Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-607/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)- 1115/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus ИТ № ******* seriyalı əmək kitabçasında onun xx.xx.1979-cu il tarixindən əmək fəaliyyətinə başlaması və hal-hazıradək işləməsi, o cümlədən xx.xx.1981ci il tarixdən xx.xx.1994-cü tarixədək “Qafqazenerjitəmir” X1xana avadanlığının təmiri üzrə çilingər vəzifəsində, hazırda isə 110KV Sumqayıt -2 YS-da növbətçi elektrik montyoru işləməsi qeyd olunmuşdur.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina barədə məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İmtinada Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8 və 31.2-1-ci maddələrinə istinad edilməklə göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1981-xx.xx.1994cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2480 nömrəli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Buna görə də əmək stajını dəqiqləşdirmək mümkün olmadığından qeyd edilən dövrləri social sığorta stajına daxil etmək mümkün deyil. İmtinada göstərilir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 4 ay 1 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1994xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı isə yoxdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Era“ Birgə müəssisəsində işlədiyi müddətin sosial sığorta ştajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Birgə Müəssisəsində işlədiyi müddəti sosial sığorta stajı kimi hesablanması və ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1982-1986-cı illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil almışdır. Həmin vaxtlarda texnikumda təhsil alaraq gecə növbəsində çalışmışdır. Əmək fəaliyyətinə isə 1979-cu il tarixdə Sumqayıt Elektrik Şəbəkəsində başlamış, 6 ay sonra Sumqayıt Şüşə zavodunda işləmişdir. 1980-ci ilin may ayında hərbi xidmətə yollanmış, 1981-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci il tarixdən 1994-cü il tarixə kimi, yəni 13 il 4 ay stajla Qafqaz Enerji Təmir İdarəsində çilingər vəzifəsində çalışmışdır. Qafqaz Enerji Təmir İdarəsi xx.xx.1994-cü il tarixdən "xxxx" Azərbaycan-Rusiya Müəssiəsi kimi adlandırılmışdır. Bu da iddiaçının həmin idarədə işlədiyi vaxtlara təsadüf edir. Bu barədə də iddiaçıya məxsus ИТ-0361350 № li əmək kitabçasında müəssisəyə aid möhür vurularaq xüsusi qeydlər yazılmışdır. 1995-ci il tarixdən hazıra kimi iddiaçı Sumqayıt Elektrik Şəbəkəsində çilingər, daha sonra 5-ci və 6cı dərəcə növbətçi elektrik montyoru kimi işləmiş və hazırda da 6-cı dərəcəli növbətçi elektrik montyoru işləyir. İddiaçı işlədiyi zamanlarda Sumqayıt Elektrik Şəbəkənin adı müvafiq əmr ilə dəyişdirilmiş, bu barədə qeydlər əmək kitabçasında da qeyd olunmuşdur. İddiaçının ümumi iş stajı və zərərli, ağır işlərdə olan iş stajı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat hüququnu verir. İddiaçı bununla bağlı qanunvericiliyə uyğun olaraq cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Lakin ina imtina cavabı verilmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, yalnız iki məsələdə əvvəlki qanunvericiliyin tətbiqinə icazə verilir. İddiaçı isə müvafiq tələblərə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsində işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 dekabr 2021-ci il tarixli arayışında həmin dövrlərlə bağlı arxiv sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir, bu səbəbdən həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunan əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.1-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaoluna əmək pensiyası təyin edilir.Beləliklə, iddiaçının mübahisələndirdiyi dövrə dair iş stajı qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapmır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-1115/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1981-1994-cü illərdə "xxxx" Birgə müəssisəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydin mötəbərliyinin yoxlanılması üçün müvafiq arxiv idarələrinə və ərazi vergilər idarəsinə sorğular verilmiş, lakin iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi araşdırmanı imkansız etmişdir. Bununla da iddiaçının həqiqətən də 25 il sosial sığorta stajına və 12 il 6 ay güzəştli iş stajına malik olması öz təsdiqini tapmadı. Belə olan halda ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi də mümkün deyildir.
11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etməklə göstərir ki, iddiaçıya məxsus olan ИТ-0361350№li əmək kitabçası iddiaçının özünün deyil, respublika ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən yazılmış və onlara məxsus möhür vurulmuşdur. Halbuki iddiaçının həmin dövrlərdə işlədiyi haqqında bütün qeydlər əmək kitabçasında qeyd olunmuşdur. Qanunvericiliyə uyğun olaraq Əmək kitabçası olmadıqda əlavə sənədlərə ehtiyac yaranır. Əmək pensiyaları haqqında AR Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Lakin məhkəmə qanuna zidd gedərək iddiaçının əmək kitabçasında qeydləri nəzərə almadan qərar çıxarmışdır. 01 yanvar 2006cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən kişilərə yaşa görə pensiya təyin olunması üçün 64 yaş 6 aya uyğun 25 il sığorta stajı tələb olunur. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Habelə Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitançası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır. əmək kitabçası və ondakı qeydlər ölkənin dövlət dilində aparılmalıdır. əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (bütöv şəkildə) doğulduğu gün, ay, il, təhsil (o cümlədən başa çatdırılmamış təhsil), peşəsi və ixtisası haqqında məlumatlar səhvsiz və ixtisar olunmadan göstərilməlidir. Bu məlumatlar əmək kitabçasına təsdiqedici sənədlər əsasında daxil edilir.
13. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək və etirazı imtinanın dəlilləri ilə əsaslandıraraq iddiaçının mübahisələndirdiyi dövrə dair iş stajının qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapmadığını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
21. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı ... 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140100a—18455 - qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaq ötürücü avadanlığın və onların işini təmin edən ölçü vasitələri və avtomatika vasitələrinin, həmçinin köməkçi yeraltı avadanlığın təmiri və xidməti ilə məşğul olan çilingərlər, bütün adlarda elektrik çilingərləri
24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
28. Belə ki, cavabdehin imtinasının dəlillərinə və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməməsi barədə nəticəinə əsasən iddiaçının 1981-1994-cü illərdə "xxxx" Birgə müəssisəsində işləməsi arxiv sənədləri ilə öz təsdiqni tapmamışdır və belə olan halda ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi də mümkün deyildir.
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir.
30. Belə ki, iddiaçının qeyd edilən dövrdə həmin müəssisədə işləməsi iş materiallarında təsdiq edilmiş surəti olan və kollegiya tərəfindən əslinə baxış keçirilmiş əmək kitabçasında öz əksini tapmışdır. İddiaçının əmək kitabçasının 7-ci səhifəsində olan qeyddə göstərilmişdir ki, "xxxx" DŞ-nın xx.xx.1994-cü il 61 nömrəli əmri ilə “Qafqazenerjitəmir” İİB-i 01.06.94-cü il tarixdən "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsi adlandırılsın”. İşə apellyasiya qaydasında baxılarkən verilmiş sorğulara cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, xx-xx.1758 saylı məktubla bildirmişdir ki, Azərbaycan-Rusiya "xxxx" birgə müəssisəsinin təsis edilməsi ilə bağlı “Qafqazenerjitəmir” X4 "xxxx" Dövlət Şirkətinin tərkibindən çıxarılaraq aktiv və passivi ilə birlikdə (o cümlədən işçi heyəti) "xxxx" birgə müəssisəsinə verilmişdir və "xxxx" ASC-də "xxxx" birgə müəssisəsinə aid sənədlər yoxdur. Daha sonra isə ASC-nin xx.xx.2022-ci il tarixli, xx-xx.1872 saylı məktubu ilə "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli 61 nömrəli müvafiq əmrinin təsdiq edilmiş surəti təqdim edilmişdir.
31. Bundan əlavə verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin cavab məktublarında dövlət reyestrində “Qafqazenerjitəmir” X4 adlı kommersiya qurumu aşkar edilmədiyi göstərilmiş, daha sonra isə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin qeydiyyatı haqqında xx.xx.1994-cü il tarixli 680 nömrəli şəhadətnamənin və digər təsis sənədlərinin təsdiq edilmiş surətləri təqdim olunmuşdur.
32. Eyni zamanda iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində “Qafqazenerjitəmir” X3 və Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində iddiaçı ilə birgə işlədiyini, həmin işdə işlədiyi staj da nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxdığını bildirmişdir. Şahid N.Cəbrayılovun təqdim etdiyi ona məxsus olan əmək kitabçasının surətində iddiaçı ilə üst-üstə düşən dövrlərdə onun “Qafqazenerjitəmir” İİB-də və "xxxx" Birgə Müəssisəsində işləməsi barədə qeydlər mövcuddur. Bundan əlavə, şahidin təqdim etdiyi "xxxx" Azərbaycan-Rusiya Birgə müəssisəsinin xx.xx.2009-cu il tarixli arayışından görünür ki, X5 həqiqətən "xxxx" Azərbaycan-X7 xx.xx.1985-ci ildən (əmr №30-ok.xx.xx.1985) Sumqayıt təmir sahəsində qazan avadanlığının təmiri üzrə İV dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.1994-cü il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı 21 iyun 1993-cü il tarixli qərarına əsasən güzəştli sayılır.
33. Beləliklə, apellyasiya baxışı zamanı aparılmış əlavə araşdırma ilə iddiaçının cavabdehin mübahisələndirdiyi xx.xx.1981-xx.xx.1994-cü il tarixlərdə "Qafqazenerjitəmir” X3 və Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı kollegiya qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən baxılmış oxşar işlər üzrə 2-1(102)-201/2019 və 2-1(102)-1295/2019 saylı qərarlardan da görünür ki, həmin işlərdə iddiaçıların işlədikləri “Qafqazenerjitəmir” X2 iş dövrləri onların sığorta stajına hesablanmışdır.
34. Beləliklə cavabdeh tərəfindən mübahisələndirilən müvafiq dövrlər (xx.xx.1981xx.xx.1994) , o cümlədən həmin dövrün yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işə aid olması (qanunvericiliklə tələb olunan 12 il 6 aydan artıq), habelə iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi stajı olması nəzərə alınmaqla onun 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, bu qərarın 23-cü bəndində istinad edilən Siyahıya əsasən iddiaçının xx.xx.1981-xx.xx.1994-cü il tarixlərdə işlədiyi qazanxana avadanlığının təmiri üzrə çilingər vəzifəsi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulmuşdur.
35. Kollegiya qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
36. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbləri baxımından iddiaçının təqdim etdiyi əmək kitabçası onun iş stajını təsdiq edən mötəbər sübutdur və cavabdeh inzibati orqan həmin əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olmadığını təsdiq edən hər-hansı sübut təqdim etməmişdir. Əksinə apellyasiya baxışı zamanı əldə edilmiş yeni sübutlrala müvafiq qeydlərin düzgünlüyü bir daha öz təsdiqni tapmışdır.
37. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olduğundan və o pensiya təyinatı ilə bağlı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən 32.1-1-ci maddəsinə uyğun olaraq iddiaçıya əmək pensiyası onu almaq hüququ yarandığı xx.xx.2019-cu il tarixdən təyin edilməli və həmin normada nəzərdə tutulmuş qaydada ödənilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(118)-1115/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.