyyətçinin dəyişilməsi müqavilənin pozulması üçün əsas deyildir. Həmin müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, icarəyə götürülmüş əmlakın özəlləşdirilməsində üstünlük hüququ var. İcarəyə götürdüyü ərazidə öz vəsaiti hesabına istehsal xarakterli tikinti və yenidənqurma işləri apara bilər. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 2006-cı il tarixli 99A saylı sərəncamla İddiaçı Cəmiyyətinin istifadəsində olan göl və torpaq sahəsinin ona 99 il müddətinə dair müqavilə təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 10 yanvar 2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, RX seriyalı0983750 saylı reyestr çıxarışı və Texniki pasportu vermişdir. 05 yanvar 2006-cı il tarixdə bağlanmış müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, icarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir onun mülkiyyətidir. Onu da qeyd etmişdir ki, 2000-ci ilə qədər ərazidə yerləşən bütün tikililər və avadanlıqlar İddiaçınun Rəyasət Heyətinin 17.01.2000-ci il tarixli qərarı ilə balansdan silinmişdir. İddiaçınun sədri Zaman Novruzovun 29.12.2000-ci il tarixli, 238 saylı məktubu ilə (əsas 28.12.2000-ci il tarixli qərar) ərazidə öz hesabına tikilən tikililər gələcəkdə ona məxsusdur. İddiaçınun sədri F.Əşrəfovun ona ünvanladığı 13.04.2009-cu il tarixli, 28 saylı məktubdan görünür ki, “05.01.2006-cı ildə bağlanmış ikitərəfli müqaviləyə əlavə olaraq Xaçmaz dayaq məntəqəsinin müdiri-qardaşı Nasim Abbasovun imzaladığı 24.01.2008-ci ildə bağlanmış müqavilənin müddəti 01.01.2009-cu ildə bitmişdir”. Bu bir daha sübut edir ki, qərarda hakimin istinad etdiyi- İddiaçı ilə onun arasında bağlanmış müqavilə onun tərəfindən imzalanmayıb-saxtadır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək iddia tələbinə uyğun izahat verdi, həmçinin məhkəmənin göstərdiyi hüquqi yardıma uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülkiyyət hüququ əsasında 10.01.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X2 adına aparılmış qeydiyyatın dəyişdirilərək, torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında 05 yanvar 2006-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha ərazi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış sahəsi 99 il müddətinə üçüncü şəxsin icarəyə verilməsinə baxmayaraq, 41 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 783.1 kv m olan əmlak kompleksi kimi müəssisə 10 yanvar 2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında, müəssisənin yerləşdiyi və dövlət mülkiyyətində olması 41 ha torpaq sahəsi isə istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydə alınmış və bu barədə RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. Məhkəmə kollegiyası iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, cavabdeh tərəfindən əmlak kompleksi kimi müəssisənin iddiaçının adına xüsusi mülkiyyət hüququ, icarəyə verilən torpaq sahəsinin isə istifadə hüququ əsasında qeydə alınması qanunsuz olmuşdur. Belə ki, işdən göründüyü kimi, Xaçmaz rayon XDS-nin 30.06.1981-ci i tarixli 9 saylı protokol qərarına, həmçinin Şəfəq Sovxozunun 28.06.1981-ci il tarixli razılığna əsasən, qırqovul və kəklik yetişdirilməsi üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmiş və həmin tarixdə də tərtib edilmiş ayrıc aktına əsasən, torpaq sahəsi Azərbaycan Ovçuluq İttifaqına təhvil verilmişdir. 01 yanvar 2001-ci il tarixdə "Azərovçu" İB ilə X5 arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, icarədar özünəməxsus 2 mərtəbəli bina, 2 kameralı inkubator, yem üyüdən dəyirmanı işlək vəziyyətdə, Gülalan təsərrüfatı, göl və əkin sahəsini üçüncü şəxsin icarəsinə vermişdir. İcarə müddəti 05 il müəyyən edilmişdir. "Azərovçu"nun Rəyasət Heyəti 27 sentyabr 2002-ci il tarixdə rayon İcra Hakimiyyətinə müraciət edərək, Xaçmaz rayon Gülalan Yardımçı təsərrüfatının icarədarı, İddiaçınun səlahiyyətli nümayəndəsi B.Abbasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına, ərazidə heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatlarının yaradılması və digər lazımi yeni işlərin görülməsinə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya yerində baxış keçirmiş və həmin ərazidə ictimai-iaşə obyektlərin tikintisinə icazə verilməsini məqsədəuyğun hesab etmiş və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 07.02.2003-cü il tarixli 35 saylı sərəncamına əsasən, Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini X3 "Azərovçu"nun yardımçı təsərrüfatı olan Gülalan gölünün yanında ictimai-iaşə obyektlərin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilməsi qərara alınmışdır. İctimai iaşə obyektinin istifadəyə qəbul edilməsi barədə Komissiya tərəfindən tərtib edilmiş 11 may 2006-cı il tarixli aktdan görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 07.02.2003-cü il tarixli 35 saylı sərəncamına əsasən, 05 mart 2003-cü il tarixdə tikintisinə başlanılmış Xaçmaz rayon Gülalan kənd ərazisində yerləşən ictimai iaşə obyektinin tikintisi başa çatdığından, komissiya tərəfindən istifadəyə qəbul edilmişdir. Beləliklə tədqiq edilən sübutlardan görünür ki, "Azərovçu"nun Rəyasət Heyətinin 27 sentyabr 2002-ci il tarixdə rayon İcra Hakimiyyətinə etdiyi müraciət əsasında, mübahisəsi gedən ictimai-iaşə obyektlərin tikintisinə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 07.02.2003-cü il tarixli 35 saylı sərəncamına əsasən icazə verilmiş və 2003-cü il tarixdə də obyekt tikilib inşa edilmişdir. Belə ki, üçüncü şəxsin adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış müəssisəyə dair cavabdeh tərəfindən tərtib edilmiş texniki pasportdan da görünür ki, tikili və qurğuların təyinatı qrafasında restoran binası, 3 ədəd yeməkxana binası, sanitar qovşaq, ferma və dəyirman tikililərinin mövcud olduğu və həmin binaların hamısının 2003cü ildə tikildiyi qeyd edilmişdir. Daha sonra işdən görünür ki, mübahisəsi gedən qeyri-yaşayış sahələri 2003-cü il tarixdə inşa edildikdən sonra icarədar qismində İddiaçı ilə icarəçi X4 arasında 05 illik müqavilənin müddəti başa çatdığından, 05.01.2006-cı il tarixdə tərəflər arasında təkrar icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, İddiaçı İB öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən Gülalan yardımçı təsərrüfatını və oradakı 39.5 ha gölü, 1.5 ha torpaq sahəsini, eləcə də 2 mərtəbəli binanı B.A.Abasova 99 il müddətinə icarəyə vermiş, B.A.Abbasov isə qeyd edilənləri icarəyə götürmüşdür. Tərəflərin razılığı ilə illik icarə haqqı 1300 manat təşkil etmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 2006-cı il tarixli 99a saylı sərəncamına əsasən, tərəflər arasında 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DT və XK-nin Xaçmaz Ravon şöbəsi tərəfindən 28 aprel 2006-cı il tarixdə dövlət qeydiyyatına alınməş və bu barədə üçüncü şəxsə torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair JN-9450 saylı KOD 30211058 saylı şəhadətnamə verilmişdir. Beləliklə yuxarıda tədqiq edilən sübutlarla müəyyən edilir ki, 01 yanvar 2001-ci il tarixdə 05 illik icarə müqaviləsi bağlandıqdan sonra iddiaçının müraciəti əsasında rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, üçüncü şəxs Xaçmaz rayonu, Güləlan kənd ərazisində icarəyə götürdüyü torpaq sahəsinin üzərində ictimai-iaşə obyektini inşa etmiş, abadlıq işləri aparmış, icarə müddəti başa çatdıqdan sonra isə 05.01.2006-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən 41,0 ha ərazi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsini iddiaçıdan 99 il müddətinə icarəyə götürmüşdür. 01.01.2001-ci il tarixli 05 il müddətinə bağlanmış icarə müqaviləsinin şərtinə əsasən, icarəçi icarəyə götürdüyü obyekti ümumi quruluşuna xələl gətirmədən istehsal xarakterli tikinti, yenidənqurma və s işlər apara bilər və müqavilə müddəti pozulduqda və ya qurtardıqda bu məqsədlə görülən işlər tamamilə və bütülüklə icarədara qalır, sərf edilmiş vəsait ondan tələb edilmir. 99 iilik icarə müqaviləsinin şərtlərinə görə isə, icarəçi icarəyə götürdüyü ərazidə müvafiq icazələr almaqla öz vəsaiti hesabına istehsal xarakterli tikinti, yenidənqurma və digər işlər apara bilər. Müqavilə pozulduqda və ya müddət qurtardıqda ərazidə tikilən və aparıla bilməyən bütün tikililər “İcarədar”a qalır və icarədar inşa edilmiş bütün tikililərin bazar dəyərini icarəçiyə ödəyir. Göründüyü kimi həm ilkin olaraq bağlanmış icarə müqaviləsinin, həm də 99 il müddətinə bağlanmış müqavilənin şərtinə əsasən, icarəçinin icarəyə götürdüyü ərazidə müvafiq icazələr almaqla öz vəsaiti hesabına tikilən və aparıla bilməyən bütün tikililərin müqavilə müddəti bitdikdə və yaxud müqavilə pozulduqda “icarədar”a qalması müəyyən edilmişdir. Bu şərt həmçinin torpaq icarəsi haqqında qanunvericilik normalarında da nəzərdə tutulmuşdur. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 25-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Eləcə də, Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Beləliklə, həm tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmçinin torpaq icarəsi ilə bağlı qüvvədə olan qanunvericilik normalarının tələbinə görə, hazırkı iş üzrə icarəyəverənin(iddiaçının) razılığı ilə icarəçinin(üçüncü şəxsin) vəsaiti hesabına tikilmiş binalar və qurğular müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarəyəverəndə(iddiaçıda) qalır və sonuncu həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada icarəçiyə (üçüncü şəxsə) ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hər iki şikayətin dəlillərini əsassız hesab edərək bildirir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış 05 yanvar 2006-cı il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən, iddiaçının daimi istifadəsinə ayrılmış 41 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsi 99 il müddətinə üçüncü şəxsin icarəsinə verilmişdir. Müqavilə şərtlərinə və torpaq icarəsi ilə bağlı qanunvericilik normalarına əsasən, icarəyəverənin(iddiaçının) razılığı ilə icarəçinin(üçüncü şəxsin) öz vəsaiti hesabına tikdiyi bina və qurğular müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarəyəverəndə(iddiaçıda) qalır və sonuncu həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada icarəçiyə (üçüncü şəxsə) ödəyir. İşin sadalanan xüsusatlarına baxmayaraq, icarə müqaviləsinin bağlandığı tarixdən 11 il sonra 10.01.2017-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən icarəyə verilmiş əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ əsasında, icarə verilmiş torpaq sahəsi isə müddət göstərilmədən daimi istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydə alınmışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (19.1) Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir.(19.2) Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.(19.3) Həmin qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, inzibati orqan tərəfindən üçüncü şəxsə icarəyə verilmiş əmlak kompleksi kimi müəssisənin mülkiyyət hüququ əsasında aparılmış qeydiyyat qanunsuz olduğundan ləğv edilməli, icarəyə verilmiş torpaq sahəsi üzərində istifadə hüququna dair üçüncü şəxsin adına aparılmış qeydiyyatın isə dəyişdirilərək, 99 illik icarə müqaviləsi əsasında icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsi qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülkiyyət hüququ əsasında 10.01.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X2 adına aparılmış qeydiyyatın dəyişdirilərək, 05.01.2006-cı il tarixdə bağlanmış 99 illik icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-604/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-604/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver