Məhkəmə qərarları › İş №2-1(105)-608/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-608/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-608/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Qanuni nümayəndə, X8, xx.xx.2017-ci il təvəllüdlü X9, X1, X3 və Həsənova Günel Kamil qızının ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən ev 7 saylı evin 45 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1155/2023 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 saylı evin 45 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, Qanuni nümayəndə, X8, X9, X3, X2, Həsənova Günel Kamil qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Odur ki, ərizənizdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə.müraciət etməyiniz tövsiyə olunur. Sumqayıt şəhəri İcra Hakimiyyəti “Əmək Mənzil-tikinti Kooperativi”nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında (AN-1 ******* nömrəli 15 iyul 2022-ci il tarixli) "Əmək" mənzil-tikinti kooperativinə məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, mənzil 45-i şəxsi mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan şəxslər xx.xx.1986-cı il təvəllüdlü Qanuni nümayəndə, xx.xx.2001-ci il təvəllüdlü X14, xx.xx.2017-ci il təvəllüdlü X17, xx.xx.1968-ci il təvəllüdlü X4, xx.xx.1967-ci il təvəllüdlü X10, xx.xx.1991-ci il təvəllüdlü Həsənova Günel Kamil qızı həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin mənzilin alqı-satqı müqaviləsindən sonra həmin mənzildə yaşamırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-326/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X5 və X6 cavabdehlər “Külək" MMC, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri uzrə icra idarəsinə qarşı (üçüncü şəxs qismində İddiaçı Zülfəh qızı cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Qanuni nümayəndə, X8, xx.xx.2017-ci il təvəllüdlü X9, X1, X3 və Həsənova Günel Kamil qızının ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən ev 7 saylı evin 45 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən 7 saylı evin 45 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzili "xxxx" KB ASC-dən alqı-satqı müqaviləsi əsasında almışdır. Sonradan ona məlum olmuşdur ki, 3-cü şəxslər onun mənzilində pasport qeydiyyatındadır. Üçüncü şəxslər mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onların mənzil üzərində heç bir hüququ yoxdur və onların mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, onun müraciətinə müsbət cavab verməyən cavabdeh müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1155/2023 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, Qanuni nümayəndə, X8, xx.xx.2017-ci il təvəllüdlü X9, X1, X3 və Həsənova Günel Kamil qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən ev 7 saylı evin 45 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxslər – Qanuni nümayəndə, X14, xx.xx.2017-ci il təvəllüdlü X17, X4, X10 və Həsənova Günel Kamil qızı Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən ev 7 saylı evin 45 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Qərardan narazı qalan üçüncü şəxs X4 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 nömrəli mülki iş üzrə yekun qərarının qanuni qüvvəsini alanadək inzibati işin icraatın dayandırılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həlimə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məlikəmə baxışını dayandırmalıdır. Lakin, o, X11 cavabdehlər “X16” ASC-yə, "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və İddiaçı Zülfəii qızına qarşı Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən 7 saylı evin 45-ci mənzilə dair hərracın nəticələri barədə xx.xx.2020-ci il tarixli, 39Mİ4 saylı protokolun və həmin mənzilə dair hərrac protokolu əsasında bağlanmış (“X16” ASC ilə) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı arasında “X16” ASC ilə Sumqayıt şəhəri, 42 məhəllə ünvanda yerləşən 7 saylı evin 45-ci mənzilinə Sumqayıt şəhəri, 4 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış və 49- 1495 sayla qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmişdir. İddiaçı X4 eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxıldığından mübahisənin mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək iş üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1155/2023-cü il tarixli qərardadı ilə iş üzrə уеkun qərar qəbul edilənədək iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-326/2023 nömrəli qətnaməsi ilə iddiaçılar X5 və X6 cavabdehlər “Külək" MMC, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri uzrə icra idarəsinə qarşı (üçüncü şəxs qismində İddiaçı Zülfəh qızı cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməs hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərarının nəticəsi (üçünçü şəxslərin pasport qeydiyyatından çıxarılması) Nəsimi Rayon Məhkəməsinin iddiaçıların tələbi üzrə çıxarılan (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) yekun qərarından asılıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş üçüncü şəxs X1 nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə kollegiyasına məktub ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxilmasını xahiş etmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən daimi pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı həmin mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Hazırda inzibati iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslər həmin mənzilin köhnə sakinləri olmaqla, orada pasport qeydiyyatındadırlar, həmin mənzildə yaşamırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İstinad edilən qanunvericilik normalarına görə inzibati məhkəmə icraatı qaydasında şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin mənzilə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Birinci hal, yəni şəxsin yaşayış evində yaşamaması ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə üçüncü şəxslərin sözügedən mənzildə yaşamaması işin mübahisəsiz halıdır. Mənzil satıldıqdan sonra üçüncü şəxslərin orada yaşamamaları üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə də müəyyən edilmişdir. Digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər və orada yaşamalarına dair hər hansı sübut da təqdim etməmişlər. İkinci hal olan şəxsin mənzilə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlı isə kollegiya qeyd edir ki, üçüncü şəxslərin mənzilə hər hansı əmlak hüquqları mövcud deyil. Belə ki, həmin mənzil hazırki iş üzrə iddiaçıya məxsusdur. İşin hallarına görə o mənzili əvvəlki mülkiyyətçi "xxxx" ASC-dən alqı-satqı müqaviləsi əsasında, "xxxx" ASC isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracın nəticələrinə dair protokol və alqı-satqı müqaviləsi əsasında əldə etmişdir ki, həmin müqavilələr və protokol hazırda qüvvədədir. Beləliklə, şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisənin həlli zamanı müəyyən edilməli olan ikinci hal, yəni şəxsin həmin mənzilə əmlak hüququnun olmaması da öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, evə dair bağlanılmış alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı "xxxx" ASC evi üçüncü şəxslərin hüquqlarından azad etməyi və müqavilə təsdiq olunduğu tarixdən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan sonra xeyli müddət keçsə də mənzilin keçmiş mülkiyyətçisi öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, mənzili alıcıya təhvil verilsə də, həmin mənzildə qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxmamış və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır. Bu hal isə özlüyündə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxardır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçının həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququ yaranmışdır. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 nömrəli qətnaməsinin mübahisələndirilməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu hazırki işin icraatının dayandırılması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Qeyd olunan imperativ normanın məzmunundan aydın olur ki, yalnız inzibati icraat üzrə mübahisənin həllinin mülki iş üzrə məsələnin həllindən asılı olduğu halda inzibati icraat dayandırılmalıdır. İnidki halda isə inzibati icraat üzrə mübahisənin həlli üçüncü şəxsin istinad etdiyi mülki mübahisənin həllindən asılı olmamaqla, hazırki icraatın nəticəsinə birbaşa təsiri mövcud deyildir. Mülki iş üzrə məhz hərracın nəticələrinə dair protokol, bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əşyalarının geri qaytarılması tələbi irəli sürülmüşdür. Müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin mənzilə dair tutmanın yönəldilməsi, açıq hərracdan satılması məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, nə qədər ki, müvafiq mənzilə dair iddiaçının mülkiyyət hüququna dair qeydiyyat qüvvədədir, həmin qeydiyyat mübahisələndirilməmişdir, indiki halda üçüncü şəxsin istinad etdiyi mülki mübahisənin yekunu hətta üçüncü şəxsin xeyrinə həll edilmiş olsa belə, hazırki mübahisənin nəticəsinə birbaşa təsiri olmamaqla, üçüncü şəxsin hüquqlarının bərpasının qeyri-mümkün olması və ya çətinləşməsinə səbəb olmasına gətirib çıxartmır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati mübahisənin həlli mülki iş üzrə mübahisənin həllindən birbaşa asılı olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, üçüncü şəxsin iş üzrə icraatın dayandırılmasınının əsası kimi istinad etdiyi halın əsas kimi qiymətləndirilməsi özlüyündə vicdanlı alıcı qismində çıxış edən iddiaçının əsas konstitusion hüququ kimi çıxış edən mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Bu hal isə özlüyündə mülkiyyətin toxunulmazlığı, mülkiyyət hüququnun qorunması, müdafiəsi, mülkiyyət hüququnun həyata keçirilməsinə əsassız müdaxilənin yolverilməzliyi, mülkiyyətdən manesiz istifadə olunması ilə bağlı qanunvericiliyin norma və prinsiplərinə ziddir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuş, digər üçüncü şəxslər isə məhkəmə qərarı ilə razılaşaraq, apellyasiya şikayəti verməmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1155/2023 nömrəli qərarı üçüncü şəxs X1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar