Məhkəmə qərarları › İş №2-1(105)-61/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-61/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-61/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(118)-1916/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 463 nömrəli qərarına əsasən 1992-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında xidmət keçərkən 1992-ci ilin sentyabr ayında aldığı və xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X3 müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyyəsinin, sağ göz altının, sol qaşın, sol baldırın orta 1/3-nin arxa səthinin çapıq toxumaları” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən 1 il müddətinə “Keçirilmiş ağır kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kəllədaxili hipertenziya. Daim baş ağrıları ilə. Qabarıq ANS” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə yenidən qiymətləndirilmiş, “Tam reabilitasiya olması” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli, SER TSE-01 seriyalı, 520030 nömrəli müayinə aktına əsasən iddiaçıya xx.xx.2014-cü il tarixdən müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası 2022-ci ilin mart ayından dayandırılmış, bununla bağlı iddiaçının müvafiq orqanlara müraciətlərindən sonra ona məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı könüllü olaraq Laçın rayonunda yaradılmış könüllü özünümüdafiə dəstələrinə qoşularaq hərbi xidmətə başlamışdır. Sonradan həmin taborun ləğvi ilə əlaqədar Qubadlı rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə xx.xx.1992-ci il tarixdən daxil olmuşdur. İddiaçı 1992-ci ilin sentyabr ayında Laçın rayonunun Qızqəbiri ətrafında gedən döyüşlərdə artilleriya mərmisi partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları almışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət vəzifəsini yerinə yetirərkən 1992-ci ilin sentyabr ayında Laçın rayonunun Qızqəbiri istiqamətində gedən döyüşlərdə yaralanması faktı müəyyən edilmişdir. Həmin qətnamədən sonra o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 463 nömrəli xx.xx.2012-ci il tarixli qərarı ilə iddiaçının “qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyyəsinin, sağ göz altının, sol qaşın, sol baldırın orta 1/3-nin arxa səthinin çapıq toxumaları” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi ilə təsdiq edilmişdir. Bundan sonra 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya ilk öncə 2013-cü ildə 1 il müddətinə, daha sonra isə xx.xx.2014-cü il tarixdə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. Həmin təyinat zamanı əlilliyin səbəbi kimi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi əks olunmuşdur. Bundan sonra iddiaçı uzun müddət ərzində əlilliyə görə pensiya almış və onun əlilliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir irad və nöqsan bildirilməmişdir. Lakin təxminən 2022-ci ilin mart ayında iddiaçının əlilliyə görə aldığı pensiya dayandırılmışdır. Müraciətlərindən sonra iddiaçıya məlum olmuşdur ki, onun əlilliyi cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə dayandırılmışdır. Hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, iddiaçının iştirakını təşkil etməmiş, onu əyani müayinəyə cəlb etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(118)-1916/2022 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları => S06 – Kəllədaxili travma => S06.8 – Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş ağır kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kəllədaxili hipertenziya. Daim baş ağrıları ilə. Qabarıq ANS.; Meyar: 2.2. ikinci dərəcə əlillik =>Digər 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları => S06 – Kəllədaxili travma => S06.8 – Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Anadangəlmə müştərək kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Sol baldırın orta 3/1-də çapıq toxuması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi əlillik altsistemində iddiaçının sonuncu müraciəti xx.xx.2014-cü il tarixdə olmuş və ona “Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmişdir. Həmin tarixdən sonra isə iddiaçının heç bir müraciəti daxil olmamışdır. Buna baxmayaraq işə baxan məhkəmə iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etmək əvəzinə heç bir əsas olmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh inzibati orqanla Dövlət Sosial Müdafiə X7 Şəxsi arasında aparılmış yazışmalarla iddiaçıya 2022-ci ilin fevral ayınadək pensiya ödənişlərinin həyata keçirildiyi müəyyən edilmişdir. Bundan sonra DSMF P.H.Ş. cavabdeh orqan tərəfindən məlumatlandırılaraq iddiaçıya pensiya ödənişi dayandırılmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili şikayətin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 2013-cü ildə 1 il müddətinə, 2014-cü ildə isə müddətsiz ikinci qrup əlillik təyin edilmiş, o, 2022-ci ilin fevral ayınadək əmək pensiyası almışdır. Sonradan iddiaçıya məlum olmayan səbəbdən onun əlilliyi əlillik altsistemində etibarsız edilmişdir. Bununla əlaqədar xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçının ikinci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Cavabdeh iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçıya 2013-cü ildən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik müddəti bitdikdən sonra iddiaçının sonuncu 2014-cü il tarixli müraciətinə “Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmiş, həmin tarixdən sonra isə iddiaçının heç bir müraciəti daxil olmamışdır. Həmçinin, məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi bildirdi ki, cavabdeh inzibati orqanla Dövlət Sosial Müdafiə X7 Şəxsi arasında aparılmış yazışmalarla iddiaçıya 2022-ci ilin fevral ayınadək pensiya ödənişlərinin həyata keçirildiyi müəyyən edilmişdir. Bundan sonra DSMF P.H.Ş. cavabdeh orqan tərəfindən məlumatlandırılaraq iddiaçıya pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi cavabdeh 2014-cü ildə iddiaçıya əlilliyin təyinindən imtina cavabı verildikdən sonra ona əlillik təyin edilmədiyini, başqa sözlə, əlillik mövcud olmadığından onun etibarsız da hesab edilmədiyini bildirir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı aidiyyəti orqanlara müvafiq sorğular vermişdir. Kollegiyanın sorğusuna cavab olaraq məhkəməyə təqdim edilən iddiaçının sosial müavinət və pensiya işinin surətindən görünür ki, 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli, SER TSE-01 seriyalı, 520030 nömrəli müayinə aktına əsasən iddiaçıya xx.xx.2014-cü il tarixdən müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. 9 saylı TSEK iddiaçıya xx.xx.2014-cü il tarixdən müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı həmin tarixli məktubla DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şərtlərlə İş Departamentinə müraciət etmişdir. Həmçinin, iddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilən “Kapital Bank” ın iddiaçıya məxsus ödəniş kartı üzrə çıxarışından görünür ki, iddiaçıya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixinədək pensiya ödənişləri həyata keçirilmişdir. Beləliklə, cavabdeh şikayətinin dəlilində 2014-cü ildən sonra iddiaçıya əlillik təyin edilmədiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya 2014-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və 2022-ci ilin mart ayınadək pensiya ödənilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən etibarsız hesab etməkdə qanunsuzluğa yol vermişdir. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan şəxsin əlillik dərəcəsini ləğv etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iddiaçının əlilliyi etibarsız hesab edilərkən yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(118)-1916/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar