Məhkəmə qərarları › İş №2-1(105)-610/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-610/2024

28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-610/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 üçüncü şəxs Abşeron rayonu Novxanı Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-1165/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Abşeron rayon Novxanı kənd XDS icraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsinə iddiaçının adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tədim edərək, “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan- ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarı ilə “Abşeron Şanısı” Aqrofirmasının Novxanı üzümçülük sovxozunun xx.xx.1990-cı il tarixli 8 №-li əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün kənd təsərrüfatına yararsız sahədən 0.08 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Abşeron rayon Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib olunaraq təsdiq edilmişdir. Həmin bağ sahəsi qanuni əsaslarla sahibliyində və istifadəsində olmaqla, oranı faktiki mülkiyyətçi kimi istifadə edir. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişdir. Həmin torpaq sahəsindən bu günədək fasiləsiz istifadə edir. Dövlət aktı əsasında mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və buna müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ərizə ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respubilkası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, cavab olaraq bildirmişlər ki, aparılan araşdırma zamanı Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından ayrılmış çıxarışla 0.08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının hazırki ərizəsinə əlavə olunmadığı, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Bundan başqa sənəd üzrə torpaq sahəsi 0.08 ha göstərildiyi halda, faktiki torpaq sahəsi 0.07 ha olduğu qeyd edilmişdir. Bununla əlaqədar, cavabdeh qurum tərəfindən verilmiş cavabın mötəbərliyini yoxlamaq məqsədilə müstəqil ekspertiza kimi fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək, imtina məktubunda göstərilənləri araşdırmaq məqsədilə mütəxəssis rəyi verilməsini xahiş edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1. Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi “Abşeron Şanısı” Aqrofirmasının Novxanı üzümçülük sovxozunun ərazisində yerləşirmi? 2. Həmin torpaq sahəsi faktiki nə qədər təşkil edir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir? Qaldırılan məsələ tərəfin iştirakı ilə təqdim edilən sənədə əsasən yerində araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi “Abşeron Şanısı” Aqrofirmasının Novxanı üzümçülük sovxozunun ərazisində yerləşir. Həmin torpaq sahəsi faktiki 0.07 ha təşkil edir və kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid deyil, yaşayış məntəqələrinin torpaqlarına aiddir. Göründüyü kimi, cavbdeh qurumun imtina məktubu qanunaziddir və hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi iddiaçının qanuni hüquqlarını məhdudlaşdırır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 4 saylı Abşeron Ərazi İdarəsinə 03 may 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla ayrılmış 0.08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; 2.Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; 3.Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi; 4.Sənəd üzrə torpaq sahəsi 0.08 ha göstərilsə də, faktiki vəziyyətdə 0.07 ha olduğu müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarından çıxarışdan görünür ki, 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin koordinatlarına dair Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş 25 may 2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.08 ha, faktiki olaraq isə 0.07 ha ölçüdədir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 22 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 60 bal olmaqla, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yeridir. Məhkəməyə sorğu əsasında 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur və onlar “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aiddirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 05 iyul 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/4 nömrəli qərarından çıxarışla ayrılmış 0,08 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanuna müvafiq qaydada təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Bundan başqa sənəd üzrə torpaq sahəsi 0,08 ha göstərildiyi halda faktiki torpaq sahəsi 0,07 ha olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-1165/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 nömrəli qərarı ilə ayrılmış 0.07 ha torpaq sahəsi üzərində İddiaçı mövcud vəziyyətə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Abşeron rayon XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırki mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab etmişdir. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir və həmin akt müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Həmin torpaq sahəsinə dair Abşeron rayonu Novxanı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh orqan imtinasının sonuncu dəlili kimi isə torpaq sahəsinin faktiki ölçülərinin 0.07 ha olmasını göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki,cavabdehin qeyd edilən dəlili də əsassızdır. Hazırki iddia tələbində iddiaçı qeyd olunan torpaq sahəsinin deyil, yalnız 0.07 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Abşeron rayonu Novxanı Bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, 1990-1991-ci illərdə Novxanı Sovxozunun ərazisindən vətəndaşlara fərdi yaşayış evləri tikmək üçün torpaqlar verilirdi, bir sıra vətəndaşlar əldə etdikləri torpaq sahəsini qoyub, daha münbit yerdən, qohumlarına yaxın ərazilərdən torpaq sahəsi əldə edirdilər. Bəziləri isə torpaq sahəsinin ayrılması ilə bağlı qərar verildikdən sonra həmin torpaq sahəsi ilə maraqlanmamış, həmin əraziyə gedib-gəlməmişdir. İllər sonra gələrək torpaq sahəsinin yerini unutduqlarını bildirirlər. 30 il əvvəl verilən torpaq sahələridir, hazırda həmin torpaq sahələrinə dair göstəriciləri əks etdirən sənədlər mövcud deyil. Nümayəndə məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsi ayrılan vətəndaşların bəziləri vaxtilə həmin torpaq sahəsindən istifadə etməmiş, başqa ərazidən torpaq sahəsi almışlar, hazırda isə gəlib həmin sənəddəki torpaq sahəsinin verilməsini istəyirlər. İllər əvvəl verilmiş hüquqmüəyyənedici sənədləri olduğu üçün bələdiyyə tərəfindən məcbur olaraq kənd ərazisindən onlar üçün torpaq sahəsi ayrılır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırkı iddia tələbi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04.4 saylı qərarından çıxarışdan görünür ki, 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmış və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sənədin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ola bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. Qeyd olunan normanın məzmununa əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərin siyahısına aid edilə bilməsi üçün xüsusi şərt tələb olunur. Belə ki, qeyd edilən Fərmana əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən qəbul edilmiş qərar müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə olmalı, yəni icra hakimiyyəti başçısı tərəfindən müvafiq səlahiyyət verilmiş olmalıdır. Lakin hazırkı iş üzrə belə səlahiyyət verilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqanın imtina əsaslarında həmin hal qeyd edilməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinə belə bir səlahiyyətin verilməməsi mövcud qanunvericiliyə əsasən bu kateqoriya işlər üzrə mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsasını ortadan qaldırır. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sənəd hüquq yaradan sənəd kimi qəbul edilsə və ya Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinə Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən səlahiyyət verilsə belə digər əsaslar iddianın təmin edilməsini istisna edir. İş materiallarına əlavə olunmuş 03 iyul 2023-cü il tarixli aktdan görünür ki, Novxanı bələdiyyəsinin sədri, Novxanı kənd İcra nümayəndəsinin və İddiaçı iştirakı ilə Novxanı kəndinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. Eyni zamanda 03 iyul 2023-cü il tarixli aktın hansı əsaslarla tərtib edilməsi barədə məhkəməyə məlumat verilməsi eyni zamanda Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli qərarı ilə digər vətəndaşlara torpaq sahəsinin hansı ərazidən ayrılması barədə məlumat verilməsi və bununla bağlı ayrıc aktlarının və əlaqəli digər sənədlərin məhkəməyə təqdim edilməsi məqsədilə Abşeron rayon Novxanı Bələdiyyəsinə sorğu verilmişdir. Abşeron rayon Novxanı bələdiyyəsinin 26 iyul 2024-cü il tarixli, 262 nömrəli cavab məktubunda qeyd edilir ki, İddiaçı Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə Novxanı kəndində ayrılmış 0.07 ha torpaq sahəsi vətəndaş torpaq sahəsinin yerini unutduğu üçün bələdiyyəyə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Odur ki, Novxanı bələdiyyəsi də vətəndaşın torpaq sahəsini bərpa etmək üçün bələdiyyə tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin yanında fərdi yaşayış evi tikmək üçün vətəndaşa 0,07 ha torpaq sahəsi ayırmışdır. Bundan əlavə cavabdeh inzibati orqandan tələb edilmiş və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Novxanı bələdiyyəsinin ərazisində yerləşir. Həmçinin sorğu əsasında daxil olan sənədlər əsasında müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrindən mülkiyyət hüququ qeydə alınan torpaq sahələri bələdiyyə tərəfindən vətəndaşlara satılmış torpaq sahələridir. Qeyd edilənlər nəzərə alınaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-610/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadı ilə Abşeron rayonu Novxanı Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Abşeron rayonu Novxanı Bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, 1990-1991-ci illərdə Novxanı Sovxozunun ərazisindən vətəndaşlara fərdi yaşayış evləri tikmək üçün torpaqlar verilirdi, bir sıra vətəndaşlar əldə etdikləri torpaq sahəsini qoyub, daha münbit yerdən, qohumlarına yaxın ərazilərdən torpaq sahəsi əldə edirdilər. Bəziləri isə torpaq sahəsinin ayrılması ilə bağlı qərar verildikdən sonra həmin torpaq sahəsi ilə maraqlanmamış, həmin əraziyə gedib-gəlməmişdir. İllər sonra gələrək torpaq sahəsinin yerini unutduqlarını bildirirlər. 30 il əvvəl verilən torpaq sahələridir, hazırda həmin torpaq sahələrinə dair göstəriciləri əks etdirən sənədlər mövcud deyil. Nümayəndə məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsi ayrılan vətəndaşların bəziləri vaxtilə həmin torpaq sahəsindən istifadə etməmiş, başqa ərazidən torpaq sahəsi almışlar, hazırda isə gəlib həmin sənəddəki torpaq sahəsinin verilməsini istəyirlər. İllər əvvəl verilmiş hüquqmüəyyənedici sənədləri olduğu üçün bələdiyyə tərəfindən məcbur olaraq kənd ərazisindən onlar üçün torpaq sahəsi ayrılır. Göründüyü kimi mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması həm Abşeron rayon Novxanı bələdiyyəsinin 26 iyul 2024-cü il tarixli, 262 nömrəli məktubu, həm də bələdiyyənin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla təsdiqlənir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin yeri müəyyən edilmədiyindən, iddiaçıya bələdiyyə ərazisindən örüş torpağının ayrılması iddianın rədd edilməsi üçün ayrıca əsas təşkil edir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi 0,07 ha torpaq sahəsi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə ayrılmasına baxmayaraq, hazırda faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən hər hansı hüquqi əsas olmadan qanunsuz şəkildə ayrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə torpaqlarının ayrılması əsasları qanunvericiliklə müəyyən edilmişdir. Qanunvericilkdə digər bir qurumun ayırdığı torpaq sahəsinin yeri müəyyən edilmədiyi halda, həmin torpaq sahəsinin əvəzinə bələdiyyənin ərazisindən torpaq sahəsindən ayrılması nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 25 dekabr 2023-cü il tarixli, 3-21- 3-60/2-3019/2023 nömrəli məktubundan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 60 bal olmaqla bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yeridir. Örüş yeri isə mövcud qanunvericiliyə əsasən təyinatı dəyişilmədən başqa təyinat üzrə istifadə edilə bilməz. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 27 oktyabr 2023-cü il tarixli, 3-21-3-60/2-2451/2023 nömrəli məktubundan görünür ki, arxivdə saxlanılan Abşeron rayonu, Novxanı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı, həmçinin Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 04.4 nömrəli Qərarı və həmin qərar əsasında İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Lakin, Mərkəzin arxivində saxlanılan Abşeron rayonu, Novxanı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaşın adı X5 ailə üzvü kimi qeyd olunmuşdur. Həmin siyahıda həyətyanı torpaq sahəsi 0,08 ha göstərilmişdir. Göründüyü kimi iddiaçıya X5 ailə üzvü olaraq Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Novxanı kəndində 0,08 ha torpaq sahəsi də ayrılmışdır. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-1165/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 30 yanvar 1990-cı il tarixli, 04/04 nömrəli qərarı ilə 0,07 ha torpaq sahəsinə görə mülkiyyət hüquqlarının mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar