Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-610/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, İddiaçı iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(085)-1319/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 50 yaşdan, yəni 20 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 01 iyun 1973cü ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X7 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)-1319/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 50 yaşdan, yəni 20 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və onun 01 iyun 1973-cü ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X7 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2018-ci il tarixli, 2-1(105)-300/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)- 1319/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra 20 avqust 2018-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə göndərilmişdir. Şöbə 03 may 2019-cu il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən icra olunmuşdur. xx.xx.2023-cü il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)-1319/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6794/2017 nömrəli qətnaməsinə əsasən (hakim:İlyas Mahmudov) iddiaçının 01 iyun 1973-cü ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X7 Mədəndə fəhlə və 01 dekabr 1988-ci ildən 31 avqust 1993-cü ilədək Qubadlı rayonu Xocik kəndində İnqilab kolxozunda kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə İddiaçı Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis- Molibiden kombinatında işlədiyi dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edildiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən onun xx.xx.2006-cı il tarixinədək 20 il iş stajı və bu stajın 15 ili Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş peşə vəzifələrə uyğunlaşdırılaraq, xx.xx.2006-cı il tarixindən əvvəl qüvvədə olmuş və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17 və 72-ci maddələrinin tələblərinə uyğun olaraq 2004-2005-ci illər üzrə 846,00 manat (Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq) orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınmışdır. Həmin hakimin sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə çıxarılmış qətnamənin həqiqiliyinə şübhələr yarandığından, tərəflərindən həmin qətnamənin əldə olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində daxil olmuş 2(060)-6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surəti ilə Sumqayıt Şəhər Məhkəməsinin şəxsə dair 2(060)-6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli “hüquqi faktın müəyyən edilməsi” haqqında Qətnaməsi arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6794/2017 nömrəli xx.xx.2017ci il tarixli məhkəmə əmri "xxxx" ASC-nin borclu X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı olmuşdur. Göründüyü kimi İddiaçı pensiya təyin olunmasına əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli Qətnaməsinin həqiqiliyi öz təsdiqini tapmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan qətnaməyə istinad olunaraq iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(085)-1319/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni acılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu hal hazırkı işdə mövcud deyil. Bu isə ərizəçinin qanunvericilikdə nəzərdə tutulmuş digər vasitələrdən istifadə etməsini istisna etməsə də, hazırkı hüquq müdafiə vasitəsini istisna edir. Eyni zamanda həmin müddətin buraxıldığı halda, müddətin bərpasına yol verilmir. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflərindən verilmiş sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində daxil olmuş 2(060)-6794/2017 nömrəli xx.xx.2017ci il tarixli məhkəmə əmrinin surəti ilə Sumqayıt Şəhər Məhkəməsinin şəxsə dair pensiyanın təyin edilməsinə əsas olmuş 2(060)-6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli “hüquqi faktın müəyyən edilməsi” haqqında Qətnaməsi arasında uyğunsuzluq aşkar edilmişdir. Tərəflərindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə qeyd olunan faktların onlara məlum olduğu vaxtdan 3 ay müddətində, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi yeni açılmış hallarla bağlı ərizə qanunvericiliyin tələbinə əsasən müddət ötürülmədən verilmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan qanunsuz və əsassız qərardad qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi ərizəni yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən hallar, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, həmçinin, tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və ya hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və apellyasiya şikayətinin dəlillərində belə hallar qismində mübahisələndirilən məhkəmə qərarının qəbul edilməsinə əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 6794/2017 nömrəli qətnaməsinin həqiqiliyinin təsdiq edilmədiyini qeyd etsə də, istinad etdiyi halların ilkin məhkəmə araşdırmaları zamanı müəyyən edilməməsi və məhkəməyə təqdim olunmamasının onun iradəsindən asılı olmayan səbəblərini qeyd etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin hazırkı dəlilləri onun tərəfindən yol verilmiş ehtiyatsızlıq nəticəsində aşkar edilmədiyindən ilkin məhkəmə araşdırmalarının predmeti olmamışdır. Belə ehtiyatsızlıq isə ərizəçinin məsuliyyət sferasına aid olan məsələ kimi qiymətləndirilməlidir. Bu baxımdan, həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Göründüyü kimi cavabdeh icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-nin 103.1 və 103.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə görə bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İstinad olunan normaların tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)-1319/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qərar 2018-ci ildə qanuni qüvvəyə minmişdir. Cavabdeh isə xx.xx.2023-cü il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh hazırkı məzmunda ərizənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(085)-1319/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-610/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-610/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver