Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-605/2025 21.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3469/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3469/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1ində yerləşən 0.356 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2006-ci il tarixdə Quba rayonu Timiryazev bələdiyyəsi ərazisindən sahibkarlıq üçün verilmiş 0,0356 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı iclasının qərarı ilə ona ünvan 1i ərazisindən sahibkarlıq məqsədi ilə 0,0356 ha torpaq sahəsi satılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ona xx.xx.2006-cı il tarixdə JN-581 nömrəli, 30304048 kodlu, 781 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim verilmişdir. Həmin torpaq sahəsinin qaiməsi (sertifikatı) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsinin satılmasına dair Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı iclas protokolundan çıxarış, torpaqların alqı-satqısına dair akt, torpağın pulunun ödənilməsi haqqında xx.xx.2002-ci il tarixli kassa mədaxil orderinin 15 nömrəli qəbzi, torpağın ona satılması barədə təqdim edilmiş sənədlərə dair rəy və verilən torpaq sahəsinin yerquruluşu planı da təqdim edilmişdir. Qeyd etdiyi sənədlər X5 filialında da mövcuddur. Mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü ildə ona imtina cavabı vermişdir. Məktubda qeyd olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında ona verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı qeydiyyatdan keçməmiş və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Ona məxsus torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpağların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmamışdır. Hesab edir ki, ona verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktının dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və dövlət aktının arxiv nüsxəsinin cavabdeh inzibati orqanda aşkar edilməməsi, Dövlət Aktının elektron məlumat bazasında olan xəritə üzərində və torpağların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmaması onun təqsiri deyildir, bu hala görə o, heç bir məsuliyyət daşımır. Qeyd olunan vəzifələrin yerinə yetirilməsi aidiyyəti qurumların vəzifəli şəxslərinin vəzifə borcu olmuşdur. O, 2002-ci ildən hazırkı vaxta kimi torpaq sahəsindən təyinatı üzrə istifadə edir. O, vəzifəli şəxslərin məsuliyyətsizliyinə və səhlənkarlığına görə çıxarış ala bilmir və bu onu ciddi narahat edir. Ona görə də, məhkəməyə müraciət etmak məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, Quba rayonu Timiryazev bələdiyyəsinin 29.08 2002-ci il tarixli 09 saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə iddiaçıya satılmış 0,0356 ha torpaq sahəsi üçun ərizəyə əlavə olunmuş JN-581 nömrəli Kod 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş və dövlət aktının arxiv nüsxəsi 5 saylı Ərazi İdarəsində aşkar edilməmişdir. Bildirilir ki, JN-581 nömrəli Kod 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçot informasiya sistemində üz əksini tapmamışdır. Bundan əlavə 0,0356 ha torpaq sahəsi azalaraq 0,023 ha ölçüdə öz əksini tapmışdır. Həmçinin 0,0356 ha torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemində digər şəxsin adına dövlət reyestrindən verilmiş çıxarışın zəbt hissəsində yerləşir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə satılmış 0.0356 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-581 nömrəli Kod 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. JN-581 nömrəli Kod 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmamışdır. Bundan əlavə, 0.0356 ha torpaq sahəsi azalaraq 0.023 ha ölçüdə öz əksini tapmışdır. Həmçinin, 0.0356 ha torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemində digər şəxsin adına dövlət reyestrindən verilmiş çıxarışın zəbt hissəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən maddəsinə əsasən ərizənin icrasından xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 16026/2024 məktubla imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edildiyi kimi, JN-581 nömrəli Kod 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında olan xəritə üzərində və torpaqlarn elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında göstərilmişdir ki, iddia olunan torpaq sahəsi 0.0356 ha təşkil edir. İddia olunan torpaq sahəsinin 48 kv.metr hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Lakin məhkəmə göstərilən məsələyə münasibət bildirmədən, yəni həmin hissədə çıxarışın ləğv edilməsi, yaxud iddia olunan torpaq sahəsinin üst-üstə düşən hissəsinin çıxılmasını təmin etmədən bütövlükdə 0.0356 ha ölçüdə dair reyestrdən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi qoyulmuşdur. Belə olan halda məhkəmə qərarının icrası qeyri-mümkün olacaqdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, ünvan 1ində yerləşən 0,0356 ha torpaq sahəsindən 48 kv.m hissəsi istisna olmaqla, yerdə qalan 0,306 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda izahatında bildirdi ki, cavabdehin qeyd etdiyi 48 kv.m torpaq sahəsinin üst-üstə düşdüyü 0,19795 ha torpaq sahəsi də xx.xx.2018-ci il tarixli çıxarışa əsasən onun özünün xüsusi mülkiyyətindədir. Orada sahəsi 236,3 kv.m olan qeyri-yaşayış binası inşa etmişdir. Bələdiyyədən aldığı 0,0356 ha torpaq sahəsi isə onun mülkiyyətində olan 0,19795 ha torpaq sahəsinə bitişik olmaqla ətrafına aiddir. Digər qonşusu X3 da xx.xx.2025-ci il tarixdə notariat qaydasında ərizə verərək, onun torpaq sahəsinin sənədləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin Quba rayonu Timiryazev-Alekseyevka Bələdiyyəsi xx.xx.2025-ci il tarixli məktub verərək, ünvan 1i ərazisindən sahibkarlıq məqsədi ilə ona 0,0356 ha torpaq sahəsi satılmasına dair Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı iclasının qərarının qüvvədə olduğunu və çıxarışın verilməsinə etiraz etmədiyini bildirmişdir. Sənədləri məhkəməyə təqdim edir. İddia tələbini 48 kv.m hissəsində azaldır və iddia tələbinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayədəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddiaçının iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2025-ci il tarixli ərizəsini, təqdim etdiyi və iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verdiyinə görə, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, Quba rayon Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı qərarına əsasən İddiaçı ünvan 1i ərazisindən sahibkarlıq məqsədi üçün 0,0356 ha torpaq sahəsi satılmışdır. xx.xx.2002-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Timiryazev bələdiyyəsi öz ərazisindən 0,0356 ha torpaq sahəsini İddiaçı satmışdır. xx.xx.2002-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Quba rayonu Timiryazev bələdiyyəsinin hesabına torpağın dəyəri 427.000 manat (AZM) pulu ödəmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN-581 nömrəli, 30304048 kodlu, 781 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı qərarına əsasən İddiaçı ünvan 1i ərazisindən sahibkarlıq məqsədi üçün 0,0356 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin qaiməsi (sertifikatı) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,0356 ha olmaqla Timiryazev bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsədə üçün satılması qanuna müvafiqdir. Quba rayonu Timiryazev bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,0356 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikası X5 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2024cü il tarixli məktublardan görünür ki, Quba rayon Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı iclasının qərarı və əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İddiaçıya torpaq sahəsinin qanuvericiliyin tələblərinə əməl edilməklə satılmasına dair sənədlər arxivdə mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir. ünvan 1ində yerləşən 0,0356 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, GPS aləti vasitəsi ilə torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) götürülmüşdür. Faktiki olaraq həmin torpaq sahəsi hasarlanmışdır və iddiaçının faktiki istifadəsindədir. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsi gedişgəliş yolu və qonşu torpaq sahələri ilə həmsərhəddir. İddiaçının faktiki istifadəsində olan iki mərtəbəli qeyri-yaşayış binasının bir hissəsi iddia olunan torpaq sahəsinin daxilində yerləşir. Kameral araşdırma nəticəsi olaraq iddia olunan torpaq sahəsi 0.0356 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim edilmiş JN-581 KOD 30304048 saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritə materialları üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 48 kv.metr hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində **********65-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X1 kateqoriyalı olub (Müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan torpaqlar) uqodiyası tikinti altında olan torpaqlar kimi göstərilmişdir.Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. İddia olunan torpaq sahəsinin cənub-şərq, şimal-şərq və cənub-qərb istiqamətində olan torpaq sahələri üzərində çıxarışlar (**********48, **********72 və **********65-06301 nömrəli çıxarışlar) mövcuddur. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Quba rayonu Timiryazev-Alekseyevka bələdiyyəsi xx.xx.2025-ci il tarixli 169 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə 0,0356 ha torpaq sahəsinin satılması barədə Timirzayev bələdiyyəsinin qəbul etdiyi 09 saylı qərar qüvvədədir, çıxarışın verilməsinə etiraz edilmir. X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində verilmiş ərizədə qeyd olunur ki, ünvan 1i ünvanında yerləşən mülkiyyətinə aid qeyriyaşayış binasına yanaşı qonşu torpaq sahəsinin sahibi İddiaçı tərəfindən inşa edilməsi nəzərdə tutulacaq ünvan 1i ünvanda yerləşən JN-581 KOD 30304048 saylı seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 581 nömrəli planşetində göstərilən 0,0356 ha torpaq sahəsində tikintinin aparılmasına, adına rəsmiləşdirilməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışın alınmasına etiraz etmir. xx.xx.2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli **********72-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu Timirzayev kəndində 0,5 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 559,1 kv.metr ümumi sahəsi olan ticarət təyinatlı daşınmaz əmlak X2 adına daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli **********65-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu Timirzayev kəndində 0,19795 ha torpaq sahəsində yerləşən 236,3 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli **********65-06301 reyestr nömrəli texniki pasportdan və ARFİN MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəngli ortofotodansxematik plandan müəyyən edilir ki, Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 09 saylı qərarına əsasən İddiaçı satılmış ünvan 1i ərazisində 0,0356 ha torpaq sahəsi xx.xx.2018ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu Timirzayev kəndində 0,19795 ha torpaq sahəsinə bitişik olmaqla, İddiaçı istifadəsindədir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş müvafiq JN-581 nömrəli (Kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçmədiyi, dövlət aktının arxiv nüsxəsinin 5 saylı Ərazi idarəsində aşkar edilmədiyi, Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmadığı və bundan əlavə, 0,0356 ha torpaq sahəsi azalaraq, 0,023 ha ölçüdə öz əksini tapdığı, həmçinin 0,0356 ha torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemində digər şəxsin adına dövlət reyestrindən verilmiş çıxarışın zəbt hissəsində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, torpağın İddiaçı tərəfindən bələdiyyədən alqı-satqı müqaviləsi əsasında qanuni əsaslarla əldə etməsi və mülkiyyətinə keçirtməsi DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli dövlət aktı ilə öz təsdiqini tapmışdır. Həmin dövlət aktının DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmaması, adlı siyahıda və xəritə üzərində məlumatların aşkar edilməməsi barədə dəlilləri əsassızdır. Belə ki, həmin hallar müvafiq dövlət orqanlarının funkisyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)”. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya ayrılması və iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iş materiallarında olan rəsmi sənədlərlə təsdiq edilir və işin mübahisəsiz hallarıdır. Çünki, Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatına almaqdan imtina etməsi imtinası əsassız və formal olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının dövlət aktının mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsi və Mülki Məcəllənin 139-1.1.5-ci maddəsi iddiaçıların iddia tələblərinin təmin edilməsinin qanuni əsaslarını təşkil edir. Çünki, həmin qanunların tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0356 ha torpaq sahəsi (iddiaçının özünün digər torpaq sahəsi ilə üst-üstə düşən 48 kv.m hissəsi istisna olmaqla) üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsindən imtinası əsassız və qanunsuz olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilməli, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilməli, ünvan 1ində yerləşən 0,0356 ha torpaq sahəsindən 48 kv.metr hissəsi istisna olmaqla, yerdə qalan 0,308 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3469/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN-581 nömrəli, 30304048 kodlu, 781 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və Quba rayon Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı qərarına əsasən İddiaçı məxsus olan ünvan 1ində yerləşən 0,0356 ha torpaq sahəsindən 48 kv.metr hissəsi istisna olmaqla, yerdə qalan 0,308 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-605/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-605/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver