Məhkəmə qərarları › İş №2-1(105)-609/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-609/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-609/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(118)-884/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 1998-ci il tarixli JN1297A Kod 30800086 saylı şəhadətnamənin ləğv edilməsi və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarına əsasən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı ilə Saray üzümçülük sovxozunun ərazisindən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin həmin qərarda 0,10 ha torpaq sahəsinin ayrılmasına və faktiki mövcudluğuna baxmayaraq, onun iştirakı və xəbəri olmadan tərtib olunmuş 10 may 1998ci il tarixli JN-1297A Kod 30800086 saylı torpağın mülkiyyətinə dair şəhadətnamədə səhvən 0,08 ha, yəni 0,02 ha az torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona torpaq sahəsinin “plan və ölçü” sənədinin verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin dövlət kadastrı kitabında 27 fevral 2012-ci il tarixli 18542 nömrə ilə uçota alınmış A N2 ******* saylı rəsmi sənəddə də ayrılmış torpaq sahəsinin ölçüsünün 0,10 ha olması (həmin sənəddə ölçü vahidi kimi kvadrat metr götürüldüyü üçün torpaq sahəsinin ölçüsü müvafiq olaraq 0,10 ha=1000 kv.metr kimi göstərilmişdir.) dəqiq göstərilmişdir. Baxmayaraq ki, mülkiyyətinə ayrılmış torpaq sahəsinin bütün sənədlərində, o cümlədən arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0,10 ha olması təsdiq edilmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd olunan şəhadətnamədə buraxılmış nöqsanı əsas gətirərək, torpaq sahəsinə onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və haqqında çıxarışın verilməsindən rəsmi surətdə imtina etmişdir. Buna görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Abşeron rayon Saray qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinə görə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı və 0.08 ha torpaq sahəsinə görə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı əsasında torpaq sahəsinin ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sözügedən torpaq sahəsinə dair iddiaçının və başqa şəxslərin (X3, X7, X6) adına ləğv edilmiş DT və XK tərəfindən JN-1297A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(118)-884/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qərarı araşdırılarkən müəyyən olmuşdur ki, İddiaçı Abşeron rayon XDS İK 25.10.1991-c il tarixli, 236 saylı qərarı ilə ona ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 03.11.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət etmiş, sözügedən torpaq sahəsinə dair iddiaçının və başqa şəxslərin adına verilmiş DT və XK tərəfindən JN-1297A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi aşkar edilmişdir. Belə ki, JN-1297A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşağıda adı qeyd olunmuş şəxslərin adına verilərək onların mülkiyyət hüququ qeydiyyata alınmışdır: 1. İddiaçı (iddiaçı); 2. X4; 3. X7; 4.X6. Qərarda digər payçıların mülkiyyət hüququna münasibət bildirilməmişdir. Qərarın icrası faktiki olaraq digər payçıların mülkiyyət hüququnun ləğvinə gətirib çıxaracaqdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, “Ceyranbatan su kəmərlərinin istismarı üzrə istehsalat zonasının fəhlə və mütəxəssislərinə həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Abşeron rayon XDS İK-nin 25.10.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə İddiaçı Abşeron rayonu Saray qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən iddiaçının adına 27 fevral 2012-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Eyni zamanda işdən görünür ki, 25.10.1991-ci il tarixdə Abşeron rayon XDS İK-nin 25.10.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmış olsa da, 1998-ci il tarixdə keçirilmiş islahat zamanı Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı Qərarı ilə iddiaçıya və ailə üzvlərinə- X1, X5 və X2 0.08 ha torpaq sahəsi ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair JN-1297A KOD 30800086 saylı şəhadətnaməyə əsasən, aqrar islahat zamanı ayrılmış 0,08 ha torpaq sahəsi İddiaçı ilə birlikdə ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı cavabdehə müraciətində və məhkəmədə qaldırdığı iddia tələbində, Abşeron rayon XDS İK-nin 25.10.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə ona ayrılmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh isə aqrar islahat nəticəsində ləğv edilmiş DT və XK tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində 0.10 ha deyil, 0.08 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-1297A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edildiyini əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. İmtina ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, Abşeron rayon Saray qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinə görə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı və 0.08 ha torpaq sahəsinə görə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı əsasında torpaq sahəsinin ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. .... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilir. 5-ci bəndinə əsasən, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. İş materiallarından göründüyü kimi, Abşeron rayon XDS İK-nin 25.10.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə iddiaçıya Abşeron rayonu Saray qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılsa da, 07 il sonra, yəni 1998-ci ildə keçirilmiş aqrar islahat zamanı iddiaçının qanuni istifadəsində olan torpağın sahəsi 0.08 ha müəyyən edilmiş və Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı Qərarı ilə iddiaçıya və ailə üzvlərinə- X1, X5 və X2 0.08 ha torpaq sahəsi ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair JN-1297A KOD 30800086 saylı şəhadətnaməyə əsasən, aqrar islahat zamanı ayrılmış 0,08 ha torpaq sahəsi iddiaçı ilə birlikdə ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Qeyd edilən qərar və şəhadətnamə hazırda qüvvədədir. Birinci instansiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxarkən, qeyd edilən ziddiyyətə aydınlıq gətirməmiş, şəhadətnamədə istinad edilən Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 81 saylı qərarı, həm də ona əlavə edilmiş siyahının əldə edilməsi məqsədilə Abşeron rayon İcra hakimiyyətinə və ya Abşeron rayon Dövlət Arxivinə sorğular verməmiş, islahat zamanı iddiaçıya hansı ölçüdə (0.08 ha yaxud 0.10 ha) torpaq sahəsinin ayrılmasını müəyyən etməmişdir. Eyni zamanda JN-1297A KOD 30800086 saylı şəhadətnaməyə əsasən, 0.08 ha torpaq sahəsi iddiaçı ilə yanaşı ailə üzvlərinin birgə mülkiyyətinə verildiyindən, məhkəmə tərəfindən iddiaçının ailə üzvlərinin üçüncü şəxs qismində inzibati məhəmə icraatına cəlb edilməsi məsələsi müzakirə edilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, Abşeron rayon XDS İK-nin 25.10.1991ci il tarixli, 236 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən iddiaçının adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki 0.10 ha torpaq sahəsinin koordinatları ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1297A KOD 30800086 saylı şəhadətnamədəki 0.08 ha torpaq sahəsinin koordinatları tam olaraq üst-üstə düşmür, başqa sözlə iddiaçının bildirdiyi kimi olsaydı torpaq sahələri 0.08 ha hissədə tam olaraq üst-üstə düşməli, yalnız 0.02 ha sahədə fərq yaranmalı idi. Ortofoto baza xəritəsindən çıxarışdan isə görünür ki, aqrar islahat zamanı verilən sahə(0.08 ha) ilkin ayrılan torpaq sahəsinə (0.10 ha) uyğun olmamışdır. (iş vərəqə -47) Birinci instansiya məhkəməsi qeyd edilən halın aydınlaşdırılması, həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü və döngə nöqtələrinin koordinatlarının hansı sənədə(torpaq sahəsinin planı və ölçüsü və yaxud torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) uyğun olmasının müəyyən edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə xidməti tapşırıq verərək mütəxəssis rəyi almamışdır. Qeyd olunan hallar araşdırılmadan isə iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkün deyil. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(118)-884/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar