Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-604/2022 03.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-870/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonu, Xanlıq-Oba kəndində anadan olmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 12 gün) müddətli həqiqi hərbi xidmətdə olmuşdur (НЗ № ******* seriyalı hərbi bilet).
2. İddiaçıya məxsus və əsli iş materiallarında olan xx.xx.1989-cu il tarixdə doldirulmuş ИТ-İ№1491872 seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1989-cu il tarixədək (12 il, 1 ay, 17 gün) Çarxı Tərəvəzçilik-südçülük sovxozunda, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək (3 il, 19 gün) “Azərrabitəinşşat” 1 N-li X1, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (1 il, 6 ay, 13 gün) Biləcəri hərbiləşdirilmiş mühafizə dəstəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1994cü il tarixədək (1 ay 30 gün) təsərrüfatlararası təmir tikinti müəssisəində, xx.xx.1997-ci ildən xx.xx.2002-ci il tarixədək (4 il, 11 ay, 7 gün) X3 verilişləri şirkətində işləmişdir.
3. Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 272 saylı və xx.xx.2022-ci il tarixli arxiv arayışında iddiaçının xx.xx.1972-ci il tarixli əmrlə xx.xx.1972-ci il tarixdən mövsümi olaraq Çarxı Tərəvəzçilik-südçülük sovxozunda 5 №li briqadaya fəhlə qəbul edildiyi və 1972-ci ilin may-avqust ayları üzrə əmək haqqı aldığı (işdən çıxma əmri aşkar edilməmişdir), xx.xx.1974-cü il tarixli əmrlə xx.xx.1974-cü il tarixdən isə 1 №li briqadaya müvəqqəti fəhlə qəbul edildiyi və 1974-cü ilin yanvar-mart ayları üzrə əmək haqqı alması qeyd edilmişdir.
4. Arxiv arayışlarında həmçinin iddiaçının müddətli həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı il tarixli 294№-li əmrlə xx.xx.1976-cı il tarixdən həmin sovxoza fəhlə qəbul edildiyi, 1976-cı ilin sentyabr-noyabr ayları, 1977-ci ilin isə aprel-iyul, oktyabr-dekabr ayları əmək haqqı alması qeyd edilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə onun xx.xx.1977-ci il tarixli 300№-li əmrlə həmin sovxoza fəhlə qəbul edildiyi, xx.xx.1989-cu il tarixli 161№-li əmrlə işdən azad edildiyi qeyd edilmişdir.
5. Arxiv arayışlarında iddiaçının 1978-ci ilin yanvar-iyul, sentyabr-dekabr ayları, 1979-1980-cı illərdə,1981-ci ilin yanvar-iyun, sentyabr-dekabr ayları, 1982-ci ilin yanvariyun, avqust-dekabr ayları, 1983-1988-ci illərdə,1989-cu ilin yanvar-avqust ayları üzrə sovxozdan əmək haqqı alması qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1989-cu ilin avqust dekabr ayları,1990-cı il və 1991-ci ilin yanvar-avqust aylarına “Azərrabitəinşaat” Trestinin 1 nömrəli X1 işləmiş və əmək haqqı alımışdır.
7. Azərbaycan Dəmir Yolları QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 94284 saylı arxiv arayışından görünür ki, iddiaçı 1992-ci ilin iyun-dekabr, 1993-cü ilin yanvaravqust ayları "xxxx" QSC-nin Mühafizə idarəsində işləmişdir.
8. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən 3 saylı Ərazi Vergilər İdarəsi tərərfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon Təmir Tikinti Müəssisəsi 3 saylı Ərazi Vergilər İdarəsi vergi ödəyicisi kimi uçota alınmamışdır. Xaçmaz rayon Teleradio Verilişləri Şirkəti (VÖEN: **********) Azərbaycan Respublikası Dövlət mətbuat komitəsinin kütləvi informasiya vasitələri baş idarəsi tərəfindən xx.xx.1993-cü ii tarixdə 666 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin uçot məlumatlarına əsasən vəziyyəti aktiv, hüquqi ünvanı Xaçmaz şəhəri, Axundov küçəsi, ev 67-dir.
9. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Xaçmaz rayon Təmir Tikinti” müəssisəsinin əmək haqqı cədvəlləri və əmr kitabları mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən, vətəndaş İddiaçı əmək fəaliyyəti barəsində məlumat verilə bilmir. İddiaçı Azərbaycan Respublikası Radio və Televiziya verilişləri şirkətinin X3 verilişləri şirkəti üzrə xx.xx.1997-xx.xx.2002-ci illərdə işləmişdir. Çarxı Südçülük sovxozunun hesablaşma cədvəllərin (kitablarına) əsasən vətəndaş İddiaçı 1974-cü ilin yanvar-mart ayları ərzində işləmiş və əmək haqqı almışdır.
10. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq Xaçmaz rayon X4 rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Xaçmaz rayon Aqrokombinatının Xazçmaz rayon təsərrüfatlararası təmir-tikinti müəssisəsinin əmr və əmək haqqı kitabları arxivə təhvil verilmədiyindən İddiaçı xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə həmin müəssisədəki fəaliyyəti barədə heç bir məlumat verilə bilinmir.
11. Cavabdehin 18 avqust 2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr üçün fasilələrlə müxtəlif illərdə əmək kitabçası və həqiqi hərbi xidmət haqqında sənədlərinə əsasən 17 il 7 sığorta stajına əsasən 13399,62 manat pensiya kapitalının mimimum əmək pensiyasına imkan vermədiyinə, eyni zamanda 25 il sığorta stajına malik olmadığı üçün yaşa görə əmək pensiyası hüququq yaranmır.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.1989-xx.xx.2002-ci il illərdə tikinti təşkilatlarında, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində, təsərrüfatlar arası təmir-tikinti müəssisələrində və teleradio veilişləri şirkətində işləməyinin sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə cavabdehin adı dəyişdiyindən cavabdeh 1 saylı Quba-Xaçmaz regional filialı ilə əvəz edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilədək 12 il Xaçmaz rayonu Çarxı südçülük-tərəvəzçilik sovxozunda sürücü, fəhlə, çilingər işləmişdir. Bundan sonra o, xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək tikinti təşkilatında sürücü, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində mühafizəçi, təsərrüfatlar arası təmir-tikinti müəssisəsində və teleradio verilişləri şirkətində işləməklə 12 il 3 ay iş stajı qazanmışdır. Qeyd olunan idarə və müəssisələr başqa ərazilərə köçürüldüyündən, idarə və müəssisələrin birləşməsi səbəbindən, eləcə də arxivlər başqa arxivlərə birləşdiyindən əmək haqqının göstərilməsini təsdiq edən arxiv sənədlərini ala bilməmişdir. Ümumilikdə, onun hərbi xidməti ilə birlikdə 26 il 3 ay iş stajı vardır. Qanunvericilikdə müəyyən olunmuş yaş həddinə çatması ilə əlaqədar yaşa görə əmək pensiyasının təqaüd təyin olunması üçün Dövlət Sosial Müdafiə X8 Şəxsin 2 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin ona 12 il 3 aylıq dövrə görə arxiv sənədi təqdim edilmədiyindən imtina cavabı verilmişdir
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
15. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Fondun 1 saylı Quba-Xaçmaz regional filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Etirazda göstərilir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə yaranır. İş materiallarında iddiaçıya məxsus olan xx.xx.1989-cu il tarixli ******* nömrəli əmək kitabçasının və xx.xx.1974-cü il tarixli ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sığorta stajı 17 il 07 ay təşkil edir. İddiaçı 1972-1976-cı il tarixlərdə “Çarxı südçülük sovxozun”da, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə Xaçmaz rayon Təmir Tikinti müəssisəsində, xx.xx.1997-xx.xx.2002-ci il tarixlərdə “X3 verlişləri şirkətində işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir.Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
16. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-870/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisələrdən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. İddiaçının xx.xx.1997-ci il tarixdə X3 verilişləri şirkətinə işə qəbul edilməsi və xx.xx.2002-ci ildə onun işlədiyi avtomobilin özəlləşdirildiyindən teleşirkətin balansından çıxarılması barədə əmrlər arxivdə aşkar olunmuç, lakin əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir.
18. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olub, xidmətini başa vurduqdan sonar yaşadığı Xaçmaz rayonun Xanlıq-oba kəndinə qayıtmışdır. xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilədək 12 il Xaçmaz rayonu, Çarxı südçülük-tərəvəzçilik sovxozunda (sürücü, fəhlə, çilingər) işləmişdir. Bu müddət həm onun əmək kitabçasında, həm də X5 tərəfindən verilmiş sənəddə təsdiq edilmişdir. Lakin onun əmək kitabçasında xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək tikinti təşkilatında sürücü, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində mühafizəçi, təsərrüfatlararası təmir-tikinti müəssisəsində və teleradio verilişləri şirkətində ümumilikdə 12 il 3 ay iş stajı göstərilsə də, işlədiyi idarə və müəssisələr birləşdiyi və digər yerlərə köçürüldüyü səbəbindən arxivləri müəyyən edib sənədləri əldə etmək mümkün olmamışdır. Bir sözlə onun hərbidə 2 il xidmət illəri də əlavə olunmaqla ümumilikdə 26 il 3 ay əmək stajı vardır. Bu adları qeyd olunmuş müəssisə və təşkilatlarda işləyib əmək haqqı almağı təsdiq olunsa da hansısa səbəbdən və kimlərin səhlənkarlığı nəticəsində əmək haqqı cədvəlləri arxivə verilmədiyindən onu dövlət tərəfindən verilmiş pensiya təminatından məhrum etmişdir. Belə olan halda onun yeganə ümid yeri məhkəməyə müraciət etmək olmuşdur. Məhkəmə isə həmin 12 il 3 ay iş stajı barədə arxiv sənədlərinin əldə olunmasının mümkün olmamasını əsas götürməklə digər sübutlara əhəmiyyət verməmişdir. Belə ki, 12 il 3 ay əmək stajı arxiv sənədləri ilə öz təsdiqini tapmasa da, həmin vaxtı onunla birlikdə işləyən şəxsləri məhkəməyə dəvət edib bu faktı təsdiq edə bilmələrini məhkəməyə bildirsə də, məhkəmə buna əhəmiyyət belə verməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
21. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
24. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
25. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri
26. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir
27. …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
28. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
29. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
31. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
32. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır.
35. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdeh imtinasında iddiaçının tələb olunan 25 illik sığorta stajının olmamasına və pensiya kapitalının minimum əmək pensiyasına, yəni 200 manat (93,05) pensiya təminatına imkan vermədiyinə istinad etmişdir.
36. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisələrdən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
38. İş materillarına əsasən cavabdeh iddiaçının yalnız iddiaçıya məxsus əmək kitabçasına və hərbi biletə əsasən onun ümumilikdə mübahisəsiz sığorta stajının 17 il 07 ay təşkil etdiyini bildirmiş, əmək kitabçasında qeyd edilən digər işlədiyi müəssisələr, habelə arxiv arayışı əsasında təsdiq olunan 1972-1974-cü illərdə Çarxı sovxozu üzrə əmək fəaliyyətini sosial sığorta stajına daxil etməmişdir.
39. Bununla əlaqədar qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin oxşar işlər üzrə hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və həmin təcrübəyə əməl edilməlidir.
40. Belə olan halda iddiaçının iddiaçının xx.xx.1972-ci il tarixdən mövsümi olaraq Çarxı Tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləyərək əmək haqqı aldığı 1972-ci ilin may-avqust ayları və xx.xx.1974-cü il tarixdən müvəqqəti fəhlə kimi işləyərək əmək haqqı aldığı 1974-cü ilin yanvar-mart ayları iddiaçının müvafiq əmrlərlə mövsümi (müvəqqəti) işləməsi nəzərə alınmaqla yalnız həmin aylar (1972-ci il üzrə 4 ay, 1974-cü il üzrə 3 ay) onun sığorta stajına daxil edilməlidir.
41. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı sıöorta stajına daxil edilən və cavabdeh tərəfindən mübahisələndirilməyən 2 il 12 gün müddətli həqiqi həqbi xidmətdən sonra əvvəllər mövsümi işlədiyi həmin sovxozda yenidən xx.xx.1976-cı il tarixli 294№-li əmrlə xx.xx.1976-cı il tarixdən fəhlə qəbul edildilmiş, arxivdə onun işdən azad olunmasına dair əmr aşkar edilməmişdir. Kolegiya həmçinin qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1977-ci il tarixli 300№-li əmrlə həmin sovxoza fəhlə qəbul edildiyi, göstərilsə də o 1977-ci ilin aprel-iyul ayları da (yəni cavabdehin mübahisələndirmədiyi xx.xx.1977-ci il tarixli 300№-li əmrlə sovxoza fəhlə qəbul edilənədək) əmək haqqı almışdır. Belə olan halda isə, arxiv məlumatlarına və əmək kitabçasına əsasən iddiaçının Çarxı Tərəvəzçilik-südçülük sovxozunda işlədiyi dövrlər xx.xx.1976-cı il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövrləri əhatə edir ki, bu da ümumilikdə 13 il 5 ay 8 gün təşkil edir.
42. Bundan əlavə, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək (3 il, 19 gün) “Azərrabitəinşaat” 1 N-li X1, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (1 il, 6 ay, 13 gün) Biləcəri hərbiləşdirilmiş mühafizə dəstəsində, xx.xx.1997-ci ildən xx.xx.2002-ci il tarixədək (4 il, 11 ay, 7 gün) X3 verilişləri şirkətində işləməsi əmək kitabçasındakı mötəbərliyi şübhə doğurmayan qeydlərlə yanaşı müvafiq müəssisələr və dövlət arxivi tərəfindən verilmiş arayışlarla da öz təsdiqini tapır.
43. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (1 ay 30 gün) təsərrüfatlararası təmir tikinti müəssisəsində işləməsi əmək kitabçasında qeyd edilsə də, həmin müəssisənin sənədləri arxivə təhvil verilməmişdir ki, bu da iddiaçının məsuliyyət sferasına adi edilə, onun mənafeyi ziddinə təfsir edilə bilməz.
44. Kollegiya qeyd edir ki, müvafiq arxiv arayışındakı və iddiaçının əmək kitabçasındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən əslinə baxış keçirilmiş və əsli iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Hazırkı qərarın 24-29-cu bəndlərində istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə müvafiq müəssislələrdə işləməməsini sübuta yetirə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
45. Beləliklə iddiaçının Çarxı Tərəvəzçilik-südçülük sovxozunda 1972 və 1974-cü illər üzrə işlədiyi 7 ay, müddətli həqiqi həqbi xidmətdə olduğu 2 il 12 gün, daha sonra həmin sovxozda xx.xx.1976-cı il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi 13 il 5 ay 8 gün, “Azərrabitəinşaat” 1 N-li X1 işlədiyi 3 il 19 gün, Biləcəri hərbiləşdirilmiş mühafizə dəstəsində işlədiyi 1 il 6 ay 13 gün, Xaçmaz rayon Aqrokombinatının Xazçmaz rayon təsərrüfatlararası təmir tikinti müəssisəində işlədiyi 1 ay 30 gün və X3 verilişləri şirkətində işlədiyi 4 il, 11 ay, 7 gün sığorta stajı kimi nəzərə alınmaqla onun sığorta stajı 25 ildən artıq (25 il 8 ay 29 gün) təşkil edir ki, bu halda da iddiaçı ona yaşa görə əmək pensiyası ödənilməsi üçün qanunda nəzərdə tutulmuş 25 il sığorta stajı tələbini ödəmiş olur.
46. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.
48. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia tələbinin xahiş hissəsində öz tələbini “xx.xx.1989-xx.xx.2002-ci il illərdə tikinti təşkilatlarında, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində, təsərrüfatlar arası təmir-tikinti müəssisələrində və teleradio veilişləri şirkətində işləməyinin sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi” kimi formulə etsə də, onun hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı pensiya yaşına çatdığından və yuxarıda qeyd edildiyi kimi, 25 ildən artıq sosial sığorta stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 32-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-870/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.