Məhkəmə qərarları › İş №2-1(105)-61/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-61/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-61/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X33 qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarına dair çıxarış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-1240/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Quba rayonu, Zərdabi kəndində yerləşən 5,89 ha torpaq sahəsinə dair İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 05 may 2006-cı il tarixli, JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, aktın tərtib edilməsinə əsas olaraq Quba rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 27 dekabr 2003-cü il tarixli, 4-Ə- 244-252, 261-265 reyestr nömrəli alqı-satqı müqavilələri göstərilmişdir. Torpaq sahəsi 1191A nömrəli planşet üzrə 27000,00 kv.m., 1191 nömrəli planşet üzrə 31900,00 kv.m. təşkil edir.

2. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 5,89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 31 avqust 2023-cü il tarixli, 3-21-3-34/2-M-0531-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır.

4. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Quba rayonu Zərdabi kəndində yerləşən 5,89 ha torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildə 13 nəfər şəxsdən torpaq sahəsi almışdır. Həmin 13 ədəd xx.xx.2003-cü il tarixli, 4С-244-252. 261-265 saylı alqı-satqı müqaviləsindən 4-ü notariusda itirilmişdir, hətta arxivdə də mövcud deyildir. Digər 4 alqı-satqı müqaviləsinin tərəfləri isə alqı-satqını inkar etmirlər, özləri də etiraf edirlər ki, alqı-satqı olmuşdur. Həmin 13 müqavilədən 9-u isə onlarda vardır, lakin notarius tərəfindən arxivə təhvil verməmişdir. 13 alqı-satqı müqaviləsi əsasında o, özünə yeni JN- 1192, KOD 30316018 saylı dövlət aktı almışdır. Lakin dövlət aktının da bazada arxivi yoxdur. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqları, ölçüsü 5,89 ha-dır. Hazırda, həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsinə zərurət meydana gəlmişdir. Cavabdehə aidiyyatı üzrə tələblə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Odur ki, həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə zərurət meydana gəlmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə X3, X23, X24, X15, X4, X1, X5, X11, X16, X6, X8, X12, X17, X9, X2, X7, X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

7. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək (həcmini azaldaraq) Quba rayonu Zərdabi kəndində yerləşən 5,05 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-1240/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu, Zərdabi kəndində yerləşən 5,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla, adına çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati işin araşdırılması zamanı Quba rayon DNK-nun 27 dekabr 2003-cü il tarixli 4-ə-244—252, 261—265 saylı alqı-satqı müqavilələrinin təqdim edilməsi üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular ünvanlasa da, alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə icraatı zamanı yuxarıda sadalanan alqı-satqı müqavilələrinin bir qisminin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəməyə təqdim edilməsi mümkün olmayan alqı-satqı müqavilələri üzrə şahidlər dindirilmiş, şahidlər qeyd olunan torpaq sahələrinin iddiaçıya satıldığını öz ifadələrində bildirmişdirlər. Göründüyü kimi araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı mübahisə halı müəyyən edilməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı məhkəmə-tikinti ekspertizası təyin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, X11 onun keçmiş həyat yoldaşıdır. Alqısatqı müqavilələrinin bir qismində torpaq sahəsinin alıcısı kimi onun adının qeyd edilmə səbəbi sənədin birgə yaşayış dövründə verilməsi ilə bağlı ola bilər. Ona məxsus Dövlət Aktında göstərilən alqı-satqı müqavilələrindən 3-ü üzrə satıcı şəxslərlə (889, 894 və 950 nömrəli Dövlət Aktlarında göstərilən) əlaqə saxlayıb onlarla yenidən alqı-satqı etmiş və müqavilələrdə göstərilən ümumilikdə 84 sot torpaq sahəsini təkrarən almış, sahələr üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışlar verilmişdir. Digər müqavilələr üzrə satıcı şəxslərlərlə də heç bir mübahisəsi yoxdur. Torpaq sahələri bütünlükdə onun faktiki istifadəsindədir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: ... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarı

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

21. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

23. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

24. Hazırkı mübahisənin predmetini JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən Quba rayonu, Zərdabi kəndində yerləşən 5,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası təşkil edir.

25. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlili Dövlət Aktının ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması və ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamasıdır.

26. Birinci instansiya məhkəməsi Dövlət Aktında qeyd edilən məlumatların mötəbərliyini araşdırmadan iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

27. Apellyasiya icraatında məhkəmə araşdırması zamanı Dövlət Aktında qeyd edilən məlumatların mötəbərliyi, həqiqətən də, iddiaçının mülkiyyətinə keçirmək istədiyi torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada bağlanmış müqavilələr əsasında əldə edildiyi müəyyən edilməmişdir.

28. İddia tələbinin faktiki əsası olaraq istinad edilən JN-1192 KOD 30316018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, aktın tərtib edilməsinə əsas olaraq 27 dekabr 2003-cü il tarixli, 4-Ə-244-252, 4-Ə-261-265 reyestr nömrəli 14 ədəd alqı-satqı müqaviləsi göstərilmişdir.

29. 4-Ə-263-265 reyestr nömrəli müqavilələr istisna olmaqla, qalan müqavilələrin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilən müqavilələrdən görünür ki, 4-Ə-248-252 reyestr nömrəli 5 ədəd alqı-satqı müqaviləsinin ümumiyyətlə iddiaçıya heç bir aidiyyəti yoxdur, belə ki, həmin müqavilələrdə alıcı qismində iddiaçı deyil, X11 adlı şəxs çıxış etmişdir. İddiaçı izahatında Xalidə Eldarovanın onun keçmiş həyat yoldaşı olduğunu bildirmişdir.

30. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 03 noyabr 2023-cü il tarixli, 3165/6-11-8212/23 nömrəli məktubundan görünür ki: - Dövlət Aktında istinad edilən müqavilərin bir qismi- 4-Ə-244-246, 4-Ə-251 və 4-Ə- 262 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr arxivə ümumiyyətlə təhvil verilməmiş, digər müqavilələr isə arxiv məlumatlarına əsasən başqa tarixlərdə fərqli şəxslər arasında rəsmiləşdirilmişdir. - Belə ki, 4-Ə-247, 4-Ə-248, 4-Ə-249 nömrəli müqavilələr 13 avqust 2003-cü il, 4-Ə- 250 reyestr nömrəli müqavilə 09 avqust 2003-cü il, 4-Ə-252 reyestr müqavilə 15 avqust 2003-cü il, 4-Ə-261 reyestr nömrəli müqavilə 22 avqust 2003-cü il, 4-Ə-263 reyestr nömrəli müqavilə 26 avqust 2003-cü il, 4-Ə-264 və 4-Ə-265 reyestr nömrəli müqavilələr isə 27 avqust 2003-cü il tarixdə təsdiq edilmiş və həmin müqavilələr digər şəxslər barəsində rəsmiləşdirilmişdir; - Eyni zamanda, müəyyən edilmişdir ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı Əlisəfa oğlunun adına notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir.

31. Arxivdən əldə olunan məlumatları təhlil edərkən həm də müəyyən edildi ki, Dövlət Aktında istinad edilən 4-Ə-244-252, 4-Ə-261-265 reyestr nömrəli 14 ədəd alqı-satqı müqaviləsinin tarixi 27 dekabr 2003-cü il göstərilsə də, arxiv məlumatlarından görünür ki, 4Ə-247-265 reyestr nömrəsi ilə qeydə alınan müqavilələr 2003-cü ilin avqust ayında bağlanmışdır. Bu faktın özü də, Aktda istinad edilən müqaviələrin qanunla müəyyən edilmiş qaydada notariat reyestrində qeydə alınmadığını təsdiq edir.

32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndinə əsasən notariusun apardığı bütün notariat hərəkətləri elektron və bu abzasın ikinci cümləsində nəzərdə tutulmuş hallarda kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Kağız formada aparılan reyestrlərin tətbiqi tarixi və müddəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Elektron notariat” informasiya sistemində notariat ofislərinin adı və notariat hərəkətlərinin növləri göstərilməklə, elektron reyestrlər tətbiq olunur və hər bir hərəkətə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsi verilir.

34. Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun (daşınmaz əmlakın özgəninkiləşdirilməsi "4-Ə" reyestrinə) hərf əlavə edirlər. Notariat hərəkətlərinin reyestrdə qeydə alınıb nömrələnməsi hər təqvim ilinin əvvəlindən birinci nömrədən başlanır.

35. Eyni zamanda iş materiallarından görünür ki, Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır.

36. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC-nin 26 fevral 2025-ci il tarixli, 3-21-3-60/2-474/2025 nömrəli məktubundan da görünür ki, JN-1192 KOD 30316018 nömrəli Dövlət Aktının verilməsinə əsas olmuş 27 dekabr 2003-cü il tarixli, 4-Ə-244-252, 261-265 reyestr nömrəli alqı-satqı müqavilələri arxivdə aşkar edilməmişdir.

37. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı Dövlət Aktında istinad edilən 3 alqı-satqı müqaviləsi üzrə ümumilikdə 0,84 ha torpaq sahəsinə dair əvvəlki torpaq mülkiyyətçiləri ilə 2021-2022-ci illərdə yenidən notariat orqanında təsdiqlənmiş alqısatqı müqavilələri bağlayaraq həmin müqavilələr əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və birinci instansiya məhkəməsində icraat zamanı tələbinin həcmini azaldaraq, 5,05 ha (5,89 ha - 0,84 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda istinad edilən 8.0.5, 9.1.2, 9.1.3 və 15.1.1-ci maddələrinin hazırkı mübahisəyə tətbiqi baxımdan hesab edir ki, JN-1192 KOD 30316018 nömrəli Dövlət Aktlarındakı məlumatların həqiqiliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, Aktda göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.

39. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

41. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(118)-1240/2024 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar