Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-607/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxslər X2, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “onun mülkiyyətində olan torpaq sahəsinə dair cavabdehin və üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2-1(118)- 71/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək JN-182 nömrəli, KOD 30301004 və JN- 4989A nömrəli, KOD 30301004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında onun mülkiyyətində olan, Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən ümumilikdə, 10 sot həyətyanı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyata əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinə dair qeydlərin ləğv edilməsi, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmçinin, həmin hüquqverici sənədlər əsasında aparılmış digər qeydiyyatların ləğv edilməsi və qeydlər əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 24 aprel 1995-ci il tarixli, 10 nömrəli iclas qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün iddiaçının əri X4 torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. X14 ölümündən sonra adıçəkilən orqanın qərarı ilə ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququ iddiaçının adına rəsmiləşdirilərək bu barədə adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. JN-182 nömrəli, KOD 30301004 və JN-4989A nömrəli, KOD 30301004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrə əsasən Quba şəhəri Dəvədabanı adlanan ərazidə yerləşən hər iki 0,05 ha, cəmi 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin həyətyanı torpaq sahələri bitişikdir. İddiaçı torpaq sahələri ilə bağlı torpaq vergisi ödəyir, həmçinin, torpaq sahəsini vahid ərazi kimi metal torla hasarlayaraq torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edərək torpaqlara aqrar qulluq edərək əkib - becərmişdir, birgə torpaq sahəsində tikinti işi apararaq fərdi yaşayış evi inşa etmişdir. 31 iyul 2021-ci il tarixdə, 4-5 nəfər şəxs, biri özünü Gülsüm və torpağın alıcısı, digəri bələdiyyə əməkdaşı kimi təqdim edən, əlavə iki nəfərlə birlikdə, qanuni əsaslarla onun mülkiyyətinə verilmiş və 15 il ərzində istifadəsində olan həmin 0,10 ha həyətyanı torpaq sahəsinə gələrək, metal tor hasarını sökərək torpaq sahəsini zəbt etmişlər. Onlardan nə baş verdiyini soruşanda özünü torpaq sahəsinin alıcısı Gülsüm kimi təqdim edən şəxs və bələdiyyə işçiləri ona bildirmişdirlər ki, bu torpaq sahəsini ondan alaraq Gülsümə satmışdırlar. Gülsüm müəyyən məsafədən ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı göstərsə də, çıxarışda edilmiş qeydləri oxumağa imkan verməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-257/2022 nömrəli qərardadı ilə X5 və X6, 06 fevral 2023-cü il tarixli, 2-1(118)-71/2023 nömrəli qərardadı ilə X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2-1(118)-71/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının əvvəllər istifadəsində olmuş torpaq sahəsi bələdiyyənin mübahisə edilən qərarları əsasında üçüncü şəxslərə satılmışdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada quruluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin məhz iddiaçıya aid olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən onun həmin torpaq sahəsi üzərində subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun subyektiv hüququnun olmaması qənaətinə gələrkən haqlı olmamışdır. Belə ki, mübahisəli torpaq sahələri bələdiyyələr yaranana qədər, yəni, Quba RİHB-nin şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyası tərəfindən 1995-ci ildə verilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı mübahisəli torpaq sahələrinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Lakin, cavabdehin təqsiri üzündən iddiaçı qanuni mülkiyyətindən faktiki olaraq məhrum edilmiş, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ pozulmuşdur. Halbuki, qanunvericiliyin tələbinə əsasən 2000-ci ilə qədər vətəndaşların qanuni istifadələrinə verilmiş torpaq sahələri bələdiyyələr tərəfindən geri tələb edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan Quba RİHB-nin şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının iclas protokollarından və torpaq sahəsinə münasibətdə torpaq vergisinin ödənilməsi ilə bağlı ödəniş qəbzlərindən göründüyü kimi iddiaçı tam qanuni əsaslarla mübahisəli torpaq sahələrinə subyektiv hüquq əldə etmişdir. Cavabdeh diskresion səlahiyyətlərini aşmış, qanunla müəyyən olunmuş hüdudlardan kənara çıxmış, bununla da iddiaçının mülkiyyəti ilə bağlı onun hüquq və azadlıqlarını əsassız məhdudlaşdırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının tələbi onun mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə dair cavabdehin və üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinin ləğv edilməsi barədədir. İşə baxan məhkəmə subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. Belə ki, iddiaçının hazırki tələbi bir neçə hissədən ibarətdir: 1) JN-182 nömrəli, KOD 30301004 və JN-4989A nömrəli, KOD 30301004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında onun mülkiyyətində olan Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və etibarsız hesab edilməsi; 2) Həmin torpaq sahəsinin bələdiyyə tərəfindən digər şəxslərə satılmasına dair alqısatqı müqavilələrinin ləğv edilməsi və etibarsız hesab edilməsi; 3) Alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi; 4) Həmin hüquqmüəyyənedici sənədlər əsasında aparılmış digər qeydiyyatların ləğv edilməsi və onlar əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi. Bir neçə tələbdən ibarət olan iddialara münasibətdə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 10.1 və 10.2-ci bəndlərində qeyd edilir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Birinci instansiya məhkəməsi qərardadında iddiaçının hazırkı tələblərinin yuxarıda göstərilən dörd tələb olduğunu qeyd etsə də, yekunda “Quba bələdiyyəsinin 28 iyul 2004cü il tarixli, 11 saylı, 07 iyun 2005-ci il tarixli, 07 saylı və 27 iyul 2007-ci il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki, işdən görünür ki, hazırda icraat çərçivəsində iddiaçının bələdiyyə qərarlarının ləğv olunması ilə bağlı tələbi, ümumiyyətlə, mövcud olmamışdır. İşə baxan məhkəmə iddiaçının irəli sürmədiyi tələb üzrə iddianı mümkün saymamış, bununla yanaşı, iddiaçının irəli sürdüyü tələblərin mümkünlüyünə isə hüquqi qiymət verməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2-1(118)-71/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba bələdiyyəsinə qarşı “onun mülkiyyətində olan torpaq sahəsinə dair cavabdehin və üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-607/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-607/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver