Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-606/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “övladları 15.07.2016-cı il təvəllüdlü X1 “Tukanova”dan “Kamallı”ya dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(118)-1471/2021 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı2 və İddiaçı1 16 iyun 2021-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək övladları 15.07.2016-cı il təvəllüdlü X1 “Tukanova”dan “Kamallı”ya dəyişdirilməsini xahiş etmişlər. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi 16 iyun 2021-ci il tarixli məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Odur ki, uşağın yetkinlik yaşına çatmadığını nəzərə alaraq ərizənin təmin edilməsi mümkün deyil. İmtina ilə razılaşmayan iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı 01 iyul 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 15 iyul 2016-cı ildə anadan olmuş-qızları X2 doğum haqqında şəhadətnaməsində adı və soyadının Sevda “Kamallı” kimi yazılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırılmışlar ki, onların birgə nikahlarından 15.07.2016cı il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Qeyd olunan soyad uşağa narahatçılıq yaradır. Sevdanın digər qardaşı və bacısının soyadı artıq dəyişdirilib. Sevdanın da adının dəyişdirilməsi ilə bağlı ərizə ilə cavabdeh təşkilata müraciət etmişdirlər, lakin xahişlərinin təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edirlər ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(118)-1471/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(118)-1471/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə soyadın dəyişdirilməsi ilə bağlıdır. Hər şeydən öncə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: -1.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; -1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; -6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Kollegiya ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Belə ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq kollegiya aşağıdakıları qeyd edir. Qeyd edildiyi kimi iddiaçılar övladı 15.07.2016-cı il təvəllüdlü X1 “Tukanova”-dan “Kamallı”-a dəyişdirilməsini arzu edirlər. Uşağa soyadın verilməsi və dəyişdirilməsi ilə bağlı qanunvericilikdə aşağıdakı müddəalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 54-cü maddəsi uşağın adının və ya soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Bu isə o deməkdir ki, uşağın valideyni öz mülahizəsinə uyğun olaraq uşağına istənilən soyadı verə bilməz. Qanunverici uşağın soyadının dəyişdirilməsini yalnız valideyninin soyadına uyğun dəyişdirilməsi ilə məhdudlaşdırmış və bu qaydadan hər hansı istisna nəzərdə tutmamışdır. Belə olan halda iddiaçıların uşağının öz soyadlarına uyğun deyil, tamamilə başqa bir soyadına dəyişdirilməsi tələbi əsaslı hesab edilə bilməz. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2-1(118)-1471/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-606/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-606/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver