Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-609/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “arayışın və torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2232/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna südçülük-tərəvəzçilik sovxozunda yerləşən torpaq sahəsinə dair onun adına arxiv arayışı və torpaq sahəsinin yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2232/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. (hakim C.Məmmədov). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən ona hüquqi yardım edilərək hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi təklif edilmiş, bu baxımdan, o, iddia ərizəsini geri götürmüşdür. Lakin məhkəmə işi aidiyyəti üzrə həmin məhkəməyə göndərməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, iddiaçının tələbi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna südçülük-tərəvəzçilik sovxozunda yerləşən torpaq sahəsinə dair onun adına arxiv arayışı və torpaq sahəsinin yerləşmə sxeminin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə olmuşdur. Birinci instansiya məhkəməsinin 06 iyun 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməyi təklif etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmiş, mübahisələndirilən qərardadla iddiaçının ərizəsi nəzərə alınaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında izahat verərək bildirmişdir ki, işə baxan məhkəmə tərəfindən ona hüquqi yardım edilərək hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi təklif edilmiş, bu baxımdan, o, iddia ərizəsini geri götürmüşdür. Lakin məhkəmə işi aidiyyəti üzrə həmin məhkəməyə göndərməmişdir. Kollegiya iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, işdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı işin aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsi ilə bağlı məsələ mübahisə predmeti olmamışdır. Bu baxımdan, kollegiya şikayətin həmin dəlilini əsassız hesab edir . İddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı işdə icraatın davam etdirilməsinə marağın olmaması iddiaçının bilavasitə özünün aktiv davranışından – iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Orucovun şikayətinə dair xx.xx.2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq nail olmaq istədiyi məqsədə çatmaq üçün müvafiq iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək imkanına malikdir. İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülməsi əsası ilə iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2232/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-609/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-609/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver