Məhkəmə qərarları › İş №2-1(105)-606/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-606/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-606/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı ünvan 1 ünvanında yerləşən 60 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-1057/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sumqayıt şəhər ZDS İK Sumqayıt şəhər Mənzil İdarəsinin Mənzillərin dəyişmə bürosu tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, 1610 saylı orderdən görünür ki, mənzildəyişmə bürosunun komissiyasının xx.xx.1980-ci il tarixli 39 saylı qərarına əsasən X5 ayrılmış Sumqayıt şəhəri, 29-cu məhəllə, 20/2 saylı evdə yerləşən 8 saylı mənzil X8 ayrılmış Xırdalan qəsəbəsi, 27-ci məhəllə, ev 1A ünvanında yerləşən 60 nömrəli ümumi sahəsi 30.5 kv m olan mənzildə dəyişdirilmişdir.

2. AZ-İ № 594292 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1992-ci ildə vəfat etmişdir. AZ-İ № 777128 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 11 noyabr 2015-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı 15 sentyabr 2022-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A ünvanında yerləşən X5 məxsus 60 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A ünvanında yerləşən 60 saylı mənzilə dair təqdim edilmiş 1610 nömrəli orderin arxiv əsasları ilə bağlı Milli Arxiv İdarəsinə, Sumqayıt şəhər Dövlət Arxivinə və Abşeron rayon Dövlət Arxivinə rəsmi sorğular ünvanlanmışdır. Lakin cavab olaraq X5 mənzil verilməsi barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.

5. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 8 saylı mənzil Sumqayıt şəhər 2-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1994-cü il tarixli, 3M4/648 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1994-cü il tarixli, ЗМ-1018 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X10 mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.Sonradan, xx.xx.2012-ci il tarixdə X10 idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi çıxarışla əvəzlənərək xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2016-cı il tarixli, 4Ə-23 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında mənzil X3 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2016-cı ıl tarixli, 4Ə-135 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X6 adına qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş Sumqayıt Dövlət Arxivinin 21 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına 29.09. 2021-ci il tarixində daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1797 saylı və **********624 saylı xx.xx.2021-ci il tarixli sorğularınıza cavab olaraq bildiririk ki, Sumqayıt şəhər XDS İK-nın xx.xx.1980-cı tarixli 59 saylı protokolu mövcud deyildir. Sumqayıt şəhər ZDS İK-nin 1980-ci ilin oktyabr, noyabr və dekabr aylarına dair iclas protokollarına baxılmış, vətəndaş X5 mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A ünvanında yerləşən 60 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 1A ünvanında yerləşən 60 nömrəli mənzil Sumqayıt ZDS İK Sumqayıt şəhər Mənzildəyişmə Bürosu tərəfindən verilmiş 1610 saylı xx.xx.1980-ci il tarixli orderə əsasən iddiaçının mərhum X1na ayrılmışdır. Həmin vaxtdan sözügedən mənzildə anası və qardaşları ilə birlikdə uzun müddət yaşamışdır. X1 11 noyabr 1992-ci il, qardaşı X9 isə 11 noyabr 2015-cı ildə vəfat etmişdir. Hazırki mənzilin miras əmlakın tərkib hissəsi kimi çıxış edə bilməsi üçün mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yaranmışdır. Mənzil üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməməsi istər əmlak, istərsə də digər hüquqlarınn, xüsusilə də vərəsəlik hüququnun həyata keçirilməsində maneə yaranmışdır. İddiaçı zəruri sənədləri təqdim etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, **********24 saylı cavab məktubu ilə mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 6 ünvanında yerləşən 60 saylı mənzilə dair təqdim edilmiş 1610 nömrəli orderin arxiv əsasları ilə bağlı Milli Arxiv İdarəsinə, Sumqayıt səhər Dövlət Arxivinə və Abşeron rayon Dövlət Arxivinə rəsmi sorğular ünvanlanmışdır. Lakin cavab olaraq X7 mənzil verilməsi barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1057/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum S.Aslanova məznili qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir. Hazırda həmin mənzildə yalnız mərhumun oğlu İddiaçı qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzili qanunla tanınmış özəlləşdirmək hüququ vardır.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. İmtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilir ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1A ünvanında yerləşən 60 saylı mənzilə dair təqdim edilmiş 1610 nömrəli orderin arxiv əsasları ilə bağlı Milli Arxiv İdarəsinə, Sumqayıt şəhər Dövlət Arxivinə və Abşeron rayon Dövlət Arxivinə rəsmi sorğular ünvanlanmışdır. Lakin cavab olaraq X5 mənzil verilməsi barədə məlumat aşkarlanmadığı bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

15. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. ... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

20. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

21. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşdən görünür ki, iddiaçının mərhum X1na Sumqayıt şəhəri, 29-cu məhəllə 20/2 saylı evdə yerləşən iki otaqlı 8 saylı mənzil ayrılmışdır. Sumqayıt şəhər Mənzil İdarəsi Mnzildəyişmə bürosu komissiyasının xx.xx.1980-ci il tarixli 39 saylı qərarı ilə həmin mənzil X8 ayrılmış Xırdalan qəsəbəsi, 27-ci məhəllə, 1a saylı evdə yerləşən iki otaqlı 60 saylı mənzillə dəyişdirilmiş və S.Aslanovaya 1610 saylı xx.xx.1980-ci il tarixli order verilmişdir.

26. Cavabdeh dəfələrlə iddiaçıya müxtəlif məzmunlu imtina bildirişləri vermişdir. Belə ki, bəzi cavablarında təqdim edilmiş orderin oxunaqlı vəziyyətdə olmadığını, bəzilərində isə mənzilin ayrılmasının arxiv əsaslarının aşkar olunmadığını bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş orderin həm əsli, həm də kserosurətləri aydın və oxunaqlı vəziyyətdədir.

27. Bundan əlavə, Sumqayıt şəhər Mənzil İdarəsinin Mənzildəyişmə komissiyasının xx.xx.1980-ci il tarixli 39 saylı qərarı aşkar edilməsə də, digər mənzil, yəni mənzildəyişmə nəticəsində X4 əldə etdiyi mənzilin özəlləşdirmə sənədlərindən orderin həqiqi olduğu, həmin mənzlin artıq özəlləşdirildiyi və dəfələrlə özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli,**********38 saylı məktubda bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən 8 saylı mənzil Sumqayıt şəhər 2-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1994-cü il tarixli 3M4/648 reyestr nömrəli mənzilin əvəzsis bağışlanma müqaviləsi əsasında X4 adlna qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1994-cü il tarixli, 3M- 1018 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X10 mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan xx.xx.2012-ci il tarixdə X10 idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi çıxarışla əvəzlənərək xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2016-cı il tarixli, 4Ə-23 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X3 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2016-cı il tarixli, 4Ə-135 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X6 adına qeydiyyata alınaraq xx.xx.2016cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

28. İşin yuxarıda qeyd edilən hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən düzgün olaraq bu nəticəyə gəlmişdir ki, mərhum S.Aslanova mənzili qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir. Hazırda həmin mənzildə yalnız mərhumun oğlu İddiaçı qeydiyyatdadır.

29. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın 18-20-ci bəndlərində istinad edilən qanunvericilik normalarına əsasən iddiaçının həmin mənzili qanunla tanınmış özəlləşdirmək hüququ vardır. İddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq cavabdeh inzibati orqan iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır.

31. Beləliklə, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, və apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-1057/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar