Məhkəmə qərarları › İş №2-1(105)-607/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-607/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-607/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2- 1(118)-3315/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 59/2-Q-969xx/xx/2024 nömrəli məktubunun etibarsız hesab edilməsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2144/2019 nömrəli qətnaməsi əsas götürülərək onun və uşaqları 17 yanvar 2017-ci il doğum tarixli X11 və 15 iyun 2019-cu il doğum tarixli X6 xx.xx.2019-cu il qeydiyyat tarixli, Seriya RX, ******* nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış, ünvan 1 ünvanında pasport qeydiyyatına götürülmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(118)-7134/2024 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2144/2019 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli çıxarışla iddiaçının qaynatası X8 adına olan, Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 4 nömrəli evə köçürülmüşdür. Evə 2015-ci ildə toydan sonra el adəti ilə gəlin köçmüş, həmin evdə 2 övladı, 17 yanvar 2017-ci il doğum tarixli X11 və 15 iyun 2019-cu il doğum tarixli X7 dünyaya gəliblər. Halhazırda həyat yoldaşı X12, iddiaçı və 2 övladı birgə qeydiyyatsız yaşayırlar. Bu da ailəməişət şəraitinə, eləcə də uşaqların məktəb-bağça məsələlərinin həll edilməsinə çətinlik yaradır. Məhkəmənin məlum qərarına əsasən, iddiaçı və ailənin digər üzvlərinin yaşayış yeri üzrə pasport qeydiyyatına alınması məqsədilə rəsmi olaraq ASAN xidmətə müraciət etmiş, lakin xidmətə verdiyi ərizə Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən cavablandırılaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsində sadalanan sənədlərin ASAN xidmətə təqdim edilməklə pasport qeydiyyatına alınmaq təklif olunub. İddiaçı müraciətində yaşayış sahəsinə köçürülməyi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 nömrəli Qətnaməsini digər sənədlərlə təqdim etməyinə baxmayaraq, həmin maddənin 2-ci hissəsinin 3-cü bəndinə əhəmiyyət verilməyərək qurumdan səthi cavab almışdır. Əlavə olaraq bildirilib ki, Qətnamədə yaşayış sahəsinə qeydiyyata alınma barədə heç nə yazılmayıb. Bundan sonra, məsələ ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli, 2-1(118)-6712/2024 nömrəli qərardad ilə hesab etmişdir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş və Polis idarəsi də eynilə iddiaçı və ailə üzvlərini qeydiyyata almaqdan imtina edib. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçı cavabdeh X13 qarşı “mənzildə yaşama hüququnun tanınması, mənzilə köçürülməsi, mənimsənilmiş qızıl-zinət və ev əşyalarının geri qaytarılması” tələbinə dair mülki üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 2144/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X13 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 45 saylı evə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3695/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh A.N.Qəribovun verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsi cavabdeh A.N.Qəribova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X9 adına 07 iyul 2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X3 rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evi X14 hədiyyə vermişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsi A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 424 nömrəli arayışdan görünür ki, X1 qəsəbə A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin 0 (sıfırıncı) sinfində təhsil alır. Abşeron-Xızı Regional Təhsil İdarəsi A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 425 nömrəli arayışdan görünür ki, X4 qəsəbə A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin İİ (ikinci) sinfində təhsil alır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(118)-3315/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir, yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə qeydiyyata alınması üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişlər. Həmçinin həmin ünvanda da yaşamadığı müəyyən olunur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2144/2019 nömrəli qətnaməsi ilə 2 azyaşlı uşağı ilə birlikdə xx.xx.2019-cu il qeydiyyat tarixli, Seriya RX, ******* nömrəli çıxarışla qaynatası X8 adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 4 nömrəli evə köçürülmüşdür. Hal-hazırda həyat yoldaşı X12 və iki övladı ilə birgə qeydiyyatsız yaşayır. Başqa yaşayış yeri yoxdur. Qətnamədən narazı olan qaynatası X8 apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra X20 etirazını dolayı yolla ifadə edərək evi azyaşlı qızı Aysuna bağışlayaraq qeydiyyata düşməyinə mane olmağa çalışmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(118)-3315/2025 nömrəli qərarını əsasız və qanunsuz hesab edir. Məhkəmə qanuni qüvvəyə minmiş qətnaməni əhəmiyyətsiz hesab edərək yeni qərar qəbul etmişdir. Halbuki, apellyasiya şikayətindən narazılıq olduğu halda, kassasiya şikayəti verilməli idi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel tarixli 55-İQ nömrəli Azərbaycan Respublikasının Qanununa məhəl qoyulmamışdır. Təbii ki, mülk sahibinin onun və uşaqlarının qeydiyyata alınması barədə razılıq ərizəsi olmadığı üçün məhkəməyə müraciət etmişdir və əvvəl könüllü, sonradan məcburetmə qaydasında fərdi yaşayış evinə köçürülmüşdür. Abşeron Rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilmə haqqında Qərara əsasən icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Həmin qərar yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd hesab edilmir?! Mülkiyyət hüququna gəldikdə isə iş üzrə mülk tələb qoyulmamış, mülkiyyətçinin konstitusiyada nəzərdə tutulmuş hüquqları pozulmamışdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə əsassız olaraq “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən irəli gələn məsələlərə istinad etmiş, halbuki onun bu məsələ ilə heç bir oxşarlığı və əlaqəsi yoxdur. Ona gorə də məhkəmənin qərarını əsasız və qərəzli hesab edir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyası Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. … Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında pasport qeydiyyatına götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinin birinci abzasında deyilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bununla yanaşı Mənzil Məcəlləsinin 16-cı maddəsinə görə, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı cavabdeh X13 qarşı “mənzildə yaşama hüququnun tanınması, mənzilə köçürülməsi, mənimsənilmiş qızıl-zinət və ev əşyalarının geri qaytarılması” tələbinə dair mülki üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X13 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 45 saylı evə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3695/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh A.N.Qəribovun verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsi cavabdeh A.N.Qəribova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(118)-7134/2024 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 02 iyul 2021-ci il tarixli, 4Ə-1271 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X5 rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 92.8 kv/m olan fərdi yaşayış evini X14 hədiyyə etmişdir. İş materiallarına əlavə olunmuş 07 iyul 2021-ci il tarixli, **********54-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92.8 kv/m olan fərdi yaşayış evi üzərində X9 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarından o da görünür ki, X21 15 fevral 2011-ci il təvəllüdlüdür. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 607/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qərardadı ilə X21 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmə kollegiyasının iclasında qanuni nümayəndəsi X20 tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər əlavə olaraq aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 13 yanvar 2015-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə özbaşına tikili olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra sözügedən fərdi yaşayış evi onun qaynatası X8 adına rəsmiləşdirilməklə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 2(012)- 929/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X21 cavabdehlər X12 və İddiaçı qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən qətnamə ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X12 və İddiaçı hər birinə 7500 manat olmaqla, cəmi 15000 manat kompensasiya ödənilməklə onların xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və onların yetkinlik yaşına çatmayan uşaqları X11 və X7 ilə birlikdə həmin evdən çıxarılması qərara alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi iddiaçının sözügedən fərdi yaşayış evinə qeydiyyata alınması üçün ya ona məxsus mülkiyyət sənədi, ya da ona yaşayış sahəsi verən şəxsin ərizəsi (hazırki halda üçüncü şəxsin ərizəsi) olmalıdır. Lakin iş materiallarından da aydın olduğu kimi iddiaçıya məxsus sözügedən sənədlər mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Əlavə olaraq hazırki işin halları ilə oxşar olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-582/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qərarında aşağıdakı mövqe ifadə olunmuşdur: “...Burada qeyd edilməlidir ki, Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının və onun övladlarının sözügedən daşınmaz əmlakdan istifadə hüququ tanınsa da, həmin hüquq əşya hüququ kimi tanınmamışdır. Yaşayış sahəsinə qeydiyyata alınma tələbinin təmin edilə bilməsi üçün qeydiyyata düşmək istəyən şəxsin yaşayış sahəsinə münasibətdə əşya hüququnun sahibi olması tələb olunur. Əşya hüququnun yaranmasının isə qanunvericilikdə nəzərdə tutulmuş konkret əsasları vardır, eləcə də həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdırlar. Hazırkı işin halları baxımından isə iddiaçının qeydiyyata alınmaq istədiyi ünvana dair əşya hüququ yaranmamış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd edilməlidir ki, Quba Rayon Məhkəməsinin qətnaməsinin hazırda mülkiyyətçi olan şəxsə münasibətdə hüquqi qüvvəsi ola bilməz. Belə ki, Quba Rayon Məhkəməsinin qətnaməsindən aydın olduğu kimi, iddiaçının istifadə hüququ əşya hüququ kimi tanınmamışdır. Başqa sözlə, nə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi, nə də Mülki Məcəllənin müvafiq maddələri baxımından mənzilin yeni mülkiyyətçisi üçün nə əşya hüququ, nə də hər hansı bir yüklülüklə bağlı hüquqi öhdəlik və vəzifə yaratmır...” Hazırkı işdə də iddiaçının istinad etdiyi, onun X13 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 45 saylı evə köçürülməsi ilə bağlı məhkəmə qətnaməsi yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun olaraq, iddiaçının X9 mülkiyyətində olan evə yaşayış yeri üzrə qeydiyyatı üçün əsas təşkil etmir. Yuxarıda qeyd olunanları da hazırki işə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(118)-3315/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar