Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-61/2021 18.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına qarşı təqaüdün birdəfəlik ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2-1(085)-544/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (iddiaçı) xx.xx.1970-ci ildə Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur və hal-hazırda Xızı şəhərində yaşayır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). Xızı rayon məhkəməsinin 2(068)-96/2016 saylı, 04.07.2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi uğrunda Qarabağ müharibəsində gedən döyüşlər zamanı 1994-cü ilin yanvar ayında “beyin kontusiyası” travması almağı faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1211 saylı, 18 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçının aldığı travmaların hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı müəyyən edilmişdir. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlilliyə görə Prezident təqaüdünün "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09.08.2008ci il tarixli 823 nömrəli Fərmanının qüvvəyə mindiyi 1 sentyabr 2008-ci ildən təyin edilərək ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinə (cavabdeh) müraciət etmiş, cavabdehin 06.11.2018-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2 maddəsinə əsasən, əlilliyə görə təqaüd - əlillik müddətinə görə təyin olunur. İddiaçıya 24.01.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. Həmin tarixdən də qanuna müvafiq olaraq ona 158 manat prezident təqaüdü təyin olunmuşdur. Odur ki, 01.01.2006cı il tarixdən iddiaçıya prezident təqaüdünün verilməsi mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hərbi xidmət vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar İİ qrup əliliyə görə Prezident təqaüdünün “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.08.2008-ci il tarixli, 823 nömrəli Fərmanının qüvvəyə mindiyi 1 sentyabr 2008-ci ildən təyin edilərək ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq, 25.12.1992-ci ildən 01.05.1993-cü ilədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçmişdir. Hərbi hissə buraxıldığından 1993-cü ilin aprelində Bakı şəhərinə gəlmiş və evə buraxılmışdır. 1993-cü ildə Xızı rayon hərbi komissarlığı tərəfindən təkrar hərbi xidmətə çağırılaraq, 01.11.1993-cü ildən 05.02.1994-cü ilədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçmişdir. 1994-cü ilin yanvarında döyüşlərdə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində kontuziya almışdır. Həmin dövrdə döyüşçülər çatışmadığından yenidən döyüşlərə qatılmışdır, yəni müalicəyə imkanı olmamışdır. Qardaşı şəhid olana kimi döyüşlərdə iştirak etmişdir. Qardaşı şəhid olandan sonra o, tam özündə olmamış və yaxınları tərəfindən idarə edilmişdir. Halı pisləşdiyindən 1996-cı ildə xəstəxanada uzun müddətli müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə onun əmək qabiliyyətli olmadığı və ümumi xəstəliklərdən əlil olduğu müəyyən edilmiş, 2-ci qrup əlillik verilmişdir. Xızı rayon məhkəməsinin 04.07.2016-cı il tarixli qətnaməsi ilə onun xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində kəllə-beyin travması almağına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 18.07.2017-ci il tarixli, 1211 nömrəli Qərarında qeyd olunur ki, xəstəliyinin səbəbi «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 24.01.2018-ci il tarixli, 411000AACZY saylı rəyi ilə onun əmək qabiliyyətinin olmadığı müəyyən edilmiş və ona hərbi xidmət vəzifələrinin icrası zamanı yaralanmağı ilə əlaqədar 2-ci qrup əlillik verilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 09.08.2008-ci il tarixli, 823 nömrəli Fərmanının qüvvəyə mindiyi 1 sentyabr 2008-ci ildən 24.01.2018-ci il tarixədək ödənilməmiş təqaüdün ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət edərək, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanmışdır, lakin cavabdeh 06.11.2018-ci il tarixli, **********1 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-544/2019 saylı, 19 aprel 2019-cu il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 №li Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, iddiaçıya Azərbaycan Respublikası Prezidenti təqaüdünün 24.01.2018-ci il tarixdən əvvəlki dövrlər üçün hesablanması istisna olunur. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-492/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: N.M.Nəsibov, hakimlər: Z.İ.Məmmədov və A.Ə.Abbasov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-544/2019 saylı, 19 aprel 2019-cu il tarixli qərarı ləğv olunmuş, iddia qismən təmin edilərək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş təqaüdün iddiaçının müraciət etməzdən, yəni 24.01.2018-ci il tarixdən əvvəlki üç il üçün hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya 24.01.2018-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyü ilə əlaqədar əlillik təyin olunduğundan müraciət edilməzdən əvvəlki üç il üçün ona Prezident təqaüdünün təyin olunması tam qanuni və əsaslıdırır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, həmin qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2-1(102)-889/2020 saylı Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 492/2019 saylı iş üzrə 30 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-61/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddanın qanuni əsaslarını düzgün müəyyən etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 09 sentyabr 2008-ci il tarixli fərmanının tələbinə əsasən müharibə əlili kimi 24.01.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidenti təqaüdünü alır. İddiaçı qeyd edilən Prezident təqaüdünün 01.09.2008-ci ildən 24.01.2018-ci il tarixinədək ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh həmin təqaüdün ödənilməsindən imtina etmişdir. Hazırda iddiaçı inzibati orqanın həmin imtinasını mübahisələndirərək onun qanunsuz olduğunu və göstərilən dövr üçün qanunla nəzərdə tutulmuş təqaüdün ödənilməsini xahiş edir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.2.1-ci maddəsinə əsasən, əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə müharibə əlili hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36№li qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.26 bəndinə əsasən Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul etdiyi tarixdən hesablanır. Göstərilən hüquq normaları İddiaçı Azərbaycan Respublikası Prezident təqaüdünün 24.01.2018-ci il tarixdən əvvəlki dövrlər üçün hesablanmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və tərəflər arasında yaranmış mübahisə ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanında deyilir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçıya 24.01.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə Prezident təqaüdü verilməyə başlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə, hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Qeyd edilən məsələ ilə bağlı Ali Məhkəmənin qərarında göstərilir ki, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçıya 24.01.2018-ci il tarixdən əlillik təyin edildiyi göstərilsə də, əlilliyin müəyyən edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 24.01.2018-ci il tarixli, 411000AACZY saylı rəyinin iş materiallarında nə əsli, nə də surəti mövcud deyildir. Bu da onu göstərir ki, məhkəmələr qərar qəbul edərkən iş materiallarında olmayan və araşdırılmamış rəyə istinad etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi dövr üzrə, yəni 1 sentyabr 2008-ci ildən 24 yanvar 2018-ci ilə qədər əlil olması və bu əlilliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı almasını araşdırmamışdır. Həmçinin, əlilliyin səbəbi ilə bağlı iddiaçının məlumatlı olması, aktlarla bağlı mübahisə açıb-açmaması, inzibati qaydada və məhkəməyə şikayət verib-verməməsi apelyasiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, **********4 saylı məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı (xxxxxxx) əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACZY nömrəli göndərişi əsasında 24.01.2018-ci il tarixdə qiymətləndirilmiş və “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, baş beyin zəifləməsi, travmatik araxnoidit, xoşxassəli kəllədaxili hipertenziya, kəllə-daxili hipertenziya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 6-8 dəfə), dəqiqləşdirilməmiş ekstrapiramid və hərəki pozğunluq, piramid çatmamazlıq, koordinatorstatik pozğunluqlarla, digər neqativ pozuntular, asteno-nevrotik vəziyyət. Radikulopatiya, tez-tez residiv verən boyun radikulopatiyası, kökçük ağrı sindromu ilə”, diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırda həmin qərar qüvvədədir. İddiaçıya əlilliyin təyin edildiyi vaxt qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özü-özlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlil olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstəriş (element) onun yaratdığı (onunla səbəbli əlaqədə olan, ondan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 2-ci maddəsi). İşdən göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2017-ci il 18 iyul tarixli, 1211 №-li Qərarı ilə müəyyən edilmiş səbəb əlaqəsinə və bundan irəli gələn sosial nəticələrinə görə, iddiaçıya 24 yanvar 2018-ci il tarixdə təyin edilmiş əlillik “Azərbaycan Respublikasının müdafiəsi ilə” əlaqəli olduğundan təqaüd həmin tarixdən (əlilliyin təyin edildiyi və bundan irəli gələn hüququn yarandığı vaxtdan) düzgün olaraq təyin edilmiş, iddiaçının əlilliyin müəyyən edilməsindən əvvəlki hər hansı müddətə iddia olunan məzmunda hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Həmçinin, təkrar apelyasiya baxışı zamanı müəyyən edildi ki, əlilliyin səbəb-əlaqəsi əvvəllər iddiaçı tərəfindən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilməmiş, Mərkəzi hərbi həkim komissiyasının qəbul etdiyi 1211 saylı, 18 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçının aldığı travmaların hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı müəyyən edilmiş və bundan sonra əlilliyin səbəbli əlaqəsi dəyişdirilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2-1(085)-544/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-61/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-61/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver